Sənətin Şahmarı
Görkəmli
aktyor, rejissor Şahmar Ələkbərov Azərbaycan kino
salnaməsində adı fəxrlə çəkilən
şəxslərdəndir. O, kinonu tamaşaçıya sevdirən,
yaratdığı müxtəlif səpkili obrazlarla həmişəlik
yaddaşlara həkk olunan sənətkardır. Biz onun
yaratdığı obrazlara müraciət edəndə
Gündüz Kərimbəylini («Arxadan vurulan zərbə»)
müdrik qanun keşikçisi, Cavidanı («Babək») əsl
el qəhrəmanı, Qatır Məmmədi («Qatır Məmməd»)
igid xalq təəssübkeşi, İmanı
(«Axırıncı aşırım») son damla qanını
belə insanların firavanlığı üçün əsirgəməyən
eloğlu, Qəzənfəri («Yeddi oğul istərəm»)
haqqı nahaqdan qoruyan vətənrərvər kimi qəbul
edirik.
Şahmar
Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə
anadan olub. 1964-cü ildə Teatr İnstitutunun «Aktyorluq»
fakültəsində professor Rza Təhmasibin kursunu
bitirmiş, III kursdan Akademik Milli Dram Teatrına işə
götürülərək müxtəlif tamaşalarda
uğurlu rollar ifaçısı kimi tanınmağa
başlamışdı. Səhnədə qazandığı
uğurlardan sonra Adil İsgəndərovun onu «Azərbaycanfilm»in
nəzdində yaratdığı «Kino aktyorluğu»
studiyasına dəvət etmişdi. Şahmar Ələkbərovun
kinoda ilk işi 1967-ci ildə kinorejissor Kamil Rüstəmbəyovun
yazıçı-jurnalist Əhmədağa Qurbanovun
«Tikanlı məftillər» povestinin motivləri əsasında
ekranlaşdırdığı «Dağlarda döyüş»
filmindəki Fərrux obrazı olmuşdu. Filmdə dövlət
sərhədinin qorunması, kimliyindən asılı olmayaraq
torpağımıza pis niyyətlə soxulan hər bir
insanın cəzalandırılması ideyası
qabardılıb. Hadisələrin açılmasında məlum
olur ki, sərhədi pozan qaçaqmalçılardan biri də
Fərruxun atasıdır (Rza Əfqanlı). Filmdə
aktyorların emosional, maraqlı dialoqlarında biz Vətən
anlayışını zəif mənəviyyatına qurban
verən ata və doğulduğu, böyüyüb
boya-başa çatdığı, sevgisini tapdığı
torpağa qətiyyən xəyanət etməyəcəyinə
and içən örnək timsallı kamil bir övlad
obrazını görürük. Fərruxun məntiqli
monoloqları, insanları təkcə keçmişi ilə
yaşamağa yox, gələcəklərini nikbin ruhla
qurmağa sövq edir. Hərbi-macəra janrında çəkilən
bu film rejissor improvizələri və aktyor peşəkarlığı
sayəsində dərin psixoloyi nüanslarla işlənib. Məsələn,
ətrafındakı insanların Fərruxa olan tənəli
münasibətlərindən, gənc sərhədçinin
pessimist xatirələrindən başa düşürük
ki, onun xoşbəxt uşaqlığı olmayıb.
Şahmar Ələkbərovun yaratdığı Fərrux
obrazı minlərlə insana sübut etdi ki, valideynsiz, təkbaşına
böyüməklə də həyatda müsbət cəhətli
bir vətəndaş olmaq olar. Belə qüsursuz mövqedə
olan bir gəncin həyat amalı filmin bədii keyfiyyətini,
ekran həllini bu gün də qoruyub saxlamasına təkan
verir.
Aktyorun yaradıcılıq karyerasında xarakterik rollarından biri də 1969-cu ildə kinorejissorlar T.Tağızadənin və A.Quliyevin birgə çəkdiyi «Mən ki, gözəl deyildim» filmindəki Məzahir obrazıdır. Bu filmdə Məzahir Böyük Vətən müharibəsi illərində (1941-1945) arxa cəbhədə çalışan fədakar gəncin obrazıdır. Aktyor Məzahir obrazının təfsirində müharibənin dəhşətlərindən bezmiş, pessimistliyə qarılmış insanlarda daim ruh yüksəkliyi yaratmağa çalışan, onları sevməyə, yaşamağa ruhlandıran əslində isə çətinliklərin məngənəsində sıxılan, sıxıntısını da əsl kişiliyə məxsus bir cəhət kimi gizlədən həyati bir qəhrəman obrazını yaradır.
