Cümhuriyyət sevdalı Əlabbas Müznib
1883-cü ildə Bakıda yoxsul bir daşyonan ailəsində dünyaya göz açan Əlabbas Müznib Azərbaycanın hüdudlarından çox uzaqlarda tanınan görkəmli mədəniyyət xadimlərimizdəndir. Araşdırmaçı Qətibə Vaqifqızı bildirir ki, ilk təhsilini mollaxanada alan Müznibin dünyagörüşünün formalaşmasında ilk müəllimi olan anasının böyük rolu olub: «Tərcümeyi-halındakı və bəzi əlyazmalarında verilən məlumatlara əsaslanaraq Ə.Müznibin Bakı xanı Hüseynqulu xanın nəslindən olduğunu qeyd edən İslam Ağayev onu «Cümhuriyyət dövrünün milli şairi» adlandırır. Çoxşaxəli ədəbi və ictimai fəaliyyətə malik olan Ə.Müznib həm yazar, həm naşir, həm şərqşünas, həm tarixçi, həm ədəbiyyat tənqidçisi, həm də türkçülük ideologiyasını əməllərində və əsərlərində əks etdirən, əqidəsindən dönməyən millətsevər kimi tanınır. Ə.Müznibin 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydakı fəal iştirakı və əhəmiyyətli təşəbbüsləri, rəsmi dəvətlərin göndərilməsi zamanı dünya türkoloqları arasında şəxsi münasibət və hörmətindən istifadə etməsi, müxtəlif tədbirlərin keçirilməsində oynadığı mühüm rol danılmazdır.
XX əsrin 30-cu illərində artıq bütün cəmiyyət tərəfindən tanınan və mövcud rejim tərəfindən dəfələrlə istintaqa cəlb edilən Ə.Müznib fəaliyyətini yeni bir istiqamətlə davam etdirməyə başladı. «Tarixini, mədəniyyətini, ədəbiyyatını bilməyən gələcəyini qura bilməz» ideyası ilə Azərbaycanın, ümumilikdə türk dünyasının söz sənətkarları, tarixi şəxsiyyətləri, Azərbaycanın bir türk məskəni və bir dövlət olaraq qədim tarixi, Bakının tarixi haqqında məlumatlar toplayaraq müxtəlif mətbuat orqanlarında nəşr etdirməyə başladı. Ən maraqlısı isə Ə.Müznibin qədim türk tarixinə, türk yazılı abidələrinin tədqiqinə aid topladığı dəyərli materiallardır».
Fitri istedada malik olan Ə.Müznib Şərq dillərinin gözəl bilicisi olaraq bir çox əsərləri türk dilinə tərcümə edib, bir şərqşünas kimi Şərq dünyasının bir çox məşhur söz sərkərdələri haqqında da müxtəlif mənbələr əsasında qiymətli məlumatlar toplayıb, bəzilərini nəşr etdirməyə müvəffəq olsa da, əksəriyyəti sağlığında işıq üzü görməyib: «Ədəbiyyat, naşirlik və mütərcimlik sadəcə, onun iş həyatının cizgilərini deyil, həm də ruhi aləminin, mənəvi dünyasının və ən mühümü əqidə və məfkurəsinin də hüdudlarını müəyyənləşdirirdi. Bu sərhədlər Azərbaycanla məhdudlaşmırdı, bu cizginin içinə bütün Türklük dünyası, Türklük elmi, Türklük sevdası sığışmışdı. Sibirin donvuran bucaqlarında da isti cənub şəhərinin övladı kimi qaynar və alovlu olan Müznib ruhuna hakim kəsilən Turan sevdasından əl çəkmirdi.
