Ədəbiyyat və repressiya
30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, heç şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır. Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdi. Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü. Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar — İ.V.Stalin və L.Beriyanın repressiya «sunamisi» bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə mütəfəkkiri, alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltaraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu.
Əlbəttə, burada bizim məqsədimiz repressiyaya məruz qalan şəxsiyyətlərimiz haqqında tarixi araşdırmalar aparmaqdan ibarət deyil. Bu barədə son otuz ildə yetərincə tədqiqatlar aparılıb, kitablar nəşr olunub, bədii və sənədli filmlər çəkilib, bundan sonra da yəqin ki, bunlar davam etdiriləcək. Xüsusilə, 80-ci illərin sonları — 90-cı illərin əvvəllərində yuxarıda adını sadaladığım və çəkmədiyim müəlliflərin repressiya olunmasına dair arxiv sənədləri üzə çıxarılmış, məhvedilmə səbəblərinə aydınlıq gətirilməyə çalışılmışdır. Ancaq repressiya hadisəsinə yanaşmanın metodologiyası işlənib hazırlanmadığından hələ də sovet repressiya maşınının törətdiyi cinayətlərin müəllifi, səbəbləri qeyri-müəyyən qalır.
Maraqlıdır ki, repressiyadan keçən zaman müddəti uzaqlaşdıqca onun ətrafında çəkilən qeyri-müəyyənlik, anlaşılmazlıq haləsi bir qədər də böyüyür. Halbuki, keçən hər zaman onun başvermə mexanizmini, səbəblərini və bu siyasi aksiyanın müəlliflərini daha aydın şəkildə ortaya qoymalı idi. Fikrimizi çağdaş mətbuat səhifələrində repressiyaya aid öz əksini tapan qeyri-dəqiq mülahizələr, fakta söykənməyən fikirlər də sübut edir. Bu mülahizələr cəmiyyətdə istər dövrün, istərsə də repressiyanın anatomiyasını bütün təfərrüatı ilə açmadığı kimi, doğru-düzgün informasiya mənbəyi də olmur. Söhbət repressiya dövrü maraqlılarının, bəzən isə hətta tədqiqatçıların çox zaman həmin dövrün qəzet və arxiv materiallarından gətirdiyi sitatların, mənbələrin doğru olub-olmadığından getmir, həmin faktları, çıxışları, məqalələri düzgün metodoloji yanaşma ilə dəyərləndirməməkdən gedir.
Maraqlıdır ki, bütün tənqidlərə baxmayaraq ədəbi cameənin Cavidə şəxsi münasibəti həmişə yaxşı olub, ona böyük hörmətlə yanaşılıb. Y.V.Çəmənzəminli «Studentlər» romanını «kontrevolyunsion» mahiyyətli əsər hesab edənlərə özünümüdafiə məqsədilə deyirdi: «İndi bu gün Oktyabr inqilabının XX illiyinə aid iki əsər hazırlayıram. Birisi Vaqif dövrünə aid 15 peçatlıq list romandır. İkincisi, Mingəçevir məsələsi barəsində ən aktual məsələdir. Mən zənn edirəm ki, aktual sahədə nə qədər əsər yazmışam, hamıdan yaxşı olacaqdır».
Ümumiyyətlə, Yazıçılar İttifaqında «düşmən axtarmaq» (həm də tapırdılar!), «agent», «pantürkist» tapmaq, «müsavatçı» aşkara çıxarmaq tendensiyası bir müddət davam etmişdir. Repressiya olunan şair və yazıçıların istintaq sənədlərini araşdırarkən sağ qalan yaradıcıların bəzilərinin adının bu sənədlərdən keçdiyini görmək olur. Onların da təşkilatın üzvü olduqları iddia edilir. Lakin hansısa səbəblərə görə onlar repressiyadan yaxa qurtara bilmişlər. Ancaq repressiyadan yaxa qurtarmalarını onlara qarşı ittiham aktına çevirmək nə dərəcədə doğrudur? Ü.Hacıbəyovu sağ qaldığına görə necə günahlandırmaq olar? Halbuki, onun sağ qalmasını möcüzə hesab etmək olar: keçmiş cümhuriyyətçi, AXC-nin rəsmi qəzeti «Azərbaycan»ın bir müddət baş redaktoru bu günə qədər yeni quruluşu qəbul etməsi haqqında bəyanat da verməmişdi (mənim bildiyim qədər!). Qardaşı Ceyhun bəy Hacıbəylinin mühacirətdən Sovetləri tənqid edən yazıları, yenidən Azərbaycanın öz müstəqilliyinə qovuşacağı barədə bəyanatları mərkəzi və yerli hakimiyyətin nəzərlərini Ü.Hacıbəyova yönəltməmiş deyildi!..
