Həmişə yad edilməyə layiq ziyalı

  Maarif Teymur: «Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı hələ tam öyrənilməyib»

 

Zərdabi Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri olub

Milli mətbuat tariximizdə ilk milli qəzet — «Əkinçi» qəzetinin yaradıcısı və naşiri, böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin vəfatından 105 il ötdü. Dövlət Ədəbiyyat və İncəsənət arxivinin direktoru, tanınmış tədqiqatçı, əməkdar mədəniyyət işçisi Maarif Teymur bildirir ki, Həsənbəy Zərdabinin arxivdə 653 saylı fondu yaradılıb: «Son vaxtlar arxivdə yaratdığımız fondların da içərisində Zərdabiyə aid araşdırmalar var. Zərdabinin həyatı və yaradıcılığı hələ tam dəqiqliyilə öyrənilməyib, yenə müəyyən anlaşılmazlıqlar var. Bu sahədə Heydər Hüseynov, Hazim Axundov, Fərhad Ağazadə, Əli Sultanlı, Mikayıl Rəfili, Ziyəddin Göyüşov, Mirzə İbrahimov, İzzət Rüstəmov, Vəli Məmmədov, Xeyrulla Məmmədov, Məmməd Məmmədov və başqaları tədqiqatlar aparıblar, məqalələr, əsərlər yazıblar. «Əkinçi» ilə bağlı soraqları hələ dünyaya istənilən səviyyədə çatdıra bilməmişik».

Həsən bəyin ilk milli qəzeti çıxararkən çəkdiyi əzab-əziyyətlərdən hər bir soydaşımızın xəbərdar olması gərəklidir. Xüsusilə ciddi xəlqi işlərin başlanğıcı çox çətin olur. H.Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın xatirələri diqqəti cəlb edir. Onun yazdığına görə, Həsənbəy Zərdabi 1837-ci il noyabrın 12-də keçmiş Göyçay qəzasının Zərdab kəndində doğulub. Həsən bəyin babası Rəhim bəy və atası Səlim bəy o vaxtın maarifpərvər adamları olublar. İlk müəllimi atası Səlim bəy olub. Həsən bəy məscid məktəbinə həvəssiz gedib. 1852-ci ildə atası onu Şamaxıya apararaq şəhər məktəbində oxudub. Yaxşı oxuyan gənc Həsəni Tiflis gimnaziyasına göndərirlər. Bundan sonra o, təhsilini dövlət hesabına Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirir. Moskvada tarixçi Solovyovun ailəsi ilə yaxından tanış olan Həsən bəy onun qızına aşiq olur, ancaq az sonra istəyindən imtina edir. Fikirləşir ki, bununla o, geridə qalmış xalqına istədiyi səviyyədə xidmət edə bilməyəcək. Hənifə xanım yazır ki, Həsən bəy bütün ömrünü xalqın yolunda şam kimi əritdi: «Bir nəfər də ona əl tutan, kömək edən ziyalı yox idi. Xalq inamsızlıqla yanaşaraq onu «şapkalı rus» hesab edirdi». 1868-ci ildə onun həyatına sui-qəsd edilir. Gecə kabinetində işləyərkən naməlum adam ona güllə atır. Ancaq təsadüfdən güllə dəymir, başının üstündən keçib divara dəyir: «O, heç vaxt öz şəxsi həyatı haqqında düşünmürdü». 1873-cü ildə Həsən bəy ilk dəfə Bakıda Axundovun «Hacı Qara» əsərini şagirdlərilə birlikdə tamaşalaşdırır. Ancaq mövhumatçılar bundan coşur, onu və şagirdlərini döymək istəyirlər. Onun həyatında «Əkinçi» qəzetinin nəşri xüsusi yer tutr. O, Azərbaycan türkcəsində bir qəzet çıxarmağı planlaşdırdı. Düz 7 il icazə almaqdan ötrü ardıcıl cəhdlər edir. O, qəzeti böyük bir çətinliklə çıxarır. Belə ki, qəzet çıxmamışdan əvvəl çox həyəcanlı imiş. Bu kiçik həcmli qəzet texniki cəhətdən də qənaətbəxş çıxanda Həsən bəy çox sevinir. Əlində qəzet yenə də sevincdən həyəcanlı halda evə gəlir. Həmin günü ömrünün ən xoşbəxt çağı hesab edir. Çox keçmir ki, qəzetin fəaliyyəti çarizmin xoşuna gəlmir, onuyolla olur-olsun, qapatmağa çalışır. 1877-ci ildə qəzet qapanır. 1880-ci ildə o, ailəsilə bərabər Zərdab kəndinə köçür, burada əhalinin maariflənməsi üçün çalışır. Həyat yoldaşı Hənifə xanım kəndli uşaqlarına dərs verir. 1896-cı ildə Zərdabi Bakıya gəlir. O, Bakını soydaşlarımızın maariflənməsi üçün mərkəz kimi təsəvvür edirdi. Şəhər idarəsində məktəb komissiyasının üzvü kimi ciddi fəaliyyət göstərirdi, ibtidai şəhər məktəblərinin hamısı Həsən bəyin köməkliyilə açılmışdı. Bu dövrdə o, habelə mətbuatla da əməkdaşlıq edirdi. 1905-1907-ci illər arasında Həsən bəy əmək qabiliyyətini tədricən itirməyə başlayır. Böyük maarifpərvər 1907-ci il noyabrın 28-də vəfat edir. Vəfatının səbəbi iflic olub. Midhət bəy, Səffət bəy, Pəri xanım (Ə.Topçubaşovun həyat yoldaşı), Qəribsoltan xanım adlı uşaqları olub. Köhnə Bibioeybət məscidinin yaxınlığında dəfn olunub. 1937-ci ildə həmin ərazi dağıdılıb. Mərhumun sümükləri bir neçə il evdə ailəsinin yanında qalıb. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən sümükləri Fəxri Xiyabanda dəfn olunub.

