Azərbaycan teatr avanqardı — Şəki teatrı

  

Azərbaycanın teatr avanqardı təkcə Tədris Teatrı ilə bitib tükənmir. Demək olar ki, Vaqif İbrahimoğlu öz Eksperimental Studiyasını yaratmağı planlaşdırdığı bir çağda Hüseynağa Atakişiyev adlı başqa bir rejissor da təqribən elə bu haqda düşünürdü. 1974-cü ildə Vaqif Abbasov (onun adını da Azərbaycan teatr avanqardı ilə bağlamaq tam doğrudur) H.Atakişiyevlə belə bir qərara gəlirlər ki, müstəqil teatr yaratsınlar. Odur ki, onlar 1976-cı ildə bir qrup gənc aktyorla, əyalət həyatının müxtəlif çətinliklərini gözönünə alıb, Şəkiyə yollanırlar və orada S.Rəman adına Şəki Dram Teatrında məskunlaşırlar. Bu fakt bir daha onu təsdiqləyir ki, artıq XX əsrin 70-ci illərində milli teatr mədəniyyətində mərkəzdənqaçma prosesi fəallaşır. Məlum məsələdir ki, (Azərbaycan teatr tarixinə dair əsərlərin hamısında bu aşkar duyulur) 70-ci illərə qədər milli teatr dəbini hər bir zaman Milli Dram Teatrı müəyyənləşdirmişdir. 70-ci illərin ortalarından etibarən isə Azərbaycan teatr avanqardı barəsində danışıldıqca, mətbuatda bu haqda məqalələr dərc olunduqca Milli Dram Teatrı mərkəz olmaq funksiyasını tədricən itirir. Daha doğrusu bu o deməkdir ki, Azərbaycanın teatr məkanının müxtəlif nöqtələri arasında bərabərlik, paritet əmələ gəlir: yəni hər hansı bir nöqtədən Azərbaycan teat mədəniyyətinə yeni teatr dəbi diqtə edilə bilər.

70-ci illərin ikinci yarısından 80-ci illərin əvvəllərinə qədər Tədris Teatrı ilə Şəki teatrı Azərbaycan teatr ictimaiyyətinin diqqətinin cəmləndiyi əsas dəb obyektləri olur. Başqa sözlə, bu zaman kəsimində teatr dəbini milli mədəniyyətə məhz bu iki teatr diqtə edir. Əslində, Tədris teatrı da, Şəki teatrı da öz mahiyyəti, məğzi etibarı ilə teatr-studiyalar idilər və onlar özləri üçün ən böyük təhlükəni «akademikləşməkdə» görürdülər.

H.Atakişiyevin (V.Abbasovla birgə) öz teatrını Bakıdan uzaqlarda yaratmaq meyli heç də təkcə onun teatr axtarışları ilə bağlı deyildi. Burada həm də kifayət qədər güclü sosial motivlər vardı. Həmin sosial motivlər haradasa Aktyor Evinin Eksperimental Studiyasını (Tədris Teatrının fenomenini) ərsəyə gətirən sosial motivlərlə kəsişirdi və nəinki kəsişirdi, hətta üst-üstə düşürdü.

Heç də təsadüfi deyildi ki, Şəki teatrında H.Atakişiyevin ilk tamaşalarından biri yazıçı Anarın «Adamın adamı» pyesi əsasında hazırlanmışdı. Anar yaradıcılığının tədqiqatçıları dəfələrlə təsdiqləyiblər ki, «Adamın adamı» satirik komediyası elə «Zəncirbənd» pyesinin davamı, ikinci hissəsi kimi oxunur. «Adamın adamı» başdan-ayağa şişirtmədir, qroteskdirsovet gerçəkliyində düzənlənmiş ictimai-sosial münasibətlərin tənqidini özündə ehtiva edir. H.Atakişiyevin bu pyesə müraciətinin də dərin psixoloji kökləri vardı. Satirik komediyada göstərilirdi ki, əgər bir kimsəni dəstəkləyən qohum, tanış və ya dəstəklənmək üçün rüşvət veriləsi adam yoxdursa, həmin şəxs sosial pilləkənlə öz gücünə irəliləyə bilmironu həmin pilləkəndən vurub salırlar. 70-ci illərdə bu hal sovet gerçəkliyinin xarakterik simptomlarından biri idi. H.Atakişiyev də gənc bir sənətçi kimi bu sosial ədalətsizliklə heç cür barışa bilmirdi. Elə bu məqsədlə də o, «Adamın adamı» pyesinə müraciət etmişdi. Həqiqətən, Anarın «Adamın adamı» pyesinin tənqidi, ifşaedici pafosu insanı heyran qoyurdu. Bu pyesdə gəlişən motivlərdə də dissidentlik ruhu aşkar duyulurdu. H.Atakişiyev bu tamaşada ictimai ədalətsizliyi əsl sosial bir bəla kimi görükdürmüşdü.

