Rəsulzadənin
milli dövlətçilik ideyaları
O bilirdi ki, Azərbaycanın gələcəyi,
hərtərəfli inkişafı yalnız dünyəviliklə
bağlıdır
Yanvarın
31-də Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqu və
qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan
olmasının 128 ili tamam oldu. M.Ə.Rəsulzadənin həyatı,
yaradıcılığı zaman keçdikcə daha
geniş şəkildə araşdırılacaq. Professor
Şirməmməd Hüseynov hesab edir ki, M.Ə.Rəsulzadənin
çoxcəhətli fəaliyyətini, zəngin ədəbi-siyasi
irsini, elmi-nəzəri görüşlərini dərindən,
obyektiv və sistemli şəkildə öyrənmədən
Azərbaycan tarixinin XX əsrin birinci yarısı, xüsusilə
Rusiyada üç inqilab (1905-1907, 1917-ci il fevral və oktyabr)
dövrü və milli, müstəqil Azərbaycan dövlət
quruluşunun yaradılması və fəaliyyəti
dövrü tarixini tədqiq etmək, işıqlandırmaq
mümkün olmaz.
Azərbaycan
Xalq Cümhuriyyəti mahiyyətcə dünyəviliyə əsaslanırdı.
Rəsulzadə dünyanın gedişatını gözəl
anlayırdı. Bilirdi ki, Azərbaycanın sabahı, hərtərəfli
inkişafı yalnız dünyəvi əsasda ola bilər.
Tarixçi-alim Əkrəm Rəhimli M.Ə.Rəsulzadənin
adının, fəaliyyətinin təkcə Azərbaycanın
Quzeyi üçün deyil, habelə Güneyi
üçün də tarixən qürur və milli bəhrələnmə
qaynağından biri olduğunu bildirir: «Onun
yaradıcılığı bu gün də Güney Azərbaycanda
gedən azadlıq mübarizəsinin əsas istiqamətverici
qüvvəsindən biridir. Onun din və dünyəvilik məsələsinə
münasibətində böyük demokratizm var. M.Ə.Rəsulzadə
hesab edirdi ki, dinlə dünyəvilik məsələsi
biri-birindən ayrı olmalıdır:
aydınlaşdırsaq, dövlət idarəçiliyi məsələsi
tamamilə dindən ayrı olmalıdır. Dövlət idarəçiliyi
xüsusi bir sistemdir. Bu gün qonşu dövlətlərin
timsalında dini fanatizmin artdığını
görürük. Bu problem düyünləndikcə, fəaliyyətini
artırdıqca dünyəvilik də tədricən arxa plana
keçir. Beləcə əslində dindəki ilahilik, inanc məsələsinə
də ziyan dəyir, insanların əsil inamı zəifləyir.
Bu gün Azərbaycan dövləti dünyəviliyini
qoruduğu dərəcədə hər bir kəsin
inancına sayğıyla yanaşır».
M.Ə.Rəsulzadənin
hüquqi dövlət yönündəki ideyaları Güney
Azərbaycandakı azadlıq hərəkatlarında ayrıca
təsirə malik olub. Əkrəm Rəhimli bildirir ki,
hüquqi dövlət məsələsinə gəldikdə
Rəsulzadənin siyasi-ədəbi irsi həmişə
Güney Azərbaycan üçün örnək oluüb: «Rəsulzadə
ideyalarının təsirini Xiyabani, habelə Pişəvəri
hərəkatında görürük.
Bu
gün Güney Azərbaycanda yeni səviyyədə
başlayan azadlıq hərəkatı onu deməyə əsas
verir ki, Rəsulzadənin dövlətçilik ideyası həmişə
ön plandadır və bundan bir örnək olaraq bəhrələnilir.
Bu, təsadüfi deyil. Xiyabani özü dindar olsa da, dövlətçilikdə
dünyəviliyi tamamilə ön plana çıxarmışdı.
Pişəvəri də onun ideyalarından bəhrələnmişdi.
Rəsulzadə dünyəvi dövlətin tərəfdarı
olub, bu ideyanın dindən kənarda olmasını müdafiə
edirdi. Bilirdi ki, başqa cür mümkün deyil».
M.Ə.Rəsulzadənin
sadiq silahdaşlarından Mirzə Bala Məmmədzadə
yazır: «M.Ə.Rəsulzadə qırmızı istiladan
sonra başda mütərəqqi gənclik olmaq üzrə
millətin göstərdiyi şiddətli müqaviməti və
verdiyi saysız qurbanları görərək milli
bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş
olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində
və bağrında mühafizə etməkdə olduğuna
inandığını bildirirdi».
