Orta yüzil Türkiyə yazarları

  

Qəzetimizin ötən saylarından birində orta yüzillər Türkiyə ədəbiyyatı haqqında danışmışdıq. Mövzunu davam etdiririk.

Bu dövrün türk ədəbiyyatında Əhmədinin adı xüsusilə çəkilir. Əhmədi XIV yüzilin ikinci yarısı — XV yüzilin ilk illərində yaşayıb. Onun əsil adı Tacəddin ibn İbrahim ibn Xızrdır. Doğulduğu yer məlum deyil. Filologiya elmlər doktoru Ramil Əliyev bildirir ki, şairin ölüm tarixini 1412/13-cü il kimi qəbul edib onun təxminən 80 yaşında vəfat etdiyini, beləliklə, doğum tarixini 1334/35-ci illər kimi təxmin edirlər: «Bəzi qaynaqlarda anadan olduğu yer GermiyanSivas göstərilir. Onun ilk təhsilini Anadoluda aldıqdan sonra Misirə getdiyi və təhsilini davam etdirdiyi söylənilir. Şair Qahirədə tibb təhsili alıb. O, İbn Sinanın tələbəsi olub, Nizaminin poetik təsiri ilə «İsgəndərnamə» poemasını yazıb. Əhmədi süjetə yeni motivlər əlavə edib, bəzi olayları çıxarıb, yeni olaylar qatıb, öz əsərini müstəqil bir əsərə çevirib. Əsərdə İsgəndərin eşq macəralarına da yer verilib. 8000-dən artıq beyti olan bu məsnəvi failatün, failatün, failün qəlibində yazılıb. Misirdən qayıtdıqdan sonra onun Germiyan hakimi Süleyman şahla dostluq etdiyini və həyatının sonuna qədər bu dostluğun davam etdiyini söyləyirlər. «Tərvihül-Ərvah» («Təmizlənmiş ruh») məsnəvisi var. Onun yaradıcılığında

«Cəmşid və Xurşid» məsnəvisinin də adı qeyd edilməlidir. Əhmədi «Cəmşid və Xurşid» məsnəvisini 1403-cü ildə tamamlayıb. Hər iki əsər Süleyman şahın adına yazılıb. Süleyman şah öləndən sonra şair «Cəmşid və Xurşid» məsnəvisini kiçik düzəlişlər edərək yeni hökmdarın — I Mehmedin himayəsini qazanmaq üçün ona bağışlayıb».

O, bu əsəri fars şairi Səlmani Savecinin eyniadlı məsnəvisindən təbdil edib, ancaq məzmuna əlavələr edib, yeni əsər ortaya qoyub. Əhmədinin məsnəvisi Səlmani Savecinin məsnəvisindən 2300 beyt çoxdur.

Əhmədi ən çox əsər yazan alim-şairlərdəndir. Əhmədi divanı — qəsidələr, qəzəllər, tərkibbənd və tərcibəndlərdən ibarət böyük həcmli əsərdir. «Tərvihül-Ərvah» Əhmədinin tibblə bağlı məsnəvisidir. Bu əsər də Süleyman şaha ithaf olunub. Bu əlyazmanın İstanbulda Ayasofya və Topqapı sarayı Muzeyi Kitabxanasında 2 nüsxəsi var: «Əhmədinin Fəridəddin Əttarın «Əsrarnamə» əsərini farscadan türkcəyə tərcümə edib-etməməsi türk ədəbiyyatşünaslığında xeyli müzakirəyə səbəb olub. Bursalı Mehmet Tahir bu tərcümənin Əhmədiyə məxsus olduğunu, Nihat Əzəmət isə bu tərcümənin Təbrizli Əhmədə aid olduğunu söyləyirlər. F.Köprülü bu tərcümə əsərinin yazılış tarixini 1475-1476-cı il kimi verir. Məsnəvi Əttarın «Əsrarnamə» adlı əsərinin deyil, onun «Müsibətnamə»sindən bəzi parçaların tərcüməsidir. Dini-təsəvvüfi, əxlaqi-didaktik mövzuda olan bu məsnəvini F.Köprülü Təbrizli Əhməd adlı şairin qələminə məxsus hesab edir. Bu məsələ türk ədəbiyyatşünaslığında hələ araşdırılıb başa yetməyib. Əhmədinin «Mirkatül-Ədəb» adlı ərəbcə-farsca mənzum lüğəti də var. Bu lüğətin sonunda onun «Mizanül-Ədəb» və «Miyarül-Ədəb» adlı iki qəsidəsi də verilib. Ədəbiyyat nəzəriyyəsi ilə bağlı olan bu iki qəsidədən birincisi ərəb dilinin morfologiyasına (ərəb dilinin morfoloji quruluşuna), ikincisi isə leksikasına (leksik quruluşuna) həsr edilib.

