Fikrət Qoca yaradıcılığında həyatilik
Şeir sənəti barədə mühakimə
yürüdərkən biz tez-tez poeziyanın sehri, sirri, musiqisi barədə
danışır, adətən anlaşılması asan olmayan, predmeti
dəqiq müəyyənləşməyən qeyri-adi məfhumları, duyğuları atmağa çalışırıq. Şeirlərin
fövqəltəbii stixiyası ilham pərisinin
qüdrətindədir. Və bu da gözəldir ki, hər
bir kəs, hər qabiliyyətli adam onları oxuyanda həyəcanlanır,
belə anlarda özündə nəsə
qeyri-adi dəyişiklik hiss
edir. Poeziyanın sehrli
atributları o zaman
intəhasız kamilliyə qadir olur ki, müəllifin fitri istedadı, mənəvi təcrübəsi
başlıca rol oynasın. Tarix ələyinin dibində qalan
inciləri, dünyanın poetik
antologiyasını vunderkindləri deyil, zəngin
mənəvi təcrübəyə malik olan qüdrətli şəxsiyyətlər
yaratmışlar. Bu yöndə Fikrət
Qoca fenomenial bir sənətkardır.
Baltalandı qovaqların həyatı,
Qırqovullar çılpaq qaldı, qırıldı.
Meşə oldu bir yanıqlı bayatı,
Orda-burda kötükləri
qaraldı.
Şair kainatın, anamız Yer kürəsinin oksigen balonları olan meşələrin orda-burda qaralan kötüklərindən qlobal fəlakətlərə yol başlandığının həyəcan təbilini vaxtında çalır, problemi qabardır. Bu, onun vətəndaş məsuliyyətinin, vicdanının səsidir. Sənətkar münasibəti zamanın dilmancına dönəndə xalqın sevgi və sayğısıyla qarşılanır, cəmiyyət onun problemlərini qabardan söz sahibinə ehtiram bəsləyir. Təsadüfi deyil ki, Dostoyevski Lissabon zəlzələsindən bir gün sonra qəzetdə fetin biganə bir şeirini oxuyandan sonra yazmışdı: «Xalq öz şairini meydanda basdırdı». Deməli, zəmanəsinin problemlərinə biganə olan sənətkar gələcək üçün də yaşarı ola bilməz. Və xalq şairi Fikrət Qocanın sənətkar xoşbəxtliyi həm də yazdıqlarının cəmiyyət, sakini olduğu dünya, vaxt və baxt üçün aktual olmasındadı. Bir sənətkar olaraq o, bəşəriyyət və insanlıq itkisinə dözümsüzdü. Onun təsvirində adi bir çiçək soluşu, budaq sınığı, qarışqa nizamının pozulması ağır itkidi. Fransa filosofu Marsel Prustun «Həqiqi cənnətlər itirilmişlərdir» təəssüfü Fikrət Qocanın yaradıcılığından küll halında keçir.
Həmin şeirlərdə zaman yaşayır. Bizim qayğı yükümüzə tab gətirən, dərd-sərimizə şərik olan qoynunda yaşadığımız zaman! Şeirlərin qüdrəti də məhz bundadır. Əgər səmimi qəbul etsək, həqiqətən Fikrət Qoca yaradıcılığı milli poetik fikrin ən böyük nailiyyətlərindən biridir. Zəngin Azərbaycan ədəbi ənənələri müqabilində bu cür nüfuz və şöhrət qazanmağın həddən artıq çətin olduğunu təsəvvürümüzə gətirsək, belə bir zamanda bunun nə qədər ağır olduğunu dərk eləyə bilərik.
Lakin unutmaq
olmaz ki, ənənələr
yalnız və yalnız müasirliyin gərdişində,
yeni yaradıcılıq nümunələrində
yaşayır.
Gəzdirərəm ürəyimdə bürkünü,
Dağlar geyib yaşıl yarpaq kürkünü.
Mən ömürdən burda keçən hər günü
Ömür saydım, hədər
saya bilmərəm.
Bəli, Fikrət Qoca kimi sənətkarların nəinki hər günü, hər anı belə böyük bir ömür sayılır və hədər getmiş əslən sayılmaz. Mənə
elə gəlir ki, Fikrət Qoca poeziyası bizdən sonra
da gələn nəsillərin müasiri olacaq. Onun ürəkdən
gəlmiş, səmimiyyət duyulan
poeziyasının xalq ruhu,
insan psixologiyası ilə
bağlılığı, reallığı,
insanlığı böyük məhəbbətlə
tərənnüm edib sevdirməsi, vətəndaşlığı
və ən əsası lirik
düşüncə tərzi daim cazibə
qüvvəsi ilə oxucuların qəlblərini ehtizaza gətirəcəkdir.
