Aşıq Pənah
yaradıcılığı
Müasir Azərbaycanın tarixi, məişəti və digər cəhətlərini özündə əks etdirən sənət baxımından aşıq yaradıcılığı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan aşıq sənətinin istiqamətləri haqqında qeyd edərkən onun bir neçə bölgə üzrə inkişafını əsas götürmək daha məqsədəuyğundur. Muğan bölgəsində Salyan özünəməxsus bir bölgə olub öz sənət adamları ilə tanınmışdır. Salyan aşıq məktəbinin görkəmli nümayəndəsi olan Aşıq Pənahın yaradıcılığı xüsusi ilə fərqlənir. Aşıq yaradıcılığının mühüm cizgilərindən biri olan janr prinsipi onun yaradıcılığında daha geniş əhatə olunur.
Aşıq Pənahın yaradıcılığında gəraylılar və qoşmalar əsas yer tutur. Onun gəraylı və qoşmaları özündə vətənpərvərlik, əməksevərlik, təbiətə, yurda bağlılıq, yüksək insani keyfiyyətlər, şair-aşığa layiq olan mühüm keyfiyyətlər ifadə olunur. Onun gəraylılarından «Dilbər», «İnciyər», «Vurulmuşam», «Bizim qızlar», «Ana Kürüm», qoşmalarından isə «Desin», «Uşaqlar», «De danış», «Aşiqin», «Bu yanda dur», «Gördüm» və s. adlarını çəkmək olar. Onun «Dilbər» gəraylısında məhəbbət hissləri, aşiqin öz yarından imdad istəməsi və təbiət təsviri mühüm yer tutur. «Ana Kürüm» gəraylısında isə Kür çayının gözəlliyi əks olunur. Aşıq Pənah bu çayın vurğunudur. Onu öz anası ilə eyni tutub «Ana Kürüm» deyə adlandırır. Bu çayın Abşerondan keçdiyini, Bakıya gəlib çatdığını əks etdirir. «Bu yanda dur» qoşmasında müəllif uzaqda duran yarını bu yana səsləməsi, yarının çatma qaşlarından, baxışlarının, gülüşlərinin tərənnümü, nazını az etməsini xahişi, saç və tellərinin saz simləri ilə müqayisəsi, sevgilisinə heç kəsin tay ola bilməməsi haqqında danışır. «Gördüm» qoşmasında isə əsasən vətənin tərənnümü verilir. Qəhrəman oğul, qızların əməksevərliyi, Naxçıvan, Qarabağ, Mil, Muğan ümumiyyətlə Azərbaycana heç yerdə tay görməməsini, onu cənnətə bənzətməsi, vətən torpağının üstündə onun tarixinin olması, Koroğlu ilə müqayisəsi əks olunur.
Aşıq Pənah yaradıcılığında əsasən 4 və 5 bəndlik gəraylı və qoşmalardan istifadə edilmişdir. Aşıq əsasən həmqafiyəli misralara fikir verərək heca vəznində yazmışdır. Aşıq Pənahın gəraylı və qoşmalarında təkrar olunan misralara da rast gəlinir. Bəzən bu misralar bənd şəklində üzə çıxır. Bu gəraylı və qoşmaların ifası zamanı təkrar olunan sözlərə üstünlük verilir. Bu xüsusiyyətlər Aşıq Pənah yaradıcılığının özəyini təşkil edir və onu digər bölgə aşıqlarının yaradıcılığından fərqləndirir.
Aşıq Pənahın gəraylı və qoşmaları melodik cəhətdən də xüsusi əhəmiyyətə malikdir. Çox zaman gəraylı və qoşmalar arasında Aşıq Pənah lad üstü improvizasiyalar edərkən gəraylı və qoşma qayda-qanunundan kənara çıxır. O, bu gəraylı və qoşmalara səs və söz gülləri əlavə edir. Əsasən bu güllərə çox zaman improvizasiya şəklində rast gəlinir. Burada melodik prinsiplər Rast, Şur, Segah ladlarına əsaslanır. Səciyyəvi xüsusiyyətlər qohum havalar, eyni məqamlı bir havanın ağır, orta, iti sürətlə ifa olunması və bu zaman variantlılığın meydana çıxması ilə əks olunur. Aşıq Pənah yaradıcılığı həm ədəbi, həm də melodik-ritmik qanunauyğunluqlara tabe olma cəhətdən də çox maraqlıdır. Onun yaradıcılığında həm instrumental söz ifaçılığı, həm də vokal ifaçılıq prinsipləri ilə vəhdət təşkil edir.
Salyan bölgə aşıqlarının, xüsusi ilə də Aşıq Pənah yaradıcılığının üslub xüsusiyyətlərində həm qədim saz çalğı üslubu, həm də müasir saz çalğı üslubu birləşir. Bundan əlavə çətin, mürəkkəb improvizasiyalı peşəkar ifa üslubu mühüm yer tutur. Daha bir cəhət isə müşayiətli saz ifasının üstünlük təşkil etməsidir.
İ.İmamverdiyev müşayiətli saz ifa üslubunu Şirvan aşıq məktəbinə aid etmişdir. Müşayiətli saz ifaçılığında balaban aparıcı bir alət kimi, saz isə müşayiətçi alət kimi solist çıxış edir. Qoşma və gəraylıların bəndləri sırasında misraların təkrarına da rast gəlinir. Bu misraların təkrarlığı 2 və ya 3 dəfə ola bilər. Burada lad-məqamlardan asılı olan melodiyaların variantlılığı mühüm əhəmiyyət kəsb edir. Əsas iki cəhətdə biz Salyan aşıq məktəbini görə bilərik. Biri fərdi üslub xüsusiyyətləri ilə bağlı variantlılıq, digəri isə instrumental və vokal-instrumental ifada olan variantlıqdır.
Aşıq Pənah yaradıcılığına nəzər saldıqda onun ifaçılıq prinsiplərinə riayət etməsinin şahidi oluruq. O, özünün yaratdığı gəraylı və qoşmalarda şeiriyyatın ritminə uyğun aşıq melodiyaları bəstələyir. Lakin ifa zamanı instrumental saz ifaçılığına xas melizmlərdən, forşlaqlardan, qlissandolardan istifadə edir. Bu sadalanan ştrixlər Aşıq Pənaha çox vaxt ifa zamanı badəhətən gəlir. Onun «Dilbər» gəraylısında III bənd misraları muğamvari oxunuşla aşıq Pənah tərəfindən oxunur. Gəraylı 2/4 ölçüdə segah ladında ifa olunur. Ümumiyyətlə aşığın özü tərəfindən yaradılan gəraylı və qoşmalarının melodiyalarında əvvəldə instrumental giriş kiçik bir muğam parçası ifa edir. Bu ifa balabanla həyata keçirilir. Orta hissədə isə muğam parçasının ifa olunması vokal ifa üslubu ilə əvəz olunur. Ümumiyyətlə, bu cür variantlılıq yaradıcı aşığın öz fərdi üslub keyfiyyəti kimi üzə çıxır. Aşıq musiqisinə xas söz gülləri «ay can», səs güllərindən isə «ay hey» variantlarına rast gəlinir. Bütün bu deyilənlər «Dilbər» gəraylısı melodiyasında öz əksini tapır. Ən çox unison səslənmələr saz, balaban, qoşa nağaranın ifasında özünü büruzə verir. Bu cür ansambl, səslənmə onun bütün havalarında özünü göstərir.
Oktay Hacımusalı
Xalq Cəbhəsi.- 2012.- 7 dekabr.- S.14.