Nüvədinin işğalından 21 il ötdü

 

Fəxrəddin Əli: «Başımıza gətirilən faciələrlə bağlı hər bir kəndimizdə rəmzi abidələr olmalıdır»

 

«Ermənistan» adlanan yerdən deportasiya olunan sonuncu türk kəndi Hüvədinin işğalından 21 il ötdü. Nüvədi — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Meğri rayonunda xalis Azərbaycan-türk kəndi idi. Rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşirdi. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. Kəndin adı 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə «Nüyədə», erməni, rusdilli mənbələrdə «Nyuvadi» formalarında qeyd edilir. Yerli əhali arasında kəndə «Nüyədi», «Nüədi» deyirdilər.

Kənddə 1831-ci ildə 291 nəfər, 1873-cü ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1904-cü ildə 771 nəfər, 1914-cü ildə 1072 nəfər yalnız Azərbaycan türkü yaşayıb. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla ata-baba torpaqlarından deportasiya olunub. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdi. Burada 1922-ci ildə 662 nəfər, 1926-cı ildə 480 nəfər, 1931-ci ildə 590 nəfər, 1979-cu ildə 1700 nəfər Azərbaycan Türkü yaşayırdı. Ermənistan dövlətinin xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu Azərbaycan-türk kəndi olan Nüvədi kəndinin sakinləri 1991-ci il avqustun 8-də tarixi-etnik torpaqlarından deportasiya olunublar. İndi burada ermənilər yaşayır. «Nüvədi» toponimi «dağ ətəyində ovuq, çökək yer» mənasında işlənən nüyək, nüək, nüyəx — «iki tərəfi qaya olan sahə» mənasında işlənən «nüy» sözünə fars dilində «kənd mənasında işlənən «deh» sözünün variantı olan «di» sözünün qoşulması yolu ilə əmələ gəlib. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nonadzor qoyulub.

1918-20-ci illərdə ermənilərin başımıza gətirdikləri müsibətlər barədə hələ kifayət qədər bilgimiz, həmçinin bunu dünyaya bəyan etməyimiz yoxdur. Bu mənada indi «Ermənistan» adlandırılan əzəli türk məskənindən soydaşlarımızın ötən yüzilliyin əvvəllərindən başlayaraq dəfələrlə çıxarılması 80-ci illərin sonlarında tamamilə o yerlərin türksüzləşdirilməsi ilə başa çatdı. Erməni həmişə çoxdan yapışıb ki, aza əli yetsin. O, bizim zəif cəhətlərimizdən məharətlə bəhrələnib, çox hallarda istədiyinə yetib.

Bu yazımızda tarixi faciələrimizdən birini — ermənilərin Nüvədi kəndini necə türksüzləşdiriməsi tarixini nəzərdən keçirəcəyik. Əslən nüvədili olan tanınmış rəssam Fəxrəddin Əli danışır: «Nüvədi Ermənistanın tərkibində olduğuna görə vəziyyəti çox çətin idi. Tamam təklənmişdik. 4 il erməninin əhatəsində yaşamaq hədsiz çətin idi. Axırda o yerə çatmışdı, Ermənistan Ali Sovetində Nüvədi ilə bağlı ayrıca yığıncaq keçirilmişdi ki, necə ola bilər, içimizdə bir türk kəndi qalsın, çıxmaq istəməsin? Qərara alırlar ki, nəyin bahasına olur-olsun, Nüvədi boşaldılmalıdır. Ermənilər dağlarda postlar qurmuşdular, hər tərəfdən imkanlarımız tükənmişdi. Kəndə dəfələrlə hücum etmişdilər. Artıq 1993-cü ilin 8 avqustunda Nüvədi camaaatının köçməsi qaçılmaz oldu. Kənd əhalisi Zəngilan rayonunun ərazisinə köçmək məcburiyyətində qaldı. Əvvəllər ermənilər işığımızı kəsmişdilər, Zəngilandan ora işıq çəkildi. O zaman Zəngilan hələ işğal olunmamışdı. Bizim camaat bir müddət Zəngilan ərazisində çadırlarda yaşamağa məcbur oldu. Zəngilanlılar rayonu tərk etməyə məcbur olunda nüvədililər də oranı tərk etdilər. Hələ sonuncu köçdən qabaq nüvədililər qərara almışdılar ki, bir nəfər belə kəndi tərk etməsin. Ancaq sonra artıq yavaş-yavaş köç başlandı. Sona doğru 150 ailə azalıb 60-70-ə çatmışdı. Başımıza çox bəlalar gəldi. İndi nüvədililərin çoxu Bakıdadır, qalanları isə Gəncədə yaşayırlar».

