Orta əsrlər Bakı keramikası

 

Feodal cəmiyyətinin daxili quruluşunun öyrənilməsində maddi abidələr, xüsusilə də keramika abidələri əsas vasitələrdən biridir. Etibarlı mənbələr isə Bakı keramikası haqqında müxtəlif vaxtlarda yazılmış elmi hesabatlar, məqalələr, disertasiyalar, monoqrafiyalardır. Son illərdə Azərbaycanın orta əsr şəhərlərində aparılan arxeoloji axtarışlar nəticəsində keramikaya aid olan müxtəlif səpkili tədqiqatlar meydana çıxıb. Qeyd olunmalıdır ki, bütün bu işlər buya digər mənada elə Bakı keramika nümunələrindən söz açır. Orta əsr səyyahları Azərbaycanın mərkəzi, ticarət və sənətkarlıq şəhəri olan Bakı haqqında məlumat vermişlər.

1647-ci ildə məşhur türk səyyahı Övliya Çələbi ibn-dərviş Məhmət Zilli 10 cildlik «Səyahətnamə»sində Azərbaycanın şəhərləri haqqında yazarkən, Təbriz, Şamaxı, Naxçıvan, Gəncə və Ərdəbillə yanaşı, Bakını XVII əsrin əsas ticarət və sənətkarlıq mərkəzi kimi xarakterizə edir. Daha sonra o, əlavə edir: «Bakı Şamaxının liman körpüsüdür. Çindən və Xotandan, Farqurya Zenan şəhərlərindən, Moskvadan karvan vasitəsilə mallar gətirilir, bulqar ölkələrindən isə dəri». Ö.Çələbi Bakının digər şəhər və ölkələrlə ticarət əlaqələrindən yazarkən İrandan gələn fayanslar və Çindən gələn seladon haqqında da danışır. Tikinti keramikası haqqında geniş məlumatı 1683-cü ildə Bakıya gəlmiş alman səyyahı, həkim Engelberq Kempfer vermişdi. O, şəhər qala divarlarlarından bəhs edərkən qeyd edir: «Dənizə açılmış divarlar kərpicdəndir, qalanları isə gildən». Dənizə açılan nə gilli, nə də kərpicli divarlar XIX əsr Bakısında saxlanılmamışdır. Qala divarlarının tikintisində kərpicdən çox istifadə olunurdu. XVII əsrdə Azərbaycanın böyük sənət mərkəzlərində peşəkar kərpic sənəti yaranmışdı. «Aleksandr İvanski» kitabında 1927-ci ildə hazırlanmış Bakı şəhərinin məhəllələrinin çiçəklənməsi sxemində «İçəri şəhər» qala divarlarının şərq-qərb sxeminə əsasən yaradılmış «Kərpicxana» adlanan məhəllə qeyd edilir. XV əsrə aid olan «Hacı Qaib» hamamı və XVII əsrə aid olan iki mərtəbəli «Karvansaray» da kərpicli tikililərin nümunələrindəndir.

1734-cü ildə Bakıya gəlmiş İohan Lerx «Şirvanşahlar sarayı»nı görmüş və səyahətinin sonunda öz təəssüratlarını qeydə almışdı: «Bəzi hissələrinin uçub dağılmasına baxmayaraq, bina hələ də insanı heyrətə gətirir. Əsasən də parlaq rəngli daşlardan düzəldilməsi tikilinin ecazkarlığını daha da qabardır». İ.Lerxinin məlumatını təsdiqləyən Leviatov 1944-cü ildə yazırdı: «Sarayın müxtəlif yerlərində kaşı və onun fraqmentlərinə rast gəlinir. Bu ondan xəbər verir ki, onlar gümbəzin bəzədilməsi üçün əlverişli vasitədir».

