Əli Tudənin Bütöv Azərbaycan həsrəti

 

 O, güney həsrətilə yaşayıb-yaratmış söz sənətkarlarımızdandır

 

Azərbaycanın mühacir ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əli Tudənin (1924-1996) şeirləri həmişə ikiyə bölünmüş Azərbaycanın həsrətini car çəkib. Araşdırmaçı Ağahüseyn Şükürov bildirir ki, o, quzeyli-güneyli Azərbaycanımızın sevilən şairlərindən biri olub, ömrü boyu azadlıq duyğuları, güney həsrətilə yaşayıb-yaratmış söz sənətkarlarımızdandır: «Əli Tudənin şeirlərinin, poemalarının, povest və hekayələrinin qəhrəmanlarının əksəriyyəti sadə azərbaycanlılardır. Canlı həyat, sadə danışıq tərzi, təmiz dil və anlaşıqlı üslub, hamının dərk edə biləcəyi fikir və ifadə, nəhayət, səmimiyyət Əli Tudə əsərlərinin «qanını», «canını» təşkil edir. Bu əsərlər şifahi xalq ədəbiyyatından, qədim adət və ənənələrimizdən bəhrələnib, milli özünüdərk təfəkkürünə söykənən bir xətdən keçib. Onun hekayələrinin süjeti, yəqin ki, elə öz həyatından götürülüb: nəsr əsərlərinin əksəriyyətini ömrü mübarizələrdə keçmiş bir Azərbaycan türkünün həyat tarixçəsi adlandırmaq isə daha düzgün olardı.

Əslən Güney Azərbaycandan olan Əli Tudənin çoxşaxəli yaradıcılığından Güney mövzusu qırmızı xətlə keçir. «Arazın o tayında», «Yaralanmış nəğmələr», «Mehabadlı tələbə», «Hicran yolu», «Çanaxbulaq dastanı», «Əbədi nisgil», «Gecikmiş vüsal», «Ayrılmış sahillər» və başqa poemaları məhz bu səpkidədir. Ayrılıq, həsrət, hicran dolu həyat motivləri ilə yanaşı, şairin azadlıq arzuları da həmin əsərlərin əsas qayəsini təşkil edir. Ötən yüzilin 50-ci illərindən başlayaraq qələmə alınmış bu poemalar bugünümüzdə də əhəmiyyətini qoruyub saxlayır. Dünya xalqlarının milli azadlıq hərəkatının geniş vüsət aldığı günümüzdə cənublu soydaşlarımız da müxtəlif çətinliklərə, qadağa və məhrumiyyətlərə baxmayaraq, küçə və meydanlara axışır, arzu və istəklərini, tələblərini bildirməyə çalışırlar. Onlar bu gün bizə çox adi görünən ən xırda azadlıqlardan belə məhrumdurlar. Azərbaycandilli məktəblərin olmaması, anadilli mətbuatın həddindən artıq məhdudluğu, söz azadlığı və s. bu kimi insan haqlarına malik olmayan güneyli soydaşlarımız vaxtaşırı olaraq öz sözlərini hökumətə çatdıra bilmirlər.

Artıq 20 ildir ki, özünün dövlət müstəqilliyini, milli istiqlaliyyətini bərpa etmiş Azərbaycan Respublikasının əhəmiyyətli dərəcədə yüksəlişi 50 milyonluq dünya azərbaycanlılarını, o cümlədən 30 milyonluq güneyli soydaşlarımızı da ruhlandırır».

Araşdırmaçı Əli Tudənin «Türklər» poemasına diqqəti çəkir: «Əsərdə bəzi üzdəniraq tarixçilərə — «Mən türklərin içində

Azərbaycan türküyəm» — deyə tutarlı cavab verilərək azərbaycanlılara aid edilən «mən kiməm» sualı poetik dillə yerli-yataqlı cavablandırılıb və türklərin mənəvi birliyi tərənnüm edilib:

 

Möhtəşəm Türk dünyası

Fəxrimdir, qürurumdur.

Uğuru uğurumsa,

Qüsuru qüsurumdur…

Sevinci sevincimdir,

Kədəri kədərimdir.

 

Şair burada zaman-zaman düşmən fitvası ilə bir-birinə qənim kəsilmiş türk sərkərdələrindən söz açaraq İldırım Bəyazidlə Teymurləngin döyüşünü xatırladır və düşmənləri lərzəyə gətirmiş iki türkün bir-birinin üzərinə yürüşünü «tarixdə bir dəhşət» kimi qiymətləndirir. Əli Tudə yüzillərlə param-parça edilən, pərakəndə vəziyyətdə olan Azərbaycan torpaqlarını birləşdirməyə can atmış, bu ali məqsədinə çatmaq üçün ilahi eşqlə məşəqqətli yürüşlərə çıxmış Şah İsmayıl Xətai haqqında ayrıca bəhs edir. Xətai «bu başdan o başadək» parçalanmış Vətəni birliyə səsləyir. «Dövlətin əzəməti», «dar gündə elin elə sədaqəti», «çayların, kəhrizlərin, göllərin, dənizlərin qüdsiyyəti», «sevilənlə sevənin məhəbbəti» məhz elə bir olmaqda deyilmi?

 

Onu

… öz millətinə

Xidmətidir yaşadan.

Vətəni birləşdirmək

Niyyətidir yaşadan.

 

Bəs Vətənin sərhədləri haradan başlanır? Əli Tudə coğrafi koordinatları şeirə gətirərək sanki Azərbaycanın xəritəsini çəkir:

 

Bir ucu Dərbənddədir,

Bir ucu Həmədanda.

Bir ucu Kərkükdədir,

Bir ucu İrəvanda.