Belə bir mülahizəni də tamamilə doğru hesab etmək olmaz ki, Oktyabra, Leninə, Stalinə əsərlər həsr edən sənətkarlar repressiyadan yaxa qurtara bilmişlər, dövrü, zamanı tənqid edənlər isə repressiyaya uğramışlar. Onlarla misallar göstərmək olar ki, yeni cəmiyyəti öz əsərlərində təqdir edənlər repressiya qasırğasının qurbanı olmuşlar. Böyükağa Talıblı, Tağı Şahbazi Simürğ, Hacıbaba Nəzərli və başqalarının yaradıcılığında hansı antisovet meyldən danışmaq olar? «Molla Nəsrəddin»i «Allahsız» edən və onun redaktoru olan Vəli Xuluflu hansı millətçiliyinə görə repressiya olunub? Üstəlik, onlar Kommunist Partiyasının üzvü idilər və cani-dildən bu sistemə xidmət etmişdilər. M.Müşfiqin onlarla poetik şeirlərində və poemalarında dövrün və sistemin hadisələri təqdir olunurdu. Ə.Cavad kimi cümhuriyyətçi şair sovet dövründə zamanın diqtəsindən kənar bir əsər belə yazmadı («Göygöl» şeirini və bəzi sətiraltı mənaları çıxmaq şərtilə), əksinə, «Moskva», «Oktyabr», «Pambıq dastanı» və başqa dövrü təqdir edən şeirlər yazsa da, repressiyadan yaxa qurtara bilmədi. Bununla Ə.Cavad yaradıcılığına qətiyyən xələl gətirmək fikrimiz yoxdur. Maraqlıdır ki, müasirləri Ə.Cavadı onu tənqid hədəfi edərkən «Göy göl»dən başqa bir şeirinin belə adını çəkmirlər, yalnız Cümhuriyyət dövrü yaradıcılığını təftiş edirdilər. Ə.Cavad özü bir çıxışında qeyd edir ki, mən «Oktyabr» şeirini yazıram, ancaq mənə redaksiyada «bunun səmimi olmadığını» irad tuturlar. Bəlkə Hacı Kərim Sanılının poeziyasında hansısa antisovet meyllər olmuşdur? Yaxud yeni dövrü və siyasəti yaradıcılığında ən çox tərənnüm edənlərdən biri M.Müşfiqin repressiyasını onun əsərləri, yaxud olmayan siyasi fəaliyyəti ilə necə əlaqələndirmək olar? Bu fikirlərlə mən onların yaradıcılığının mahiyyətinə zərrə qədər də xələl gətirmirəm. Bu, ayrı bir söhbətin mövzusudur.
Bütün bunlar 30-cu illər repressiyasının dövlət səviyyəsində keçirilən analoqu olmayan son dərəcə mürəkkəb siyasi aksiya olduğunu deməyə əsas verir. Burada hər hansı bir şəxsin «əl izlərini» axtarmaq rejimi, sosialist sistemini təmizə çıxarmaq deməkdir. Mətbuatda gedən şeirlərin, yaxud məqalələrin onların repressiyası üçün hər hansı bir əsas olduğunu da birmənalı şəkildə söyləmək doğru yanaşma olmazdı. Araşdırmalar göstərir ki, bu məqalə və şeirlər onların həbsindən sonra yazılmışdı. Lakin həbsdən çox əvvəl yazılmış məqalə və şeirlərin də zaman-zaman ittiham aktına çevrildiyinin şahidi olmuşuq. Yeri gəlmişkən, bir çox tədqiqatçılar repressiya olunmuşlar haqqında araşdırmalar apararkən bu məqalələrə istinad etmək və onu sonrakı istintaq materialları ilə əlaqələndirmək tendensiyasına daha çox üstünlük verirlər. Məsələn, H.Cavidin repressiyasının izlərini sənətkar yoldaşlarında axtarır və bu zaman S.Vurğunun —
Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan
Bəs mənim ölkəmin varlığı hanı
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan.
- sətirlərinə diqqəti yönəldirlər.
Lakin unudurlar ki, bu sətirlər
repressiyadan bir neçə il
əvvəl yazılmış
və sırf yaradıcılıq baxışlarını
sənət və sənətkar, sənətkar
və mövzu kateqoriyalarını özündə
ehtiva edir. Hətta bu misraların özündə belə gənc Vurğunun Cavidə olan sonsuz sayğısını
görməmək olmur
(«Böyük bir şairin»).
