Xalqın dərdindən
yazan yazıçı
«Qələm əhli gərək
heç vaxt məsuliyyət hissini itirməsin»
Mərhum
yazıçı Əlibala Hacızadənin anadan
olmasından 77 il ötdü. O, 1935-ci ildə Biləsuvar
rayonunun Ağalıkənd kəndində anadan olub. ADU-nun
şərqşünaslıq fakültəsinin fars şöbəsində
təhsil alıb. Əfqanıstanda mütərcimlik edib. Sonra
yenidən Azərbaycan EA Yaxın və Orta Şərq
xalqları İnstitutunda (indiki Şərqşünaslıq
İnstitutunda) baş elmi işçi vəzifəsində
işləyib, ömrünün sonuna kimi həmin institutun
İran filologiyası şöbəsində
çalışıb. 2009-cu ilin oktyabrında vəfat edib.
«Təyyarə kölgəsi», «İtkin gəlin», «Əfsanəsiz
illər», «Ayrılığın sonu yoxmuş», «Vəfalım
mənim», «Dünyanı tanı», «Sevəcəyəm» və
başqa kitabların müəllifidir. Onun hər şeydən
qabaq bir insan kimi yaddaşlarda həmişə qalacaq həlimliyi,
doğmalığı vardı.
Ədəbiyyatşünas Gülxani Pənah Əlibala Hacızadəni belə xatırlayır: «Əlibala Hacızadəni bir insan olaraq yaxından tanıyırdım. Həmişə onun əsərlərini sevə-sevə oxumuşam. Ömrünün son illərində Şərqşünaslıq İnstitutunda çalışırdı. «Sabir poeziya günləri»ndə birgə iştirakımız heç vaxt yadımdan çıxmır. İnsanların dərdinə gerçəkdən yanmasına görə həmişə sevilirdi, xatiri əziz tutulurdu. Həmişə ədəbi məclislərdə onun çıxışlarını böyük səbirsizliklə gözləyərdik, məsləhətlərini tərəddüd etmədən qəbul edərdik. Uşaqları çox sevirdi. Ümumiyyətlə, insan üçün yanmağı bacarırdı. Həmişə Əlibala Hacızadənin əsərlərində insanların acınacaqlı, kədərli taleyi, onun bir insan olaraq bu proseslərə yanaşması tamamilə özünəməxsus şəkildə təsvir olunub. Əlibala müəllim həmişə əsərlərində insanlığın qlobal problemlərinə toxunub. Heç zaman əhvalını dəyişən görmədim. Həmişə insanlara doğma yanaşırdı. İnsanlarla görüşəndə heç zaman dərdini onlara büruzə verməzdi. Yazıçının əsərlərində qoyduğu problemlərə can yanğısı da səmimi olanda oxucu həmin əsərin səmimiliyinə qəlbən inanır».
Son müsahibəsi («Azadlıq» radiosunda) yaxşı yadımdadır: «»"Dünyanı tanı» romanımdan özümdə qalmamışdı. Dedim alım qoyum arxivimə. Şəhəri gəzəndə gördüm bir kişi küçəyə kitab düzüb satır. Kiminsə ev kitabxanası idi, satışa çıxarmışdı. Baxdım ki, orada mənim də romanım var. Qiymətini soruşdum, dedi 15 manatdır. Pulum çatmadı, kitabı yavaşca yerinə qoyub getdim».
