Azərbaycanın bütövləşməsi
uğrunda mübarizə
Professor
Şövkət Tağıyeva: «Güney Azərbaycandakı
hərəkat Yaxın və Orta Şərqdə
milli-azadlıq hərəkatlarının
başlanğıcı oldu»
Pişəvəri
Bağırova demişdi: «İndi öz siyasi hədəfləri
xatirinə bizi oyuna çəkən ruslara arxalanmaq olmaz»
Dünənki sayımızda tanınmış tarixçi-alim Əkrəm Rəhimlinin 21 Azər Hərəkatı ilə bağlı qənaətlərini dərc etmişdik. Bu sayımızda isə professor Şövkət Tağıyevanın sözügedən mövzuda araşdırmasını təqdim edirik. O, düşünür ki, hazırda Güney Azərbaycanda çoxmilyonlu Azərbaycan Türklərinin milli haqları uğrunda mübarizə apardığı bir dövrdə 21 Azər Hərəkatına, yəni 1945-ci ilin 12 dekabrında (İran təqvimi ilə Azər ayının 21-də) Güney Azərbaycanda qələbə ilə nəticələnmiş hərəkata bir daha qayıtmağa ehtiyac var: «Mövcud şərait həm hadisələrin iştirakçı və şahidlərindən, həm də tarixçilərdən hərəkatın qaranlıq, bu vaxtadək örtülü qalmış cəhətlərinin açılmasını, ona həqiqi, obyektiv qiymət verilməsini tələb edir. Zənnimizcə, bu məsuliyyətli işi görməzdən əvvəl mühüm bir suala cavab verməliyik: Milli Hökumətin yaradılmasına aparan yolda Hərəkata o dövrdə arxa duran Sovetlərin Pişəvəriyə bu işə rəhbərlik təklifinə onun razılıq verməsi düzgün hərəkət idimi? Məsələ burasındadır ki, bir çox müəlliflərlə yanaşı, 1941-ci ilin avqustunda Sovet hərbi hissələrinin ilk dəstələri ilə səlahiyyətli hərbi müxbir kimi Güney Azərbaycana, ilk növbədə Təbrizə daxil olmuş kapitan İbrahim Novruzovun da öz xatirələrində təsdiq etdiyi kimi, Pişəvəri tarixdə bəzi analoji hadisələrə əsaslanmaqla ruslara etibar etmədiyi üçün üzərinə son dərəcə yüksək məsuliyyət qoyan bu təklifi böyük tərəddüddən sonra qəbul etmişdi. Bu mühüm və tarixi əhəmiyyətli məsələ ilə bağlı Sovet Culfasında qatarda Mir Cəfər Bağırovla təkbətək görüşdə Pişəvəri bu təklifin müqabilində Bağırova demişdi: «İndi öz siyasi hədəfləri xatirinə bizi oyuna çəkən bu ruslara arxalanmaq olmaz. Onlar lazım gəldikdə bizə heç kömək də etməzlər və bizi mübarizə meydanında tənha qoyarlar. Rusların məhəbbəti suda batan anda körpəsini ayağı altına qoyan meymunun məhəbbətinə bənzəyir. Mən onları yaxşı tanıyıram.» Ancaq Mir Cəfər Bağırov Seyid Cəfər Pişəvərini səhv etdiyinə inandıra bilmişdi və Pişəvəri Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi təklifini qəbul etmişdi. Nəticədə hərəkat məğlubiyyətə uğrasa da, çoxsaylı qurbanlar verilsə də, bir sıra amillər qoyulan sualı müsbət cavablandırmağa əsas verir».