Gəl bir nəğmə oxuyaq,
Bir sözünü sən de,
Bir sözünü mən.
İkimiz də birdən oxuduq,
İkimiz də birdən dedik:
Vətən, Vətən.
Gör nə qədər səmimi və təmiz səslənir bu misralarda «Vətən» kəlməsi! Və bu şeir daim vətəninə bağlı, yurdunu canından artıq sevənlərin ürəyində yaşayacaq, müəllifini ölməzliyə qovuşduracaq. Bir şairə də ən vacib olan məhz budur!
Ədəbiyyatın, sənətin
bitib tükənməyən, tükənməyəcək
əzəli və əbədi mövzusunda,
sənətkarların bütün zamanlarda dönə-dönə müraciət
etdikləri hər bir bəşəri mövzuda Fikrət Qoca
yazıb yaratmışdır. Onun poeziyasında məhəbbətin
sehri, ucalığı, sevdanın qəlbi
riqqətə gətirən qəribə şirinliiyi,
ümid qapılarına dikilən
baxışlar, sevən gəncin ürəyini qoparan sevgilisinin gül əllərindən giley-güzarı,
şikayəti, hicran ümidinə qalmaq, hicrandan nicat gözləmək,
qısqanclığın qəlbi yaxıb
yandırması, qəlbdə fırtınalar qoparması, məhəbbətin
neçə-neçə çaları, rəngi,
acısı, şirini öz
ifadəsini bütün ruhu
ilə tapmışdır. Özü də
emosional, musiqili,
şairanə ifadəsini! «Heç
ağlıma gəlməyib» şeirində sevən bir qəhrəmanın öz
etirafını təsdiqləyən belə bir
bənd var:
Sənə şirin söz demək,
Üzümə xoş baxmasan
Səndən küsmək, incimək
Heç ağlıma gəlməyib.
Daha sonra:
Gözlərin nə gözəlmiş,
Boy-buxunun elə bil
Arzulardan düzəlmiş.
Heç ağlıma gəlməyib.
Az qala sevən gəncə demək istəyirsən ki onsuz da
ağlına gəlməyəcək,
çox da özündən demə.
Fikrin onun nəhayətsiz baxışlarında əriyəcək,
hələ sevdiyinin baxışı, duruşu,
boy-buxunu sənin qəlbini çox incidəcək, sən də dözəcək, dözməlisən. Başqa
əlacın yoxdur! Axı ortada sevgi adlı
sehr var.
Fikrət
Qoca sənəti necə də təbiidir, səmimidir, ülvidi! Humanistliyi ilə seçilir.
Ürəkdən gələndir. Məhz ürəkdən gəldiyi
üçün də
təsir edir, birbaşa ürəkləri
fəth edir. Gözəl,
təbii mənzərələr,
lirik peyzaj ustasıdır Fikrət Qoca.
Fikrət
Qoca lap başlanğıcdan
öz səmimiyyəti
ilə seçilən,
boğazdan yuxarı pafos, patetikadan
uzaq bir şair kimi tanınıb. Yəqin ki, kimsə
onu nə vaxtsa boş, əsassız danışmaqda,
sağa sola şişirtmə,
yaxud kiçiltmələrdə
qınaya bilməz.
Lakin, məncə, Fikrət müəllim filmdəki söhbətlərində bu
yöndən özü-özünü
belə ötüb keçir. Tamaşaçı
bu söhbətləri
adi, gəlişigözəl
sözlər kimi yox, ömür yaşamış, xeyir-şəri,
yaxşı-yamanı dərk
etmiş, nə dediyinin məsuliyyətini
bilən, hər cür özünügöstərmək
meyli və bayağı şöhrət
hissindən uzaq bir şəxsin səmimi olduğu qədər ciddi, ciddi olduğu qədər səmimi «hesabatı» kimi dinləyir. Zatən bütün səmimi
şeylər həm də ciddi olur.
Məncə, ədəbiyata
yeni gələn hər hansı bir gəncin bu söhbətlərdən
əxz edəcəyi çox mətləblər
var. Ən başlıcası
isə budur: necə edəsən ki, ömrün yetmişinə alnı açıq, üzü ağ gələsən,
milyonlarla tamaşaçı
qarşısında durub
öz kimliyini heç bir utanc hissi keçirmədən
bəyan edə biləsən…
Oktay
Xalq Cəbhəsi.-
2012.- 25-27 avqust.- S.8.