İlk azərbaycanlı deputatlar
Əsədulla bəy Muradxanov yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini
müdafiə edirdi
Azərbaycanda ilk parlament seçkiləri 1906-cı ildə Rusiya I Dövlət Dumasına keçirilən seçkilərdir. I Dumaya seçilən Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əsədulla bəy Muradxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev ilk azərbaycanlı deputatlardır. Bu insanların həyatı və ictimai-siyasi fəaliyyətləri ilə oxucularımız az-çox tanışdır. Təkcə Əsədulla bəy Muradxanov barədə məlumat bir qədər azdır. Ona görə də qəzetimizin oxucularına bu sayımızda Əsədulla bəy Muradxanovun həyatı və fəaliyyəti ilə bağlı əldə etdiyimiz məlumatları oxucularla bölüşmək qərarına gəldik.
İctimai-siyasi xadim, maarifpərvər publisist Əsədulla bəy Muradxanov 1866-cı ildə Salyanda anadan olub. Onun mənsub olduğu Muradxanovlar nəsli Salyanda şan-şöhrətli, tanınmış soylardandır. Muradxanovların ulu babası Muradxanın Salyana haradan gəldiyini, neçə oğul-uşaq sahibi olduğunu heç kəs dəqiq bilmir. Lakin onun öz dövrünə görə məşhur, bəlkə də alim qədər savadlı olan Alımirzə adlı oğlunun olduğu məlumdur. Salyanda sayılıb-seçilən Muradxanovlar ailəsinin hamısı Alımirzənin nəslindəndir. Odur ki, Salyanda bu nəslə Alımirzəlilər deyirlər.
Alımirzəlilər yerli camaatdan bir qədər fərqlənirdilər. Onlar maarifpərvər bir nəsil olmaqla yanaşı, həm də mövhumatdan da uzaq idilər. Alımirzəlilərdə qadınlara həmişə böyük ehtiram bəslənmiş və ailə məsələlərinin həllində onların rəyinə hörmətlə yanaşılmışdır. Alımirzəlilər, ümumiyyətlə, o dövrün ən oxumuş, ziyalı ailələrindən biri idi. Muradxanovların oğlanları ilə bərabər qızları da dünyəvi təhsil alırdılar. Məsələn, Əsədulla bəyin qardaşı nəvəsi Lumu xanım Salyan şəhərində çadrasız gimnaziyaya gedən ilk azərbaycanlı qızlardan idi.
Alımirzənin oğlanları da zəmanəsinə görə yaxşı təhsil almış savadlı gənclər olmuşlar. Bunların içərisində Əsədulla bəyin atası Mirzə Abdulalı bəy xüsusi yer tuturdu. Salyanda dövlət işlərində çalışan Abdulalı bəy mükəmməl təhsil almışdı. O, Mirzə Fətəli Axundovun, Abbasqulu ağa Bakıxanovun müasirlərindən və tanışlarından idi. Deyilənə görə, Abbasqulu ağa Salyana gələndə Mirzə Abdulalı bəyin qonağı olmuşdu. Mirzə Abdulalı bəyin 7 övladı var idi — Cavad bəy, İbrahim bəy, Əsədulla bəy, Ağabacı xanım, Nisə xanım, Umsəlimə xanım və Ağanənə xanım.
Mirzə Abdulalı bəy oğlanlarının hamısını oxutmuşdu, onlara bilik, savad vermişdi. Böyük oğlu Cavad bəy molla və mədrəsə təhsili almış, fars dilini, sonradan isə rus dilini öyrənmişdi. Ortancıl oğlu İbrahim bəy 1875-1876-cı illərdə Salyanda təzəcə açılmış dördsinifli rus məktəbini bitirmişdi. Kiçik oğlu Əsədulla bəy isə Salyandan Qori Müəllimlər Seminariyasına göndərilən ilk gənclərdən idi. Çox güman ki, Əsədulla bəy də Salyanda dördsinifli rus məktəbini bitirmişdi. Əsədulla bəy Muradxanov 1886-cı ildə Qori Müəllimlər Seminariyasını bitirib elə həmin ildən də Kürdəmirdə müəllim işləmişdi. 7 il Kürdəmirdə müəllimlik etdikdən sonra o, Cavad qəzasının kəndlilərlə əlaqə şöbəsində kargüzar və tərcüməçi kimi fəaliyyət göstərmişdi. Daha sonra isə Salyana qayıdıb məhkəmədə məmur işləmişdi.
Əsədulla bəy Muradxanov dərin biliyə malik maarifpərvər, yüksək mədəniyyətli bir ziyalı olmuşdur. Cari mətbuatda çıxışlarına, ictimai-mədəni fəaliyyətinə görə tanınmışdır. Ən çox «Kaspi» qəzeti ilə yaxından əməkdaşlıq etmişdir.
