Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real
vəziyyət və perspektivlər
Bakı şəhəri günü-gündən inkişaf edir və daha da müasirləşir. Bu, hər şeydən əvvəl bütövlükdə ölkədəki iqtisadi inkişafla bağlıdır. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, tədbirlər nəticəsində iqtisadiyyatın dinamik inkişafına nail olunub, əhalinin həyat səviyyəsi yaxşılaşır. Ayrı-ayrı regionların, şəhər və qəsəbələrin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi öz müsbət nəticələrini verir. «Bakı şəhər qəsəbələrinin 2006-2007-ci illər üzər sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramı», «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı», «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərində də abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına, iri miqyaslı işlərin görülməsinə şərait yaradıb. Qeyd olunan proqramıların icrası sayəsində Bakı şəhəri sürətlə inkişaf edir, yol təsərrüfatının və şəhər nəqliyyatının işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidməti, sosial infrastruktur sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üzrə layihələr həyata keçirilib. Nəticədə şəhər abadlaşdırılmış, tikinti işləri geniş vüsət almış, yeni müəssisələr və iş yerləri açılmışdır.
Bütün bu müsbət meyillər Bakı şəhərinin aparıcı rayonlarından bir olan, 212,2 min əhalinin məskunlaşdığı Suraxanıda da müşahidə olunur. Suraxanı rayonu Bakı şəhərinin cənub-şərqində yerləşir və ərazisinin 13 kilometri Xəzər dənizi ilə əhatə olunub. Rayon ərazisinin şərq hissəsi Xəzər rayonu, şimal hissəsi Sabunçu rayonu, qərb hissəsi Nizami və Xətai rayonları ilə həmsərhəddir. Ərazisi 122 kvadrat kilometrdir. Rayonun inzibati ərazi vahidliyinə 6 qəsəbə daxildir: Əmircan, Bülbülə, Qaraçuxur, Hövsan, Yeni Suraxanı və Zığ. Neft və təbii qazla zəngin rayonun iqtisadiyyatının əsasını neft-qaz və maşınqayırma sənayesi təşkil edir. Hövsan qəsəbəsində quşçuluq və zeytunçuluq, Zığ qəsəbəsində isə fərdi maldarlıq təsərrüfatları inkişaf edib. Əmircan qəsəbəsində «Atəşgah məbədi» dövlət tarix-memarlıq qoruğu yerləşir. Yeni Suraxanı qəsəbəsində yerləşən 2 saylı Bərpa Xəstəxanasında kükürdlü su ilə oynaqların, fəqərələrin iltihabı və mübadilə xəstəliklərindən müalicə aparılır. Zığ qəsəbəsində yerləşən «Duzlu göl»dən insanlar dəri və oynaq xəstəliklərinin müəlicəsi üçün istifadə edir. Samur-Abşeron su kanalı, Hövsan-Digah-Qaradağ magistral qaz kəməri, Bakı-Novorossiysk neft kəməri rayonun ərazisindən keçir. Azərbaycanın neft və qaz sənayesinin inkişafı tarixi bilavasitə Suraxanı neft yatağının adı ilə bağlıdır. Suraxanı neft yatağının sənaye üsulu ilə işlənməsinə 1904-cü ildə başlanıb. 1907-ci ildə Suraxanıda 32 quyu, 1908-ci ildə — 57 quyu, 1909-cu ildə — 85 quyu, 1910-cu ildə artıq 137 quyu qazılıb. Hazırda rayonda xam neftin istehsalı ildə 338,3 min ton, qazın istehsalı 232,1 milyon kub metr təşkil edir. Rayonda neft sənayesinə aid «Bahar Enerji» və «Suraxanı Oyl» əməliyyat şirkətləri, «Qaraçuxur iriləşdirilmiş neft mədəni», «Abşeron Operating Company», «Qazmaservis və Logistika» idarəsi, Tamponay və Layların Neftveriminin Artırılması İdarəsi, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat müəssisəsi fəaliyyət göstərir.
«2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» Suraxanı rayonunda uğurla həyata keçirilir. Rayonun ayrı-ayrı qəsəbələrində görülən işləri, əldə olunan nəticələri bir yazıda tam əhatə etmək mümkün olmasa da, onlardan bəzilərini qeyd etmək yerinə düşərdi. «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən Suraxanı rayonunda 150 tədbirin keçirilməsi nəzərdə tutulmuş, onlardan 84-nün, yəni 56 faizinin icrasına başlanılmış, onlardan 33-ü tam icra olunmuş, 66-sının icrasına isə gələn il başlanılacaq. Rayonun sənaye potensialı artmış, 2003-cü il illə müqayisədə 2012-ci ildə rayonda sənaye məhsullarının istehsalı 3,1 dəfə, tikinti-quraşdırma işləri 5 dəfə, nəqliyyat xidmətləri 1,9 dəfə, əsas kapitala yönəldilən investisiyalar 8,2 dəfə, aylıq əmək haqqı 4,3 dəfə artmış, Beton məmulatları və Sud emalı zavodları, Bakı Taxıl Terminalı, Bakı Transformatorlar Zavodunun yeni istehsal sahəsi tikilmiş, Hövsan Aerasiya Stansiyası və «Dalğa» müəssisəsi yenidən qurulmuş, 14142 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur. Bu dövr ərzində 480 min p.m. qaz, 58,0 min p.m. kanalizasiya, 29,0 min p.m. yeni su xətti çəkilmiş, 69 yeni transformator məntəqəsi quraşdırılmış, bir yeni yüksəkgərginlikli yarımstansiya, 4 su anbarı, 15 su hovuzu, 23 qazanxana, 10 poçt şöbəsi, 1 yeni ATS tikilmiş, 1 milyon 400 min kv.m. asfalt örtüyü salınmışdır.
