Oğuz eposunda Təpəgöz
obrazı
İslam Sadıq: «Təpəgöz motivi «Odisseya» yazılana kimi yunan folklorunda
mövcud olmayıb»
Məşhur «Dədə Qorqud kitabı»nın qədimliyimizin ciddi, köklü sübutlarından olması ilə bağlı araşdırmalar artdıqca həm də bu yöndə bəşərin başqa ilkin mifoloji yaddaş soraqları, motivləri ilə müqayisələr də artır, maraqlı qənaətlərə gəlinir. Araşdırmaçı İslam Sadıq dastandakı Təpəgöz surətinə diqqəti çəkir, qənaətlərini bölüşür: «»Dədə Qorqud kitabı»nı araşdıran alimlərin əksəriyyəti Təpəgöz surətinin mənşəyi ilə dərindən maraqlanıb, məsələnin bu cəhətinə xüsusi diqqət yetirib, apardıqları müxtəlif paralellər və müqayisələr əsasında müəyyən fikirlər söyləyiblər. Təpəgöz süjetinin mənşəyindən yazan Avropa, rus və türk qorqudşünaslarının əsərlərində başlıca olaraq iki mövqe nəzərə çarpır: bu süjet Oğuz mənşəlidir. Yunan siklopu ilkin qaynaq deyil. Yunanlar onu Oğuzlardan götürüblər. Başqa möveyə görə bu süjet yunan mənşəlidir. Oğuz süjeti yunanlardan götürülüb. Burada adları sadalamağa ehtiyac yoxdur. Qısaca demək olar ki, birinci tezisin tərəfdarları daha çox Oğuz eposunun və yunan poemasının mətnlərinə istinad edirlər. İkinci tezisin tərəfdarları isə mətnlərdən daha çox ayrı-ayrı avtoritetlərin söylədiklərinə və yunanların qədimliyi haqqında elmdə kök salmış yanlış fikirlərə söykənirlər. Hər hansı məsələnin həllində düzgün nəticə çıxarmaq üçün ən zəngin material mətnlərin özündədir və onlara müraciət etmək daha doğru üsuldur».
Araşdırmaçının fikrincə, Təpəgöz obrazının və onunla bağlı süjetin mənşəyini aydınlaşdırmaq üçün birinci növbədə bilmək lazımdır ki, «Odisseya» yazılı kitabdır. Bu motiv həmin kitab yazılana qədər yunan folklorunda mövcud olmayıb, yəni yunan folklorunda onun sələfi yoxdur. Bu süjet başqa bir qaynaqdan birbaşa kitaba gəlib. Heç bir şübhə yoxdur ki, Təpəgöz süjeti yunan kitabından Oğuz yaddaşına keçib, bu qədər geniş coğrafiyada yayılıb, cürbəcür variantların, versiyaların yaranması ilə nəticələnə bilməzdi. Əvvəla, «Dədə Qorqud» eposu yarandığı dövrdə kitab hələ nəinki Oğuz cəmiyyətinə, heç başqa cəmiyyətlərə də indiki şəkildə daxil olmamışdı. Həmin dövrdə hər hansı bir süjetin kitabdan alınıb xalq içərisində bu qədər geniş yayılması və özündən çoxlu budaqlar, şaxələr verməsi sadəcə, ağlabatan deyil. Digər tərəfdən, kitabların əllə köçürüldüyünü, nadir nüsxələr şəklində olduğunu da nəzərə almaq lazım gəlir.
