Kələzağ yaşayış ərazisi

  Bu kənddə turizm üçün dəyərli ola biləcək abidələr var

 

XIV-XVIII əsrlərə aid arxeoloji tədqiqatlar göstərir ki, Abşeronda indi mövcud kəndlərdən əlavə daha bir yaşayış məskəni olub. Kələzağ adlanan bu kənd Abşeron yarımadasının şərqində dəniz sahilindən 1-2 km aralıda yerələşən yaşayış məntəqəsidir. Tədqiqatçıların fikrincə, Kələzağ yaşayış ərazisi IV minilliyə aid edilərək qədim tarixə malikdir. Bakı kəndləri içərisində Kələzağın iqtisadi inkişafı XVI əsrdə baş verib. Burada daşları qalaqlanan məscidin XV və ya XVIII əsrlərə aid edilməsi Şirvanşahlar saray kompleksinə uyğun memarlıq elementlərinə oxşarlığı ilə xarakterizə etmək olar.

Suraxanı kənd sakinləri uzun müddət bu yeri qışlağ kimi istifadə etdikdən sonra daimi məskunlaşıblar. Tarixi faktlara əsaslanaraq Kələzağ adlı qışlaq sahəsinin Bakının Suraxanı kənd əhalisinə məxsus olduğunu qeyd etmək olar. Bu haqda etnoqrafiktarixi mənbələrdə də ətraflı məlumat var. XX əsrin 50-ci illərinə qədər Kələzağ ərazisində yaşayan əhalinin təsərrüfatı, xırman yerləri, icma torpaqları kolxozların hesabına keçdi. Hökumətin bu addımından sonra müflisləşən sakinlər qışlaqdan, doğma kəndlərinə — indiki yeni Suraxanı qəsəbəsinə köç edirlər. Xarabalığa çevrilən Kələzağ ərazisi isə sovet ordusunun hərbi poliqonuna çevrilir. XIX əsrin 30-cu illərində Çar İmperiyasının tərtib etdiyi arxiv sənədlərində Suraxanı əhalisinin qışlaqları içində Kələzağda 50 xalvarlıq əkin sahəsinin olduğu qeyd edilir.

Hazırda Kələzağda orta əsrlərə aid bina və tikintilərin qalıqları, yeraltı mağaralar, xırman yerləri, qəbiristanlıq və digər etnoqrafik baxımdan maraqlı abidələr var. Arxeoloji baxımından ərazi böyük əhəmiyyət kəsb edir. AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun Abşeron üzrə elmi ekspedisiyasının rəhbəri İdris Əliyevin başçılığı ilə arxeoloji qazıntı işləri aparılıb. Onun bildirdiyinə görə, burada nəinki orta əsr, həm də e.ə IV minilliyə aid yaşayış məskəni aşkar edilib. Qayaüstü rəsmlər, daş üzərində oyuqlar ərazinin elmi baxımından maraqlı olduğunu təsdiq edir. Türkan-Hövsan sahəsində qazıntılar zamanı erkən tunc dövrünə aid edilən, yəni, daşdan və sümükdən hazırlanan əmək alətləri, daşla hasara alınmış yaşayış yeri, saxsı və keramikadan hazırlanan qablar tapılıb. Tapıntılar əsasən Abşerona xas olan maddi-mədəniyyət nümunələridir. Həmçinin, ərazidən dördkünc və dairəvi evlər aşkar edilərək torpağın altından çıxarılıb. Daşlar üzərində insan, heyvan rəsmləri və təqvimə oxşar nöqtələr təsvir olunub. Eyni zamanda saxsı küp içərisindən aşkar edilən duz qalıqları da qiymətli tapıntı hesab oluna bilər. Bu Abşeronda yaşayan əhalinin erkən tunc dövründə duzdan geniş istifadə etdiyini sübut edir.

Tarixi faktlara əsasən XVII əsrdə Qafqaza hücum edən rus ordusu I Pyotrun əmri ilə ilk dəfə Abşeronun şərqinə, yəni Kələzağ-Dübəndi yaxınlığında sahilə çıxıblar. Burada zamanın sınağından çıxmış kənd xarabalıqları ilə yanaşı həm də əncir, tut ağacları da var. Yaşlı kənd sakinlərinin dediyinə görə, bu kənd vaxtilə tut, əncir, nar, şanı üzüms. ağacları olan «böyük bağ» olub. Əhali maldarlıq, bağçılıq və təsərrüfatla məşğul olub. Yaşayış evlərinin qalıqları, həyətlərdəki iri qayalarda müxtəlif ölçülərdə üzüm sıxmaq üçün oyuqlar, yeraltı mağaralar, təsərrüfat və su quyuları kimi maraqlı tarixi obyektlər Kələzağın vaxtilə inkişafda olmuş iqtisadiyyatından xəbər verir. Burada sərdabə qəbirlərlə zəngin orta əsrlərə aid qəbristanlıq da olub. Təəssüf ki, qəbristanlığın tarixini əks etdirən qəbir daşlarının hamısı qalmayıb.

