Muğamımız dünyanı fəth edir

 

Əlbəttə, çoxlarına qəribə gəlsə də Azərbaycan muğamı bu gün də dünyanı fəth etməkdədir. Qədim alətlərlə ifa olunan muğam səs saflığına görə Azərbaycan xanəndələri tərəfindən daha da füsünkar ifa olunmaqla yanaşı, öz üslubunu qorumaqdadır.

Heç təsadüfi deyil ki, muğam ifası həm İran, həm Pakistan, Özbəkistan, Qırğızıstan, Suriyabaşqa ölkələrdə də dəbdədir. Keçdiyimiz illərdə Bakıda keçirilən «Muğam Aləmi» beynəlxalq elmi simpoziumunun materiallarında, həm də praktiki olaraq, yuxarıda sadalanan ölkələrin muğam ustalarının ifasından göründü ki, muğam yalnız Azərbaycanda dəyişməmiş və öz üslubunu qorumuşdur.

Müxtəlif ölkələrdən bu simpoziuma qatılan alimlərlə yanaşı, diqqətimizi xüsusilə alman alimlərindən Elsner Yüngerin «Muğam fenomeninin növbələşməsi», Fogels Raymondun «Almaniyada etnik musiqişünaslıq kursları — muğam\makam» məqalələri cəlb etdi. Bu məqalələr arasında, əsasən, Elsner Yüngerin «Muğam fenomeninin növbələşməsi» mövzusundakı məqaləsi elmipraktik cəhətdən çox tutarlı və maraqlıdır. Əlbəttə bu kimi yazılar, araşdırmalar nəinki Almaniya musiqişünaslarının, musiqi ustalarının, eləcə də, adi dinləyicilərin marağına səbəb olub.

Artıq iyirmi ilə yaxın dünyanı, eləcə də, Almaniyanın böyük salonlarında öz ifası ilə hamını heyran edən, Almaniyanın Axen şəhərində 1999-cu ildə YUNESKO mükafatına layiq görülən muğam ustamız Alim Qasımov öz canlı ifası ilə musiqisevərlərə xidmət etməkdədir. Onun Kölndə «WDR» radio studiyasındakı konserti canlı olaraq radio vasitəsi ilə dünyaya yayımlanıb və dünya musiqisevərləri heyran edib.

Alimin oxumaq tərzi, yəni muğamı yerdən əl xalçaları üzərində oturmaqla ifa etməsi çətin olsa da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.

Muğam musiqisinə almanların cəzb olunmalarının əsas səbəbkarlarından biriunudulmaz caz ustamız Vaqif Mustafazadə olmuşdur. Onun pianoda klassik musiqilərimizi muğam üstündə ifa etməsi çoxlarını heyran etmiş, bəzi sənətçiləri isə yaxşı mənada təəccübləndirmişdir.

Onun davamçısı olan, Almaniyada yaşayanilk addımlarını Bakı ilə partnyor şəhər olan Mainz şəhərində Lüdviq Yantzerin dəstəyi ilə «Frankfurt Hof» konsert salonunda başlayan qızı Əzizə Mustafazadə sonralar Almaniyanın və dünyanın böyük salonlarındakı çıxışları ilə sanki muğamcaz ifasına ikinci nəfəs gətirdi.

Qısa zamanda o, tamaşaçıları və mütəxəssisləri öz ifası ilə heyran etdi. Ona və Azərbaycan musiqisinə maraq daha da artdı. Bu, musiqi sahəsində Azərbaycan mədəniyyətinin birbaşa təbliği idi.

Elə bu təbliğin nəticəsi olaraq, Frankfurt-Maiyn şəhərində fəaliyyət göstərən «Network» şirkətinin sahibi Kristian Şolzun Azərbaycandan Alim Qasımovdan sonra, etno caz ifaçısı olan Sevda Ələkbərzadənin ifası müasir dövrün tələblərinə uyğun olduğundan onun «Gül açdı» adı ilə Ç.Abdullayevin «Xəzərdən gələn səs» ilə çıxan albomu Almaniyada 2007 — ci ildə işıq üzü gördü. Məhz bu diskin işıq üzü görməsindən sonra S.Ələkbərzadəyə əsasən də Almaniyanın müxtəlif şəhərlərindən konsert dəvətləri axını başladı.