1913-1917-ci illər arasında Müznib milli mətbuat səhifələrində həm ictimai, həm də mənəvi əhəmiyyəti olan mühüm nəşrlər həyata keçirir. Özü müxtəlif məzmunlu əsərlər yazmaqla bərabər, Şərq və Qərb ədəbiyyatının bir çox məşhur yazarlarından da tərcümələr edirdi. Müznibin şəxsi arxivi əhatə etdiyi məlumat zənginliyi baxımından çox qiymətlidir. Elmi və ədəbi ictimaiyyətə Müznib haqqında ilk məlumatı f.e.d., prof. İslam Ağayev 1962-ci ildə «Satirik «Zənbur» jurnalında ədəbiyyat məsələləri» adlı məqaləsində verib, onun ədəbi və publisistik fəaliyyətindən bəhs edib. Müznibin həyat və yaradıcılığını araşdıran İslam Ağayev 1972-ci ildə Azərbaycan jurnalında «Əlabbas Müznib» başlıqlı məqaləsində onun haqqında məlumat verib. Ə.Müznibin həyat və fəaliyyətini ardıcıl olaraq tədqiqata cəlb edən alim 2003-cü ildə şəxsiyyətini, ədəbi və ictimai fəaliyyətini işıqlandıran «Əlabbas Müznib: həyatı, yaradıcılığı, əsərlərindən seçmələr» adlı monoqrafiyasını nəşr etdirib. Ədibin yaradıcılıq yolunu təhlil edən İ.Ağayev onu «Milli keçmişimizin yorulmaz tədqiqatçısı» adlandırıb. Müznibin çoxşaxəli elmi, ədəbi və ictimai fəaliyyəti müxtəlif istiqamətlərdə tədqiqatlara cəlb olunub. Belə ki, Əlyazmalar İnstitutunun mərhum direktoru f.e.d. Məmməd Adilov onun arxivində qorunan əlyazma materiallarına biganə qalmayıb, 1988-ci ildə «Yazmaq məndən, oxumaq, diqqət etmək millətdən» adlı məqaləsində onun özü tərəfindən yazdığı tərcümeyi-halından bəzi faktları işıqlandırıb, 1990-cı ildə əlyazmaşünas alim Arif Ramazanovla birlikdə Ə.Müznibin Qarabağa etdiyi elmi-etnoqrafik-tarixi xarakterli ezamiyyəti əsasında topladığı materialları transfoneliterasiya edərək «Qarabağa səyahət» adı altında nəşr etdirib. Akademik Ziya Bünyadov isə 1991-ci ildə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində qorunan sənədlər arasından Müznibin mühakiməsinə səbəb olan əsərlərilə bağlı aşkar etdiyi çox qiymətli faktlar əsasında «Əlabbas Müznib əleyhinə ittiham» adlı məqalə çap etdirir. Əlyazmalar İnstitutunun əməkdaşı, f.e.d., dos. Nailə Səmədova Müznibin xatırələrıni tədqiqata cəlb edərək 2000-ci ildə «Ə.Müznibin memuar irsi», 2007-ci ildə «Əlabbas Müznibin memuar yaradıcılığı» adlı iki məqalə nəşr etdirib. N.Səmədova bu sahədəki tədqiqatlarını davam etdirərək 2008-ci ildə Müznibin xatirələrini M.S.Ordubadi, Ə.Əminzadənin xatirələri ilə birlikdə kitab şəklində nəşr etdirib».
Əlabbas Müznibin həyat və yaradıcılığı haqqında, onun arxivindəki əlyazmalar haqqında ardıcıl araşdırmalar aparan tədqiqatçılardan biri də şairə-alim Sona Xəyaldır. Araaşdırmaçı bildirir ki, onun ədəbi irsi, yaradıcılıq yolu, gördüyü işlər, araşdırdığı sahələri tədqiqata cəlb edən S.Xəyal Ə.Müznibin şeirlərini, onun ədiblərimiz haqqında yazdığı elmi-tədqiqat səciyyəli bəzi məqalələrini transfoneliterasiya edib, başqa ədiblərin, görkəmli şəxsiyyətlərin Müznibin arxivində qorunan əlyazmalarını çap etdirib. Aybəniz Rəhimova Əlabbas Müznibin Azərbaycan tarixi, Bakı tarixi haqqında topladığı materiallar əsasında 1999-cu ildə «Müznib Bakı tarixi haqqında» adlı məqalə nəşr etdirib. Bu məqalədə müəllif əsasən Müznibin tarixşünaslıq, etnoqrafiya sahəsindəki gördüyü işləri tədqiqata cəlb edib.
A.Paşayeva Müznibin müxtəlif zamanlarda topladığı əlyazma materialları arasından Xaqanidən tərcümə edilmiş bir qəzəli haqqında İranda keçirilən Beynəlxalq Xaqanişünaslıq konqresində məruzə edib, Müznib tərəfindən fars dilindən tərcümə edilən S.Nəfisinin «Süddə bayramı» adlı əlyazmasını müasir əlifbamıza çevirib, hazırladığı məruzə ilə Türkiyədə keçirilən Beynəlxalq Turk Xalq Kültürü Qurultayına qatılıb. Əlabbas Müznibin böyük bir xəzinə olan şəxsi arxivinə müraciət edən Əlyazmalar İnstitutunun əməkdaşı Samirə Gəncəli Müznibin şeir yaradıcılığını tədqiq edərək bu barədə müxtəlif məzmunlu elmi məqalələr nəşr etdirib. S.Gəncəli 1998-ci ildə Müznibin şəxsiyyəti və fəaliyyətini işıqlandıran «Əlabbas Müznib kimdir?», 1998-ci ildə «Əlabbas Müznibin gizli imzaları», 2003-cü ildə «Əlabbas Müznibin iki naməlum şeiri», 2004-cü ildə «Əlabbas Müznibin Ə.Səbura məktubu» adlı məqalələrini, 2004-cü ildə isə Mirzə Məhəmməd Katibin Müznib tərəfindən toplanılan və şəxsi arxivində saxlanılan şeirlərini kitab halında nəşr etdirib».