Herodot bu süjeti yunanların iskitlərdən (əslində onlar quşçu tayfalarıdır) eşitdiklərini çox açıq şəkildə söyləyib: «İssedonlar haqqında bizdə beləcə bilgi var. İssedonların özlərinin söylədiklərinə görə, onlardan yuxarılarda taygöz adamlar və qızıl güdən qriflər yaşayırlar. İskitlər bu haqda bilgini İssedonların dilindən verirlər, biz də bunları və başqa bilgiləri iskitlərdən öyrənib, onları iskitcə arimasp adlandırırıq: iskitlərdə «arima»-tək, «spu»-göz mənasında işlənir». Deməli, yunanlar taygözün adını da iskit dilindən götürüblər. Skiflərlə oğuzlar isə qohum tayfalardır. Skiflərin ayrı-ayrı qaynaqlarda işquz/aşquz adlanmaları da onların qohumluğunu göstərir. Ş.Cəmşidov yazır ki, Ön Asiyadakı skiflər «Aşquz» və «işquz» şəklində iki hissədən ibarət olub. «İşquz» əslində «İç oğuz» deməkdir. Ukraynanın cənub rayonlarındakı qədim skif təpələri indi də «Oğuz təpələri» adlanır. A.Strabon da yazırdı ki, «Homer təkgöz siklop motivini skiflərin tarixindən götürüb». Ellin ədəbiyyatında, məsələn, Feokritdə Polifem tamamilə dinc yaşayan, insanlara düşmən olmayan və insan əti yeməyən bir çobandır. Deməli, ellin ədəbiyyatındakı polifemlər heç bir vəchlə «Odisseya»dakı Polifemin əcdadı sayıla bilməz. Bütün bu faktlar Təpəgöz süjetinin yunan mənşəli olmadığını, yunan ədəbiyyatına kənardan-türklərdən gəldiyini aydın göstərir.
Bu süjet Yunanıstana iki yolla aparıla bilərdi: 1) Homer Türkiyənin İzmir şəhərində doğulmuşdu, türklərin əhatəsində böyümüş, bu süjeti orda eşitmişdi; 2) İskitlərlə ünsiyyətdə olan yunanlar süjeti onlardan eşidib yaddaşlarında Yunanıstana aparmışlar. Hər iki hal süjetin türk mənşəli olduğunu təsdiqləyir. Bunu təsdiqləyən digər faktlar da var.
«Dədə Qorqud» eposunun və «Odisseya» poemasının müqayisəli təhlili «Odisseya»dakı Polifem süjetinin ilkin variant olmadığını təsdiqləmək üçün kifayətdir. Onlardan bir neçəsinə diqqət yetirmək olar: Odissey bu taygözlərin kim olduğunu bilmir; Odissey polifemi öldürmək məqsədilə onun yanına getmir. Basatın isə yeganə məqsədi Təpəgözü öldürməkdir. Odisseyin Polifemlə görüşü tamamilə təsadüfi bir haldır. Bu da o deməkdir ki, Odisseyin Polifemlə görüşü «Odisseya» poemasının süjetində elə mühüm yer tutmur. Bu görüş olmasaydı belə poemanın süjetində heç nə dəyişməzdi. Basatın Təpəgözlə görüşündə isə təsadüf yoxdur. Bu da o deməkdir ki, Basatın Təpəgözlə görüşü eposun süjetində mühüm yer tutur və bu səhnənin ixtisara salınmağını düşünmək belə mümkün deyil. Bu görüşün yoxluğu bütövlükdə boyun yoxluğu deməkdir. Odissey Polifemin kim olduğunu yalnız onun mağarasında özünü görəndən sonra başa düşür. Polifem onlardan kim olduqlarını soruşur. Odissey bunu belə deyir:
O, bunları soruşanda ürəyimiz əsdi tir-tir,
Qorxunc səsi, bəd görkəmi vahiməyə saldı bizi.
