Cənubi Azərbaycanda ana dilində ilk milli məktəblər
O, İrəvanda da müasir tipli dünyəvi məktəb
açmışdı
Elmin, təhsilin
millətin həyatında
necə ciddi rol oynadığı aydındır. Bu mənada
Ə.Amanbəylinin Güney
Azərbaycanda xalqın
maariflənməsində xidmətlər
göstərmiş Mirzə
Həsən Rüşdinin
ömür yolu və yaradıcılığı
ilə bağlı araşdırması diqqəti
çəkir. Həsən
Mehdi oğlu 1851-ci ildə Təbriz şəhərində ruhani
ailəsində anadan olub: «Bu dövrdə ölkə ağır iqtisadi durumdan çıxmağa çalışsa
da, mümkün olmurdu. Çünki islahatların aparılması
ləngidilir, idarəetmə
orta əsrlərdə
olduğu kimi aparılmaqda idi. Savadsızlıq, yoxsulluq, haqsızlıq
baş alıb gedirdi. İlk təhsilini ərəb və fars dillərini
mükəmməl bilən,
dövrünün görkəmli
ziyalısı atası
Molla Mehdidən alan Həsən
də atası kimi mədrəsədə
çalışan bir
ruhani oldu».
1875-1896-cı illərdə İstanbulda Təbrizli Mirzə Nəcəfəli
xan və Ağa Məhəmməd Tahirin nəşr etdiyi «Əxtər» qəzetindəki bir məqalə gənc Həsənin ömür yolunu dəyişir: «İran mətbuatı tarixində ilk mühacir qəzet olan «Əxtər»dəki «Avropada
hər min nəfərdən
on nəfəri savadsız,
İranda isə hər min nəfərdən
on nəfəri savadlıdır.
Bu nöqsan əlifbanın
çətinliyi və
tədris üsulundakı
qüsurlardan irəli
gəlir… İranda da avropasayağı
məktəblər olmalıdır»
fikirləri sanki onu silkələdi. Xarici ölkələrdəki təhsil
sisteminə böyük
maraq göstərən
Həsən atasından
icazə alıb İstanbula getdi. Oradakı məktəblərlə
tanış oldu, Avropada təhsil almış insanlarla görüşdü.
1880-ci ildə Osmalı dövlətinə
daxil olan Beyrut şəhərinə
gedərək Darül-müəllimə
daxil oldu. Burada oxuduğu illərdə o dövrdə
üsuli-cədid (yeni
üsul) adlandırılan
tədris metodu ilə tanış
oldu və Avropa tipli məktəblərin
təşkili, idarə
edilməsi, eyni zamanda «Əlifbanın asan və yeni
üsul ilə tədrisi»ni öyrəndi.
Yenidən İstanbula dönən
Həsən buradakı
elm, maarif və mədəniyyətlə zəngin
mühitdən səmərəli
bəhrələndikdən sonra vətəninə qayıdaraq öyrəndikllərini
tətbiq etməyə,
millətinin balalarını
maarifləndirməyə çalışdı.
Lakın
Təbrizdə onunla həmfikir olanların azlıq təşkil etdiyini, tədrislə məşğul olanların
köhnə metodları
dəyişməz sandıqlarını
gördükdə İrəvan
şəhərində yaşayan
qardaşı Mirzə
Əlinin yanına getməyi qərara aldı. Onun bu qərarı
qəbul etməsi heç də təsadüfi deyildi.
XIX yüzilin ikinci yarısında Arazın sağ sahilindən, yəni Qacarlar dövlətindən
İsmayıl Kazımzadə
və Mirzə Kazım Əsgərzadə
də İrəvana gəlib burada yeni üsullu ana dili məktəbləri
açdılar. 1883-cü
ildə İrəvan quberniyasının mərkəzi
İrəvana gələrək
burada qardaşının
köməyilə müasir
tipli dünyəvi məktəb (özünün
ilk üsuli-cədid məktəbini)
açdı».
Həsənin məktəbdarlıqda başladığı iş
uğurlu alınır:
«İrəvanlılar onu
«Mirzə Həsən»
deyə çağırdılar.