XV yüzil türk ədəbiyyatı tarixində Şeyxinin özünəməxsus yeri var. XIV yüilin sonu — XV əsrin əvvəllərində yaşayıb. Şeyxi təxəllüslü Yusuf Sinanəddin Germiyani (?-1431) Germiyanda (Kütahiyədə) anadan olub. Təhsilini Germiyanda başa vurduqdan sonra biliyini artırmaq üçün İrana gedib, orada tibb, təsəvvüf, ədəbiyyat sahəsində savad alıb, göz həkimi ixtisasına yiyələnib. Onun tibblə məşğul olmasına görə adına həkim Sinan da deyiblər. İrandan Ankaraya dönərkən Hacı Bayram Vəli ilə yaxın olmuş, Şeyxi ləqəbini də bu üzdən alıb. Germiyanda göz həkimliyi edən Şeyxi əvvəl Germiyan hakimi II Yaqubun, sonra Süleyman şahın dönəmində, 1425-ci ildə Çələbi Mehmedin Karaman savaşı zamanı gözləri ağrıdığından onun gözünü müalicə edib, əvəzində Tokuzlular kəndi ona hədiyyə edilib. Şair 1431-ci ildə vəfat edib. Onun əldə üç əsəri var. Bunlar «Divan», «Xərnamə», «XosrovŞirin»dir. Divanın 1438-ci il nüsxəsi Əli Nihad Tərlanın incələməsi ilə birlikdə Türk Dil Qurumu tərəfindən 1946-cı ildə yayınlanıb. Onun divanı tövhid, nət və qəsidələrdən ibarətdir. Şeyxi «XosrovŞirin» məsnəvisini Nizaminin eyniadlı əsəri əsasında yazıb sultan II Murada təqdim edib. Bu əsər 6944 beytdən ibarətdir. Təzkirələr məlumat verir ki, Şeyxi bu əsəri tamamlaya bilməyib və əsər Cəmali tərəfindən sona çatdırılıb. Ancaq bu, doğru deyil.

Şeyxinin bu gün ən tanınan, sevilən məsnəvisi «Xərnamə»dir («Eşşək haqqında poema»). 126 beytlik bu əsər həcv kimi qələmə alınıb. O, sultan Çələbi Mehmedin gözlərini müalicə edəndən sonra ona bağışlanmış Tokuzluya gələrkən kəndin əvvəlki sahibləri şairi yaxşı qarşılamayıb, döyüblər. Şeyxibu olaydan təsirlənərək «Xərnamə»sini yazıb sultana bağışlamışdı. Digər rəvayətə görə, II Murad ona vəzirlik vermək istəyirmiş, ancaq sarayda şairi sevməyən adamlar Nizaminin «Xəmsə»si kimi bir əsər ortaya qoyduqdan sonra ona vəzirlik verilməsinin doğru olduğunu söyləyirlər. Onların sözünə cavab kimi şair «XosrovŞirin»i tərcümə etməyə başlayır, 1000 beytini çevirərək sultana bağışlayır. Əsər sultanın xoşuna gəlir. Sultan II Murad ona çoxlu hədiyyələr verir. Aldığı hədiyyələrlə vətəninə dönən şairi yolda oğrular soyurlar. Şeyxi də başına gələn bu hadisəni həcv kimi yazıb II Murada göndərir.

R.Əliyevin fikrincə, təsəvvüflə maraqlanmasına baxmayaraq, şairin qəzəllərində sufizmin çox da dərin izlərinə rast gəlinmir: «Ancaq şair qəzəllərində təsəvvüfün məzmun və düşüncə tərzindən böyük ölçüdə faydalanıb. Onun türkcə divanı var, məhəbbətdən bəhs edən çoxlu qəzəllər yazıb, ədəbiyyat tarixinə «XosrovŞirin», satirik mövzuda «Xərnamə» («Eşşək haqqında poema») əsərləri ilə düşüb».

XV əsrdə Şeyxidən sonra ən ünlü məsnəvi yazan Həmdullah Həmdi olub (1448-1509). O, XV yüzilin ikinci yarısında yaşayıb, məşhur şeyx Şəmsəddinin kiçik oğludur. Onun «Xəmsə»si və divanı var. Onun «Xəmsə»sinə «YusifZüleyxa», «Leyla və Məcnun, «Mevlid», «Qiyafətnamə», «Töhfətül-Üşşaq» məsnəviləri daxildir. Bu əsərlər içərisində ən tanınmışı «Yusif və Züleyxa»dır. O, bu məsnəvini yazarkən Caminin eyniadlı əsərini örnək götürüb, Camiyə əsaslanaraq gözəl təsvirlər yaradıb. Onun «Leyla və Məcnun»u o qədər də tanınmayıb. Şair «Mevlid» əsərini xalq üçün yox, aydınlar üçün yazdığından dili ağırdır. «Töhfətül-Üşşaq» kiçik bir eşq dastanıdır. «Qiyafətnamə» isə insanın görünüşündən onun xarakterinin özəlliklərini təyin edən elmi biliklərə həsr olunmuş bir əsərdir. Onun «Sevgililərin mükafatı» adlı alleqorik poeması da var. Bu əsərdə gənc tacirin Konstantinopolda yunan qızına aşiq olması, xristianlığı qəbul edərək onunla evlənməsi təsvir olunur. Əsərin sonu alleqorik şəkildədir.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 28 avqust.- S.13.