Mərhum yazıçı Əlibala Hacızadə ilə bir neçə dəfə həmsöhbət olmuşdum. Danışırdı ki, ulu babası Ərdəbillidir. Hacı Xanəli və Hacı Ağabala iki qardaş olublar. XIX yüzilin sonlarında dolanışıq ucbatından Muğana gəliblər. Salyanda kök salıblar, zirək olduqlarından tez varlanıblar. Babası Xanəlinin yekə dəyirmanı, qoyun sürüləri olub. Azərbaycanda sovet hökuməti qurulanda qərara gəliblər ki, kiçik qardaş Ağabala Ərdəbilə getsin, orada ev-eşik alsın, sonra qardaşlar buradan ailəvi köçsünlər. Onun ailəsi burada qalıb. Ancaq sərhədlər qəfil bağlanıb, Ağabala qalıb o tayda. Sovet hökuməti babasının bütün varidatını əlindən alıb. Babası öləndən sonra əlində qalan bircə evini də məktəbə çeviriblər. Ağabala buradan gedəndə özü ilə iki xurcun qızıl aparıbmış. Deyirdi babası Əlibalanın adını daşıyır. Şəcərə tarixini ağlı kəsəndən araşdırdırmışdı. Ömrünü təhlil etməyi xoşlayırdı: «Yaşlaşdıqca təbii olaraq ömrünü saf-çürük etməyi xoşlayırsan. Elədiklərini təhlillə yanaşı, eləmədiklərini də fikirləşir, peşimançılığını çəkirsən. Lap cavanlığımdan şöhrət hissinə qapılmamışam. Başımı aşağı salıb işimlə məşğul olmuşam».
Danışardı ki, əsasən ürəyi istəyəni yazıb: «Boğazdan yuxarı heç nə yazmamışam. Məncə, yazıçı, şair, alim o zaman əlinə qələm götürməlidir ki, onun sənə, mənə, ona, ümumən xalqa deməyə nəsə sözü var. Yoxsa ki, məzmunsuz söhbətlərə necə qulaq asasan? Yaradıcılıq da elə bir şeydir».
Yaradıcılıq sarıdan içində bir rahatlıq olduğunu deyirdi: «Ancaq bu rahatlıq narazılıqla yanaşıdır. Mən kolxoz, sovxoz, traktor-zavoddan yazmamışam. Baxmayaraq ki, o direktiv mənim də qabağımda qoyulmuşdu. Sovet dövrünün o kəshakəs vaxtında hər birimizin beynində bir «Qlavlit» (senzura-red.) oturmuşdu. Cəsarət edib nəyisə yazırdınsa da, bilirdin ki, bunu buraxmayacaqlar. Fikirləşirdin ki, necə yazasan keçsin, ürək narahatlığın oxucuya çatsın, onu ayıltsın. «Neftimizi aparırlar» fikrini oxucuya çatdırmaq üçün çox fikirləşməli oldum. O zaman gənc idim, yaradıcılığa yenicə başlamışdım. 1958-ci il idi, Natəvan adına klubda «Böyük dərd» adlı hekayəmi Mehdi Hüseynin və xeyli yazıçının qarşısında oxudum. Orada təsvir olunurdu ki, doktor Nərimanov təsadüfən İçərişəhərdə ölüm ayağında olan bir qadına dava-dərman verir, ancaq görür ki, otaqdakı çıraq neft olmadığından yanmır. Bayıra çıxanda görür ki, Xəzərdə neftlə dolu gəmilər uzaqlara gedirlər. Deyir ki, biz iynəyik, hamını bəzər, özümüz lüt gəzərik. Biz çırağıq, dibimizə kölgə salmarıq. M.Hüseyn məni barmağı ilə yanına çağırdı. Soruşdu ki, o hekayədə təsvir elədiyin dövr haçandır, nefti aparan gəmilər kimindir? Qəsdən bunu yazmamışdım. Dedi ki, oğlum, get, hekayənin sonuna bir «ingilis» sözünü əlavə elə, tapşıraram çap edərlər. Onun dediyi kimi də etdim».