Basat isə Təpəgözün kim olduğunu onu görməmişdən bilir. Onu görəndə də heç bir qorxu hiss eləmir. Odisseyi Polifemin mağarasına öz şəxsi marağı, iştahı və s. çəkib aparır. Onu xalqın taleyi düşündürmür. Hətta Polifem mağarada Odisseyin gözlərinin qabağında onun yoldaşlarından dördünü yeyir, o da baxır. Basatı isə Təpəgözü öldürməyə öz şəxsi marağı sövq etməyib. «Oğuz Təpəgözün əlində zəbun olur». Basat da Oğuzu ölüm təhlükəsindən qurtarmaq məqsədilə Təpəgözlə təkbətək döyüşə gedir. Onu bu döyüşə xalqın, etnosun taleyi məcbur edir. Odisseydən fərqli olaraq Basat qaçmağı düşünmür. Təpəgözü öldürməyin, yenməyin yollarını axtarır və tapır. Basat türk epik düşüncəsində yeni bir alp tipinin obrazı kimi meydana çıxır; Odissey Polifemin gözünü çıxartsa da, onu öldürə bilmir. Burada Odissey heç bir qəhrəmanlıq göstərmir. Bu səhnənin olub-olmaması Odisseyin həyatı üçün heç bir əhəmiyyət kəsb etmir. Basat Təpəgözü öldürür. Bu səhnədə Basatın qəhrəmanlığı özünün kulminasiya nöqtəsinə yüksəlir. Basatın həyatının bütün mənası isə bu səhnə ilə bağlıdır; Odisseyin mağaradan çıxmaq epizodu qətiyyən real görünmür. Odissey görür ki, Polifem qoyunları bir-bir əlilə yoxlayıb mağaradan çölə buraxır. Bunu görə-görə bir yunlu qoyunun qarnının altından sallanıb (onun yunundan yapışaraq) mağaradan çıxmağı ağılabatan deyil. Basat isə iri qoçlardan birini soyub onun dərisinə girir. Təpəgöz qoçun buynuzlarından yapışıb onu yoxlayarkən dəri buynuz qarışıq Təpəgözün əlində qalır, Basat cəldliyinin hesabına sivrilib mağaradan çıxır. Odissey Polifemin sürüsünü də yığıb aparır. Basat Təpəgözün bircə heyvanına belə gözünün ucuyla baxmır. Onu düşündürən yeganə məsələ Oğuzu bu bəladan qurtarmaqdır.
Bu deyilənlər aydın göstərir ki, «Odisseya»dakı süjet ilkin variant ola bilməz. Birincisi, V.F.Millerin və V.Qrimmin qeyd etdikləri kimi, bu süjet Odisseyin digər səfərlərinə süni şəkildə zorla pərçimlənib. İkincisi, «Odisseya»dakı süjetin «Dədə Qorqud kitabı»ndakına nisbətən primitivliyi göz qabağındadır. Bu da onun nəticəsidir ki, süjet Şərq düşüncəsindən Qərb düşüncəsinə ötürülərkən yaddaşlarda çox güclü təhriflərə uğrayıb. Ola bilsin ki, nağıl Yunanıstana peşəkar nağılçılar yox, naşı, təsadüfi adamlar tərəfindən aparılıb. Təpəgöz və Polifem obrazlarının, həmçinin onlarla bağlı süjetin mənşəyini düzgün müəyyənləşdirmək üçün istinad ediləcək ən əhəmiyyətli faktlardan biri Təpəgözün oğuzlarla, Polifemin isə yunanlarla bağlı olub-olmamasıdır. Təpəgöz obrazı və boyun süjeti başlanğıcdan sona qədər yalnız oğuzlarla bağlıdır».
Araşdırmaçı düşünür ki, Odissey obrazında folklor üçün xarakterik olmayan əlamətlər də var: «Onun başına gələnlərin hamısı öz tamahkarlığı, acgözlüyü və hərisliyi ucbatından baş verir. Poemada xalq ruhunun, onun ideallarının, arzu, duyğu və həyatının ifadəsi yoxdur. Odisseyin əməllərində kollektiv şüurun, xalq təfəkkürünün təcəssümü görünmür. Bütün bunlar isə xalq yaradıcılığı üçün vacibdir. Homer tərəfindən götürülmüş motivlər poemanın ümumi süjetinə uyğunlaşdırıldığından, onlardakı folklor elementləri yazıçı təxəyyülünün yaratdığı səhnələrin arxa planında qalıb.