Müznibin Əlyazmalar İnstitutunda 23 saylı fondda qorunan arxivində 387 saxlama vahidi altında əsasən onun avtoqrafları olan əlyazma materialları saxlanılır. Bu materiallar içində onun tərcümeyi-halı, məktublar, şəxsiyyətinə aid sənədlər, əsərləri, müxtəlif illərdə və müxtəlif mətbu orqanlarda nəşr etdirdiyi, tədqiqat üçün topladığı əlyazmalar, ayrı-ayrı şəxslərin ona verdiyi kıtablar və şəkillər var: «Alimin şəxsi fondunu nəzərdən keçirdikdə şahid oluruq ki, o təkcə ədəbi, ictimai, publisistik fəaliyyətlə məşğul olmayıb, həm də Azərbaycan ədəbiyyatına, ədəbiyyatın nəzəri məsələlərinə, klassik dövrün nümayəndələrinə, az tanınan ədiblərin həyat və fəaliyyətinin araşdırılmasına aid qiymətli materiallar toplayıb, bu sahədə tədqiqatlar aparmaqla ədəbiyyatşünas- alim kimi də mədəniyyət tarixinə öz töhfələrini verib.
Müznib elmi-ədəbi axtarışları zamanı klassik irsimizin araşdırılması üçün bir çox tarixi mənbələrə müraciət edib. Bu mənbələr onun topladığı materialların zənginliyinə, səhihliyinə, dəqiqliyinə, şübhəsiz ki, öz təsirini göstərib. Əlbəttə ki, hər bir tədqiqatçının topladığı faktların haradan, hansı mənbədən alması verilən bilgilərin dəyərinə və qənaətlərin inandırıcılığına təsir edir. Müznibin Molla Pənah Vaqif haqqında yazdığı materiallar da qiymətli faktarla zənginliyi ilə diqqəti cəlb edir. Məlum olduğu kimi, M.P.Vaqifin divanı və ya əsərlərindən ibarət külliyyatı günümüzə gəlib çatmayıb. Lakin XIX əsrdən etibarən müxtəlif şeir həvəskarları, kolleksionerler tərəfindən şairin əsərləri toplanıb, cünglərə, bəyaz və təzkirələrə köçürülüb, bəzi şeirləri isə hafizələrdə qorunub saxlanıb. Müznib M.P.Vaqif haqqında çox dəyərli bir tədqiqat materialı hazırlayıb, şairin həyatına, yaradıcılığına aid bir çox qaranlıq məsələlərə aydınlıq gətirməyə çalışıb.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Əlabbas Müznib XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ədəbiyyatı tarixi, görkəmli ədib və yazıçılarımız haqqında topladığı materilallar həm məlumat zənginliyi, həm də burada verilən şeir nümunələrinin bəzilərinin hələ də nəşr olunmaması baxımından çox qiymətlidir. Məsələn, Müznibin Həbibi, M.P.Vaqif, Əliağa Aləm, Qasım bəy Zakir, Məxfi, Pərişan və digərləri haqqında topladığı materiallarda indiyə qədər nəşr olunmamış bir çox şeir nümunələri aşkar olunub. Ümumiyyətlə, Müznib Azərbaycan ədəbiyyatının bir çox şair və ədiblərini tədqiqata cəlb edib, bəzilərinin sadəcə, əsərlərindən nümunələr verməklə kiyafətlənib, bəzilərini daha dərindən araşdırmış, müqayisəli təhlillər apararaq onların həyatlarında və yaradıcılıqlarında olan qaranlıq və mübahisəli nöqtələri işıqlandırmağa çalışıb. Arxivdə Müznibin qədim türk tarixi, qədim türk ədəbiyyatının ilkin örnəkləri haqqında da tədqiqatları da diqqəti cəlb edir. Qədim türk ədəbiyyatının erkən dövrlərınin nümunələri hesab edilən Orxon-Yenisey abidələri haqqında məlumat verən, Kül Tigin abidəsini araşdıran Müznibin arxivində Kül Tigin abidəsinin cənub tərəfinin A3 formatlı saralmış kağızın bir üzündə çap olunmuş tam versiyası var. Müznib ardıcıl olaraq qədim türk tayfaları, qədim türk yurdları, qədim yazılı abidələrimizin tədqiqi ilə maraqlanıb, bu barədə müxtəlif səpkili, yüksək elmi əhəmiyyəti olan məqalələr yazıb».
Uğur
Xalq Cəbhəsi.- 2012.- 28 dekabr.- S.14.