Salyana qayıdandan sonra Əsədulla bəy özü kimi bir neçə maarifpərvərin, o cümlədən İsmayıl bəy Hüseynzadənin fəal iştirakı ilə əhali arasında mədəni-maarif işləri aparmağa başlayır. «Cəmiyyəti-xeyriyyə» yaradır, kitabxana təsis edir, qiraətxana açır, həvəskar teatr cəmiyyəti təşkil edir. «Azərbaycan teatrının salnaməsi» kitabında hələ çox mükəmməl olmayan mənbələrə əsasən Salyanda teatrın inkişafında Əsədulla bəyin adı xüsusi çəkilir. 1905-ci il 4 iyun. Salyan. Həvəskar gənclər. N.Vəzirov «Yağışdan çıxdıq, yağmura düşdük». Rejissor Əsədulla bəy Muradxanov. 1906-cı il 7 yanvar. Salyan. Yerli könüllü gənclər, qiraətxana nəfinə. N.Vəzirov «Pəhləvani zəmanə». Rejissor Əsədulla bəy Muradxanov. Tamaşaların qiraətxana nəfinə verilməsi Əsədulla bəyin mədəni-maarif sahəsində necə fəal iştirak etdiyini bir daha təsdiq edir.
Əsədulla bəy Muradxanov 1906-cı ildə Bakı quberniyasının Cavad qəzasından Rusiyanın I Dövlət Dumasına deputat seçilir. O, da digər azərbaycanlı deputatlar kimi dumanın Müsəlman fraksiyasına daxil olur. Dumanın I şöbəsinin üzvü olan Əsədulla bəy həm də Xalq Azadlıq Partiyasının üzvü idi. O, digər azərbaycanlı deputatlarla birlikdə çarizmin Rusiyada yaşayan xalqlar arasında ədavət salmaq siyasətinə qarşı çıxmış, qeyri-rus xalqların milli muxtariyyət ideyasını müdafiə etmişdir. Əsədulla bəy yalnız azərbaycanlıların deyil, bütün Rusiya müsəlmanlarının mənafeyini müdafiə edirdi. Belə ki, Rusiyanın digər regionlarında baş verən özbaşınalıqlar barədə hökumətə və duma rəhbərliyinə ünvanlanan sorğularda onun da imzası var idi. Rusiya I Dövlət Duması çar Nikolay tərəfindən buraxıldıqdan sonra Əsədulla bəy Muradxanov Peterburdan Salyana qayıdır, əhali arasında mədəni-maarif işlərini, xeyriyyəçilik fəaliyyətini davam etdirir. Dövri mətbuatda çıxış edir, inqilabdan əvvəl «Brokhauz və Yefron ensiklopedik lüğəti»ndə məqalələri çap olunur.
Əsədulla bəy Muradxanov Salyanda tanınmış Hacı Babaşın qızı Dürsədəf xanımla evlənmişdi. Hamı bu xanıma Qönçəbacı deyərdi. Əsədulla bəyin Əlibəy və Mərdan adlı 2 oğlu, Böyükxanım, Dostuxanım, Nabat, Ayxanım, Ağanənə, Nurcahan adlı 6 qızı vardı. Əsədulla bəyin böyük oğlu Əlibəy məşhur göz həkimi idi. O, bir neçə il görkəmli professor Varşavski ilə Bakıda Mərkəzi Göz Xəstəxanasında işləmiş, sonra Salyana qayıtmışdı. Əsədulla bəyin ikinci oğlu Mərdan Muradxanov isə təkcə respublikamızda deyil, onun hüdudlarından kənarlarda da tanınmış, hörmətli professorlardandır. Azərbaycan pedaqogikasının inkişafında onun müstəsna xidmətləri var. Mərdan Muradxanov 40-dan artıq kitabın, 300-dən artıq elmi məqalənin müəllifidir. Elmi fəaliyyətinə görə Mərdan Muradxanov respublikanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Əsədulla bəy Muradxanov 1926-cı ildə Bakıya köçmüş, Qaraşəhərdə mülki məhkəmənin sədri vəzifəsində çalışmışdır. 1929-cu ildə təqaüdə çıxmışdır. O, 1942-ci ildə Salyanda vəfat etmişdir. Rusiya I Dövlət Duması Azərbaycan parlamentarizminin inkişafında müstəsna əhəmiyyətə malikdir. I Dövlət Dumasının nümayəndələri Azərbaycanda seçilmiş ilk deputatlar olmaqla yanaşı göstərdikləri xidmətlərə və ictimai-siyasi fəaliyyətlərinə görə özlərindən sonra gələn deputatlara sözün əsl mənasında nümunə oldular.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 19 dekabr.- S.13.