Fərdi ifaçılıq üslubu olan tarzən
Ramiz Quliyev artıq çoxdan özünü
peşəkar kimi təsdiqləyib
Azərbaycan torpağı ta qədimdən, əsrlər boyu xalq arasında sevilən görkəmli xanəndələri, aşıqları və gözəl ifaçıları ilə sayılıb-seçilib. Torpağı nəğmə ilə yoğrulan, Xan, Bülbül, Rəşid, Şövkət, Rübabə xanım kimi milli korifeyləri olan doğma yurdumuzun zəngin xalq musiqisi və musiqi ifaçılarının sənət sehrini nə qədər öyrənsək də, hələ öyrənməli, açılmamış yolları bir o qədər çoxdur.
Musiqi alətlərimizin tacı sayılan tarın ecazkar sehri Sadıq Əsəd oğlunun, Mirzə Fərəcin, Qurban Pirimovun ənənələri ilə, Əhsən Dadaşovun, Adil Gərayın, Bəhram Mansurovun, Hacı Məmmədovun təcrübəsi ilə nəsildən-nəslə keçmişdir. Bu ustadlardan hər biri tarı özünəməxsus tərzdə ifadə edib. Həmin sənətkarların öz sözü, öz dəst-xətti olub. Bunun ən başlıca amili — Azərbaycanda ifaçılıq sənətinin güclü olmasıdır. Bu gün bu sənəti Ramiz Quliyev yaşadır.
Professor Ramiz Quliyev öz ifaçılığı ilə Azərbaycan tarının yeni bir səhifəsini açmışdır, desək, yəqin ki, yanılmarıq. O, sənət aləminə ötən əsrin 70-ci illərində — Azərbaycanda ifaçılıq sərhədlərinin genişləndiyi bir dövrdə gəlib. O zamanlar instrumental tar ifaçılığı sahəsində yeni bir söz demək, yenilik etmək olduqca cəsarətli bir addım idi.
Əvvəla onu deməliyik ki, Azərbaycanda konsert ifaçılığı, irihəcmli əsər məhz Ramiz Quliyevin çalğısında ön sıraya keçdi. Azərbaycan tar ifaçılığı tarixində ilk dəfə məhz professor Ramiz Quliyev müxtəlif orkestrlərin müşayiəti altında solo konsert proqramı ilə çıxış edib. Bu çətin və məsuliyyətli işi ilk olaraq o öz üzərinə götürmüşdür. Dinləyici diqqətini iki-üç saat müddətində təkcə bir alətin səslənməsinə cəlb etmək asan iş deyil. Ramiz Quliyev bu baxımdan, Azərbaycan tar ifaçılığında yeni yollar açmış və o zamandan bəri ifaçılığa yenilik gətirmək, sənətdə özünəməxsus iz qoymaq, tar ifaçılığında yeni yolları tapmaq onun başlıca amalına çevrilmişdir.
İfaçı həmişə çalışıb ki, tar həm orkestr kimi əzəmətlə səslənsin, həm də ayrıca simli və nəfəsli alət səsi versin. Təsadüfi deyil ki, Azərbaycan bəstəkarlarının tar üçün yazılmış konsertlərinin bir çoxunun ilk ifaçısı və redaktoru da məhz elə Ramiz Quliyevdir. Həm də unutmayaq ki, Azərbaycanda orkestrin eyni vaxtda iki tarzəni müşayiət etməsi ənənəsini də Ramiz Quliyev yaradıb. Ramiz Quliyev elə nadir ifaçılar sırasındadır ki, tarzən kimi özünü hər hansı bir formada olursa-olsun, tək, üçlükdə, yaxud orkestrlə birgə ifadə edə bilir. Onun üçün hamısı eynidir. Amma bunların içində ən çətini tək, yəni solist kimi çıxış eləməkdir. Belə olduqda ifaçı dinləyicilərlə təkbətək, üzbəüz qalır. İfaçının diqqəti tarda, hamının diqqəti isə ifaçıda və onun ifasında olur. Daha burada nə kamançanın, nə xanəndənin, nə də orkestrin köməyinə bel bağlaya bilmirsən.
Düzdür, Ramiz Quliyev eyni şövq və məharətlə xanəndələri də müşayiət edir. Lakin solo nömrələrin yeri tamamilə başqadır. Solo ifaçılığında o, yalnız özünəməxsus tərzdə — dərin mahiyyətli lirik çalarları virtuoz bağlantılarla həmahəng formada nümayiş etdirir. Bir alt-üst mizrabla tremolo vurmağı bacaran professor Ramiz Quliyev tar ifaçılığına bunun kimi bir çox digər yeniliklər gətirmişdir.
Solo və müşayiət — ayrı-ayrı sənət qabiliyyətləridir və bu iki sənət qabiliyyəti hər tarzənə də nəsib olmur. İfaçılıq təcrübəsi göstərir ki, çox vaxt musiqi ifaçıları öz bacarıqlarını bu iki istiqamətin yalnız birində müvəffəqiyyətlə ifadə edə bilirlər. Ramiz Quliyev isə öz ifaçılığında onların hər birində əsl sənətkarlıq nümayiş etdirir.
