Türk ruhunun
tarixdəki izləri
Professor Minaxanım Təkləli: «Türk xalqlarının əfsanələri
özündə dərin mifoloji
ünsürlər daşımaqdadır»
Əsrlərdən bəri ruh yaddaşımızda yol gələn əfsanə və rəvayətlərin toplanması və öyrənilməsi günümüzdə qədim türklərin həyat tərzi, dünyagörüşü və əxlaqi dəyərlərinə yaxından bələd olmağa yardım edir. Filologiya üzrə elmlər doktoru, professor Minaxanım Təkləli bu qənaətdədir.
O, düşünür ki, rəvayətin və ya əfsanənin, habelə başqa bir xalq ədəbiyyatı nümunəsinin harada, ilk dəfə hansı xalq tərəfindən yaradıldığını dürüst göstərmək, mənbəyini, tarixini müəyyən edib tədqiq etmək işində köməyimizə onun meydana çıxdığı və bağlı olduğu coğrafiya yetişir. Çünki hər bir etnosun, xalqın düşüncə məhsulu olan hissi obrazlar onun tarixini, habelə mənəvi dünyasını əks etməklə təbii ki, onun yaşadığı məlum coğrafiya ilə bağlı olub: «Türk xalqlarının dili, mədəniyyəti və tarixi üzrə bir çox illərdən bəri apardığımız elmi-tədqiqat işləri əsnasında Altaylardan başlamaqla Sibir ölkələrindən Qara dəniz boylarınadək yerləşən xalqların dil-təfəkkür tərzinə, adət-ənənələrinə, sözünə, hikmət-inanc aləminə, mənəvi abidələri sayılacaq nağıl, əfsanələrinə də bələd olub mənimsədikcə müşahidə etdiyim milli folklorun toplanması, nəşri və araşdırılması ilə məşğul oldum. Bu mənada lazım gəldiyi hallarda həmin əfsanə və rəvayətlərdən əldə olunan materialları yazıya alıb, işləyib məzmun və mündəricatı saxlanılmaqla hekayələr şəklində çap etdirməkdəyəm. Ümid edirəm ki, uzaq illərdən xəbər verən və əsrlərin arxasından keçib gələn əfsanələrin öyrənilməsi bütün hallarda qədim türklərin dünyagörüşü, əxlaqi dəyərlərinə yaxından bələd olmağa kömək edəcək.
Təqdirəlayiq təşəbbüslərdən sandığımız bu çalışmalar fikrimizcə, əfsanələrin yazıya alınması və nəticədə onların mühafizə olunması kimi ciddi niyyətlərlə bağlıdır. Ona görə də bu işi, mədəni-tarixi irsimizin hər bir örnəyi kimi əfsanələrin də sistemli öyrənilməsinə, nəticədə xalqın yaddaşında möhkəm saxlanılmasına səbəb olacağı kimi dəyərləndirmək lazım gəlir. Ədəbiyyatımızda xalq əfsanələri və rəvayətlər əsasında yazılmış ədəbi əsər örnəkləri yetərincə olmaqla çoxdur. Bu baxımdan Azərbaycan ədəbiyyatı tarixində buna misal olaraq Cəfər Cabbarlının «Qız qalası», Mikayıl Müşfiqin «Quzğun», «Çoban», Səməd Vurğunun «Ayın əfsanəsi», Rəsul Rzanın «Sum və Ceyran», İlyas Əfəndiyevin «Apardı sellər Saranı», «Qarı dağı», «İsa-Musa», Ayaz Vəfalının «Turacın nəğməsi», Aslan Qəhrəmanlının «Ceyran əfsanəsi», «Daşa dönmüşlər şəhəri», «Tutuquşu» və s. kimi onlarla örnək göstərmək mümkündür».