O, hesab edirdi ki, gərək yazıçı xalqın dərdini hamıdan tez görsün, yazsın və desin. Bu, o deməkdir ki, yazıçı oxucusunun səviyyəsindən ən azı bir qarış yuxarıda durmalıdır: «1965-ci ildə «Rüşvət» adlı bir hekayə yazmışdım. Burada cəmiyyətin imkanlısı ilə imkansızının dialoqunu vermişdim. Rüşvət almaq üstündə tutulan adam rüşvət verib vəziyyətdən çıxdığını şəstlə bəyan edirdi. «Azərbaycan» jurnalının baş redaktoru mərhum Yusif Səmədoğlu hekayəni oxudu, güldü, dedi ki, Əlibala, məni bağışla, bunu çap edə bilmərəm. Etsəm də «Qlavlit» qoymayacaq. 1966-cı ildə Əfqanıstana gedəndə bu tipli başqa yazılarımı da özümlə apardım. Orada hadisələrin Kabildə cərəyan etdiyini yazdım, «Ədəbiyyat» qəzetinə göndərdim, çap olundu».
Yazıçı o dövr yaradıcılığında cəmiyyətdəki bu və ya digər neqativ halların daha anlaşıqlı və rəmzliklərlə çatdırılması üçün çox düşünür, əksər hallarda bunu əsərlərində ifadə etməyə nail olurdu: «»Təyyarə kölgəsində» romanımda bütün pullarını kitaba verən Gülalı adlı bir obraz yaratmışam. Kitab fanatının arzusunu yerinə yetirməyə məcbur olan nadir əlyazmalara məsul qadın obrazının keçirdiyi stresləri, həyəcanları o dövrün şəxsiyyətə, insana qarşı basqısının ifadəsi kimi oxucuya çatdırmağa çalışmışam. Əsərdə qadının dili ilə o dövrün səciyyəsini açan belə bir qənaət vermişəm: «Gör nə zəmanədir ki, adamı yaxşı olmağa, yaxşılıq eləməyə qoymurlar. Deyirlər, get, pis ol, əclaf ol, yaramaz ol».
İnanırdı ki, insanın bəsirət gözü üzdə olmur, dərindədir. Vətənə münasibət problemindən yana-yana danışardı: «»Günün harada xoş keçir, ora sənə Vətəndir» fikri damğalanmalıdır. Əslində bu cür qənaətlə yaşamaq millətimizə xas xüsusiyyət deyil. Bizlər qəriblikdə yaşaya bilmirik. 4 il Əfqanıstanda yaşadım. Yaxşı maaş alırdım, ailəm də yanımda idi. Uzunmüddətli qalmaq imkanım var idi. Çoxlu xahişlər oldu, ancaq qala bilmədim. Orada anladım ki, Azərbaycan üçün nə qədər darıxırmışam. Fikirləşirdim, birdən qarşıma biri çıxıb deyə ki, axı sən buralarda nə gəzirsən? Çoxlu qürbət şeirləri yazdım. Qürbət qürbətdir, onun sızıltısı yaman olur. Ancaq şəxsən son Qarabağ hadisələri, torpaq itkilərimiz, torpağa münasibət mənə pis təsir etdi.
Digər bir problem isə əxlaq problemidir. Cəmiyyətdəki əxlaq aşıntısı
ilə ədəbiyyat
ardıcıl olaraq döyüşməlidir. İndi xüsusən yaşlı
nəsil çaşıb
qalır. Küçədə yarıçılpaq gəzənləri
gördükcə dəhşətə
gəlirəm ki, biz hara gedirik? Bütün bu hallara qarşı
cəmiyyətdə müqavimət
yoxdur. Bu minvalla axırımız necə olacaq? Ədəbiyyat bu suallara cavab tapmalıdır».
Yazıçının XX əsr İran poeziyasının nümayəndələrindən
olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası
var. Bundan başqa o, İran romanının tipologiyasına dair
fundamental elmi araşdırmanın
müəllifidir. Habelə bir sıra orta əsr mənbələrini
dilimizə tərcümə
edib. O deyirdi ki, «qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının,
qəlbinin əksinə
getməsin, yalan yazmasın. İnsan özü qalmır,
ancaq yaratdığı
qalır. Yaxşısı
da, pisi də… Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında
özün, qohum-əqrəban,
dostun-tanışın, öləndən
sonra isə nəslin xəcalət çəkməsin!..»
Uğur
Xalq Cəbhəsi.- 2012.- 30 avqust.-
S.14.