F.Əli Nüvədidən çoxlu elm-mədəniyyət, incəsənət xadimlərinin çıxdığını bildirir: «Ötən əsrin 50-ci illərindən başlayaraq nüvədililər ali təhsil dalınca imperiyanın müxtəlif şəhərlərinə, o cümlədən Moskvaya getdilər. Bakıda təhsil alanlarımız da çox oldu. Hazırda Bakının müxtəlif ali məktəblərində bizim kənddən xeyli elm adamımız dərs deyir.

Tez-tez müxtəlif toy-yas tədbirlərində bir yerə yığışır, dərdimizi dağıtmağa çalışırıq. Ancaq dərd dərddir, çünki insan doğulduğu torpağı heç vaxt unuda bilmir».

Fəxrəddin Əli zaman-zaman ermənilərin törətdiyi vəhşilikləri tarixilik baxımından belə xarakterizə edir: «Kəndimizin ötən əsrin əvəllərində erməni hücumuna məruz qalması, didərgin düşməsi, yenidən öz doğma yurd-yuvasına qayıtması tam 2 il çəkib. 1918-ci ilin payızında erməni Hjdehin ordusu İrəvan tərəfdən gələrək Haxçıvan, Ordubad istiqamətinə yol aldı, ancaq bura girə bilmədilər. Onlar qisaslarını Əylis kəndindən aldılar, orada qırğınlar törətdilər. Ermənilər ardıcıl şəkildə erməni kəndlərindən canlı qüvvə toplayaraq sonda Nüvədi kəndinə gəlib çıxdılar. Həmin günü kəndə çox mütəşəkkil şəkildə, hər cür silah-sursatla təchiz olunmuş vəziyyətdə hücum edirlər. Camaat gözünün altına alıbmış ki, ermənilər hər an böyük qüvvə ilə hücum edə bilərlər, ona görə də zəruri şeyləri zamanında götürüb təhlükəsiz yerlərə çəkilmək lazımdır. Anam danışırdı ki, ocaq üçün çır-çırpı yığmağa gedəndə görür uzaqdan kəndə doğru üzü aşağı ermənilər səs-küy qopara-qopara gəlirlər. O, tez evə qaçır, balaca qardaşını götürərək kəndin cənubunda yerləşən evlərdən birinə sığınır. Ermənilər kəndi üzük qaşı kimi əhatəyə alır, atəşə tuturlar, ancaq kəndə girməyə ürək etmirlər. Yaşlılar danışırdılar ki, nizami hərbi dəstələr şəklində ermənilər orta hesabla 500 nəfər olardılar. Nüvədililər kəndin bir neçə yerində döyüş postları qurublarmış, düşmənə buradan cavab verirlərmiş. Bu zaman kəndin tanınmış kişilərindən olan İsrafil bəy görür ki, bir qız uşağı evlərindən çıxaraq o biri evə keçmək istəyərkən ermənilər tərəfindən tutulur. İsrafil bəy duyur ki, ermənilər qızın başına oyun gətirəcəklər, ona görə də onu güllə ilə vurur. Həmin döyüş zamanı bir neçə erməni öldürülür».

