Bakılı irfan aşıqı
Seyid Yəhya Bakuvi kamal və camal
sahibi idi
Türk-İslam
təsəvvüf tarixinin görkəmli simalarından Seyid Yəhya
Bakuvi XIV əsrin sonlarında Şamaxıda doğulub. Tam
adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin
əş-Şirvani əş-Şamaxi əl-Bakuvidir. Daha
çox «Şirvani» və «Bakuvi» nisbəsi ilə məşhur
olub. Şirvani nisbəsi vətəninin Şirvan olması ilə
bağlıdır. Bakuvi deyilməsinin səbəbi isə həyatının
ən uzun və ən səmərəli dövrünü
Bakıda yaşamasındadır. Seyid Yəhya elmi və təsəvvüfi
tərbiyəsini Şamaxıda tamamlamış, ancaq bir
şeyx olaraq irfani fəaliyyətini Bakıda davam
etdirmişdir. Vəfatına qədər qırx ildən
çox Bakıda göstərdiyi fəaliyyətləri və
yetiştirdiyi müridləri sayəsində şöhrəti
ətraf bölgələrə yayılmışdır.
Seyid
Yəhya sağlam bir şəcərə ilə İmam Musa
Kazım soyundan gəlir. Atası Seyid Bəhaəddin,
Şirvanşahlar dövlətində Naqibul-Əşraf vəzifəsində
işləmişdir. Ata-babalarının hamısı da naqiblər
nəslindən olmuşdur. Əhli-beytə mənsub
olduğunu şeirlərində «Seyid» təxəllüsündən
istifadə etməklə göstərmişdir.
Seyid Yəhya həyatının uşaqlıq və gənclik dövründə, həm fiziki, həm də əxlaqi xüsusiyyətləri baxımından, başqaları tərəfindən sevilən və təqdir edilən örnək bir insan olmuşdur. Belə ki, bütün qaynaqlar onun bu xüsusiyyətini: «Kamal və camal sahibi idi», «Fövqəladə zahiri gözəlliyi və qəribə kəmalatı olan, bir bənzəri tapılmaz yaradılışa sahib idi»; «Son dərəcə gözəl və nüfuzedici bir çöhrəsi vardı»; «Qırx gün hücrəsində xəlvətdə qalıb, çölə çıxanda üzünə baxıla bilməyəcək dərəcədə nurani bir parlaqlıq onu görənlərin gözlərini qamaşdırardı» və s. kimi sözlərlə tərif edirlər. Ona «Cəmaləddin» ləqəbinin verilməsi də bu xüsusiyyəti ilə bağlıdır.
Seyid Yəhya təkyə təhsili ilə yanaşı mədrəsə təhsili də almışdır. Türk, fars və ərəb dilində əsərlər yazmış olması o dövrün ziyalıları üçün bilinməsi zəruri olan bu üç dilə hakim olduğunu göstərir. Bundan başqa, əsərlərindən təfsir, hədis, kəlam və fiqh elmlərini mükəmməl bildiyi məlumdur. Gənclik illərində Şamaxıdan ayrıldığına dair bir məlumat olmadığına görə təhsilini də burada tamamladığını güman etmək olar. O dövrdə Şirvanşahların paytaxtı Şamaxı yaxşı təhsil verən mədrəsələrin olduğu əhəmiyyətli bir elm və mədəniyyət mərkəzi olmuşdur. Bakuvi «Şəfa əl-Əsrar» əsərində müəllimlərindən üçünün adlarını qeyd edir. Bunlar Şəmsəddin Axsıkəti, Hafizuddin əl-Gərdəri, Mövlanə Tacüddin və Qütbəddin əs-Sərabidir. Bu alimlərin nisbəsindən aydın olur ki, başqa şəhərlərdən və uzaq diyarlardan Şamaxıya gələn alimlər burada dərs veriblər.