Şahmar Ələkbərovun personajları həm ideya-bədii cəhətdən, həm də kişilik simvolunun monumental təcəssümü kimi həmişə tamaşaçıda maraq yaradıb. O, müraciət etdiyi hər bir prototipin xüsusiyyətlərini özününküləşdirməyi, real personaj kimi tamaşaçıya çatdırmağı bacarırdı. Məsələn, reyissor A.Babayevin «Arxadan vurulan zərbə» filmindəki müstəntiq Gündüz Kərimbəylinin sakit, təmkinli görünüşü, mənalı və ağıllı gözləri, təbii jestləri aktyorun ifasında bizə işinin peşəkarı olan bir obrazın həyat mövqeyini, ciddi iş prinsipini tamlığı ilə açıb göstərir. Bu isə birbaşa personajın varlığına, hadisələrin reallığına tamaşaçını inandıran aktyor ifaçılığı ilə bağlıdır.
Şahmar Ələkbərovun rəngarəng obrazlarına nəzər salanda onun çalışqan, öz yaradıcılığı üzərində daim işləyən bir aktyor olduğunu görürsən. O, kinorejissor E.Quliyevin «Babək» filmində xürrəmilərin başçısı, cəsur sərkərdə Cavidan obrazını bacarıqla yaradıb. Tarixi-dram janrında çəkilən bu filmdə Cavidan obrazının vətən sevgisini, yanğısını, bütövlükdə dramaturji əsərin şərhini aktyorun canlı, təbii ifalarından görmək mümkündür. Cavidan Əbu İmranla döyüşdə öz əqidəsi, məsləki uğrunda həlak olur. Ekranda az görünməyinə baxmayaraq aktyorun obraza uyğun xarakterik cəhətləri (jestləri, monoloqları, döyüş bacarığı) film boyu onun varlığını, qəhrəmanlığını xatırlatmağa səbəb olur. Bu mənada aktyorun peşəkarlığı iştirakçısı olduğu filmlərin ekran həllini itirməməyinə rəvac verir.
Şahmar Ələkbərov ikinci planlı və epizodik rollarını da filmin aparıcı qüvvəsi səviyyəsində canlandırıb. Aktyorun kinorejissor Kamil Rüstəmbəyovun «Axırıncı aşırım» filmində yaratdığı İman obrazı, xalqına edilən amansızlığa qarşı mübarizə aparan inqilabçı fikirli, əməlisaleh bir insandır. İman və dostlarının sosial bərabərlik ideyası sovet quruluşunun təməl sütunlarından idi. Əsas təşəkkül mərhələsi sovet dövrünə milli kinomuz xüsusi ideologiyalar əsasında gerçəkləşsə də, filmlərin hamısının bir ideyası vardı ki, bu da insan hüquqlarının tapdanmasının, mövhumatçılığın qarşısının alınmasının və yeni həyat quruculuğu uğrunda zəhmətkeş gəncliyin inkişaf etdirilməsi idi.
Kinorejissor T.Tağızadənin «Yeddi oğul istərəm» filmindəki Qəzənfər obrazı da sinfi bərabərsizliyə qarşı mübarizə aparan inqilabçılardandır. O, ağa və bəylərə, var-dövlət hərislərinə qarşı döyüşsə də, qardaş qırğınının əleyhinədir. Bu filmdə yeddi oğuldan biri olan Qəzənfərin özünəməxsus fərqliliyi həyatsevərliyindən irəli gələn baməzə xüsusiyyətidir. Kənd sakinlərindən biri olan Qəqəniyə silah tutmağı, tapança atmağı öyrədən Qəzənfərin ölüm ayağında belə sərrast atan şagirdinə əli ilə «əla» işarəsini göstərməsi həm onun atıcılığına, həm də özündən sonra növbəti bir qəhrəman oğulun yetişməsinə sevindiyini göstərir. O, obrazlarının ifadə dilini dəqiq yaradıcı improvizələri ilə zənginləşdirirdi.
