Başqa bir Şəms — Mövlanə klassikası

 

Qurbani və Xətai

 

Azərbaycan mədəniyyəti, incəsənəti və ictimai fikrinin əsl intibahı XVI yüzilliklə — Səfəvilərin hakimiyyətə gəlişi, Şah İsmayıl Xətainin fəaliyyəti ilə daha çox bağlıdır. Vahid Azərbaycan Səfəvilər dövlətinin möhkəm sərhədləri, ümumxalq Azərbaycan dilindən dövlət dili kimi istifadə edilməsi, elmin, ədəbiyyatın, rəssamlığın, nəqqaşlığın və incəsənətin bir çox başqa sahələrinin sürətli inkişafı, el sənətinin, sənətkarlığın qüdrətli yüksəlişi, «Kitabi-Dədə Qorqud» kimi abidələrin yenidən yazıya alınması və ümumən qədim irsə mədəni münasibət həyatın hər sahəsində intibaoın, oyanışın, yeniləşmənin təzahürü olmuşdur. İntibahın yaratdığı çevriliş bəşəriyyətin o vaxta qədər gördüyü bütün çevrilişlər içərisində ən böyük, mütərəqqi bir çevriliş idi, dahilərə ehtiyacı olan, təfəkkür, ehtiras və xarakter cəhətdən, kamillik və alimlik cəhətdən dahilər yetirən bir dövr idi.

Bu dövr bizim vətən torpağı Şah İsmayıl Xətaini yetirmişdi və Babəkin qılıncı, Qızıl Arslanın böyük dövlətçilik siyasəti, Həsiminin fədakarlıq və dönməzliyi onun şəxsiyyətində dahiyanə şəkildə birləşmişdi.

Şah İsmayıl Xətai öz əməli, işi ilə elmin, incəsənətin bütün başqa sahələri ilə yanaşı, klassik şeirin o dövrkü və əbədi zirvələrindən Füzuli sənətini də, el ədəbiyyatı zirvələrindən Qurbani sənətini də qanadlandırmışdır. Qurbani ilə Xətaini bir-birinə bağlayan tellər çox güclüdür. Bu iki sənətkarın mənəvi yaxınlığı, şəxsi əlaqə və münasibətləri hələ qənaətbəxş şəkildə tədqiq edilib öyrənilməmişsə də, unutmaq olmaz ki, keçib-gəldikləri 500 ilin müddətində onlar cəmiyyəti heç vaxt indiki qədər düşündürməmişlər.

Qurbani Şah İsmayıldan bir qədər əvvəl doğulmuş və ondan çox yaşamışdır. Lakin əgər İsmayılın qısa ömrü ilə bağlı bir sıra izlər olmasa idi, Qurbani ömrünün səhifələri daha qaranlıq qalardı. El sənətkarlarına savadlı təbəqənin min illərlə laqeyd münasibəti, bu sahədə xalqın yalnız öz hafizəsinə arxayınlıq vərdişi neçə-neçə el sənətkarının izsiz yox olmasına və ya yuxulu xatirələrdə yaşamasına səbəb olmuşdur.

İlk «Azərbaycan ədəbiyyatı tarixi»ndə (1943) Qurbani haqqında məlumatı Həmid Araslı vermişdir. O, Qurbaninin:

 

Mürşidi-kamilim, şeyx oğlu şahim,

Bir ərzim var qulluğuna, şah, mənim.

Əziz başın üçün oxu yazğumu,

Agah ol halımdan gahbagah mənim –

 

sözlərinə istinad edərək göstərir ki, Bu qoşmada Qurbani öz şikayətlərini səmimi olaraq Şah İsmayıla söyləyir. Burada Qurbaninin Şah İsmayılın müasiri olması barədə fikir ümumi şəkildə söylənmişdir. Lakin sonralar H. Araslı bu fikri bilavasitə öz tədqiqatı ilə bağlayaraq yazır: «Bizim vaxtilə irəli sürdüyümüz bu fikri (Qurbaninin Şah İsmayılın müasiri olması fikrini) Qurbaninin yeni tapılmış bir şeiri də təsdiq edir. Həmin qoşmanın bir bəndində Qurbani deyir ki:

 

Mən haqq aşiqiyəm, haq yola mail,

Kitabım Qurandır, olmuşam qail.

