İsfar Sarabski Berlində konsert verib
Dekabrın 13-də və 15-də Azərbaycanın
məşhur piano ifaçısı İsfar Sarabski Berlində
iki konsert proqramı ilə çıxış edib. Birinci konsert siyasət aləmindən olan cazsevərlər üçün
Avropa Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən
təşkil olunub, ikinci konsert isə Berlin «JazzRadio»nun tamaşaçıları üçün
keçirilib. AAC-dan
APA-ya verilən məlumata görə, «Qış cazı və siyasət» adlı birinci konsert Çarli nəzarət-keçid məntəqəsi
yaxınlığında, Berlində
yenicə açılmış
«Kuntsşule» klubunda keçirilib. 1904-cü ildə tikilmiş keçmiş «Michaelsen Palais» sarayında yerləşən klubdakı
tədbirə 300 nəfər
qatılıb. 2009-cu ildə Montrö Solo Caz Piano Mükafatını
qazanan İsfar Sarabski iki saata
yaxın çıxış
edib. Onu Makar Novikov və Aleksandr Maşin müşaiyət
edib. Konsertdə
əsasən Sarabskinin
öz kompozisiyaları,
o cümlədən «Yeni
Əsr», «Novruz» əsərləri, Harold Arlenin
«Over the Rainbow» əsəri, Çaykovskinin «Qu gölü», Viktor Yanqın
«Beautiful Love» əsərləri ifa olunub.
«İsfar sadəcə
musiqi ifa etmir — onun ifaları
dinləyicilər üçün
tarixi andır. O, Montrö
Solo Caz Piano Mükafatının
layiqli laureatıdır,
biz onun AAC və «JazzRadio Berlin»in qonağı olmasından qürur duyuruq», — deyə «JazzRadio Berlin»in aparıcısı
Lesli Naxmann təqdimatda bildirib.
İkinci konsert 1920-ci illərdə
tikilmiş «Ellington Hotel»də
«JazzRadio Berlin»in 120 dinləyicisi üçün
keçirilib. AAC-ın mədəniyyət məsələləri
üzrə müşaviri
Sabina Rakçeyeva qeyd
edib ki, İsfar Sarabski Azərbaycanın ən gənc, eyni zamanda ən məşhur caz ifaçılarından biridir:
«Son üç ildə
onun Berlində verdiyi konsertlər çox uğurlu olub. İsfar Avropada bir çox
səhnələrdə və
müxtəlif caz festivallarında çıxış
edib.»
İsfar Sarabskinin argentinalı bəstəkar Astor Piazzollanın
«Oblivion» əsərini özünəməxsus
şəkildə ifa etməsi onun istedadının digər tərəfini nümayiş
etdirib. Konsert tamaşaçıların ifaçını ayaq üstdə alqışlaması
ilə bitib. Hər iki konsert İsfar
Sarabski və onun triosuna Avropanın
aparıcı caz paytaxtlarından birində
öz möhtəşəm
bacarıqlarını nümayiş
etdirmək üçün
geniş imkanlar açıb.
Xalq Cəbhəsi.- 2012.- 19 dekabr.- S.13.