Tarixi erməni yalanı

 

Tələt Paşanın soyqırımı əmr edən gizli teleqrafı olubmu?

 

Yalançı erməni soyqırım iddiasını bir Osmanlı siyasətinə bağlamaq üçün dəridən — qabıqdan çıxan erməni təbliğat maşını, bu yöndə verilmiş bir qərar olduğunu sübut etmək məcburiyyətindədir. Bunun üçünbir düstur tapılmış və Tələt Paşaya aid edilən və General Allenby əmrindəki hərbi qüvvələr tərəfindən Hələbdə ələ keçirildiyi iddia olunan bir sıra teleqraf nümunələri ortaya çıxarılmışdır. Bu teleqrafların Naim Bəy adlı bir Osmanlı məmurunda olduğuİngilis işğalının nəzərdə tutulandan daha qısa müddətdə reallaşması səbəbindən Osmanlılar tərəfindən məhv etməyin mümkün olmadığı iddia olunur. Aram Andonyan adlı bir erməni yazar bu teleqrafların nümunələrini 1920-ci ildə nəşr etdirmiş, bu kitab ayrıca Tələt Paşanı Berlində qətlə yetirən Tehliryanı mühakimə edən məhkəməyə də verilmişdir. Məhkəmədə bunlardan 5-i diqqətlə incələnmiş, ancaq dəlil olaraq qəbul edilmədikləri kimi, dəqiq olub olmadıqları haqqında hər hansı bir qərar verilməmişdir.

Digər erməni iddiaları kimi, bu iddianın da həqiqətlə bir əlaqəsi yoxdur. Çünki, bu teleqraflar 1922-ci ildə İngiltərədə «Daily Telegraph» qəzetində nəşr olunmuşdur. İngiltərə xarici işlər nazirliyi bundan sonra hadisəni işğal komandirliyi vasitəsilə araşdırmış və sonunda bu sənədlərin Allenby qüvvətlərinə aid olmadığı, Parisdəki bir erməni qrupu tərəfindən icad edildiyi müəyyən etmişdir.

Teleqrafların qələmə alınma şəkli və yazıldıqları kağızlar Osmanlı sənədləri olmadıqlarını açıq şəkildə göstərir.

İngilislər və fransızlar İstanbulun işğalından sonra ermənilərə qarşı girişilən «soyqırımın» məsullarını cəzalandırmaq məqsədilə həbslərə başlamış, Osmanlı Azadlıq və İxtilaf Hökuməti, İttihat və Tərəqqi Partiyası və idarəçilərinə olan düşmənliyi səbəbiylə işğal qüvvələrinə bu barədə əlindən gələn hər cür köməyi etmişdir. Həbs olunanların bir qismi İstanbulda mühakimə olunmuş, bir qismi isə Maltaya sürgün olunmuşdur. İstanbuldakı məhkəmə İttihad və Tərəqqinin dörd idarəçisi haqqında qiyabi olaraq ölüm hökmü çıxarmış, bundan başqa 3 nəfər də edam cəzasına məhkum edilmişdir. Bu son edam cəzalarının yalançı şahidlərin ifadələrinə əsaslanaraq verilməsi daha sonra ortaya çıxmışdır. İngilislər Maltaya sürgün etdikləri şübhəlilər əleyhinə hər yerdə sənəd və şahid axtarışına girişmiş, Osmanlı Azadlıq və İxtilaf hökumətinin də yardımlarına baxmayaraq heç bir sənəd tapa bilməmiş, bundan sonra ABŞ arxivlərinə müraciət edilmişdir. Bu arxivlərdə də soyqırım iddialarını sübut edə biləcək heç bir sənəd tapılmamışdır.

Vaşinqtondakı ingilis səfirliyi bu barədə İngiltərə Xarici işlər nazirliyinə aşağıdakı cavabı göndərmişdir:

«Maltada məhbus olan türklər əleyhinə dəlil kimi istifadə edilə biləcək heç bir şey olmadığını bildirməkdən dərin təəssüf hissi keçirirəm. Kifayət qədər dəlil və konkretlik mövcud deyil. Haqqında söz-söhbət gəzən hesabatlar, heç bir surətlə, türklər haqqında Majesteleri hökumətinin hələ də əlində olan məlumatların möhkəmlətməsinə yaralı ola biləcək dəlilləri belə ehtiva edirmiş kimi görünməməkdədir».

İngiltərə xarici işlər nazirliyinin nümayəndələri bu cavab qarşısında nə etməli olduqları barəsində İngiltərə Krallığının prokurorluğuna sorğu göndərmişdilər. Prokurorluğun cavabı isə aşağıdakı şəkildə olmuşdur:

«İndiyə kimi heç bir şahiddən, məhbuslar haqqında irəli sürülən ittihamların doğruluğunu sübut edə bilən bir ifadə alınmayıb. Ümumiyyətlə, hər hansı bir şahidin olub olmaması da hələ məlum deyil».

Nəticə etibarı ilə, Maltadaki məhbuslar günahlandırılmadan və mühakimə edilmədən 1921 — ci ilin sonunda sərbəst buraxılmışdılar.