Ş.Hüseynov
ayrıca olaraq vurğulayır ki, Azərbaycanın
dünyanın və tarixin inkişaf meyllərini və
perspektivlərini dərk edən görkəmli siyasət və
dövlət xadimləri 1918-1920-ci illərdə milli istiqlalımızı
yenidən bərpa edərkən parlamentli, çoxpartiyalı
demokratik respublika dövlət formasını
seçmişdilər: «Nəinki Rusiyada, o zaman bütün
islam Şərqində belə bir dövlət, hakimiyyət
forması, üsuli-idarəsi yox idi. Mütləqiyyət və
totalitar rejimlərin əhatəsində yaşayan, siyasi mədəniyyət
və mübarizə meydanında ilk müstəqil addımlar
atan, uzun əsrlər boyu öz dövlət istiqlalını
itirmiş bir xalqın və məmləkətin parlamenti,
çoxpartiyalı, demokratik dövlət formasını
seçməsi tariximizin ən böyük nailiyyəti və
hadisəsi idi. Tarixçilər haqlı olaraq yazırlar ki,
Azərbaycan siyasi tarixinin qədərini əllərində
tutanlar tam zamanında çox hazırlıqlı dövlət
xadimləri olduqlarını göstərərək, istiqlal hərəkatını
yerində və zamanında qiymətləndirə bilmişdilər».
M.Ə.Rəsulzadənin 1953-cü il mayın 28-də
«Amerikanın səsi» radiosu ilə Azərbaycan xalqına
müraciəti çox diqqətçəkəndir. M.Ə.Rəsulzadəni
qayğılandıran isə belə bir məqamda xalqın
daxilən köklənməsi, ayılması istəyi idi. Bu
mənada o, Cümhuriyyətin qurulmasının elan edildiyi 28
mayda xalqa müraciət edərək onun tarixi qəhrəmanlıqlarla
dolu keçmişini xatırladır. Qeyd edir ki, yüz il
sürən çar əsarətindən sonra bundan 35 il əvvəl
(1918-ci ildə-red.) Azərbaycan Milli Şurası Azərbaycan
Cümhuriyyətinin istiqlalını bütün dünyaya
elan etdi. O, «istiqlal uğrunda yapılan tarixi savaşların ən
qanlısının» 19-cu əsrin əvvəllərində
Rusiya imperiyasına qarşı aparıldığını
bildirir: «Cavad xanın 1804-cü ildə Gəncədəki
şanlı qəzası dillərdə dastandır. «Ölmək
var, dönmək yoxdur». Bu, həqiqi vətənpərvərlərin
tətbiq etdikləri ən müqəddəs bir
şüardır. İstiqlal elanından keçən az bir
vaxtda Milli Azərbaycan hökuməti məmləkətdə
çox işlər gördü. Yüz ildən bəri hərbi
xidmətdən məhrum edilən Azərbaycanda bir ordu,
çarlıq zamanında dövlət idarələrinə
yaxın buraxılmayan azərbaycanlılardan zabit və ictimai
asayiş qüvvələri yaratdı. Sosial sahədə əsaslı
islahata girişdi. Kəndlilərə torpaq vermək
üçün qanunlar hazırladı. Fəhlələrin
hüquqlarını qorumaq üçün tədbirlər
gördü. Xalq az zamanda oxumağa başladı. Türk dili
dövlətin rəsmi dili elan edildi. Orta və ali məktəblər
açıldı».
M.Ə.Rəsulzadə
soydaşlarımıza müraciətində daha sonra bir məqamı
xatırladır ki, Stalin dönəmindən fərqli olaraq
Cümhuriyyət dövründə Azərbaycanda tam bir
azadlıq var idi: «O zaman indi Sovet zamanında olduğu kimi
terror deyilən şeydən heç bir əsər yox idi. Hər
yerdə əmin-amanlıq vardı. Vətənin
qapıları indi olduğu kimi bütün dünyaya
qapalı deyildi. Hər azərbaycanlı istədiyi zaman hara
istərsə gedərdi. Az vaxtda bir çox böyük
dövlətlər istiqlalımızı tanıdılar.
1920-ci ilin 12 yanvarı cümhuriyyətin dövlətlər tərəfindən
tanınması günü idi. Bu günü Azərbaycan
xalqı candan bayram etdi. Çünki bu gündən etibarən
Azərbaycan davası Rusiyanın bir iç məsələsi
olmaqdan çıxmış, millətlərarası bir məsələ
olmuşdu. Yüz ildən bəri üstümüzə
çökən istibdad və istila xəyalı artıq bizdən
uzaqlaşdı. Heyhat, tale imtahanları tamam deyilmiş.
Qanlı çar istibdadının yerini bu dəfə daha
qanlı bolşevik istibdadı tutdu. Müqavimət edən məmləkətdə
qan gövdəyə çıxdı. Bundan bir ay əvvəl
28 apreldə sovet təbliğatçıları bu qanlı
istila hərəkətini sizə azadlıq və istiqlal hadisəsi
kimi göstərdilər». O, sovet quruluşunu «qəddar», «ən
yalançı bir istibdad rejim» adlandırır: «Müqayisə
etmək imkanında olsaydınız, bunun nə qədər
doğru olduğunu gözünüzlə görərdiniz.
Qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq
elan etsinlər. Edə bilməzlər, çünki ağla
qara meydana çıxar. Onlar yarasa kimidirlər, günəşdən
qaçarlar».
