Kamil insan obrazı

 

Nəsimi obrazı haqqında Həsən Seyidbəylidən soruşanda çox böyük inamla cavab verərdi: «Çılğın, istiqanlı, üsyankar şair obrazını yaratmaq, belə bir şəxsiyyətin bütün təzadlı, gərgin ömrünü yaşamaq gənc aktyor Rasim Balayev üçün çox çətindir. Aktyordan böyük həyat, ekran və səhnə təcrübəsi tələb olunur. Rasim həm zahiri görkəmi, həm də emosionallığı ilə istənilən tələbə uyğun gəlir. Onun üzündə nə isə qəribə bir qədimlik var. Bir növ, orta əsr adamlarını xatırladır. Üzünün cizgiləri son dərəcə ifadəlidir, gözləri mənalıdır».

«Nəsimi qəzəllərini oxuyanda bizi də, tamaşaçıları da sarsıda bildi. Kadrdan kadra Nəsimiləşdi. Onun bütün varlığından Nəsimi ehtirası, Nəsimi şeiriyyatı, Nəsimi dəyanəti sızmağa başladı» deyən Həsən Seyidbəyli bildirirdi ki, «Buna görə də həm ümumittifaq kino festivalında, həm də Daşkənddə keçirilən beynəlxalq festivalda Rasim Balayevin aktyorluq sənəti və məharəti çox yüksək qiymət aldı. «Pravda» qəzetində Rasim Balayev beynəlxalq kino festivalının kəşfi kimi qeyd olundu». Əslində bu kəşf Həsən Seyidbəyliyə aid idi. O, fikir tariximizidə XIV əsrdə kəşf olunmuş şair Nəsiminin üstündən 600 il keçdikdən sonra sənətdə surətini kəşf etmişdi……

Rasim Balayevin Nəsimi obrazı onun gənc bir aktyor kimi ilk işi, sənət dünyasına aldığı ilk vəsiqə idi. Bəlkə də bu obrazla Rasim öz yaradıcılıq xəzinəsi ilə, öz çoxcəhətli istedadının boyaları ilə tanış oldu. Rasim özünü bir istedad, bir yaradıcı, yaxşı imkanları olan bir aktyor kimi kəşf etdiözü öz gücünə inandı. Bu inam Nəsimi obrazını yaratmaq üçün gənc və böyük sənətdə heç bir təcrübəsi olmayan Rasim Balayevə çox lazım idi. Özünə inam onda Nəsimi kimi qüdrətli bir filosofun haqq yolunda apardığı ideoloji bir mübarizəni, bu mübarizənin mahiyyətini dərk edib, onu öz aktyor təbiətindəki ifaçılıq qabiliyyətinin vəhdətində əyaniləşdirməyinə imkan yaradırdı. Kamil insan haqqında çəkilmiş bu bədii filmdə bütün əsas ağırlıq Nəsimi obrazının ifasına bağlı idi

70-80-cı illərdə tarixi mövzuda əsər yaratmaq müəllifdən xalq qarşısında daha çox məsuliyyət hissi daşımasına səbəb olur. İsa Hüseynovun Nəsimi və Nizami haqqında yazdığı ssenarilərini və digər tarixi faktlara əsaslanan kinossenarilər əsasında çəkilən filmlərin rejissorlarından daha çox diqqətli olmaq, tarixi faktları ciddi şəkildə araşdırmaq kimi vəzifələr dayanırdı. Tarixin səhifələrini bu günün problemləri müstəvisindən vərəqləmək, reallıqların fonunda ona münasibət bildirmək kino sənətində də sözügedən illərdə əsas sənət prinsipindən biri idi.

1973-cü ildə yazıçı İsa Hüseynovun «Nəsimi»yə müraciət etməsinin səbəbi nə idi? Nəsimi Azərbaycan xalqının düşüncəsində şair, filosof kimi yaşadığı halda, onun tarixi bir şəxsiyyət, bir dini-əqidə məfkurəsi etibarı ilə apardığı ideoloji mübarizə əzmini xüsusi olaraq bədiiləşdirib diqqətə çəkmək fikri hansı prinsiplərə xidmət edirdi? Xalq yazıçısi İsa Hüseynov özünün «İdeal» romanında tarixi qeyri-müəyyənlik prizmasından təhlil edərək, simvolik atmacalarla keçmişlə bu günün müqayisəsinə nail olsa da, birdən-birə Şərqdə ən qüdrətli tarixi-fəlsəfi hərəkat olan Hürufiliyi, Nəsimi dövrünü yada salıb, onu bu günün dünya görüşünün kontekstində ekranlarında görmək istəməsi də böyük maraq doğururdu. Burada ssenarist «zaman və məkanla» istədiyi şəkildə rəftar edərək, xüsusi bir tarixi epoxanın çox dolğun və canlı təsvirini yaratmağa müvəffəq olmuşdur. Ssenarinin yaranma prosesini şərh edən görkəmli alim Gülrux Əlibəyovanın fikirlərinə diqqət yetirək: «Nəsiminin idealları dövrümüzün idealları ilə səsləşir. Nəsimi filosof-mütəfəkkirdir, lakin xalq, din, aləm, zaman anlayışları onun üçün mücərrəd məhfum olmamış, onların mənasını böyük şair həyatın gücü ilə sınamışdır».

Həqiqət cümlə aləmdir. Aləm zərrələrdən ibarətdir. Hər bir zərrənin öz bətnində xəlq etmək qüdrəti var. Amma hər xəlq edə bilənə Allah demək olmaz. Çünki Allah kamillik deməkdir. Kamillik isə insana xas olan şeydir. Kamil insan problemini 600 il bundan əvvəl ortaya qoyan Nəsiminin fəlsəfəsini bu gün ekranda əyaniləşdirmək, gəncliyi bu dərin fəlsəfi dünyagörüşün işığına cəlb etmək, Şərq renessansının dahi nümayəndəsi, Azərbaycan fəlsəfi poeziyasının banisi İmadəddin Nəsiminin tarixə dönmüş həyatına bu günün tamaşaçı marağı ilə baxmaq həm ssenaristdən, həm də rejissordan xüsusi məharət tələb edirdi. Yazıçı İsa Hüseynovrejissor Həsən Seyidbəylinin əlində Nəsiminin həyat və yaradıcılığı haqqında dəqiq və geniş mənbələr, faktlar yox dərəcəsində idi. Rejissorssenaristin əsas materialı şairin çoxcəhətli, dərin mənalı, polifonik poeziyası olmuşdur. Bu, bir tərəfdən müəlliflərə müəyyən dərəcədə çətinlik yaratsa da, digər tərəflərdən hər ikisinin yaradıcılıq təxəyyüllərinə geniş imkanlar yaratmışdır. Müəlliflər naturalizimdən və sxematizimdən uzaqlaşıb, yüksək mənada bədii şərtiliklərlə zəngin, realist əsər meydana çıxarmışlar.

 

 

 Oktay

Xalq Cəbhəsi.- 2012.- 7 dekabr.- S.13.