Araşdırmaçı düşünür ki, Sovetlərin təklifinə münasibəti birmənalı qiymətləndirmək kifayət qədər çətindir və ümumiyyətlə, həmin təklifin qəbul edilməsinin riskli olduğu nəzərə alınmalıdır: «Pişəvəri bunu başa düşürdü. Çünki o, özü dediyi kimi, tarixi hadisələrdən (1920-21-ci illərdə Gilandakı təcrübədən) «rusları yaxşı tanıyırdı». Bununla belə o, hesab edirdi ki, təkrarı çətin ola biləcək həmin şans əldən verilsə, tarix bunu bağışlamaz. Odur ki, Pişəvərinin bu təklifin qəbulunda tərəddüdlərinin müsbət qərarla nəticələnməsi düzgün addım kimi qiymətləndirilməlidir və aşağıdakı amillər də Pişəvəriyə haqq qazandırmağa əsas verir. Əvvəla, Sovetlərin Güneydəki hərəkata kömək təklifinin arxasında Stalin kimi dünya miqyaslı siyasi xadim, faşist Almaniyası üzərində qələbə qazanılmasında mühüm rol oynamış Sovet dövlətinin başçısı dururdu. Daha önəmlisi bu idi ki, yardıma doğma olan Azərbaycan SSR, şəxsən Azərbaycan KP MK-nın birinci katibi M.C.Bağırov vasitəçi idi. Bu cəhət özü Sovetlərin etdiyi təklifi bir növ doğmalaşdırır, məqbul edirdi. Nəhayət, nəzərə alınmalıdır ki, təklifin qəbulu riskli olsa da, bu, tarixin verdiyi çətin ələ düşən fürsət idi. Burada bu şansın Azərbaycanın iki hissəsinin birləşməsinə aparan bir vasitə olmasını Pişəvərinin və yaxınlarının dərk etməsini də qəbul etsək, bu riskə getməyin düzgün seçim olması ilə tam razılaşa bilərik. Bununla, yəni birləşmə məsələsi ilə bağlı professor Cəmil Həsənlinin kitabından iqtibasla maraqlı bir sənədi burada gətirmək yerinə düşər. Əsaslanmaq istədiyimiz həmin sənəd Pişəvəri və digər rəhbər işçilərin (cəmi 5 nəfər) imzası ilə MH-in təşkilindən cəmi 11 gün sonra Quzeyə — M.C.Bağırova göndərilən məktubdur. Məktub Quzeydəki kimi Güneydə də Azərbaycanın bütövləşməsi ideyasının kifayət qədər populyar olmasından xəbər verir. Həmin məktubun sonunda qeyd edilirdi: «Öz dili, öz ədəbiyyatı olan 5 milyonluq Azərbaycan əhalisi kifayət qədər kadrları və öz taleyini idarə etməyə qadir, bacarığı olan bir xalqdır. Dünyanın böyük dövlətlərinin hələ 3 il əvvəl imzaladıqları Atlantik Xartiyası Azərbaycan xalqına müstəqil yaşamaq haqqı vermişdi. Biz belə hesab edirik ki, 5 milyonluq Azərbaycan xalqının hüquqlarını qorumaq üçün Azərbaycanda (oxu: Güney Azərbaycanda — Ş.T.) müasir şəraitə uyğun Müstəqil Demokratik Respublika hökuməti qurulması zəruridir. Buna görə, Azərbaycan xalqına öz qanuni hüquqlarından istifadə etməyə və müstəqil milli dövlətini yaratmağa köməklə yanaşı, Sizdən xalqımızın müqəddəs arzusu olan bu iki qardaş respublikanın ən yaxın gələcəkdə birləşməsinə yardım etmənizi və bunun üçün şərait yaratmanızı xahiş edirik».
Qeyd edək ki, məktub Bağırova ünvanlansa da, bu kömək Sovet rəhbərliyindən, şəxsən İ.Stalindən gözlədilirdi. Həqiqətən də Bağırovun müraciətlərindən sonra və SSRİ XKS-nin 1945-ci il iyunun 10-da qəbul etdiyi gizli qərarından Stalinin belə bir icazəni icraata verdiyi bəlli olur. Deməli, hərəkat elə başlanğıcından öz bətnində Azərbaycanın bütövləşməsi perspektivini yaratmış və istiqamətləndirmişdi».