Aparılan paralellər nəticəsində Polifem obrazının yunanlarla bağlılığını göstərən xırda bir detal da tapılmayıb. «Dədə Qorqud kitabı»ndakı Oğuz-Təpəgöz ilişgilərinə aid süjet elementləri yunan poemasında yerli-dibli yoxdur. Ona görə də Polifem obrazını yunanlarla bağlamaq mümkün deyil. Onda bir sual ortaya çıxır: Homer Polifem obrazını niyə yaradıb, yaxud poemaya daxil edib? Burada iki variant ola bilər: birinci, Odisseyin gücünü, qüvvəsini, qəhrəmanlığını göstərmək üçün. Polifemlə qarşılaşmada bunları görmək olmur. İkincisi, insanın qeyri-adi varlıqlardan üstünlüyünü göstərmək üçün. Poemada bu da yoxdur. Deməli, poemada Polifem obrazının yeri və daşıdığı funksiya bəlli olmur. Ona görə də onun mənşəyi, atası-anası və nə cür doğulması, yunanlarla bağlı olub-olmaması Homeri maraqlandırmayıb.
«Dədə Qorqud
kitabı»nda isə Təpəgöz təsadüfi obraz deyildir. Onun eposda birbaşa funksiyası var. Bilmək lazımdır ki, epos xalqın özü tərəfindən yazılmış
tarixidir. Eposda xalqın həyatı
bütün incəliklərinə
qədər ifadə olunur. Hər bir milli epos
onu yaradan xalqın tarixini, mədəniyyətini, adət-ənənələrini,
əxlaqını, dünyagörüşünü,
psixologiyasını, etnosiyasi,
etnososial, etnoiqtisadi, etnomədəni görüşlərini,
bir sözlə, bütün yaşam tərzini ehtiva edir. Təpəgöz obrazının hansı
məqsədlə yarandığı
məsələsinə də
bu kontekstdən yanaşmaq lazımdır.
«Dədə Qorqud»
eposunda Təpəgözün
doğulma səhnəsi
ona görə bütün genişliyi ilə təsvir edilib. Onun atası Sarı
çobandır, Oğuzdur,
anası pəri qızıdır, Oğuzdan
deyil. Obrazın, süjetin və
bütövlükdə boyun
indiyə qədər
açılmamış sirrinin
açarı məhz
buradadır. Homerin «Odisseya»
poemasında bu hissə olmadığına
görə, onun açarı da yoxdur. Beləliklə, yuxarıdakı araşdırmalardan sonra Təpəgöz süjetinin
mənşəyi haqqında
son sözü söyləmək
olar. «Dədə
Qorqud kitabı» ilə Şumer
mətnləri arasındakı
oxşarlıqlar bütövlükdə
belə bir qənaətə gəlməyə
əsas verir ki, Təpəgöz obrazının tarixi çox qədimdir, yunan mənşəli deyil. Doğuluşundan ölümünə qədər bütün həyatı Oğuzla bağlı olan Təpəgöz obrazının
və onunla bağlı süjetin Oğuz eposuna kənardan gəlmə ehtimalı çox azdır, bəlkə də yox dərəcəsindədir.
Əksinə, doğuluşundan ölümünə qədər
həyatı yunanlarla
qətiyyən bağlı
olmayan Polifem obrazının və onunla bağlı süjetin kənardan alınma ehtimalı daha böyükdür.
Yuxarıda deyilənlər aydın
göstərir ki, Təpəgöz obrazı
və onunla bağlı süjet türklərdən yunanlara
keçib. Homer Türkiyənin İzmir şəhərində doğulub
yaşayıb, türk
xalq yaradıcılığı
ilə yaxından tanış olub, bu süjeti türk folklorundan götürüb öz eposuna daxil edib».
Uğur
Xalq Cəbhəsi.- 2012.- 22 dekabr.- S.14.