Arif Məlikovun İkinci Simfoniyası

 

Məlum olduğu kimi, Azərbaycan bəstəkarlarının musiqisində ostinatlıq ən mühüm inkişaf üsulu və hətta formayaradıcı prinsipdir. Onların yaradıcılığında ostinatlıqla şərtləşdirilmiş proseslər nəinki XX əsr musiqi incəsənətinin ümumi təmayülü ilə, ilk növbədə çoxəsrlik milli ənənələrlə bağlıdır. Deyilənlərdən aydın olur ki, hər Azərbaycan bəstəkarının irsi şifahi ənənəli Azərbaycan musiqisinin dərinliyindən irəli gələn ostinatlıq prinsipinin müxtəlif təzahürləri üçün geniş bir sahədir. Bunun çox parlaq nümunəsi Arif Məlikovun yaradıcılığıdır. Qeyd etdiklərimizin təsdiqi üçün bəstəkarın İkinci Simfoniyasının təhlilini nəzərinizə təqdim edirik.

Arif Məlikovun İkinci Simfoniyası — bəstəkarın ən parlaq cəhətlərini özündə cəmləşdirən və novatorluqla seçilən çox özümlü bir əsərdir. İşıqlandırdığımız mövzu ilə əlaqədar qeyd edək ki, ostinatlıq prinsipinin çoxçeşidli formaları burada müxtəlif miqyasda və kifayət qədər geniş özünü büruzə verir: bunlar həm tək intonasiya vahidliyinin təşkili, həm də ayrıca hissə çərçivəsində bütöv kompozisiyanın qurulması səviyyələrində həyata keçirilir. 1969-cu ildə yaradılmış simfoniya parlaq və özünəməxsus bir əsər olaraq, milli musiqininmüasir bəstəkarlıq təfəkkürünün sintezi nəticəsində əmələ gəlmişdir. Ostinatlıq prinsipləri isə əsərin milli spesifikasının ən parlaq və açıq təzahürləri olmuşdur, çünki Azərbaycanın şifahi ənənəli musiqisinin ən tipik cəhətləri ilə bilavasitə bağlıdır. Belə ki, ostinatlıq, məlum olduğu kimi, Azərbaycan musiqisinin bütün janrlarında əhəmiyyətli və samballı yer tutur, o cümlədən: xalq mahnılarında, rənglərdə, təsniflərdə, aşıq yaradıcılığında və nəhayət, fundamental janr olan muğamda.

Arif Məlikovun İkinci Simfoniyası quruluşuna görə qeyri-adidir: o, intonasiya cəhətdən bir mövzu ilə bağlı olan altı yığcam hissədən ibarətdir. Söhbət açdığımız problemlə əlaqədar olaraq biz, polifonik və xüsusilə ostinatlıq çoxsəsliyinin aşkar edilməsi nöqteyi-nəzərindən nümunəvi olan İkinci Simfoniyanın bəzi fraqmentlərinə diqqət yetirməyi qərara aldıq. Ostinatlıq əlamətləri olan konkret nümunələrə müraciət edək.

Bunu da qeyd edək ki, Arif Məlikovun İkinci simfoniyasında ostinatlıq mühüm formayaradıcı amil olur, çünki əsərin bədii-dramaturji təşəkkülü çox vaxt ostinatlığın xüsusiyyətlərinə istinad edirburada öz fərdi təcəssümünü alır. Hazırda söhbət simfoniyanın ikinci hissəsindən — mis nəfəs alətləri üçün skersodan gedir. Ostinatlıq bu hissədə nəinki bir konstruktiv, texnoloji üsul kimi tətbiq olunur, hətta musiqidə bədii-məzmunlu başlanğıcı müəyyən edir. Burada parlaq kulminasiyaya doğru şiddətlənən hərəkətdən sonra dinamika yenidən tədricən azalır. Xüsusilə qeyd etmək lazımdır ki, bu prosesdə səslənmənin qatılaşma və sıxlaşdırılması yolu ilə gedən inkişaf ostinatlıq prinsipinə istinad edir. Bu isə mis-nəfəs tembrlərinə (valtorna, truba, trombontuba) həvalə edilmiş bir neçə tematik cəhətdən dolğun xətlərin bir-birinin üzərinə əlavə olunmasında öz ifadəsini tapır. Mis nəfəs alətlərindən başqa orkestrin tərkibinə litavralar, üç tam-tam, kiçikböyük təbillər daxil edilmişdir.