Sovetlərin təklifinə razı olaraq 1945-ci ilin sentyabrında Azərbaycan Demokrat Firqəsini (partiyasını) yaratmaq, Güney Azərbaycanda demokratik seçkilər yolu ilə Milli Hökuməti təşkil etmək və Güneydə sosial-iqtisadi, siyasi, mədəni islahatlar və quruculuq işlərinə başlamaq düzgün seçim və son dərəcə zəruri bir addım idi. Ş.Tağıyeva belə hesab edir: «Hərəkat fəaliyyət üçün fürsət tapa bildiyi cəmi bir il ərzində həyata keçirdiyi möhtəşəm işlərlə bunu sübut etdi.
1941-ci ilin avqustunda Sovet ordusunun İranın şimalına, o sıradan Güney Azərbaycana daxil olmasından sonra Sovet-İran mədəni əlaqələrinin inkişaf etdirilməsi xətti ilə Azərbaycan SSR-in mədəniyyət xadimləri İranda, xüsusilə də Güney Azərbaycanda fövqəladə bir missiya həyata keçirirdilər. Ölkənin Güneyi üçün son dərəcə əhəmiyyətli olan bu əlaqələr Pişəvərinin başçılığı ilə Milli Hökumətin yaradılmasından (12.12.1945) sonra daha geniş miqyas aldı. Yeni yaradılan məktəblərdə Azərbaycan Türkcəsində tədrisin təşkilində, Təbrizdə universitet açılmasında, Quzeydəki mədəni qurumlara uyğun yazıçılar, rəssamlar və memarlar cəmiyyətlərinin yaradılmasında, milli teatr, filarmoniya və digər mədəni-maarif ocaqlarının açılmasında Quzey Azərbaycanın bilavasitə yardımı və iştirakı öz bəhrələrini verdi. Quzeylilər Sovet İttifaqında Stalin repressiyaları dövründə qurbanlar verə-verə maarif və mədəniyyət sahəsində qazandıqlarını Güneydə milli hakimiyyətin yaratdığı imkanlardan istifadə edərək, qətrə-qətrə cənuba ötürürdülər. Güneylilər isə bunları doğma ana südü, donor qanı kimi qəbul edirdilər. Demək olar ki, Güney və Quzey tarixdə heç vaxt hərtərfli əlaqələrin, xüsusilə mədəni əlaqələrin öz apogeyində olduğu bu bir ildəki qədər iç-içə olmamışdı. Azərbaycanın o tarixi günlərindəki qarşılıqlı münasibətlərində xalqımıza xas olan Bütöv Azərbaycançılıq ideyası hər iki hissədə hakim idi. Bütün bunlara görə hərəkatın tək Güneydə deyil, həm də şübhəsiz, Quzeydə də o dövrdə milli mənlik və milli birlik şüurunun inkişafında rolu son dərəcə böyük idi. Güney Azərbaycandakı 1941-1946-cı illər milli-demokratik hərəkatı təkcə İranda deyil, bütün Yaxın və Orta Şərqdə milli-azadlıq hərəkatlarının başlanğıcı oldu. Elə bu cəhətdən də hərəkat zamanı demokratik əsaslarla yaradılmış Milli Hökumətin (MH) fəaliyyəti yüksək qiymətləndirilməlidir. Çox önəmlidir ki, dövrünün böyük siyasi dövlət xadimi hesab edilən İ.Stalin S.C.Pişəvəriyə 08.05.1946-cı il tarixli məktubunda müəyyən şərtlər çərçivəsində olmaqla onu — bu perspektivli siyasi xadimi gələcəkdə «Orta Şərqdə mütərəqqi demokratik hərəkatın pioneri kimi» gördüyünü açıq şəkildə yazırdı. Hələ 1920-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi üsyan dövründə təcrübədən keçirilən xalq hakimiyyəti orqanı — Milli Hökumət İran dövləti çərçivəsində olmaqla, cəmi bir il sərbəst fəaliyyət göstərməyinə və müəyyən qüsurlarına, eləcə də hərəkat zamanı buraxılmış səhvlərə baxmayaraq, Güney azərbaycanlıların müstəqil milli inkişafında, həm də qeyd olunduğu kimi, ümumiyyətlə, bütün Azərbaycan xalqının milli birliyində müstəsna rol oynadı və xalqın istiqlal mücadiləsi tarixində əsrə bərabər iz qoydu. Çünki məhz bu dövrdə, özəlliklə milli hakimiyyətin fəaliyyət göstərdiyi bir ildə quzeyli-güneyli azərbaycanlıların vahidlik şüuru öz açıq təzahürünü və deyərdim, təntənəsini tapdı».