Ey mənim sultanım, Şah İsmayıl,

Dərdimin əlindən fəryadə gəldim.

 

Şəxsiyyətə pərəstiş qurbanlarının yaradıcılığı nəzərdən keçirildikdə aydın olur ki, bir çox sahələrdə ilkin araşdırmaların ünvanı bir vaxtlar unudulmuşdur. Qurbani haqqında ilk dürüst və ağlabatan məlumatı, onun Şah İsmayılın müasiri olması barədə fikri ilk «Azərbaycan ədəbiyyatı tarixi»ndən 20 il əvvəl Salman Mümtaz söyləmişdir. Salman Mümtaz Qurbanini hazırda Diri dairəsində müşahidə edildiyi kimi, «Qurban» adı ilə tədqiq etmiş, həm də düzgün olaraq, aşıq yox, el şairi kimi səciyyələndirmişdir: «Bu qədər ki, Qurbanın da bir şeiri olmasa idi, onun da haqqında bir söz deyə bilməyəcəkdik. Amma bu şeir bizə köməklik edir. Ümid edirik ki, biz yanılmayırıq, yazımız da doğrudur… Bildiyimiz bir şey varsa, o da budur ki, Qurban Şah İsmayıl Səfəvi Qafqazı aldığı zamanda yaşayıb, şahın vəzirlərindən birinə xoş gəlmədiyindən Qurbanı qolubağlı Qarabağ tərəfindən Xudafərin körpüsündən keçirərək İrana sürgün etmişdir. Qurban da bu əhvalatı şeirlə yazıb Şah İsmayıla yolladığından, onu şah bağışlayıb azad etmişdir». Salman Mümtaz şeirin yuxarıda qeyd etdiyimiz bəndinə əsaslanmışdır.

Qurbaninin Şah İsmayıl hakimiyyəti illərində yaşadığı inkar edilməz olsa da, bu onun ömrünün yalnız bu illərlə məhdudlaşması demək deyildir. Şeirlərindən aydın olur ki, onun qolubağlı şah divanına aparılması Şah İsmayıl hakimiyyətinin ilk illərinə aiddir. Əgər o, Şah İsmayıl hakimiyyətinin ilk illərində şah divanına gətirilmişsə, deməli, bu dövrdə bir şair kimi, bir şəxsiyyət kimi nəzəri cəlb edəcək səviyyədə olmuşdur. Bu məntiqlə onun təvəllüd tarixi ən azı XV əsrin son rübünə aid olmalıdır. Digər tərəfdən, o, İsmayılın vəfatına şeir həsr etmişdir. Əgər Şah İsmayılın vəfatını şeirlə qeyd etmiş və onun dəfnində iştirak etmişsə, deməli, İsmayıldan sonra da yaşamışdır. Qurbaninin bir sıra şeirləri bu mülahizələrin hər ikisinin doğruluğunu sübut edir.

Qurbaninin «Mürşidi-kamilim, şeyx oğlu şahim» misrası ilə başlayan şeiri, demək olar ki, «Qurbani» dastanının bütün variantlarına daxil edilmişdir və hamısının da əsas məzmunu bundan ibarətdir ki, Gəncədə Qara vəzirlə bacara bilməyəcəklərini görən Qurbani ilə Pəri xanım molla çağırıb şeyx oğlu şaha bir məktub yazdırırlar. Qurbani məktubu özü aparır və şaha verdikdən sonra həmin şeiri söyləyir. Şübhəsiz, bütün bunlar şeirin dastanlaşdırılması üçündür. Qurbani özü savadlı olduğu, elə həmin şeirdə «oxuyub elmimə çatdığım yerdə» dediyi halda, mollaya məktub yazdırırlar və hətta molla əvvəlcə Pərinin dediklərini əksinə yazır, lakin bu, guya Qurbaniyə əyan olur və s. Bunlarsız, şeir aydın şəkildə göstərir ki, Qurbani Şeyx oğlu şahın — Şah İsmayılın qəbulunda olmuş və şikayətlərini ona çatdırmışdır. Qurbani «oğlu ölmüş qara vəzirin zülmlərindən», «seyrağıbın sirrindən baş açmamasından», Xudafərindən qolubağlı keçirilməsindən» şikayətlənir, şahı əsl mətləbdən «agah etməyə» çalışır. Bunun ardınca söylədiyi daha kəskin şikayət şeirində də öz evində farağat oturduğu yerdə onu vətəndən didərgin saldıqlarını bildirir:

 

Bülbül idim, ayrı düşdüm gülümdən,

Fələk vurdu, cüda saldı elimdən.

Qurbaniyəm, qara vəzir əlindən

Şeyx oğluna şikayətə gəlmişəm.

 

Beləliklə, Qurbani Şah İsmayıl hakimiyyətinin ilk illərində şah divanına gətirilmiş və Şah İsmayıl tərəfindən dindirilmişdir. Şairi niyə incitmişlər, nəyi bəhanə etmişlər — məlum deyil. Dastanda bunlar məhəbbətlə əlaqələndirilir, lakin şübhəsiz, bu hal dastana uyğunlaşdırmalarla bağlıdır. Bu məsələyə müxtəlif vaxtlarda Mirzə İbrahimov da, M. H. Təhmasib də öz münasibətlərini bildirmişlər. M.İbrahimov Qurbaninin bu vəziyyətini ictimai-siyasi hadisələrlə bağlayır, Şah İsmayıl hakimiyyətinin ilk illərində onun «siyasi fırıldaqların girdabına düşməsi» ilə əlaqələndirərək yazır: «O dövrdə zəmanə o qədər bulanıq, həyat o qədər qeyri-sabit və etibarsız imiş ki, aşığın özü də gözlənilmədən siyasi fırıldaqların girdabına düşüb min bəlaya düçar olmuşdur. Şah İsmayıl ölkədəki xırda feodal hakimlərin əl-ayağını bir yerə yığmaq, mərkəzləşmiş dövlət yaratmaq və Osmanlı soltanlığına qarşı təsirli mübarizə aparmaq üçün şiəliyi yalnız dini deyil, eyni zamanda siyasi və fəlsəfi bir bayrağa çevirdiyi zaman şiəliyə zidd olan (və ya belə hesab edilən) görüşlər şiddətli təqib olunur, bu görüşləri yaymaqda ittiham edilənlər isə ağır cəzalanırdılar. Təbii ki, belə zamanlarda hakimiyyətin gücü ilə müdafiə olunub yayılan ideologiyanın, əqidələrin ifrat dərəcədə canfəşanlıq edən tərəfdarları tapılır ki, onlar bu əqidələri əllərində silaha çevirir, istəmədikləri və özlərinə rəqib saydıqları adamları bu əqidələrə qarşı çıxmaqda ittiham etmək üçün oldu-olmadı bəhanə axtarır və bu vasitə ilə onları yıxmağa səy edirlər. Yəqin ki, Qurbaninin də belə düşmənləri olmuşdur. Onlar böyük xalq aşığının mütərəqqi görüşlərindən, ilahiyyatla və əslində isə xürafatın dar, dözülməz sektant tələbləri ilə düz gəlməyən sənətindən, həyat eşqi və humanizm ifadə edən poeziyasından onun əleyhinə istifadə etmiş, onu dinə düşmən bir adam kimi qələmə vermiş, həbs olunmasına, qolubağlı halda Arazın üstündəki Xudafərin körpüsündən keçirilib şah divanına aparılmasına nail olmuşlar.

Mahiyyət etibarilə çox yaxın olan bu qeydlər bir daha təsdiq edir ki, Şah İsmayıl hakimiyyətinin ilk illərində Qurbani onunla «şah divanı»nda görüşmüşdür. Bu, şübhəsizdir, lakin bizim fikrimizcə, bu görüş onların ilk görüşü deyildir. Qurbani ilə Şah İsmayılın ilk görüşü İsmayılın Şirvana ilk yürüşü günlərinə aiddir.