Araşdırmaçı düşünür ki, tarixən böyük ərazilərdə yaşamış, ekvator boyunca Şərqə, Şərqdən də Qərbə doğru hərəkət edən, sıralanan türk boyları belə bir həyat tərzi üzündən ən çoxu da sözə tapınıb, nağıllar, əfsanələr, uzun-uzadı söylənən dastanlara sahib olublar. Epik növün ən qədim janrı olmaqla bu qəbil folklor örnəkləri içərisində əfsanə və rəvayətlər əsas yeri tutur. Əfsanə və rəvayətlər uzun əsrlər boyu ağızdan-ağıza keçib, lakin xalqın yaratdığı və yaşatdığı bu bədii nümunələr ayrı-ayrı dövrlərdə məzmununu dəyişdirsə belə, janrın özünəməxsusluğuna o qədər də təsir etməyib; nəticədə inkişaf edib, təkmilləşib, bütövləşib. Bu mənada türk folklorunun ortaq mövzularının və türk həyati problemlərin öz bədii-mifoloji əksini tapdığı əfsanə və rəvayətlərin bir və ya iki qrup, insan dəstəsi deyil, bu örnəklərin bütöv toplumun, xalqın dünyagörüşünü əks etməsi faktı nəzərə alınmalıdır. Əfsanə və rəvayətlər aid olduğu coğrafiyanı əks edirlər. Hər bir etnosun, xalqın düşüncə məhsulu olan hissi obrazlar onun tarixini, habelə mənəvi dünyasını əks etməklə təbii ki, onun yaşadığı məlum coğrafiya ilə bağlı olub. Əfsanələrdə əks olunan coğrafiyanın əski türk ulu yurdu olduğu həqiqətini ortaya qoyur. Toplayıb hazırladığım materiallar içərisində bu baxımdan uzaq Sibirə və Kırıma aid olan əfsanələrin də bu torpaqlara aid və onun əsil yerli xalqının xeyrinə obyektiv fikir formalaşdırmağa xidmət edəcəyini düşünməkdəyəm. Bunun kimi bir sıra faydalı cəhəti ilə də əfsanə nağıldan fərqlənir. Çünki adətən nağıl zaman və məkandan uzaq olduğu üçün onu hər bir millətin mənimsəyib özününküləşdirməsi mümkündür. Lakin yuxarıda qeyd etdiyimiz kimi, əfsanələr və rəvayətlər isə özlərində əks olunan coğrafi faktların köməyi ilə müəyyən mənada bir etibarlı qaynaq və sənədə çevrilə bilir. Bu əfsanələr xalqların bədii-mifik dünyagörüşünü özündə cəmləyib saxlamaqdadır. Əfsanələr, rəvayətlər xalqın əski, mifik dünyagörüşü, mifoloji düşüncə tərzi; xalq ruhu hopan fövqəltəbii əhvalat və hadisələri əks edir; burada mifoloji düşüncə aparıcı motiv kimi çıxış edir. Təsadüfi deyil ki, bütün xalqların həm yazılı, həm şifahi ədəbiyyatının ana xətti olan yüksək bəşəri ideyalar, mütərəqqi fikirlər ilk olaraq əfsanə və rəvayətlərdə təzahür etmişdi. Xalq təfəkküründə xeyirlə şərin ziddiyyəti bu örnəklərdə xeyirlə şərin barışmazlığı deyə silinməz, davamlı xətt kimi keçir. Odur ki, əfsanə və rəvayətlərdə gözəlliyə (yəni Xeyrə) hüsn-rəğbət, məhəbbət, eybəcərliyə (Şərə) nifrət hakimdir. Bir rəvayətin və ya əfsanənin, eləcə də başqa bir xalq ədəbiyyatı nümunəsinin harada, ilk dəfə hansı xalq tərəfindən yaradıldığını dürüst göstərmək, mənbəyini, tarixini müəyyən edib tədqiq etmək çətin görünmür.
Beləliklə, mövzu ilə bağlı bir məqsədimiz də qədim türklərin mifoloji təxəyyülü bünövrəsində yüksəlmiş inanc-kult sistemini, əski dünyagörüşü, adət-ənənələri bərpa edib bitkin rəy əldə etməkdən ibarətdir».
M.Təkləlinin fikrincə, toplanılan əfsanə və rəvayətlərdə təzahür edən mifoloji düşüncənin ümumtürk dünyagörüşü ilə ortaqlığının, həm də bu düşüncənin əsil mənbəyinin ortaya qoyulmasıyla üzə çıxarılması bunların həlli nəticəsində mümkün olur: «Əfsanələrdən fərqli olaraq rəvayətlərdə isə real bünövrə mövcuddur. Və tarixilik özünü bir çox cəhətlərilə büruzə verir. Daha qədim bir tarix daşıyan əfsanələrdə mifoloji-əsatiri motivlər üstünlük təşkil edir.
Bu baxımdan əfsanələrdə güclü olan daş, su, ağac motivininin mərkəzi yerdə dayanması insanın ibtidai inanclarının təzahürü olub, bir çox hallarda hətta insani obrazlarından da önə çıxarıldığını göstərməkdədir. Təsvir etdiyi obyekt və hadisələrin məzmununa görə Türk xalqları əfsanələri kosmoqonik, zoonimik, toponimik, dini, tarixi, qəhrəmanlıq və s. xarakteri daşıyır. Odur ki, mövzusuna və məzmununa görə toplanmış əfsanələr və rəvayətlərin aşağıdakı növləri üzə çıxarılır: Təbiət (zoonimik, bitki, astral-kosmoqonik mənşəli); məişət mövzulu («Daraqlı gəlin»; «Turacın nəğməsi», «Apardı sellər Saranı»); dağ, qaya, daş (Qarı dağı, Daşların dili; Daş ürəkli oğlanın nağılı, Üç bacı üç ağac), su «çay, dəniz, bulaq» və s. Yaşayış məntəqələri adları (toponimik) ilə bağlı əfsanə və rəvayətlər. Bu mənada əski Kırım, indiki Starıy Krım şəhərinə (Kırım vilayəti; indiki Ukraynaya aiddir), Sel-Sebil əfsanəsinin həqiqi qaynaqlarına aid əldə etdiyimiz nağıl, tarixi şəxsiyyətlər barədə «Dayə xatun» Səlcuqlu dövrünün (IX-XII yüzilliklər) məşhur şəxsiyyətlərinə və Kırım xanı Toxtamış xanın qızı, fədakar şahzadəyə həsr olunmuş «Yaralı ürəyin nağılı» rəvayətlərini örnək göstərmək olar».
Uğur
Xalq Cəbhəsi.- 2012.- 15 dekabr.- S.14.