F.Əlinin aşağıda deyəcəklərinə hər birimiz diqqət kəsilməliyik. Ona görə ki, tarixən türklər arasında birlik olmaması, biri-birlərini sevməməsi Nüvədi fəlakəti zamanı da təsdiq olunub: «Axşam çağı xəbər çıxır, kəndimizin varlı adamları özlərinin şey-şüylərini yığışdırırlar ki, kəndi tərk etsinlər. Halbuki kasıb camaat kəndi tərk etmək fikrində deyildi. Atam danışırdı ki, həmin axşam Nüvədinin Balaca adlı bir mülkədarı özünü bütün sərvətini bir neçə qatıra yükləyir ki, kənddən çıxsın. Ermənilər camaata kəndin cənub tərəfindən çıxıb getməyə imkan yaradırlar. Camaat yazıq neynəsin, görəndə ki, kəndin imkanlı, sözü keçən adamları kəndi müdafiə etmək əvəzinə tərk edirlər, kasıblar da Nüvədidən çıxmağa məcbur olurlar. Anam o biri qardaşımı da sonradan bir müsibətlə tapır, indiki Zəngilan rayonuna gəlirlər. Ermənilər Nüvədiyə girirlər. Kəndi başdan-ayağa qarət edirlər. Kənddən qocalar, xəstələr çıxa bilmir, ermənilər onları qanlarına qəltan edirlər. 1918-ci ilin payızında Nüvədi bütünlüklə boşaldılır».

Nüvədi tam 2 il ermənilərin əlində qalır. O zaman türklərin Hüvədi istiqamətinə gəlmək imkanı olmur. Nuru Paşanın Bakı və Şamaxı istiqamətində uğurlu hərəkət etməsi ermənilərin qüvvələrini sarsıdır. Ancaq o, az sonra Türkiyəyə qayıtmalı olur: «Bizə qonşu kənddən olan bir erməni sonralar danışırmış ki, əgər nüvədililər kəndi tərk etməsəydilər, ermənilər kəndə hücum etməyəcəkdilər, çıxıb gedəcəkdilər. Kəndin başlanğıcda ermənilərə müqavimət göstərməsi düşməni sarsıtmışdı».

1920-ci iln axırlarında artıq camaat kəndə doğru qayıtmağa başlayır. Yollarda, didərginlik dövründə çoxlu soydaşlarımız həlak olur: «Didərginlik dövründə atamla anam ailə qururlar. Bir axşam anamın israrlı təkidi ilə atam şey-şüylərini yığıb Hüvədiyə doğru yol alır». Hüvədi ikinci dəfə erməni hücumuna 80-ci illərin sonlarında məruz qalır.

Konkret olaraq 1918-20-ci illərdə başımıza gətirilən fəlakətlərin rəssamlıqda ifadəsi məsələsinə gəlincə, F.Əli hələ rəssamlığın bu istiqamətdə demək olar, az gördüyü qənaətindədir. Rəssamın özü də 1918-20-ci illər mövzusunda əsər yaratmayıb, hər halda bundan sonra sözügedən yöndə əsər yaradacağına əminliyini bildirir: «Ümumiyyətlə, incəsənətin əksər sahələrində, xüsusən musiqidə, rəssamlıqda, ədəbiyyatda həm 1905, həm də 1918-20-ci illərdə başımıza gətirilən fəlakətlər istənilən səviyyədə ifadəsini tapmayıb. Ancaq ermənilər sovet dövründə bizdən fərqli olaraq özlərinə yalançı tarix quraşdırdılar, «əzabkeş» erməni xalqının başına gələn «faciələri» kitablaşdırıb, heykəlləşdiriblər. Ermənilər həmişə fürsətcil millət olublar. Onlar özlərinin şovinist istəklərini reallaşdırmaq üçün daim ən əhəmiyyətsiz görünən imkandan belə istifadə ediblər. Sovet dövründə onlar xalqımıza qarşı soyqırımı törətmiş generallarının bukletini çap etmişdilər. Biz təəssüf ki, başımıza gətirilən bu qədər faciələrdən sonra hələ də ayılmamışıq. Erməni ən balaca bir abidənin üzərində belə yazır ki, türklər bizi qırıblar, ancaq biz belə məsələlərə fikir vermirik, əslində başımıza gətirilənləri özümüzə və dünyaya hələ də istənilən səviyyədə çatdıra bilmirik. Bu sahədə güclü təbliğat getməlidir. Başımıza gətirilən faciələrlə bağlı hər bir kəndimizdə rəmzi abidələr olmalıdır ki, millətimiz baş verənlərdən daha ətraflı xəbərdar olsun».

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 31 avqust.- S.14.