İfaçı həm xalq musiqisinin, həm də klassik irsin ifa olunmasında həqiqətən də ustaddır. O, «Rast», «Orta Mahur» kimi mürəkkəb muğamların ifasında mizrab işlətməyin əhəmiyyətini artıraraq, belə muğamların ifası zamanı melodiyanı zənginləşdirən, ona rəngarəng çalarlar verən yeni-yeni xallar axtarıb tapır. Ümumiyyətlə, R.Quliyev təkcə böyük texniki imkanlara yox, həm də incəlik, xalların cilalanmasını tələb edən ifaya malikdir. Hər iki əlin eyni səviyyədə işləməsi, eyni imkana malik olması R.Quliyev ifaçılığı üçün səciyyəvidir.
Qeyd edək ki, Ramiz Quliyev həm klassik və müasir repertuarın konsert musiqisini, həm də muğamları eyni ustalıqla ifa edir. Zəngin repertuara malik olmaq üçün o, bu günə qədər əsl sənət adamı kimi min bir əziyyətə qatlaşıb. Axı repertuarı hazırlamaq, onu daha da inkişaf etdirmək üçün tək istedad yetmir. İstedadla zəhməti birləşdirmək, sənət bəhrəsini tamaşaçılara çatdırmaq da lazımdır. Sənətdə tələbkar və dəqiqliyi sevən insan kimi, Ramiz Quliyev bu gün çalırsa, sabah ondan daha gözəl ifa etmək bacarmağının tərəfdarıdır. O, əldə etdiyi nailiyyətlərdən əsla razı qalmır, daim məsuliyyət hiss edir.
Tarda xarici musiqini çalmağın özü də yeni hadisədir. Bundan başqa, Ramiz Quliyev qərb və rus bəstəkarlarının əsərlərinə müraciət edərkən, xarici bəstəkarların əsərlərini özününküləşdirir. Lakin bununla kifayətlənməyib, bir növ milli musiqi alətimizin — tarın imkanlarını bütün dünyaya — Avropa musiqiçi və dinləyicilərinə nümayiş etdirir. İfaçının doğru olaraq dediyi kimi, «Xalq çalğı alətləri içərisində tar dünyanın bir çox musiqi alətlərinə meydan oxuyur. Qərb və rus bəstəkarlarının əsərlərinin tarda ifası maraqlı səslənir, ona görə ki, tarın imkanları hədsiz dərəcədə genişdir.
Qərb və rus bəstəkarlarının musiqi əsərlərini tarda çalmaq böyük emosionallıq, məharət, sürətli gəzişmələr, vüsət, ustalıq tələb edir. Bu və ya digər əsərin ifası zamanı R.Quliyevin təqdim etdiyi nüanslar və gəzişləmələr uzun axtarışların məhsuludur. O, ifa etdiyi mürəkkəb əsərləri dinləyici və tamaşaçı müzakirəsinə vermək üçün tələsmir, əsər üzərində ciddi iş aparır. Bunun nəticəsidir ki, onun ifası, çalğısında hər dəfə yeni səslənmələr, yeni xallar, müxtəlif nüanslar eşidirik. R.Quliyev artıq çoxdan bəri fərdi ifaçılıq üslubu, yolu olan bir tarzən kimi özünü təsdiqləyib. Əldə edilən ifaçılıq tərzi ilə heç zaman qane olmayaraq, mövcud ifa tərzlərini təkmilləşdirməyə, onlara yeni çalarlar bəxş etməyə can atıb və texniki cəhətdən yeni ifa tərzini yaratmağa meyl göstərib. Lakin Ramiz Quliyev haqqında bir tək ifaçı kimi söz açmaq kifayət etmir.
Professor R.Quliyevin elmi-pedaqoji sahədə fəaliyyəti də eyni dərəcədə məhsuldardır. O, 1962-ci ildən bu günə qədər müəllimlik fəaliyyətindədir. R.Quliyevin çoxlu tələbələri olub, bu gün də vardır. O, uzun illər Bakı Musiqi Akademiyasının xalq çalğı alətləri kafedrasına rəhbərlik edərək, tədrisin inkişafında özünəməxsus rolu olub. Tələbələri onun uğurlarıdır. Bu gün sənət aləmində onun tələbələri Azərbaycanın şah aləti tarın yüzlərlə carçılarıdır. Bu, Ramiz Quliyev üçün böyük sevincdir.
Qeyd edək ki, R.Quliyevin sinfində təhsil alan tələbələr bu gün televiziyada tez-tez çıxış edirlər, respublikanın aparıcı musiqi tədris ocaqlarında çalışırlar. Bir çox tələbələri isə xarici ölkələrdə işləyir, Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini təbliğ edir. İstedadlı pedaqoq öz biliyini, ifaçılıq məharətini yorulub-usanmadan tələbələrinə öyrədərək, onlara sənətə məhəbbət hissi aşılayır və deyir: «Biz keçmişimizə, ulu babalarımıza minnətdar olmalıyıq ki, musiqimizi qoruyub saxlaya biliblər. Biz də çalışmalıyıq ki, musiqimizi bütün incəliklərinə qədər gənclərimizə öyrədək, sevdirə bilək. Dünyada ikinci belə aydın, gözəl, ürəyəyatan musiqi görmürəm».
Oktay
Xalq Cəbhəsi.- 2012.- 20 dekabr.- S.14.