Sumqayıt Şəhidlər Xiyabanında üç dost uyuyur

 

Hər üçünün ucsuz-bucaqsız arzuları vardı

 

Bir arzuları da Qubadlının erməni işğalından azad olmasıydı

 

Evdə sonuncu oğul ovladı idi. Buna görə də kimin nə işi olurdu Səbahəddini buyururdular. Kimsənin qəlbini qırıb «bunu bacarmaram», və yaxud «sonraya qalsın» sözlərini dilinə gətirməzdi. Məhəllənin də sevimlisinə çevrilmişdi. Qarabuğdayı olduğu üçün onu həm də «qarabala» deyə çağırırdılar. Bütün yaşıdları kimi arzuları tükənib bitmirdi. Orta məktəbdə oxuduğu illərdən atası Fazil kişi kimi sürücü olmaq istəyirdi. Bunun da səbəbləri vardı. Görürdü ki, kəndin kiçiyindən tutmuş böyüyünə kimi hamı Fazil kişiyə hörmət edir, məclis olanda onu yuxarı başda oturanların cərgəsinə çağırır, bir sözlə sayılanlardan biriydi. Fazil kişi də bu hörməti öz davranışı, əməksevərliyi, mərdliyi, yəni kişiyə xas olan keyfiyyətilə qazanmışdı.

Olurdu ki, qonum-qonşunun yığdığı məhsul tənbəkilikdə qalanda yenicə maşın sürməyi öyrənmiş Səbahəddin dərhal atasından icazə alıb həmin adamın dadına çatardı. Hətta bir neçə dəfə maşını yaxınlıqdan keçən kanala da salmışdı. Xoşbəxtlikdən nə özünə, nə də kimsəyə zərər toxunmamışdı.

İllər gəlib keçdi Səbahəddin Qubadlı rayonu Dondarlı kənd orta məktəbini bitirdi. Artıq hərbi xitmətdə qulluq etmək vaxtı gəlib çatmışdı. 1973-cü il təvəllüdlü Səbahəddin Bayramov hərbi qulluğunu Rusiyada keçirdi. İki il vətəndən, doğmalardan uzaqda olan Səbahəddinə bir gün bir il kimi uzun gəlirdi. O kişilik məktəbini də ləyaqətlə başa vurdu və evinə döndü.

…Bir qız sevmişdi. Qohumlardan birinin qızı olduğu üçün anası razılaşmırdı. Deyirdi ki, biz onsuz da hərtərəfli qohumuq. Bəlkə də qismət beləymiş, sevdiyi qız başqasıyla ailə qurdu. Səbahəddin qəlbində anasından və bu işə əngəl olan digər qohumlardan incidi…

…Ermənistan öz ənənəvi əməllərindən əl çəkməyərək ötən əsrin əvvəllərindən Azərbaycana yenidən torpaq iddiasını ortaya qoydu. Xankəndidə ermənilərin etiraz nümayişləri başladı. O vaxtkı hakimiyyətin qorxaq və yarıtmaz siyasətinin nəticəsində ermənilərə zamanında yerləri göstərilmədi. Və bir-birinin ardınca kəndlərimiz, rayonlarımız işğal olundu…

…Qubadlının müdafiəsi üçün könüllülər batalyonu yaranmışdı. Bu batalyonlardan birinə də Səbahəddinin qardaşı Əli rəhbərlik edirdi. Həm döğma el-obanı yağı düşməndən qorumaq, həm də qardaşına dayaq olmaq məqsədilə Səbahəddin də digər yaşıdları kimi könüllü orduya yazıldı. Qubadlı rayonunun Saldaş kəndində istehkamlarını quran bu batalyon dəfələrlə oldu ki, erməni həmləsini dəf elədi. Olurdu ki, düşmənin qarşısına ov tüfəngi ilə çıxırdılar. Ancaq geri çəkilmirdilər. Şuşa, onun ardınca Laçın işğal ediləndə batalyonda ruh düşkünlüyü yaransa da, tez özlərini əla ala bildilər və rayonun mühafizəsini bir qədər də möhkəmləndirdilər. Qubadlının fəxri Əliyar Əliyev şəhid olanda isə bütün batalyonlar, eyni zamanda Əlinin batalyonu and içdi ki, düşməni məhv etmək üçün sona kimi vuruşacaqlar…