Məlumdur ki, Şah İsmayıl gəncliyindən güclü şəxsiyyət olmuşdur. Eyni zamanda sənəti, sənətkarı, xüsusən saz sənətini sevmiş və qiymətləndirmişdir. Ordusunu, tarixçilərin məlumatına görə, daim döyüşqabağı aşıqlar sazla, sözlə cuşə gətirmişlər. İsmayıl özü də sazı sevmiş və çoxlu qoşmalar yazmışdır. Əgər Qurbani böyük sənətkar olmuşsa, Xətai onun böyüklüyünü qiymətləndirməli idi və əslində belə də olmuşdur: Şah Qurbanini cəzalandırmamış, əksinə, rəvayətə görə qiymətləndirmişdir. Bizcə, Qurbani ilə Şah İsmayıl arasında təriqət ixtilafı olmamışdır. Əgər bu sahədə anlaşılmazlıq olmuş olsa belə, Qurbaninin Şah İsmayıla müraciətlə dediyi «mürşidi-kamilim», «pirim» sözləri kifayət etməli idi. Şah İsmayıl ətrafına qüvvə toplamalı olduğu ilk illərdə onu mürşid qəbul edən bir sənətkarı nə üçün incitməli idi ki? «Sərim təvəlladır, üzüm payəndaz, Yoxdur bundan qeyri bir mətah mənim» deyən, bütün varlığını gənc şaha qurban verməyə hazır olan sənətkar nə üçün cəzalandırılmalı idi?

Şeirdəki bir neçə detaldan aydın olur ki, Qurbani ilə İsmayıl hələ bu hadisədən xeyli əvvəl tanış imişlər. Qurbaninin «əziz başın üçün» sözləri şeirdə tarixi izləri mühafizə edirsə, burada şaha yaxınlıq, səmimi münasibət, bir qədər ərkyanalıq duyulmaqdadır. Yalnız çox yaxın olmaqla İsmayıl kimi bir şaha bu cür müraciət etmək olardı. Bu yaxınlığı şeirin başqa misrasına əsasən Salman Mümtaz da duymuş və qeyd etmişdir: «Qurbanın Şah İsmayıla yazdığı şeirlərdən bunu başa düşürük ki, Şeyx oğlu Şah İsmayıl Qurbanın mürşidi-kamili və piri imiş. Habelə də başa düşmək olar ki, Şah İsmayıl Qurbanı tanıyırmış. Çünki «Agah ol halımdan gahbagah mənim» deyə yazması ilə Qurbanın Şah İsmayıla bir növ yaxın olması görünür. Kim bilir, bəlkə bu dostluq Şah İsmayılın şair olmasına görə imiş Salman Mümtazın bu duyğuları doğrudur. Lakin biz dostluq və yaxınlığın ilk köklərini başqa məsələdə görürük. Məlumdur ki, İsmayılın təriqəti barədə söz-söhbət hələ onun lap kiçik yaşlarından el-obaya yayılmış, hər tərəfdə müridlərin meydana çıxmasına səbəb olmuşdu. Qurbani bunları eşitməyə və ya müəyyən mövqedə durmaya bilməzdi. Qurbaninin dini məzmunlu şeirlərində (hətta bir çox dünyəvi qoşma və gəraylılarında da) hürufiliyin və qızılbaş-şiə təriqətinin ideyaları özünü qabarıq göstərir. Qurbani qızılbaş hərəkatına bağlı şəxsiyyət olmuşdur. Ona görə də o, 13 yaşlı İsmayılın Şirvana ilk yürüşü zamanı Diri kəndinin qarşısındakı Xudafərin körpüsündən keçərkən gənc sərkərdə və şairlə qarşılaşmaya bilməzdi. Onların ilk tanışlığı bu qədim körpü tağlarının üzərində olmalı idi və heç şübhəsiz, belə də olmuşdur.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 14 avqust.- S.15.