Seyid Yəhya təsəvvüflə hələ cavan yaşlarında ikən tanış olmuşdur. Onun uşaqlıq illəri olan XV əsrin əvvəllərində Şamaxı Xəlvətiyyə təriqətinin mərkəzi hesab olunurdu. Dövrün məşhur Xəlvətiyyə mürşidi Şeyx Sədrəddinin təkyəsi burada idi və onun çoxlu müridi vardı. Seyid Yəhya uzun illər Şeyx Sədrəddinin dərgahına sufilik təlim və tərbiyəsini tamamladı. Şeyxinin vəfatının ardınca da Şamaxını tərk edib Bakıya hicrət etdi. Bakıya gəlməsinin səbəbi şeyxinin ölümündən sonra şeyxlik məsələsində Pirzadə ilə aralarında çıxan ixtilaf oldu. Belə ki, Şeyx Sədrəddin ölməzdən əvvəl müridlərini yığıb Seyid Yəhyanı öz yerinə şeyx təyin etdiyini, ona bağlanmalarını tövsiyə etmişsə də, vəfatından sonra şeyxin kürəkəni və baş müridi Pirzadə şeyxliyin öz haqqı olduğunu iddia etdi və yaşlı müridlərin də dəstəyi ilə şeyxlik məqamına keçdi. Bunun ardınca da Seyid Yəhya «təqdiri-ilahi belə imiş» deyərək Şamaxıdan ayrılıb Bakıya gəldi.
Seyid Yəhya Bakıya gələndə (təxminən 1420-ci illər) Şirvanşahlar dövlətində Xəlilullah xan hakimiyyətdə idi. Bu zaman ölkə paytaxtı da müvəqqəti olaraq Bakı olmuşdu. Xəlilullah xanın göstərişi ilə Seyid Yəhya Xəlvətiliyin Bakıdakı ilk xanəgahını öz sarayının yaxınlığında təsis etdi. Qaynaqlar Xəlilullah xanın həmişə ona böyük hörmət və yardım göstərdiyini bildirir. Aralarındakı səmimi münasibətin dərəcəsini göstərənlərdən biri «Kəşfül-Qülub» adlı əsərini Xəlilullah xana ithaf etməsidir. Xanəgahın təsisində xanın köməyi, Seyidin qəbri ətrafında onun tərəfindən tikilən məscid, türbə və digər abidələrdən aydın olur. Xəlilullah xan bu yaxınlıq ilə bir tərəfdən Seyid Yəhyanın mənəvi nüfuzundan bəhrələnməklə, digər yandan onun əxlaq və mənəviyyat dərslərində iştirak edərək haqqı və ədaləti tövsiyə edən nəsihətlərindən özü də istifadə etmişdir.
Seyid Yəhya həyatı boyunca təkyəsində müridlərini yetişdirməklə məşğul olmuş, əxlaqi-fəlsəfi dərslər vermiş və əsərlər qələmə almışdır. O, isti aylarda azuqəsiz və susuz olaraq səhralara çıxaraq günlərcə qalar, ibadətlə məşğul olardı. Xəlvətə girmək, tənha yerlərdə ibadət və təfəkkür etmək onun dəyişməz adətlərindən idi. Belə ki, o qidalanmasını on beş gündə bir iftar edəcək səviyyəyə endirmişdi.
Seyid Yəhya 1466-cı ildə Bakıda vəfat etmişdir. Vəfatı Xəlilullah xanın ölümündən doqquz ay sonradır. Özünə uzun ömür üçün dua edənlərə «Siz Xəlilullah xana dua edin. Çünki mənim ömrüm onunkinə bağlıdır» deyərək vəfatını xəbər vermişdir. Qəbri Bakıda hazırda Şirvanşahlar sarayı muzeyi kompleksi üçində olub, günümüzə qədər sağlam gəlib çıxmışdır. Seyid Yəhyanın qaynaqlarda iyirmi minə yaxın müridi olduğu, bunlardan 360-nın xilafət aldığı bildirilməkdədir. Bunlardan ən öndə gələnləri Pir Bəhaəddin Ərzincani, Dədə Ömər Rövşəni, Həbib Qaramani, Pir Şükrullah, Əlaəddin Rumi, Ziyaəddin Yusif Müsküridir. Xəlvətiyyə təriqəti özündən sonra xəlifələri vasitəsilə Anadolu, İran, Azərbaycan, Afrika və Balkanlarda geniş şəkildə yayılmışdır.