Özü isə ərəbcə
«doğru yolla getmə, boyatma» anlamını verən «Rüşdi» sözündən
«Rüşdiyyə» ləqəbini
götürdü ki, sonralar bu, onun
soyadına çevrildi.
Onun yaratdığı məktəb
qısa müddətdə
xeyli nüfuz qazandı. Avropa metodlarına uyğunlaşdırılmış
bu məktəbdə ana dili ilə
yanaşı, fars, rus və fransiz dilləri, coğrafiya, həndəsə, kimya və s. fənnlər də tədris edilirdi.
Çar Rusiyası işğal etdiyi bölgələrdə
yerli xalqlardan kiçik məmurlar hazırlanmasına böyük
maraq göstərirdi. Mirzə Həsənin
açdığı məktəbdə
hazırlanan kadrlar da çar Rusiyasının
işinə yarandığından
hakim dairələr onun
fəaliyyətini təqdir
etdi, maddi yardım göstərdi, mükafatlandırdı. 1888-ci
ildə Təbrizə
qayıdan Mirzə Həsən burada «Dəbirestani-Rüşdiyyə» və «Mədrəseyi-Rüşdiyyə»
adlı yeni tipli məktəblər açdı. Lakin Rüşdiyyənin
təlim metodlarının
islami prinsiplərə
uyğun gəlmədiyini
iddia edən mühafizəkar din xadimləri
məktəbi bağlatmağa
çalışdılar.
Mirzə Həsən 1893-cü ildə
məktəbi şəhərin
Şeşgilan məhəlləsinə
köçürdü. Bu məktəbdə əsas
dərslər Azərbaycan
Türkcəsində aparıldı.
Dövrün məşhur
ziyalılarından Məhəmmədəli
Tərbiyyət, Əhməd
Müdərris, Hüseyn
Kamal Təbibzadə və b. burada dərs dedi. Şagirdlərin sayı isə
200-ü keçdi. Əksəriyyəti yoxsul ailələrdən olan bu uşaqlar
məktəbdə pulsuz
oxudular. 1894-cü ildə Mirzə Həsən Rüşdiyyə
məktəbdə tədris
etmək üçün
«Vətən dili» kitabını yazaraq Təbrizdə çap etdirdi. Sadə və aydın
dildə yazılan dərslik məktəblilərin
işinə çox yaradı. Altı ayda uşaqlara
yazıb-oxumağı öyrədən
bu dərslik qısa müddətdə
türklər arasında
geniş yayıldı».
1896-cı
ildə Müzəffərəddin
taxta çıxdı:
«O, Mirzə Əli xan Əminüddövləni
sədrəzəm (baş
nazir) təyin edir. Mirzə Həsən 1897-ci ilədək Təbrizdə
yeni üsulla dərs keçilən doqquz məktəb açsa da, ruhanilər onun rahat işləməsinə
imkan vermədilər.
Gah məktəblərini bağlatdılar,
gah da qarət
etdilər. Hətta fitnəkarlıqla
təşkil etdikləri
qəsdlərdə şagirdlərdən
ölən və yaralananlar da oldu. Hətta Rüşdiyyə özü də bir neçə dəfə ağır yaralandı. Əslində bu mübarizə hər şeyi keçmişdəki kimi saxlamağa çalışanlarla
dəyişiklik istəyənlərin
arasındakı ziddiyyətlərdən
doğurdu. Əminüddövlə Azərbaycanda işləyəndə
Mirzə Həsənin
tanıdı və onun fəaliyyətini təqdir etdi. Bilirdi ki, ölkədə yeni tədris üsulunun yayılmasında
Rüşdiyyə məktəblərinin
rolu böyükdür.