İngilislər sənəd axtarmaqla məşğul olanda Andonyandan qaynaqlanan qəfil teleqraflar ortaya atılır. İngilislərin bu teleqraflara çox da fikir verməmələrinin səbəbi həmin sənədin yalan olmasından irəli gəlir.

Andonyanın sənədlərinin saxta olduğuna dair dəlillər aşağıdakılardır:

Andonyan hazırladığı saxta sənədlərin «həqiqi Osmanlı sənədləri» olduğunu sübut etmək üçün, haqqında danışılan sənədlərin Hələb qubernatoru Mustafa Əbdülxaliq Bəy tərəfindən imzalandığını yazır. Ancaq arxivlərdə olan Mustafa Əbdülxaliq Bəyin imzasını daşıyan bir çox sənəd araşdırıldığı zaman Andonyan tərəfindən ortaya atılan sənədin saxta olduğu dərhal ortaya çıxır.

Andonyanın Mustafa Əbdülxaliq Bəyin imzasının daşıyan saxta sənədlərinin birində bir tarix var. Ancaq dövrün Daxili İşlər Nazirliyi və Hələb Qubernatorluğu arasındakı yazışmalar, yəni əsl sənədlər araşdırıldığı zaman həmin dövrdə Hələb qubernatorunun Mustafa Əbdülxaliq bəy yox, Bəkir Sami bəy olduğu ortaya çıxmaqdadır.

Andonyanın saxta sənədləri bir daha bunu sübut edir ki, Andonyan Müsəlman Rumi təqvimi ilə Xristian təqvimi arasındakı fərqlərdən tamamilə xəbərsiz idi, ya da sənədləri hazırlayarkən bu fərqlər gözündən qaçmışdı. Diqqətsizliyi ucbatından tarixlərdə və istinad nömrələrində etdiyi səhvlər sənədlərin saxta olduğu haqqında şübhələri bir xeyli artırmaqdadır.

Dövrün Daxili İşlər Nazirliyinin «gedən şifrəli məktublar» arxivləri ciddi şəkildə araşdırıldığı zaman Nazirliyin şifrə qeyd tarix və nömrələri ilə Andonyanın saxta sənədlərində olan tarix və nömrələmə sistemi arasında heç bir bənzərlik olmadığı, Andonyanın saxta «şifrəli teleqraf»ları ilə dövrün Daxili İşlər Nazirliyinin Hələbə göndərdiyi həqiqi şifrəli teleqrafları arasında bir əlaqənin olmadığı ortaya çıxır.

Andonyanın «şifrəli teleqraflarının» türk dilindəki əslləri ilə dövrün Osmanlı şifrəli mesajlarını müqayisə edəndə görəcəyik ki, istifadə edilən şifrə sistemləri arasında da hər hansı bir əlaqə yoxdur. Andonyan sənədləri həqiqi imiş kimi göstərmək üçün heç vaxt istifadə olunmayan, mövcud olmayan yeni bir şifrələmə metodundan istifadə etmişdir. Saxta sənədlərin üstlərindəki tarixlərdən Osmanlıların 6 ay boyunca eyni şifrələmə üsulunu istifadə etmiş olduqları nəticəsində ortaya belə bir fikir çıxır ki, bu qeyri-mümkündür. Çünki o dövrdə qəbul olunan bir qərarla müharibə illərində istifadə olunan şifrələmə üsulunun 2 ayda bir dəyişdirilməsinin zəruriliyi gətirildiyi və bunun tətbiq olduğu sübut edilmişdir.

Andonyanın iki saxta sənədində yer alan «bismillah»ın yazılış forması da həqiqi sənədlərdəkilərlə müqayisədə Andonyanın sənədlərinin saxta olduğuna dəlalət etməkdədir. Bu qeyriprofessional yazılış şəkli, Osmanlılarda müsəlman olmayanların-Osmanlıcanı bilsələr belə «Bismilllah» dan yazışmalarda heç vaxt istifadə etməmiş olmalarından qaynaqlana bilər.

Andonyan tərəfindən uydurulan sənədlər əgər mövcud olmuş olsaydı, «çox gizli» ifadəsi teleqraf yolu ilə yox, kuryer vasitəsilə göndərilər və fayllarda üç il boyunca tutulmaq yerinə oxunan kimi yox edilərdi.

Andonyanın uydurduğu sənədlərin toplandığı ingilis və fransız nəşrlərinin arasında, nəşr və ya tərcümə yanlışlıqlarından qaynaqlanmayan çox ciddi bir çox fərqliliklər mövcuddur.

Son olaraq, ermənilərin spikeri kimi hərəkət edən, ermənilərlə yaxın əlaqələri olan bəzi yazarlar belə, Andonyanın sənədlərinin həqiqi olmasına şübhə ilə yanaşırlar.

Qısacası, məşhur «Tələt Paşa teleqrafları» Andonyanonun ətrafı tərəfindən uydurulmuş nağıldan başqa bir şey deyil.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 24 avqust.- S.15.