«Məni belə tanı sən»

 

Yusif Məhəmmədoğlunun kitabının təqdimatı keçirildi

 

Dünən Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda Yusif Məhəmmədoğlunun «Məni belə tanı sən» kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözüylə Ədalət Əsgəroğlu açdı, onun kitabının məziyyətlərindən danışdı. Əyyub Qiyas Yusif haqqında ürək sözlərini bölüşdü: «Onun simasında son illər insanların simasında itirdiyim səmimiyyətin, qayğının bütün çalarlarını gördüm. O, həmişə tələsir və bu tələskənlik enerjisi yaxşı mənada qibtə olunandır. Yusif adlı bir şairvar bu dünyada. İddiası olmayan, öz dünyasında, öz içində, ruhuyla, hissləriylə baş-başa qalıb duyğularını kağıza köçürən Yusif. Şeir ümumiyyətlə, ədəbiyyatın özü bütövlükdə gerçəklə yalanın qovuşumundan yaranan illüziyadır. Şeirruh kimidir, adamın havasını alır, içini yüngülləşdirir onu tərk etdikcə. Yusif də içindəki ağrını boşaltmaq məqsədilə qələmə sarılır. Əsas olan odur ki, ürəyin yükü azalsın. Hər yazılan şeirlə ömrün bir səhifəsi qapanır, təzə bir səhifəsi açılır».

Daha sonra kitabın redaktoru Ehtiram İlham, Kəmaləddin Qədim, İşıqlı Atalı, Hovruz Quliyev, Abbas Qaraoğlu, Oqtay Rza, Könül Səid, Oqtay Hacımusalı, Faiq Balabəyli, Cəlil Cavanşir, Zaur Qəriboğlu, Bəydadaş Cəfərli, Əkbər Qoşalı və başqaları çıxış etdilər. İnsanın Yurd, Vətən, ailə sevgisi var, əslində heç bir qadağa tanımayan. Sevgi zamandan üstünlükdür. Bu duyğu fitridir. İndi yaradıcılıqda təzə söz demək, başqasından fərqlənmək olduqca çətindir. Fitri qabiliyyətə görə fərqlənmək hələ ki, yaradıcının özünü təsdiqi deyil. Əbədiyyətin ölçüsüylə yaşamaq, təsdiq olunmaq gərəkdir. Zamanın ölçüsündə təsdiq insanı var etmir, edə bilmir. İnsan yazdıqlarına bərabər olub yaşayanda var olur. Yusif Məhəmmədoğlunun kitabında həqiqətə, özünütapmaya, özünüifadəyə qarşısıalınmaz təşnəlik var. Çox zaman yaradıcı insan sadəcə, içinin ağrılarını yazır. Ancaq əslində yaradıcılıq məqsədli özünüifadədir həm də. Minlərin ağrısını bir şeirində, yazında ifadə etdiyin dərəcədə yaradıcısan. Yusifin də obrazları ənənəvidir: insan, Yurd, Vətən, təbiət, ailə, ata-ana, sədaqət, səadət… O, fitrətən inanır ki, yamanlıq yaxşılığı əyə bilməz. İnanır ki, təbiətlə insanın ruhu birdir əslində. Vətənə yalvarır, dağa yalvarır, torpağa yalvarır: Vətəndə insanı, torpaqda müqəddəsliyi, dağda vüqarı görə bilir. Ancaq bu duyğuları kim ömürləşdirəcək? Qlobalçılığın tüğyan etdiyi, Vətənçiliyin gözümüzdən salındığı bir zamanda kimlər ömrünü dediyi kimi yaşayacaq? Söz-əməl vəhdətinə nə zaman yetəcəyik? Böyük sevgiyə yetməliyik. Təbiətə münasibətdə də, insana münasibətdə də, ailəyə münasibətdə də, Vətənə münasibətdə də.

Saxta fərəhlərdən, saxta məqamlardan uca olmaq, əsl fərəhə yetmək gərək. Ömrü biryolluq fərəhlə yaşamaq. İnsanları sevgiyə çağırıb da sevgisiz qalmağa haqqımız yoxdur. Bu səbəbdən də yaradıcılarımız beşgünlük yox, əbədi, müqəddəs sevgi ünvanı olmalıdırlar. Yusifin şeirlərinə, ömrünə həyatçılıqla, bəsitliklə ardıcıl, aramsız, qəti mənəvi döyüş arzulayıram. İnsan taledən üstün ola bilər. Qoy elə ədəbiyyatçılarımız yaransın ki, onlar əsərlərində nifrət etdiklərinə həyatda qətiyyən məhəbbət bəsləməsinlər. Bu, ədəbiyyatın başlıca qayğısı olmalıdır. Yusif yazı çox sevir, onu vəsf edir. Yaz sevdalısı olmaq gözəldir, ancaq azdır. Ömürlərə qışın oğlan çağında yazı gətirmək gərəkdir. Deməli, gərək yaradıcı özü yaz ünvanı olsun. Bu, çətindir, ancaq mümkündür.

Yeni, ümidli mövzular gərək şeiriyyətə. İnanırsan ki, yazırsan. Yusif Məhəmmədoğlunun elə şeirləri var ki, aydan arı, sudan durudur, yəni məzmun-biçim vəhdəti var, ağıla aydınca çatır. Hər kəs bu şeirləri öz ürəyinin nəğməsi kimi oxuya bilər. Bir neçə şeirivar ki, bütünlüklə aşıqsayağıdır. Aşıq sənətinin imkanlarından bəhrələnməsi, hecada yazması yaxşı hadisədir. Duyğuları mümkün qədər hecada demək, başlı-başına buraxmamaq gərəkdir. Şeiriyyət həm də biçim nizamı deməkdir. Əgər kimsə sərbəstdə də gözəl şeirlər yaradırsa, artıq bu, onun hünəridir. Yusif Məhəmmədoğluya qələminin daha da cilalanmasını, şeiriyyətin mahiyyətinə bütövlükdə yetməsini, yaradıcılıq imkanlarını tam aşkarlamasını, duyğu yetkinliyinə çatmasını, bənzərsizliyini yaratmasını arzulayıram.

 

 

Uğur

 

Xalq Cəbhəsi.- 2012.- 1 fevral.- S.14.