Hazırda rayonda sahibkarlıqla 5400 hüquqi və fiziki şəxs məşğul olur, əhalinin hər 1000 nəfərinə 26 sahibkarlıq subyekti düşür. 2011-2012-ci illər ərzində rayonda sahibkarlar üçün 4 kredit yarmarkası keçirilib, 42 sahibkara 7,7 milyon manat məbləğində güzəştli kreditlər verilib, bu kreditlər hesabına 440 yeni iş yerinin yaradılması nəzərdə tutulur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda 2011-2012-ci illərdə Suraxanı rayonunun bir neçə qəsəbəsində tədbirlər keçirib. Növbəti belə tədbir 2012-ci il iyunun 21-də Qaraçuxur qəsəbəsində baş tutub. Tədbirdə 100-dən çox sahibkar iştirak edib. Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına maliyyələşdirilmiş Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində «ATEF Şirkətlər Qrupu» MMC-nin transformator istehsalı zavodunda aparılan tikinti işlərinə baxış keçirilib. Sonra öz işinə başlayan «Sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbirində Suraxanı rayonunun, o cümlədən tədbirin keçirildiyi Qaraçuxur qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir çörək zavodunun, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli toxuculuq və tikişçilik müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub. Habelə kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb. Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Suraxanı rayonunda da sahibkarlıq fəaliyyətinin genişləndiyini, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib. İqtisadi İnkişaf Nazirliyinin «Sahibkarlığın inkişafı siyasəti şöbəsi»nin müdir müavini Elçin İbrahimov və «Regionların inkişafı və dövlət proqramları şöbəsi»nin müdiri Sahib Məmmədov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildiriblər, «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq, Bakı şəhərində və onun qəsəbələrində görülən işlər barədə danışıblar. SKMF-nun icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Həmin tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 20 sahibkarlıq subyektinə 994 min manatadək güzəştli kredit ayrılıb. Bu kreditlər hesabına 80-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Suraxanıda sahibkarlar iri layihələr də həyata keçirirlər. Suraxanı rayonu üzrə quşçuluğun inkişafı ilə bağlı investisiya layihəsi ötən ildən SKMF tərəfindən maliyyələşdirilir. Bu ilin altı ayı ərzində isə fond həmin layihə üzrə növbəti mərhələdə 500 min manat güzəştli kredit vəsaiti ayırıb.
Suraxanı rayonunda gender bərabərliyi, gənclər və idman siyasətinə də xüsusi diqqət yetirilir. Rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda çalışan rəhbər və işçilərin 60 faizdən çoxu qadınlardır. Gənclərin sayı 66 min nəfərdir. Yeniyetmə və gənclərin hərtərəfli inkişafı, onların idmanla səmərəli məşğul olması üçün rayon ərazisində «Hövsan» Olimpiya idman kompleksi, «Neftçi» İSM, 1 şahmat klubu və müxtəlif döyüş növləri üzrə 15 idman klubu, 8 federasiyanın nümayəndəliyi fəaliyyət göstərir. Dövlət Proqramı çərçivəsində «Gənclər evinin» tikintisinə də başlanılıb. Yeniyetmə və gənclərin iştirakı ilə «Narkomaniya bəşəriyyətin bəlasıdır!» mövzusunda tədbirlər də keçirilib. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən aztəminatlı ailələrə ödənilən sosial müavinət və təqaüdlərin miqdarı 2012-ci ilin 11 ayı ərzində 8548 nəfərə 4,4 milyon manat təşkil edib. 2012-ci ilin 11 ayı ərzində isə 3461 ailəyə 4,8 milyon manat ünvanlı dövlət sosial yardım ödənilib.
Qarşıdan sərt qış ayları gəlir. Rayon təsərrüfatının payız-qış mövsümünə hazırlanması Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyətinin prioritet istiqamətlərindən biridir və bununla bağlı zəruri tədbirlər görülüb. Rayon İcra Hakimiyyəti tərəfindən Hövsan qəsəbəsində 19 ədəd çoxmərtəbəli yaşayış binasının 23 550 kv.m, Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında 227 fərdi yaşayış evinin 36 770 kv.m dam örtüyü müasir tələblərə cavab verəcək şəkildə yenidən quraşdırılıb.
Rayon üzrə mərkəzi istilik sisteminə qoşulmuş 274 yaşayış binası cari mövsümdə istiliklə təhciz olunur. Hazırda fəaliyyət göstərən 35 məktəbdən 27-si istiliklə tam, 5-i daxili istilik sistemlərində problemlər olduğu üçün qismən təmin olunur. Fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsindən isə 15-nə, səhiyyə müəssisəsindən 9-na tam istilik verilir.
Yazı Suraxanı rayon icra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir
Mahir Həmzəoğlu
Xalq Cəbhəsi.- 2012.- 11 dekabr.-
S.12.