Doğrudur, bu yazılarda bəzi sərt ifadələr var, ancaq bunun o dövrün
leksikonunda adi hal hesab olunduğunu
da yaddan çıxarmaq olmaz. Aydındır ki, H.Cavidi ədəbi
tənqid çox zaman böyük bir sənətkar olaraq dəyərləndirmiş,
lakin yeri gəldikcə tənqid etməkdən də çəkinməmişlər. Belə tənqidi məqalələrdən
birini sonralar repressiya olunmuş tənqidçi H.Zeynallı
1923-cü ildə yazmışdır.
H.Cavidin
«Peyğəmbər» dramına
həsr olunmuş bu məqalə həm həcminə, həm də Cavid yaradıcılığını
zamanında obyektiv dəyərləndirməsinə görə özünə
qədər və sonra yazılan ən yaxşı məqalələrdən biri
hesab olunmalıdır.
Bu araşdırmaya səhv
yanaşma nəticəsində
şairin həbsindən
on dörd il
əvvəl yazılmış
bir məqalənin tənqidi yerlərindən
sitatlar gətirib (kontekstdən çıxararaq!)
onu repressiya ilə əlaqələndirmək
(?!) heç bir məntiqə sığmır.
Yaxud, H.Cavid haqqında ən kəskin tənqidlərdən birinin
zamanını və müəllifini gizli saxlayıb onu ədəbi cameəyə
təqdim etsək, o, birmənalı şəkildə
qınaq obyekti olacaq, bu çıxışın
müəllifi onun repressiyasında günahlandırılacaq.
Halbuki bu çıxış repressiyadan
üç il
əvvəl Azərbaycan
Yazıçılar İttifaqının
1-ci qurultayında (1934) C.Cabbarlı
tərəfindən edilmişdi.
Əgər biz istintaq sənədlərinin
doğruluğuna inanmalı
olsaq, repressiya olunanların işində
onun ifadəsi zamanı alınan adlardan ibarət siyahıları necə başa düşək? Doğrudanmı onlar (həbs olunanlar!) öz sənətkar yoldaşlarının
adlarını çəkmişlər?
Həbs olunanların demək olar ki, əksəriyyəti
ifadələrində müstəntiqə
uzun bir siyahı verirlər.
Bunu kiminsə ələ verilməsi kimi başa düşmək olarmı? Əliabbas Müznibin istintaqı
zamanı «pantürkist
təşkilatın üzvü»
kimi qardaşı Əmin Abidin adını çəkməsini
onu satması kimi qiymətləndirmək
olarmı? Hələ gənc
yaşlarından Sibir
sürgününün acısını
dadmış bu millətçi şairin ahıl yaşında öz qardaşını ələ verməsini necə düşünmək
olar? Halbuki bunlar istintaq
sənədlərində öz
əksini tapmışdır.
Fikrimizcə, bütün bunlara
istintaq materialları kimi baxmaq və
onlara hüquqi qiymət vermək ədəbi materiallara metodoloji cəhətdən
düzgün yanaşmamağın
nəticəsidir. Bu cür faktlar çoxdur, biz yalnız onlardan bəzilərinə
toxunduq. Həqiqətdə isə repressiyanın anatomiyası çox mürəkkəbdir və
onu bir-iki faktla məhdudlaşdırmaq
və dərhal nəticələr çıxarmaq
düzgün olmazdı.
30-cu illərin analoqu olmayan repressiya kabusu təkcə istedadlı, vətənpərvər
adamları tragik şəkildə həyatdan,
sevdiyi sənətindən
ayırmadı (bu maddi, statistiklərin hesablayacağı itkidir),
həm də onminlərlə oxuma və yazma savadı
olmayan adamları belə ağuşuna alaraq xalqın şüurunu dəyişdi,
onu tərəqqidən
saxladı, mənəviyyata,
tarixi-etnik düşüncəyə
ağır zərbə
vurdu (bunu isə artıq statistiklər heç cür hesablaya bilməz!). Neçə-neçə bədii düşüncə,
mənəvi-əxlaqi dəyərlər
məhv oldu, nəticədə ən böyük ziyanı xalq çəkdi. O xalq ki, onun
adı ilə bu təmizlənmə «alqışlandı», «satqınların»,
«xalq düşmənləri»nin mühakiməsi «tələb edildi». Bunu isə hər hansı bir fərdin kimisə satmasının, yaxud danos yazmasının üzərinə qoymaq olmaz. Bu, bütövlükdə
sistemin, hakimiyyətin
(hətta bir çox məqamlarda hakimiyyət təmsilçilərinin
özü belə repressiyaya məruz qalırdı), avtoritar rejimin adına
yazmaq lazım gəlir. Mətbuatda, arxiv sənədlərində
qalmış (hələ
nə qədər bizə gəlib çatmayan sənədlər
də olmuşdur) məqalələrə, fikirlərə
isə metodoloji cəhətdən düzgün
yanaşmaq ən doğru yoldur.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 5 dekabr.- S.13.