Seyid Yəhya xəlvətilik təriqətində ilk dəfə bu qədər çox əsər verən bir şəxsiyyətdir. O, təriqətini sadəcə xəlifələri vasitəsi ilə yaymamış, eyni zamanda yazdığı əsərlərlə xəlvətilik prinsiplərini təqdim etmiş, daha sonra gələnlərin izləmələrinə və günümüzə qədər gəlib çıxmasına şərait yaratmışdır. Onun elmi səviyyəsinin yüksəkliyinə yazdığı əsərləri şahiddir. O, «Bu fəqir, bir çox kimsədən soruşub, bir çox təfsirlər də oxuyub»,- deyə ifadə etdiyi kimi təfsir, hədis, kəlam, fiqh və təsəvvüf elmlərində dövrünün böyük bir alimi idi. Onun müridlərin gündəlik oxumaları üçün ərəb dilində tərtib etdiyi «Virdü Səttar» adlı əsəri, ərəb dili sahəsində dövründə yazılmış ən gözəl əsərlərin başında gəlir. Əsər nəsr olduğu halda bir şeir kimi axıcı və qafiyəlidir. Bu səbəbdən müsəlmanlar tərəfindən ən çox oxunan və üzərinə ən çox şərh yazılan vird ünvanını almışdır.
Farsca əsərlərinin böyük bir hissəsi nəzm şəklindədir. Məsnəvi, qəsidə və qəzəl tərzində ədəbi əsərlər vermişdir. Şeirlərində Həllacın və Nəsiminin coşğusunu, Mövlananın və Əttarın hikmətini və təfəkkürünü hiss etmək mümkündür. Nəsr əsərlərində son dərəcə ölçülü bir dil istifadə edən Seyid şeirlərində çox fərqlidir; bəzən coşğun, bəzən hüzünlü bəzən də durğundur. Təsəvvüfi izahlarında isə qısa və mürəkkəb bir üsul izləmişdir. Bunların asanlıqla anlaşılması mümkün deyildir. O şeirlərində bəşəri eşqə yer verməmiş, ilahi eşqi işləmişdir.
Seyid Yəhyanın şeirlərində təsəvvüfi mövzular işlənmişdir. Yunus Əmrə, Seyid Nəsimi və Əhməd Yəsəvidə olduğu kimi sufilik və mürşidlik onun üçün əsasdır. Şairlik isə daha sonra gəlir. Başqa bir ifadə ilə o sadəcə təsəvvüfü anlatmaq üçün şeir yazmışdır. Bunu əsərlərinin adlarından da görmək olar. Şeirlərində təsəvvüf yolunun mənzilləri və sirlərilə yanaşı, Allah, Həzrəti Məhəmməd və Həzrəti Əli sevgisini səmimi və coşğun bir tərzdə işləmişdir.
Onun türk dilində yazılmış əsəri «Şəfa əl-Əsrar»dır. Bu, onun ən geniş həcmli əsəridir. Tək əlyazma nüsxəsi İstanbuldadır. Ərəbcə qisimlərin də yer aldığı bu əsərin türkcəsi sadə olub, həm Anadolu, həm də Azərbaycan türkcəsinin xüsusiyyətlərini daşıyır. Daha çox danışıq dilində yazılmışdır. Əsərdə bir müridin mürşidliyə gedən yolda aşması gərəkən yetmiş məqamdan söz edilərək, bu məqamların nələr olduğu açıqlanır. Eyni zamanda bu məqamlara yetişmək üçün həyata keçirilməsi zəruri olan vəzifələr göstərilir. Təsəvvüf yolunu izləyənlər üçün elmin vacib olduğu tez-tez vurğulanır. Həqiqi şeyx ilə saxta şeyxlərin əlamətləri təsvir olunaraq, həqiqi bir şeyxə tabe olmadan bu yolda getməyin mümkün olmadığı söylənilir. İbadətlərin batini mənaları, zikrin növləri və hikmətləri izah edilir. Əsərdə Quran ayələri, hədislər və bir çox sufinin sözləri tez-tez istifadə olunmuşdur. Əsərin diqqət çəkən xüsusiyyətlərindən biri də kitabda yer alan miniatürlərdir. Zikr mövzusundan bəhs olunarkən qəlbin şəkli çəkilmiş ayrıca beş ədəd ağac üzərində tuti şəkilli təsvirlərə yer verilmişdir.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 3 avqust.-
S.13.