Suraxanı kənd yaşlılarının söylədiyi rəyavayətə görə, Abşeronun şərqində olan ərazilər, eləcə Kələzağ əvvəl Şirvan, sonralar isə Bakı xanlarına məxsus olub. Yaşlı nəslin bildirdiyinə görə, xanlardan biri döyüşlərin birində göstərdikləri şücaətə görə Suraxanı camaatına pul təklif edir. Onlar isə puldan imtina edərək əvəzində bu torpaqların qışlaq kimi istifadə edilməsini xahiş edirlər. Hadisənin dəqiq tarixi məlum olmasa da qeyd etmək lazımdır ki, Suraxanı kənd sakinləri buranı 250 ildən çox qışlaq kimi istifadə ediblər.

Kələzağ qəbristanlığının ərazisində dağılmış vəziyyətdə olan məscid maraqlı memarlıq abidəsi kimi diqqət cəlb edir. Tikili üslubuna görə Şirvanşahlar dövrünə aiddir. ArxeologiyaEtnoqrafiya İnstitutunun ekpedisiyası zamanı məsciddə tədqiqat aparılıb. Müşahidələr nəticəsində məlum olub ki, tikilinin yalnız şimal divarı nisbətən salamat vəziyyətdədir. Üst tavan daşları və yan divarlar məscidin içinə dağılıb. Abidənin daxili və ətrafındakı iki metr ərazi, eləcə də giriş qapısının sol tərəfində ibadət üçün qoyulan daş lövhə — mehrab torpaqdaşlardan təmizlənib. Qeyd edək ki, lövhə iki ədəd səkkiz güşəli gül və stalaktitlə bəzədilib. Qazıntı nəticəsində orta əsrlərə aid saxsı qırıqları, saxsı qəlyan və 1855-ci ilə aid mis iki qəpiklik pul tapılıb. Bunlardan əlavə töküntülər arasından başdaşı qırıqları, ərəb hərfləri ilə yazılan dördbucaqlı daş lövhə aşkar olunub. Məscidin döşəməsini örtmüş torpaq çıxarılandan sonra mehrabın önündə yeddi ayrı-ayrı daş plitələr aşkarlanıb. Tədqiqat daş plitələrin qəbirlərin örtük plitələri olduğunu göstərib. Belə ki, məscidin ərazisində yeddi qəbirin yerləşdiyi bəlli olub. Qəbirlərin araşdırılması məqsədi ilə iki qəbrdə qazıntı işləri aparılıb.

Tədqiqatçı arxeoloq İdris Əliyevin bildirdiyinə görə, qəbirlər toxunulmamış vəziyyətdə olub. Birinci qəbir giriş qapısından sağda, qəbirlərin üçü isə solda yerləşib. Tədqiqatın aparıldığı birinci qəbirdə 35-40 yaşlı qadın skeleti aşkarlanıb. Skeletin kəllə və çiyin sümüklərində qırmızı boya qalıqları müşahidə edilib. İdris Əliyev bunun xına qalıqları olduğunu güman edir. Skeletin qabırğa və boğaz hissəsindən kəfənin sancaqlanması üçün istifadə edilmiş kiçik ölçülü nazik, mis iynələr aşkarlanıb. Məscid məqbərənin qapısından solda yerləşmiş qəbirdəki meyit isə taxta qutuda dəfn edilib. Birinci qəbirdən fərqli olaraq burada 40-45 yaşlarında uca boylu, cüssəli şəxs dəfn edilib. Uzunluğu 195 sm olan skletin üzərində taxta qutunun çürüntüləri müşahidə edilib. Məzarda həmçinin taxta qutunun dəmirdən hazırlanmış mismarları da tapılıb. Yəni məzarda yatan insanlar islam adətlərinə uyğun olaraq dəfn edilib. Maraqlıdır ki, 1946-cı ildə Şirvanşah saray kompleksində aparılan arxeolji tədqiqatlar Şirvanşah ailəsi üzvlərinin taxta tabutlarda dəfn edildiyini aşkarlayıb. Adıçəkilən abidə uzun müddət məscid kimi qeyd olunsa da faktiki olaraq məqbərədir. Beləliklə XVI əsrin əvvəllərində inşa edilmiş abidə-məqbərə yüksək təbəqəyə — çox güman ki, Şirvanşa nəslinin sonuncu nümayəndələrinin ailə üzvlərinə aiddir.

Burada həm memarlıq, həm də arxeoloji abidələr mövcuddur. Əksəriyyətinin hələ də tədqiqata ehtiyacı var. Ərazidə geniş miqyaslı tədqiqat aparmaq, yeni materiallar əldə etmək

Abşeronun qədim tarixini öyrənmək istiqamətində Kələzağ ərazisi dəyərli bir tarix mənbəyi kimi çox müəmmalı və sirli suallara cavab verə bilər. Orada yeni tədqiqatlar da nəzərdə tutulub. Gələcək illərdə ArxeologiyaEtnoqrafiya İnstitutu bu istiqamətdə fəaliyyəti davam etdirəcək. Əsas məqsəd abidənin ilk növbədə qorunmasını təmin etməkdir. Ərazidə geniş tədqiqat işləri aparılsa turizm üçün dəyərli sayıla biləcək bir çox yeni-yeni abidələr aşkarlana bilər.

 

Ülviyyə Tahirqızı

Xalq Cəbhəsi.- 2012.- 20 dekabr.- S.13.