Bir ucu Göyçədədir,

Bir ucu Borçalıda.

Bir ucu Mehridədir,

Bir ucu Xocalıda.

Bir ucu Dilcandadır,

Bir ucu Zəngəzurda.

Bir ucu Makudadır,

Bir ucu Dəstəfurda.

 

Dünya görmüş şahhlarla döyüşən gənc Şah İsmayılın saysız-hesabsız qələbələri ilahinin sirridir».

Araşdırmaçı bu yerdə Çaldıran savaşına diqqət çəkir: «Canı, qanı, torpağı, suyu havası bir olan insanlarınsünni şiə məzhəbli türk qardaşların arasına nifaq salınır. Gücləndikləri əyyamda ümumi düşmənlərimiz sünni-şiə məsələsini ortaya atıb, zaman-zaman qardaşlar bir-birilə vuruşdurublar. Dava tükənir, yadlar isə onu yenidən başlayırlar. Şair bu məqamı dəyərincə anlada bilir :

 

türkün türklə

Döyüşü fəlakətdir.

Türk türklə çarpışanda

Kim gələcək haraya?

 

- deyərək yadların ancaq tamaşaya duracaqlarını bildirir. Aranı qızışdıranlar elə onlar deyilmi? Yadlar hər iki türkdən doyunca qisas alır. Bu, bütün yer üzünə səpələnmiş türklərə tarixin bir ibrət dərsidir. Tarixin yaddaşında möhtəşəm iz qoymuş iki nəhəng imperiyanı məhz beləcə susdurmağa müvəffəq oldular.

Qeyd etmək yerinə düşür ki, Azərbaycan məhz Şah İsmayıl Xətayinin dövründə qüdrətli bir dövlət kimi təşəkkül taparaq tarixin səhnəsinə çıxıb. Əhali doğma dildə yazıb-oxuyur, bu dildə verilən məşhur şah fərmanları milləti sevindirir. Bütün varlığı ilə şair təbiətli olan şah sözü, silahı ilə döyüşə yollananda ölüm təhlükəsinə görə özüylə heç zaman heç bir sənətkar aparmayaraq onların məhv edilməsinə qıymır. Əksinə, o, ustadları təbliğ etməyi yaddan çıxarmır:

 

Şah İsmayıl Qərbdə

Tanıdır hər ustadı.

Gözü üstdə saxlayır

Qurbanini, Behzadı.

 

Şair əsərin sonunda riyakar ermənilərin «Böyük Ermənistan» xülyasından danışır. Onu diqqətə çatdırır ki, fitvalar bu gün davam edir. Ermənilər Azərbaycanın torpaqlarını işğal altında saxlayır, lakin dünya türkləri hələ susur:

 

bir yerə yığılır,

dünyaya deyir:

Azərbaycan dağılır!

 

Şair dünya türklərini əzəli əbədi birliyə səsləyərək düşmən fitvasına uymamağa çağırır. Əsər boyu oxucunu ibrətamiz fikirlər müşayiət edir ki, bu da oxucunu addımbaşı düşünməyə vadar edir».

Araşdırmaçı sonda bildirir ki, 1993-cü ildə qələmə alınmış, ideya məzmunu ilə diqqət çəkən «Türklər» poeması proloqdan, «Mən kiməm», «Tarix danışır», «Musiqi məclisində», «Təzadlı döyüş», «Sevgi duyğuları», «Son məktub», «Əzəmətli dəfn», «Zamanın tövsiyəsi» bəlmələrindən epiloqdan ibarətdir. Əsər maraqlı süjet xətti üzərində qurulub: «İdeya-bədii xüsusiyyətləri, eləcə texnikası ilə seçilən «Türklər» poeması Əli Tudənin poetik yaradıcılığında əksər əsərlərindən fərqli olaraq başdan-başa 7-lik heca üzərində qələmə alınıb. Poemada önə çəkilən məsələlər qarşıya qoyulan məqsədə müvafiq olaraq öz ideya-bədii həllini tapıb».

Vaxtilə «Azərbaycan» («İnqilab mədəniyyət») jurnalının səhifələrində tez-tez çıxış edən Əli Tudənin «Cənub nəğmələri» adlanan ilk kitabı 1950-ci ildə Bakıda çapdan çıxıb. Şairin indiyədək 40-a yaxın kitabı işıq üzü görüb: «Vaxtilə Hüseyn Abbaszadə, Bəxtiyar Vahabzadə, İlyas Əfəndiyev, Balaş Azəroğlu, Xəlil Rza Ulutürk, Söhrab Tahir, Nəriman Həsənzadə, Hökumə Billuri, Cabir Novruz, Mirvarid Dilbazi, Qılman İlkin, Teymur Əhmədov, Şamil Salmanov, Sabir Əmirov, Nazim Rizvan, Mahmizər Mehdibəyova başqaları Ə.Tudə şəxsiyyəti onun yaradıcılığı haqqında elmi elmi-publisistik məqalələrlə çıxış ediblər. Fikrimizcə, Tudənin həyat yolu, yaradıcılığı müxtəlif istiqamətli, daha əhatəli tədqiqat əsərlərində əksini tapmalıdır. Onun ədəbi əsərlərindən, həyat yaradıcılığından oxuyub-öyrənməli hələ çox şey var. Azərbaycan oğulları Vətənin məğrur şairininöz məsləkindən əl çəkməyən Əli Tudənin indi az qala hər birisi şüara çevriləcək qədər mənası olan şeirlərindəki vəsiyyətlərini öz həyat amalına çevirməlidirlər».

 

 

Xalq Cəbhəsi.- 2012.- 4 avqust.- S.14.