Bu məktəblərin Azərbaycan üçün
ən önəmli cəhəti Cənubi Azərbaycanda ana dilimizdə açılan
ilk milli məktəblər
olması idi. Elə buna görə çox vaxt həmin məktəblər
«Rüşdiyyəyi-Milli» də
adlandırıldı. Əminüddövlə Müzəffərəddin Tehrana gedəndən sonra Təbrizdə Mirzə Həsənin başına gətirilənlərdən
xəbərdar olduğuna
görə onu Müzəffərəddin şahın
əmrilə Tehranda üsuli-cədid məktəbi
açmağa dəvət
etdi. Beləcə Rüşdiyyə apardığı maarifçilik
mücadiləsinin yeni
mərhələsinə qədəm
qoydu. Bu hadisə Təbrizin mühafizəkar və mürtəce dairələrində
Rüşdiyyəyə qarşı
qəzəbi daha da artırdı. Mirzə Həsən Tehranda pedaqoji fəaliyyətə
başlayanda oradakı
Mirzə Nəsrulla Məlikül-mütəkəllimin, Yəhya Dövlətabadi və Şeyx Mehdi Kaşani kimi maarifçi ziyalılarla əməkdaşlıq
etdi. Hökumətin yardımıyla həm
paytaxtda, həm də böyük şəhərlərdə oğlan
və qızlar üçün Rüşdiyyə
məktəbləri açdı.
1898-ci ildə təşkil edilən Maarif Əncüməni və Ali Maarif Şurası yaradılmasında
böyük əməyi
olan M.H.Rüşdiyyənin
metodu sürətlə
yayıldı. Ölkədə
açılan yeni üsuli-cədid məktəbləri
bu metoda üstünlük verdi. 1898-ci ilin
iyulunda yeni maarifçi hərəkatın
hamisi olan Əminüddövlənin sədrəzəm
vəzifəsindən kənarlaşdırılması
Rüşdiyyə və
onun kimi maarifçilərin fəaliyyətini
çətinləşdirdi. Vəziyyətin getdikcə pisləşdiyini
görən M.H.Rüşdiyyə
1900-cü ildə həcc
ziyarəti üçün
Məkkəyə yola
düşdü. Oradan da
indiki Suriyanın Şam və başqa şəhərlərinə,
Misirə səfər
etdi, Qafqaza qayıtdı. Uzun səfərdən
sonra yenidən vətənə qayıdan
böyük maarifpərvər
1902-03-cü illərdə Tehranda
nəşr etdirdiyi «Məktəb» qəzetində
ictimai-siyasi məqalələr
yazdı. Təhsilin yenidən
qurulması üçün
elmi-metodiki tövsiyə
hazırladı, dərsliklər
yazaraq çap etdirdi. Məqalələrində təhsilin yenidən
qurulmasına əngəl
olan şah idarəçiliyini kəskin
tənqid etdiyinə, mürtəce dairələrə
qarşı durduğuna
görə onu həbs etdilər, Xorasan vilayətinə sürgünə göndərdilər.
Xalqın Konstitusiya uğrunda
mübarizəsi geniş
vüsət alanda Hacı Mirzə Həsən yenidən Təbrizə qayıtdı,
Şeşgilan məhəlləsində
yenidən məktəb
açmağa müvəffəq
oldu. Məşrutə
hərəkatı fəallarından
olan Rüşdiyyə
yenidən Tehrana dönərək «Rüşdiyyə»
məktəbini açdı,
«Əncüməni tənviri
əfkar» cəmiyyəti
qurdu və «Vətən dili», «Bədayətüt-təlim», «Kifayətüt-təlim»,
«Nehayətüt-təlim», «Təkmelətüs-sərf», «Ana dili», «Əlifbayi-Rüşdiyyə»,
«Üsuli-əqaid və
ya ittihadi-bəşər»
və b. əsərlərini,
dərslikləri nəşr
etdirdi, uşaq şeirləri yazdı». Ə.Amanbəyli sonda bildirir
ki, Mirzə Həsən Rüşdiyyənin
maarif sahəsindəki
çoxsahəli fəaliyyətinə
qızlar üçün
məktəblər açması,
qadın azadlığı
uğrunda mübarizəsi,
korlar üçün
məktəb açması
və onlara yeni oxumaq üsulu
ixtira etməsi də daxildir.
1933-cü ildə təqaüdə
çıxan böyük
maarifçi 1944-cü il dekabrın 10-da, 93 yaşında Qum şəhərində
vəfat etdi. Öləndə vəsiyyət
etdi: «Məni elə yerdə dəfn edin ki, məktəblilər hər gün qəbrimin üzərindən
keçərkən ruhumu
şad etsinlər»".
Uğur
Xalq Cəbhəsi.- 2012.- 18 dekabr.- S.14.