1904-cü ildə V.V.Bartold İmperatorun arxeoloji qazıntılar komissiyasının tapşırığı ilə aşkarlanan tapıntılara baxır. O, öz hesabatında Bakı şəhərindəki məscid haqqında yazır: «Qazma işi zamanı müxtəlif əşyalar: üzərində zazb yazısı olan gilli boşqablar tapılmışdır». Göstərilən şəkildə 2 mövqedən — yuxarıdan və profildən bayraq çəkimişdir. Şəkildə müxtəlif obrazlı ovalsilindrik bayraqlar göstərilmişdir. Belə ki, yüksək keyfiyyətli belə şəkillər arxeoloji axtarışlar zamanı «İçəri şəhər»in müxtəlif ərazilərindən tapılmışdır. Bakıda yaşayanlarya onun çiçəklənməsinin müxtəlif dövrlərində buraya gələn missionerlərin, tədqiqatçıların, səyyahların yazıları və şəhərin tarixi haqqında faktlar bunu sübuta yetirir. Lakin, onlar öz məlumatlarında sənətkar dulusçuların əsas istehsalı olan keramik boşqablara heç toxunmurlar.

XIX əsrin əvvəllərində dövlət tərəfindən ölkə abidələrinin qorunması haqqında sərəncam verildi. Hökumətin qərarı ilə sənət abidələrinin qorunması üçün komissiya yaradıldı. Bütün qorunan abidələr, eləcə də «İçəri şəhər»də yerləşən «Şirvanşahlar saray kompleksi» hökumət qeydiyyatına alındı. Bu tikinti Şirvan-Abşeron memarlıq məktəbinin önəmli nümunələrindəndir. «Badamdar» yerli daşlarından qurulmuş bu saray tikilisi memarların və rəssamların ustalığının yüksək göstəricisidir. 1920-ci ildə sarayın əsrlərcə qalan töküntüdən təmizlənməsi və təmiri başladı. Kəşfiyyat və təmir işləri 1924-cü ilə kimi davam etdi. Bu işlər abidələrin qorunması komissiyasının üzvlərinin rəhbərliyi və iştirakı ilə dövlət muzeyində aparılırdı. «Divanxana»da aparılan axtarışlar zamanı boşqab qırıntıları tapılmışdır: «Aşağıda, torpağın yumşaq qara hissəsində gilli, minalı boşqab növləri var idi». E.A.Paxamov yazır: «Tapılmış növlərin bəzilərini bütöv saxlamaq mümkün olmuşdur. Bunlardan gilli incə güldan, zərif və çox incə bəzədilmiş qablar, bir neçə iri nimçə, yumru, çox da böyük olmayan, rəsmlərlə bəzədilmiş bir neçə sadə əl işi ilə işlənmiş dolçalar, çıraqlar diqqət çəkir». E.A.Paxomovun «Şirvanşahlar sarayı»nda apardığı arxeoloji axtarışlara baxanda, görürük ki, tədqiqatçı orta əsr Bakı keramikasına böyük əhəmiyyət verir. Amma təəssüf ki, «Divanxana»da tapılmış keramika dəyərli tarixi mənbə olsa da elmi əsasa çevrilə bilmədi, itirildi.

1932-ci ilin sentyabrında «Şirvanşahlar sarayı»nın binasında arxeoloji, memarlıq və yenidənqurma — təmir işləri başladı. Moskvalı məşhur ustalar ilə birgə aparılan böyük işdən sonra bina Azərbaycanın milli tarix muzeyinə verildi. Arxeoloji axtarışlar zamanı I mərtəbədən «iri nimçə hissələri», «üzəri yazılı farforlu iri nimçə və fincan» tapılmışdır ki, V.N.Leviatov onu Çinə aparmış və qeyd etmişdir ki, «bunlar çox dəyərli və qiymətli nimçələrdir». Burada eləcə də XV-XVI əsrlərə məxsus «kiçik və ortahəcmli kobaltlı və gilli fincanlar» tapılmışdır.

 

 Oktay

Xalq Cəbhəsi.- 2012.- 13 dekabr.- S.15.