Heç təsadüfi deyil ki, almaniyalı rejissor Peter Adlerinona bu işdə köməkçi olan Rayner KaufmanÇingiz Abdullayevin birgə işinin nəticəsi ilə ərsəyə gələn «Aus von Kaukasus» sənədli filminin sonluğu məhz Bakı Caz Mərkəzində S.Ələkbərzadənin ifası ilə yekunlaşdı. Almaniyanın ART kanalının sifarişi ilə Azərbaycanda və Gürcüstanda çəkilən bu film qədim adət — ənənələri əks etdirərək böyük uğurla Almaniya TV-də göstərildi.

2008-ci ildə Almaniyada Azərbaycan Mədəniyyət İli çərçivəsində Berlin incəsənət və etnoqrafiya muzeyində saxlanılan sədəfdən düzəldilmiş muğam üçlük alətləri — tar, kamança və qavalı hər kəs seyr edərək bu incilərlə tanış olmuşlar.

Əlbəttə, ənənəvi Bakı Caz festivalında, 2009 — cu ildə «Germany Cazz» festivalının Azərbaycanda Almaniya mədəniyyət həftələri layihəsi çərçivəsində alman caz ustalarının Florian Veher, Nies Vognam, Mattiag Schrieti, Michael Schiefel və başqalarının həm fərdi, həm kollektiv, həm də Azərbaycan caz sənətçiləri ilə birgə konsertləri Bakıda, Şəkidə, Sumqayıtda uğurla keçmişdir. Bütün bu aparılan araşdırmaların sonluğu alimlərimizlə yanaşı, bəstəkarlarımızın da muğam sahəsinə biganə qalmamalarına səbəb olmuşdur.

Azərbaycan bəstəkarlıq məktəbinin banisiqurucusu Üzeyir Hacıbəyovdan başlanan işləri müxtəlif zamanlarda dahi bəstəkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Arif Məlikov davam etdirərək xalqdan səslənən musiqimizi, muğamımızı nota köçürərək yaşamasına uzun ömür vermişlər. Onların davamçısı olan, uzun illər Berlində fəaliyyət göstərən professor Firəngiz Əlizadənin «Dərviş» əsəri məhz ilk dəfə muğam üslubunda Alim Qasımov və Yo-Yo- Ma ilə Amerikada səslənmişdir.

2009-cu ildə Ştuttgart Konservatoriyasında professor J.C.Ualterin dəstəyi ilə gənc bəstəkar Günay Mirzəyevanın təşəbbüsü ilə muğam üçlüyü alətlərindən kamançanın ifasında Azərbaycan qədim musiqisi tərənnüm edilmişdir. Əlbəttə, bütün bu yazıları bitirməmışdən öncə dəyərli professorumuz Gülnar Abdullazadə «Qeqelin musiqi estetikası» kitabında musiqinin fəlsəfi duyğularını araşdırır, alman filosofu Şellingin musiqi bir incəsənətdir ki, özündə bir çox incəsənət sahələrini birləşdirdiyinin izahını verir. Kulturoloji aspektdən də muğam musiqimiz mənəvi dəyərimiz kimi insanlarda ruh yüksəkliyi yaradır, onların dərin düşünmələrində və yaradıcılığında mühüm rol oynayır. Müttəxəssislərin Şərqlə Qərb arasında əlaqələr barəsində apardıqları müxtəlif araşdırmalar bu gün də əsas verir ki, muğam musiqisinin vətəni Azərbaycan olaraq YUNESKO tərəfindən dəstəklənir.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 16 avqust.- S.15.