Cəbrayılın işğalından 19 il ötür

 

«Türkün Cəbrayıl torpağında yaşam izləri qədimlərdən gəlir»

 

Bu gün qədim türk məskənlərindən biri Cəbrayıl rayonunun ermənilər tərəfindən işğal olunmasından 19 il ötür. Hazırda Azərbaycanın 58 rayonunda 68 min nəfərədək cəbrayıllı yaşayır. Bu haqda rayonun «Xudafərin» qəzetinin redaktoru Şakir Albalıyev bildirib. Onun sözlərinə görə, Cəbrayıl sakinləri hazırda ən çox Biləsuvar, Saatlı, Sabirabad rayonlarında, habelə Bakı ərazisində məskunlaşıblar.

Bu gün Biləsuvar rayonundakı Cəbrayıl qəsəbələri yerləşən ərazidə 4 saylı şəhidlər kompleksinin açılışı olacaq. Xatirə lövhəsində Cəbrayılın 392 şəhidinin adı həkk olunub.

«Cəbrayılın tarixi həm də Azərbaycanın tarixidir»-deyən yazıçı-publisist Əlisahib Əroğul Cəbrayıl rayonunun inzibati ərazi vahidi kimi ən qədim zamanlardan türk etnoslarının yaşayış məskəni olduğunu bildirir. Onun fikrincə, türkün Cəbrayıl torpağında yaşam tərzinə aid izlər olduqca qədimlərdən gəlir. Belə ki, türkün bu torpaqda varlığının ən yaxın tarixi mixi yazılarda 6 min il öncəyə təsadüf edir.

Hətta bu türklərdən öncə belə bu torpaqlarda yaşayan ilk insan icma və toplumları olan odərlərin özləri də tarix səhnəsinə türk söykəyi ilə çıxıblar. Ərgünəş yer, dağ adları, Günəş-Ata ocağı, Ziyarət dağında ocaq qalanan təbii buxarı yeri, Alban məbədi, Ağoğlan və Qurbantəpə pirində Günəşə sitayiş kultunun qalığı sayılan inanclar, dini ayinlərin və ritualların yerinə yetirilməsi bu əsasda durur. Bu, odərlərin türk mənşəli yaşam tərzindən xəbər verir. Cəbrayıl torpağı ilk insan yaşayışının izləri olan inzibati ərazi vahididir. İncə dərəsində Divlər sarayı (Dağtumas kəndi) ona yaxın ərazilərdə Azıx, Tağlar mağaraları, (Cəbrayıl qəzası), ibtidai insan icmalarının məskən yerləridir. Diri dağındakı Qala yeri daş dövrü abidələrindəndir. Burada əhatə dairəsi 150 addım olan hündür qayanın sinəsi çapılaraq təbii taxt şəklinə salınmışdı».

Bu qaya çıxıntısından bir zamanlar səngər kimi istifadə olunduğu ehtimal edilir. «Səngər» şəklinə düşmüş «sunqar» sözü qədim türkcədə elə «dağ çıxıntısı» deməkdir.

Sözügedən yerlərin türk ruhu ilə minillər ərzində yoğrulması ilə bağlı çoxlu faktlar gətirən Əlisahib Əroğul bu qənaətə gəlir kii, Cəbrayıl torpağı — bəşər cəmiyyətinin ilkin inkişaf dövründən yerli, köklü, yekcins əhalisi tarixən müxtəlif adlı, müxtəlif biçimli, ancaq eynidilli türk tayfalarının yaşadığı, qaynayıb-qovuşduğu ən qədim oğuz yurdudur. Bütün yer-yurd, kənd-oba, oymaq, tirə, tayfa adları: etnonimlər, toponimlər, antroponimlər, oykonimlər, oronimlər, hidronimlər, zoonimlər, büsbütün nələr var, hamısı türk mənşəlidir».