MH-in yaradılmasının birlik yolunda uzaq nəticələrini böyük ümidlərlə təsəvvürünə gətirən Məhəmməd Əmin Rəsulzadənin bu qurumu ilk təbrik edənlər cərgəsində olması faktı da məsələnin əhəmiyyətinin böyüklüyündən xəbər verir: «Quzey Azərbaycandan maarif və mədəniyyət işçilərinin Güney Azərbaycana, orada həyata keçirilən mədəni inqilaba köməyə qoşmaları, Güneydə isə bu köməyin təbii bir hal kimi qəbul edilməsi fonunda MH-in xüsusi qərarı ilə Güney Azərbaycanda ilk dəfə olaraq Azərbaycan türkcəsinin rəsmi dövlət dili elan edilməsi (16.01.1946), bu dildə məktəblər, universitet açılması, həmin dil əsasında fəaliyyət göstərən dram teatrı, filarmoniya, yazıçıların, rəssamların yaradıcılıq birliklərinin və s. yaradılması Quzeydəki mədəni inkişafın bir növ davamı kimi qəbul olunmalıdır. Bunlarla bərabər, yəni Azərbaycanın iki hissəsinin əlaqələri baxımından hərəkata verilən yüksək qiymətlə yanaşı, onun neqativ cəhətləri də qeyd edilməlidir. Quzeydən gələn maarif və mədəniyyət, səhiyyə, kənd təsərrüfatı və başqa sahələr üzrə işçilərin Güneydə mülki-mədəni fəaliyyəti ilə yanaşı, Azərbaycan DTK-nın məsul işçisi Atakişiyevin, Azərbaycan KP MK-nın ideologiya üzrə katibi H.Həsənovun və digərlərinin Təbrizdə olmaları, hadisələrin inkişafına, hərəkat rəhbərləri və məsullarının fəaliyyətinə «göz qoymaları» da həqiqətdir. Milli qoşun dəstələrinin yaradılmasında Qızıl Ordu zabitlərinin təlimçiliyi bəllidir və s. Bu kimi faktlar əsasında bəzi mütəxəssislər, o cümlədən Moskvanın müəyyən qrup tarixçiləri, bir çox İran müəllifləri və respublikamızının bəzi gəncləri arasında belə bir fikir dolaşır ki, Güneydəki həmin hərəkat Moskvanın göstərişi, Bakının bilavasitə iştirakı ilə həyata keçirilmiş və bu məqsədlə Təbrizə xüsusi təlimatçı şəxslər göndərilmişdi. Həqiqətən də Moskvanın belə bir niyyəti ola və bunun arxasında Güneyin Quzeyə birləşdirilməsi yolu ilə (Stalinin Rusiyada hələ Oktyabr çevrilişindən əvvəl Cənubi Qafqazdakı bu səpkili söhbətlərdən xəbəri var idi) böyük bir ərazinin Sovetlər tərkibinə qatılması planı dura bilərdi və dururdu da».
(davamı var)
Uğur
Xalq Cəbhəsi.- 2012.- 12 dekabr.- S.14.