Zərdabi Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olub. Həsən bəy Zərdabi həmişə yad edilməyə layiq olan aydınımızdır. «Əkinçi» qəzetinin nəşrə başlaması, 2 il ayaqda qalması doğrudan da hünərdir; nə yaxşı ki, o dövrün əhvalı, Zərdabinin bu qəzetin nəşri zamanı çəkdiyi əzab-əziyyətlər özünün, həyat yoldaşı Hənifə xanımın və məsləkdaşlarının xatirələrində bugünümüzə kimi gəlib çatıb. Onun «Əkinçi»nin ilk sayında yazdıqları düşündürücüdür. Buradan aydın görünən budur ki, Zərdabi onu qarşıda hansı çətinliklərin gözlədiyini tam təsəvvür edirdi, bütün təhlükələri gözünün altına almışdı: «Bu məzmunda qəzeti müsəlmanlar (türklər-red.) üçün vacib bilib, zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlayanpişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə səy etsinlər ki, onu oxuyan çox olsunOl kəslər ki, həmişə bizə etibar edib sözlərimizə əməl ediblər, zəmanə dəyişdiyinə görə günü-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getməyinə mane olmaq, yəni onları keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, yolu onlar bizsiz də gedəcəklər». Zərdabi millətin maariflənməsini zəruri saydığı dərəcədə bunu gerçəkləşdirməyin əsas yolunu qəzet nəşr etməkdə görürdü. Onun «Həyat» qəzetinin 1905-ci il 28 dekabr tarixli sayında yazdığı «Rusiyada əvvəlinci türk qəzeti» adlı məqaləsində keçib gəldiyi əzablı yolun qısa, mənalı xronikası təqdim olunur: «Hər kəs öz qara sandığının üstə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir. Ancaq ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəməyir. Belədə qəzet çıxarmaqdan savayı bir əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın». Xatiratından görünür ki, Həsən bəy yaşadığı dövrün gedişatını diqqətlə öyrənib, təhlil edib. Rusiyada türk dilində hələ o vaxta kimi qəzet çıxmamışdı. Zərdabi istəyinin böyük maneələrə tuş gələcəyini əvvvəlcədən götür-qoy etdiyindən ayıq tərpənir, qubernatorla əlaqələr yaradır: «Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını «Əkinçi» qoyum, guya məhz əkin və ziraətdən danışacaq və özüboynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ilə ərizə verib izn aldım».

Firidun bəy Köçərli Zərdabinin Azərbaycan mətbuat tarixində özünəməxsus yerinə qiymətləndirərək yazırdı: «Qayğısız və heç şeyin fikrini çəkməyən, «xoş keçmişin» ənənələri əsasında tərbiyə alan, hər cür yeniliyə qarşı fanatik münasibət bəsləyən Zaqafqaziyada yaşayan azərbaycanlıların o zamankı geri vəziyyətini nəzərə alaraq «Əkinçi»nin böyük müvəffəqiyyət qazanacağını gözləmək olmazdı. Həqiqətən qəzet ilk nömrələrindən soyuq və qeyri-səmimi qarşılandı.

Cəmiyətin bəzi təbəqələri isə qəzetə güclü düşmən münasibəti göstərdi».

 

Uğur

Xalq Cəbhəsi.- 2012.- 4 dekabr.- S.14.