Cəbrayılın bir an da olsun, yadından çıxmadığını deyən Ə.Əroğul inanır ki, o torpaqlar daim türk ruhuyla nəfəs alıb, bundan sonra da belə olacaq: «Ermənilər dərk etməlidirlər ki, Ermənistanın bu gün yerləşdiyi bütün ərazi belə tarixi Azərbaycan-türk torpağıdır. O torpaqları cismən tərk etsək də, biz Azərbaycan Türkləri mənən, ruhən ana yurddayıq. Dürlü-dürlü dağ çaylarının qıjıltısı, şəlalələrin şaqqıltısı, şaqraq səsləri, lilpar bulaqların pıqqıltısı, dağ kəllərinin nəriltisi, kəkliklərin qaqqıltısı hələ də qulaqlarımızdadır. Çiçəklərin, güllərin ətri, ənbər qoxusu burnumuzda, çeşid-çeşid nemətlərin dadı-tamı damağımızdadır. Dəlidağ, Leyli zirvəsi, Alagöz, Qaranlıq, Boğazkəsən, Qızılboğaz, Damqaya, Keçəl dağ, Armudlu dərə, Çalbayır, Soyuqbulaq, Dərəçiçək, Qaçaqqıran dərə və s. yüzlərlə, minlərlə adını çəkib-çəkmədiyimiz yurd yerlərimiz, ocaq daşlarımız, köç düşərgələrimiz qucaq açıb bizi gözləyir. Biz onlara tamarzıyıq, onlar bizə həsrət. Axı ora Vətəndir! Ulularımızın, dədə-babalarımızın məzarları uyuyan torpaqdır, məkandır. Başdaşları sındırılmış, oğurlanmış, nagahan qəbirlərin sorağındayıq. Bizi bizdən alır o torpaq. Doğmalarımızın ruhudur, qarabaqara bizi izləyən, o torpağa səsləyən. Varlığımızı cismən o yurddan, o eldən-obadan uzaq salsaq da, ruhumuz yenə o Vətən göylərində dolaşır. Vətən bizi çəkir. Vətən Vətənə səsləyir bizi. Bu lal elegiyalar, vaveylalar səddini gec-tez aşmalıyıq, aşacağıq da. Bugünkü siyasi xəritəmiz etnik xəritəmizin heç 30 faizini təşkil etmir. Tarix öz ədalətli hökmünü zamanında verəcək. Gün gələcək, alman faşistləri kimi erməni-daşnak faşistləri barəsində də beynəlxalq ədalət məhkəməsi qurulacaq. Birbaşa ifrat faşist partiyası olan Daşnaksütyunun yetirməsi erməni-daşnak faşistləri nə vaxta kimi meydan sulayacaqlar? Böyük dövlətçilik şovinizmi bu kiçik etnik xalqın beyninə hardan dolub? «Böyük Ermənistan» xülyasını beyinlərə doldurmaqla erməni-daşnak faşistləri nə demək istəyirlər? Ermənilər öz irqi üstünlüklərini axı nədə görürlər? Xeyirxah olmayan qəddardır. Bütün olub-keçənlər bu gün mənə yuxu kimi gəlir. Qarabağ itkisini heç cürə qəbul edə bilmirəm. Baş verənləri isə heç cür başa düşə, dərk edə bilmirəm. Bir onu bilirəm ki, içimizdə erməni əli olub və hələ də var. Böyük ümidlə, ürək çırpıntılarıyla bu əlin kəsiləcəyi günü gözləyir və o günü görürəm. Bizim özgə torpağında gözümüz yoxdur, öz torpaqlarımızı qorumağa, müdafiə etməyə bəs sözümüz nədir? Cənnətimiz xarabazardır, ancaq belə də qalmaz. Bu gün Qarabağı geri qaytarmaq, Azərbaycan varlığını, onun ərazi bütövlüyünü, torpaqlarımızın toxunulmazlığını bərpa etmək, Azərbaycan dövlətçiliyinə əbədiyyət qazandırmaq, Azərbaycanda separatizmin kökünü kəsmək haqqımızı kimsə əlimizdən ala bilməz. «Qarabağsız Azərbaycan yoxdur» — deyənlər haqq yolundadırlar, sarsılmaz Azərbaycan dövlətçiliyinin keşiyindədirər. Qarabağ uğrunda ədalətli mübarizəmiz öz həllini tapmayınca mənəvi yaralarımızın sağalacağından, fiziki şikəstliyimizin aradan qalxacağından hər hansı şəkildə danışmaq olmaz. Nə qədər erməni-daşnak faşizmi var, onun ideyalarını yaşadanlar mövcuddur, nə dinclik, nə sülh bizə qismət olmayacaq, varlığımız təhlükə altında qalacaq, zaman-zaman torpaqlarımız erməni-daşnak faşistlərinin təcavüzünə düçar olacaq».

Şakir Albalıyev anadan olduğu, boya-başa çatdığı yurdunun özünəməxsusluğu barədə danışır: «Respublikamızın rayonları içərisində indi erməni əsarətində olan Cəbrayıl özünün bir çox özəllikləri ilə fərqlənir. Cəbrayılın özünəməxsusluqlarından biri bu yurdun övladlarının etnik cəhətdən yekcins olmasındadır, yəni Cəbrayıl ərazisində yaşayanların hamısı Oğuz soylu Azərbaycan Türkləridir, Cəbrayıl ərazisi də qədim türkün beşiyidir. Bu mənada Azərbaycan Türkünün saf qan, nəsil-soy daşıyıcısı olan cəbrayıllılar öz yaşam tərzlərində, canlı dialekt-şivələrində türklüyümüzü qoruyub yaşadıblar. Dəfələrlə başqa-başqa adamlardan, yəni kənar rayonların nümayəndələrindən cəbrayıllıların türklüyü yaşadan cəhətləri haqqında çox eşitmişəm. Bu imici qazanmağın səbəbi qədim türkün xüsusiyyətlərini fitrətən özündə daşımaqdan irəli gəlir. Bu gün dünyada tamam fərqli dəyişikliklər müşahidə olunur. Ötən yüzilliyin sonlarından başlayaraq dünyada qloballaşma adı altında mənəviyyatımıza düşünülmüş şəkildə yeridilən aşınmalar əxlaqımıza, dilimizin saflığına və milli-mənəvi dəyərlərimizə ciddi zərbələr vurmaqdadır. 1993-cü ildə Cəbrayıl rayonunun ərazisi mənfur ermənilərin pəncəsinə keçdi. Torpaq itkisi ilə üzləşən rayon sakinləri tarixi, qədim dədə-baba torpaqlarından pərən-pərən düşüb dağılışdılar. Çoxlu şəhidlərimiz oldu. Məni yurd sevgisindən gələn bir məsələ ciddi narahat edir. Bu kimi məsələləri gizlətmək qətiyyən olmaz. O bəla mənəviyyatımızın aşınması təhlükəsidir. Belə ki, Cəbrayılın bağrından qopub gələn yaşlı nəsil yurd nisgili ilə yana-yana, qovrula-qovrula ölür, dünyaya yeni gələnlər isə tamamilə fərqli bir mühitdə, ab-havada yaşayır, yad mənəvi mühitlərdən qaynaqlanırlar. Şəhərləşən, kökündən ayrı düşən yeni cəbrayıllılardan hansı qədim kəndçiliyi gözləmək olar? Bax, bizi gözləyən ən böyük təhlükə budur. Bu bəlanın bizi tamamilə məhv etməsini gözləməkdənsə, torpaqlarımızı tezliklə düşməndən azad etməliyik».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 23 avqust.- S.14.