O,
qeyd edir ki, SSRİ-dəki kommunist rejimində yaşayan millətlərin
hər cür hüquqdan məhrum şəkildə
yaşamasını dünyaya anlatmaq çox çətin
olmayıb: «Azadlıq cahanşümul bir fikirdir. Rusiyadan
ayrılmanın bir irtica, başqalarından ayrılmanın
bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin
ölmüşdür. Amma onun ikiüzlü sistemi olan
stalinizm hələ ayaqdadır. Şübhəsiz ki, bir
gün həqiqət parlayacaq. Bu qalibiyyət günəşi
qızıl istibdad zülmü altında inləyən əziz
vətənimizdə yenidən doğacaq. Buna qətiyyən
şübhə etməyin».
Araşdırmaçı
Yadigar Türkel M.Ə.Rəsulzadəni «Azərbaycan Türklərinin
20-ci yüzillikdə yetişdirdiyi ən böyük dövlət
qurucusu və milli ideoloqu» adlandırır: «O, 1918-ci il
mayın 28-də Azərbaycan Cümhuriyyətini elan edən
Azərbaycan Milli Şurasının sədri, Milli Azadlıq Hərəkatının
öncülü idi. M.Ə.Rəsulzadə arxadaşları
ilə yüz il çar Rusiyasının əsarətində
qalıb var-yoxu talanmış «Tarixi-coğrafi Azərbaycan»ın
quzeyində Azərbaycan Cümhuriyyətini quraraq milli kimliyi
dolaşdırılmış Azərbaycan Türklərini
20-ci yüzillikdə ilk dəfə siyasi millət halına gətirib.
M.Ə.Rəsulzadə deyirdi: «Azərbaycan Milli Şurası
«İstiqlal Bəyannaməsi»ni elan etməklə sözün
siyasi mənası ilə bir Azərbaycan millətinin
varlığını təsbit etmişdir». Məhəmməd
Əmin gənc yaşlarından tükənməz bir sevgi ilə
«Azərbaycan davası»na qalxmış və son nəfəsinədək
andına bağlı qalmışdı. O, deyirdi: «Rusiya idarəsindəki
müsəlmanlara «türk» dedirtmək qazanılmış bir
davadır. Yalnız türk kəlməsi yox, Azərbaycan
adı da qazanılıb». Y.Türkel daha sonra vurğulayır
ki, Azərbaycan Xalq Cümhuriyyətində
«Türkçülük, Vətənçilik, Milli Dövlətçilik,
Xalqçılıq, Cümhuriyyətçilik» siyasi millətçilik
– Azərbaycançılıq səviyyəsinə
qaldırılmışdı.
M.Ə.Rəsulzadənin
«Milli əxlaq» məqaləsi onun mahiyyətcə dünyəviliyinin
sübutudur: «Hər şey millət uğruna – bax, həqiqi
millətsevərlərin yeganə şüarı bu
olmalıdır. Millətin birliyini və
bütünlüyünü qorumaq milli əxlaqın
başlıca ümdəsidir. Türklük və milli istiqlal
prinsiplərinə mütləq sədaqət milli əxlaqın
ikinci böyük ümdəsidir. Verilən sözə və
yapılan sərbəst anlaşmalara riayət milli əxlaqın
üçüncü ümdəsidir. Haqqı, hürriyyəti,
sülhü, demokratiyanı qoruma və savunma, zülmə və
təcavüzə qarşı aydın bir cəbhə alma
milli əxlaqın dördüncü ümdəsidir. Milli səviyyəni
daim yüksək tutma, gerilik və cəhalətdən savunma
milli əxlaqın beşinci ümdəsidir».
Məhəmməd
Əmin Rəsulzadənin din və siyasət məsələsinə
münasibəti onun necə yetkin bir dövlət xadimi,
qurucusu olduğu dövlətin mahiyyətcə dünyəviliyə
əsaslandığını sübut edir: «Üləmanın
vəzifəsi bir vəzifeyi-diniyyə olduğundan müqəddəsdir.
Deyirlər ki, seçki də müqəddəsdir və belə
bir müqəddəs işdən ruhaniləri məhrum etmək
olmaz. Lakin bunu bilməliyik ki, dini məsələlər
başqa, dünya işləri isə bambaşqadır. Əgər
diqqətli olsanız, görərsiniz ki, dünyəvi məsələlərdə
dini məsələlərə xas olan müqəddəslik qətiyyən
yoxdur. Dini etiqadlar tənqidin, mühakimənin fövqündədir.
Halbuki siyasi etiqadlar daima tənqid hədəfidir. Bir şey
ki, tənqidə və mühakiməyə məhkumdur, onda
müqəddəslik aramaq əbəsdir… Üləmanın vəzifəsi
bitərəf qalmaqla xalqı haqq yoluna çəkməkdir. Əgər
istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti
toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində
bulunsun, onu dünya işlərinə qatmayın,
buraxınız orası ancaq ibadət üçün
qalsın. Əlhəzər, ruhaniləri siyasətə
qarışdırmayın…»
Uğur
Xalq Cəbhəsi.- 2012.- 1 fevral.- S.11.