İndi isə kompozisiyanın müxtəlif musiqi-ifadəli səviyyələrində tətbiq olunan ostinatlıq prinsipinin «işləməsini» bilavasitə nəzərdən keçirək. İkinci hissənin ilk dörd xanəsində zərb alətlərində ostinato şəklində ifadə edilmiş metro-ritmik düstur formalaşır. O, bütün hissə boyu təkrarlanan litavraların sekundalı «salxımları» ilə birgə zərb qrupunun ritmik kompleksində özünü reallaşdırır. Onun üzərinə tədricən mis nəfəs alətlərinin solo partiyalarındakı tematik törəmələr qat-qat qoyulmağa başlanır. Bununla belə həmin tematik «törəmələr» müəyyən intonasiya yaxınlığına malikdir və səkkizliklərlə daimi hərəkətin ostinatlı ritmik nəbzinə tabe olurlar. Onların hamısı musiqi materialının seriyalı təşkilinə əsaslanır və xromatizmləşməni interval gedişləri ilə birləşdirən melodiyanın müxtəlifyönlü hərəkətini özlərində cəmləşdirirlər. Hətta daha çox həmin mövzu — «özəklər» (cəmi 8) eyni müddət ərzində davam edirümumi hesabda bir xanə yarım həcmində yer tuturlar. Onlar asanlıqla güclü bölümdən zəif bölümə keçirsonralar hərəkətin ümumi formalarının vahid axınına çevrilirlər. Mövzuların bu cür ardıcıllığından skersonun özünəməxsus və təkraredilməz kompozisiya quruluşu yaranır. Həmin quruluş partitura səslərinin ostinato cəmləşməsinin müxtəlif tipləri vasitəsilə ümumi tematik kompleksdə öz əksini tapır.

Orkestr toxuması doqquz səsdən ibarətdir. Bura hərəsi öz mövzusuna malik olan iki cüt valtorna, üç truba, üç trombontuba daxildir. Qeyd edək ki, mövzular növbə ilə müxtəlif alətlərdə səslənir və sonradan üst-üstə qatlaşır (rəqəmlər 10-11). Əvvəlcə trubalara valtornaların iki qrupu, sonra ayrı-ayrılıqda üç trombontuba da (12 rəqəmindən) qoşulur.

Kulminasiya anında (rəqəm 12) faktura son dərəcə qatılaşır (bütün doqquz səs), səslənmə gücü isə maksimal dərəcəyə çatır. Sonradan alətlərin səslənməsinin tədricən kəsilməsi sayəsində dinamika azalır: əvvəlcə tuba, sonra trombonvaltornalar və nəhayət, trubalar sıradan çıxarılır. Burada, birinci bölmədə olduğu kimi, lakin digər ardıcıllıqda solo mis qrupunda ikinci hissənin strukturunu tamamlayan mövzular təkrarlanır.

Bəstəkar olduqca bitkin və mütənasib forma yaradır. Onun əsasına fəaliyyət enerjisinin ümumi artma və azalması dramaturji prinsipi qoyulmuşdur. Aydındır ki, bu cür aspekt ikinci hissənin ifadəli-intonasiya mahiyyətinə öz gözəçarpan təsirini göstərir. Ön plana üfüqi xəttin qurulması və tematizmin şaquli təşkili səviyyələrində qabarıq şəkildə özünü büruzə verən ostinatlıq olduğu kimi çıxır. Məhz ostinatlıq burada formanın bədii-ifadəli imkanlarını daha da dərinləşdirir. Belə ki, doqquz səsin hər partiyasının tematik məzmunu öz intonasiya özəyinin çoxsaylı təkrarlamasından başqa heçdeyil. Bununla yanaşı həmin təkrarlamaların sayı fərdi xarakter daşıyır və müvafiq surətdə səslərin daxil olması və sıradan çıxarılması ilə müəyyən edilir.

İkinci simfoniyasının ağac nəfəs alətləri üçün yazılmış beşinci hissəsi də bir çox səslərin cəmləşməsində ostinato üsüllarının aşkara çıxarılması nöqteyi-nəzərindən diqqətəlayiqdir. Aydındır ki, seçdiyimiz mövzu kontekstində beşinci hissənin kompozisiyasında həm açıq, həm də vasitəli formalarda özünü büruzə verən ostinatlığın ümuməhəmiyyətli prinsipləri xüsusi maraq doğurur.

Beşinci hissənin musiqisi dinləyiciləri muğamın ab-havasına daxil edir. Bu, muğam sənətinin bəzi prinsiplərinin, məsələn, milli-səciyyəvi və reçitativ-improvizasiyalı quruluşların sərbəst düzülməsi prinsipinin dərin, cəsarətli və özümlü əks etdirilməsinə nümunə ola bilər. Həm də muğam-improvizasiyalı ifadə burada ağac-nəfəs alətləri qrupunun səslənməsindəki tembr tapıntıları ilə uyğunlaşır. Bununla yanaşı orkestr səslərinin mürəkkəb polifonik birləşmələri ilə zəngin olan dolğun musiqi toxuması formalaşır.

Arif Məlikovun İkinci simfoniyasının beşinci hissəsində ostinatlığın işləməsinin kifayət qədər parlaq nümunələrinə rast gəlinir. Bu da qanunauyğunluq kimi qavranılır və ən əvvəl, səslərin müxtəlif ostinatlı birləşmələrin işləməsi üçün imkan yaradan tematizmin öz təbiəti ilə şərtləndirilir.

 

  Oktay

Xalq Cəbhəsi.- 2012.- 28 dekabr.- S.13.