…1993-cü il avqustun 31-i tarixi qubadlıların yaddaşlarında qanlı gün kimi qalacaq. Məhz bu tarixdə Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Qubadlı Zəngilan, Laçın, Cəbrayıl, eyni zamanda Ermənistanın Gorus və Kafan rayonları ilə sərhəddə yerləşirdi. 802 kvadrat kilometr sahəsi, 93 kəndi, 13,2 min hektar yamyaşıl meşə sahələri, Bərgüşad, Həkəri, Ağa çayı kimi çayları olan Qubadlının 28 min əhalisi əsasən Sumqayıt şəhərində və 42 yaşayış məntəqəsində məskunlaşdı. Qubadlı rayonunda 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, bir əyani-qiyabi orta məktəb fəaliyyət göstərirdi. Bu təhsil ocaqlarında 5852 şagird təhsil alır və 1280 müəllim uşaqların təlim-tərbiyəsi ilə məşğul olurdu. Rayonda 300 yerlik 4 xəstəxana və 33 səhiyyə müəssisəsi fəaliyyət göstərirdi. 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi, 28 klub vardı. 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti müəssəsi əhalinin istifadəsindəydi. Qubadlı rayonu öz tarixi abidələri ilə də məşhur idi. Gavur dərəsindəki mağara-ibadətgahın tarixi dördüncü əsrə, Muradxanlı kəndindəki Qalalı, Əliquluuşağı kəndindəki Göy qala abidələri beşinci əsrə, Dəmirçilər türbələri və Yazı düzündəki Cavanşir türbəsi on dördüncü əsrə, Gürcülü kəndindəki türbə on yeddinci əsrə, Xocamsaxlı kəndindəki türbə on səkkizinci əsrə aiddir və bu türbələr həmin yerlərin qədim tarixindən xəbər verirdi. Qubadlı ərazisində Azərbaycanın digər regionlarını birləşdirən e.ə. ikinci əsrə aid Zəncirvari qalalar sistemi vardı. Dəmirçilər kəndi ilə Dondarlı kəndi arasında Ağa çayı üzərində Hacı Bədəl körpüsü on doqquzuncu əsrə, Dondarlı kəndindəki məscidin tarixi isə on səkkizinci əsrə aiddir.

Belə tarixi abidələrlə zəngin Qubadlı rayonu uğrunda döyüşlərdə 230 nəfər şəhid olub. Onlardan 12 nəfəri Milli Qəhrəmandır…

…Əksər qubadlılar kimi Səbahəddinin də valideynləri Sumqayıt şəhərinə pənah gətirdilər. İlk aylar darısqal, şəraiti olmayan yataqxanaya alışa bilmirdilər. Elə hey kəndin yuxarı başında tikdikləri evlərinin xiffətini çəkirdilər. Bu evdə neçə illərin zəhməti vardı. Evin düz qarşısından böyük bir kanal keçirdi. Payızda və qışda suyu göz yaşı kimi dumduru olurdu, yazda və yayada isə bulanırdı. Bu suyun hesabına Fazil kişi ömür-gün yoldaşı Adilə xala ilə birgə gözəl bağ-bağat salmışdı. Bağlarında hansı meyvədən desən vardı. Həmin ili ağaclar o qədər bar gətirmişdi ki, fikirləşirdilər məhsulu yığıb-yığışdıra bilməyəcəklər. Ancaq nə yazıq ki, erməni işğalçıları onların evini, varını dövlətini əllərindən aldı. Adilə xala yenə naşükür deyildi. Fikirləşirdi ki, torpaqlar geri qaytarılacaq, yenə də əvvəlki güzəranlarını bərpa eləyə biləcəklər. Təki ailəsinin, övladlarının canı sağ olsun. Sən saydığını say, gör fələk nə deyir…

…Qubadlı rayonunun işğalından sonra Əlinin könüllülər batalyonu Ağdamın Güllücə kəndində ermənilərlə mübarizəyə başladılar. Əslində Səbahəddini kimsə məcbur eləmirdi ki, ön cəbhədə olsun. Ancaq o bilirdi ki, bu vətəni elə bu vətənin oğlulları qorumalıdır. Və lazım gəlsə canını da bu vətənin yolunda qurban verməlidir. 1994-cü ilin yanvarın 1-də cəbhə yoldaşları səngərdəcə Səbahəddinin doğum gününü qeyd elədilər. Ona arzularını dilədilər. Təbii ki, bu arzuların ən birincisi toraqların ermənilərdən azad olması və məcburən öz torpaqlarından qovulan insanlarımızın yurdlarına qayıtmasıydı…