1977-78-ci illərin teatr mövsümündə «Adamın adamı» pyesi Hüseynağanın quruluşunda Sovetlər Birliyinin teatr olayları sırasında mövsümün birinci, yəni ən yaxşı tamaşası sayılacaq. Tamaşaya görə teatrın kollektivinə diplomla bərabər pul mükafatı veriləcək. Əgər həmin çağların sovet teatrında hansı soyadlara (Tovstonoqov, Efros, Lyubimov, Yefremov) pərəstiş edildiyini sadalasam, bu uğurun Azərbaycan teatr mədəniyyəti üçün əsl milli bomba olduğu aydınlaşacaq.

Bu, 70-ci illərdə Azərbaycan teatrının keçmiş SSRİ miqyasında ilk uğuru kimi qələmə verilməlidir və rəsmi şəkildə deyilməlidir ki, bu uğur o zaman Azərbaycan teatr avanqardına nəsib olmuşdu. Amma bununla yanaşı onu da hökmən qeyd etmək lazımdır ki, Şəki Dram Teatrının cəmiyyətə münasibəti Tədris teatrının bu istiqamətdəki mövqeyindən xeyli fərqli və yumşaq idi. Bu teatrda dissidentlikya antisovet ovqat Tədris Teatrında olduğu kimi aşkar görünmürdü.

Amma bununla belə Şəki teatrı, əlbəttə ki, başda H.Atakişiyev olmaq şərtilə, hələ 70-ci illərdə nəinki Sovetlər Birliyinin, hətta Avropanın teatr məkanına inteqrasiya olunmağa çalışırdı. Tədris və Şəki teatrlarının nümunəsində Azərbaycanın teatr avanqardı göstərirdi ki, dünya teatrına, dünya dramaturgiyasına açıqdırlar. Bu yöndə Şəki teatrının fəaliyyəti daha optimal təsir bağışlayırdı. Qısa tarixi arayışa diqqət yetirək: 1977-ci ildə keçmiş SSRİ-nin teatr məkanının ən yaxşı tamaşası Şəki teatrının «Adamın adamı» tamaşası olur. 1978-ci ildə Şəki teatrı bolqar dramaturgiyasına həsr olunmuş festivalda iştirak edir və məxsusi festival üçün hazırladığı «Ustalar» (pyesin müəllifi R.Stoyanovdur) tamaşasına görə beş diploma layiq görülür. 1979-cu ildə macar dramaturqu Şandor Petefinin şərəfinə macarların keçirdiyi festivalda Şəki teatrının «Pələng və kaftar» tamaşası festival təşkilatçılarınınjürinin təsis etdiyi dörd diplomla böyük uğur qazanır.

Almanlar məşhur dramaturq Bertolt Brextin xatirəsinə həsr olunmuş bir festival keçirdilər. Şəki teatrı burada «Arturo Uinin karyerası, hansı ki olmaya da bilərdi» pyesi əsasında hazırlanmış tamaşanı nümayiş etdirir kollektiv yenidən diplomla mükafatlandırılır.

Həqiqətən, Azərbaycan teatrının tarixində belə bir uğur 70-ci illərə qədər heç bir teatra, heç bir rejissora nəsib olmamışdı. Deməli, Azərbaycan teatr avanqardı Şəki teatrının timsalında Avropa teatr mədəniyyətinə bir pəncərə açmışdı bu pəncərədən H.Atakişiyevin tamaşaları dünya teatr məkanına daxil olurdu. Bunu yalnız Azərbaycan teatrının böyük nailiyyətləri sırasına yazmaq mümkündür.

 

Oktay

Xalq Cəbhəsi.- 2012.- 12 dekabr.- S.13