Qəhrəmanlıq simvolu kinoda onun yaradıcılıq kredosuna çevrilmişdi. Kinorejissor Rasim Ocaqovun tarixi-bioqrafik janrda çəkdiyi «Qatır Məmməd» filminin baş qəhrəmanı xalqın əmin-amanlığının keşiyində dayanan cəsur bir simadır. Zəiflərin bədbəxtliyi üzərində xoşbəxtliyini quranlara qarşı həyatını mübarizəyə həsr edən Qatır Məmmədin bir arzusu var: elində, obasında tərəqqi və sabitliyi bərqərar etmək. Aktyorun xarakterinə uyğun düzgün verilmiş rejissor traktovkaları, güclü yaradıcılıq potensialına malik olan tərəf-müqabillərinin (Səməndər Rzayev, Yusif Vəliyev və b.) dəqiq oyunları onun ifaçılığını daha da zənginləşdirirdi. Hər dövrün kəskin ictimai məsələlərinə ekran dili ilə aydınlıq gətirən geniş diapazonlu aktyor ifası, iştirak etdiyi bütün filmlərin dərin bədii təcəssümünü diqqətəlayiq tərzdə yarada bilirdi.
Şahmar Ələkbərov dram aktyoru kimi ona həvalə olunan bütün rolların öhdəsindən məharətlə gəlirdi. O, nəinki özünün çəkildiyi 30-a yaxın filmdə, eyni zamanda dublyajda səsləndirdiyi onlarla personajların xarakterlərini də tam dolğunluğu ilə tamaşaçıya çatdırmağa çalışırdı. Yaradıcılığındakı amplua çərçivəsizliyini o, dublyajlarda səs artikulyasiyasına istinadən səsləndirərək yaratdığı obrazlarla da sübut etdi. Onun müdrik səsinin ahəngində özünəməxsus bir nikbinlik hiss olunurdu. O, rolları daxilindən gələn elə həyatsevərliklə səsləndirərdi ki, personaylar sanki bizimlə həmsöhbətə çevrilirdi. Biz ekranda təsvir olunan mikroaləmi və personayların düşdüyü vəziyyəti asanlıqla və maraqla qavrayırdıq. Aktyorun filmoqrafiyasına daxil olan 100-dək dublyaj filmlərdən «O qızı tapın», «Uşaqlığın son gecəsi», «Şərikli çörək» və «Mozalan» studiyasında istehsal olunmuş çox sayda filmlərin adlarını çəkmək olar. Bu isə Azərbaycan kino sənətini zənginləşdirən Şahmar Ələkbərov yaradıcılığında sxematikliyin, bənzərliyin olmamasından xəbər verir.
Şahmar Ələkbərov kinoya bağlılığını rejissoru olduğu filmləri ilə də təsdiqlədi. O, 1987-ci ildə ilk olaraq G.Əzimzadə ilə birlikdə «İmtahan» bədii televiziya filmini ekranlaşdırdıqdan sonra müstəqil olaraq «Sahilsiz gecə» və «Qəzəlxan» filmlərini çəkdi. Aktyorluq sənətində daim yüksək dəyərlərlə təlqin etdiyi müsbət xarakterli insani keyfiyyətlərin vacibliyini o, çəkdiyi filmlərinin də əsas qayəsinə çevirdi. Səhhəti ona icazə verməsə də Şahmar müəllim rejissor yaradıcılığında psixoloji janra üstünlük verməklə həyat və insanlar haqqında dərin, fəlsəfi bilgilərinə əsasən deyəcəyi hələ çox sözü olduğunu nümayiş etdirirdi.
Azərbaycan kinosunda əvəzsiz
rolları ilə yadda qalan
Şahmar Ələkbərovun adı hər
zaman hörmət və məhəbbətlə
anılan sənətkarlardandır. Onun
yaradıcılığında əks olunan
zəngin həyat anlayışından
tamaşaçının ömür yoluna bu gün
də işıq saçılır. Bu, Şahmar Ələkbərovun müdrik
sənət dünyası idi. Xalq arasında əsl sənətkar statusu da bu
kimi dəyərlərdən
qaynaqlanır. Sənət və sənətkarlar da bu mənada həmişəyaşardır.
Elə Şahmarın özü kimi.
Oktay
Xalq cəbhəsi.- 2012.- 2 fevral.-
S. 15.