…Cəmi üç gün sonra, yanvarın 4-ü Səbahəddin, eləcə də bir kənddən olan Həmzə və Bədəl üçün həyatlarının son günü olub. Məkirli düşmən axşamdan işğal altında saxladığı bölgədən axan kanalı açaraq əraziyə buraxıb. Və bununla da bütün ərazi suyun altında qalıb. Bir tərəfdən yağan qar, bir tərəfdən də məqsədli şəkildə buraxılan su ərazini keçilməz edib. Qəfil hücum isə Əlinin batalyonunu pərən-pərən salıb. Bir neçə saat düşmənlə ölüm-dirim döyüşü olub. Düşmən susdurulsa da, Əli baxır ki, tabeliyində olan əsgərlərdən bir neçəsi şəhid olub. Qardaşı Səbahəddinsə yoxdur. Şəhid olanları arxa cəbhəyə apardıqları üçün Əli də qardaşını döyüş bölgəsindən kənarda axtarmağa qərar verir. Məsciddə şəhid olanları bir-birinin ardınca kəfənləyib qutuya qoyurdular. Əli qardaşının da şəhid olduğu gümanını bildirəndə deyirlər ki, bir nişanəsini söylə. Çünki erməni vəhşiləri şəhid olanların cəsədindən də qisas alırdılar və tanınmaz hala salırdılar. Əli Səbahəddinin burnunun sağ tərəfində qara xal olduğunu söyləyir. Və ürəyində Allaha yalvarır ki, kaş qardaşı şəhid olmasın. Çox keçmir içəridən çıxan adam xəbər verir ki, Səbahəddin şəhid olub. Əli içəri atılıb Səbahəddin cansız, buz kimi cəsədini bağrına basır. Elə o andaca anası gözlərinin qarşısına gəlir-mən anama nə cavab verəcəyəm, nə deyəcəyəm, qardaşımı düşməndən qoruya bilmədiyimi necə anladacağam? Baxır ki, Həmzə və Bədəl də şəhid olanlar arasındadır…

Adilə xala:»Həmin gün çox narahat idim. Ürəyim mənə deyirdi ki, nəsə pis bir şey baş verib. Oğullarımın başına bir şey gəlməsini ağlımdan belə keçirmək istəmirdim. Heç bir az keçməmiş gəldilər ki, anamın vəziyyəti ağırdır gətirirlər. Daha fikirləşmədim ki, vəziyyəti ağırdır bura niyə gətirirlər. Dayımın yoldaşı mənə düzünü söylədi. Dedi ki, evim yıxılıb, oğlum ölüb. Ancaq hansı olduğunu demədilər. Hə gizlədim, ürəyimdə dedim ki, Əlinin ailəsi var, ona heç nə olmasın. Səbahəddin isə subaydı. Əlini görəndə rahatladım. Öz-özümə dedim ki, vətən uğrunda şəhid olan oğullardan biri də Səbahəddin oldu. Allah rəhmət eləsin. Sonra bir-birinin ardınca Həmzənin, Bədəlin cənazəsi gəldi. Qorxudan ağlaya bilmirdim. Elə zənn edirdim ki, ağlasam Allaha ağır gedər, o biri oğlanlarımı da əlimdən alar».

…Sumqayıt Şəhidlər Xiyabanında yan-yana üç dost-Səbahəddin, Həmzə və Bədəl uyuyur. Hər üçünün ucsuz-bucaqsız arzuları vardı. Heç biri çin olmadı. Bir arzuları da Qubadlının erməni işğalından azad olmasıydı. Onların bu arzularını ruhları 19 ildir ki, gözləyir…

…Əlinin ailəsində Səbahəddinin adını daşıyan və yaşadan bir oğlan böyüyür. Hənəsi Adilə xala deyir ki, balaca Səbahəddinin xasiyyəti eynilə əmisinə oxşayır-həlimdir, səxəvətlidir, mehribandır. Balaca Səbahəddin əmisi ilə qürur duyur və gələcəkdə onun adına layiq olacağını deyir…

…Bu illər ərzində Adilə xala tək oğul dərdi görməyib. Güvənc yeri olan dayısını, araxa-dayaq bildiyi qardaşını, başının tacı olan ömür-gün yoldaşını, oğlu kimi sevdiyi kürəkənini torpağa tapşırıb. Bütün bu dərd-sərə, ağrı-acıya dözə-dözə səhətində ciddi problemlər yaranıb. Ancaq yenə də torpaq həsrətindədir. Deyir ki, Qubadlıya dönəndə əkib-becərəcək, oğlanlarına kömək edəcək ki, dağılan evlərini yenidən qursunlar. O zaman Səbahəddinin də ruhu şad olar…

 

 

Arzu Şirinova

 

Xalq Cəbhəsi.- 2012.- 30 avqust.- S.8.