Şərq aləmində ilk qadın bəstəkar

 

Ağabacı Rzayeva maraqlı və qeyri-adi insan idi…

 

Ailəsinin ilk sevinci, «tünd xasiyyətli» patriarxal mühitdə çadranı atmış ilk qızlarımızdan, sonra da ilk müəllimələrdən biri kimi Ağabacı Rzayeva həmçinin milli bəstəkarlıq sənətimizin də ilk qadın nümayəndəsi olacaqdı. Lakin bu və başqa birinciliklər qətiyyən asan başa gəlmirdi. Onun həyat və yaradıcılıq yolu daşlı-kəsəkli olmuş, bədxahların haqsız tənqidi, böhtan və maneələri onu ömrü boyu izləmiş, zərif qadın qəlbini sarsıtmışdır. Dünya görmüş babası bütün bunları qabaqcadan duyurmuş kimi nəvəsinin bəstəkarlıq qədər əzab-əziyyətli «kişi» sənətinə gəlməsini və heç tar çalmağını da arzulamazdı.

Ağabacı babasının vəfatından sonra əvvəlcə Pedaqoji Texnikumu bitirib (1929), bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilərdi. Onu da qeyd etmək lazımdır ki, Aağabacı Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirmişdi. 1934-cü ildə əvvəlcə konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi təşkil olunarkən Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb, adəti üzrə bığlarını tumarlaya-tumarlaya deyir: «Qoçaq qızlarsız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər». Beləliklə, bacılar şöbənin ilk qız tələbələri olurlar.

Ağabacı not çalğısı üzrə ali təhsilli ilk tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə isə babasının tələbələrindən biri Mirzə Mənsur Mənsurovdan dərs alır. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. Bir il sonra o, başqa rəfiqələri ilə birlikdə Ü.Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir.

Peşəkar musiqi təhsili və zəngin ifaçılıq təcrübəsi tələbələrin istedadını rəndələyir, onun inkişafına düzgün istiqamət verir. Tədricən Ağabacının qəlbində musiqi bəstələmək istəyi baş qaldırır və o özünün ilk əsəri olan «Gənc vətənpərvərlər marşını» yoldaşları ilə məşq etsə də, əsəri Ü.Hacıbəyova göstərməyə heç cürət etmir. Lakin bunu əziz müəllimdən heç gizlətməkmi olardı. Dahi bəstəkar öz tələbəsinin marş əsərini dinləyib çox məmnun olur və uzaqgörənliklə deyir: «Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər». Bu sözlər gənc musiqiçini daha böyük həvəslə işləməyə ruhlandırır və o, Üzeyir bəyin bəstəkarlıq dərslərinə də davam etməyə başlayır. Onun ardınca digər istedadlı qızlar da (Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Şəfiqə Axundova) bəstəkarlıq sahəsinə gəlirlər. Ağabacı Rzayevanın özünəməxsus dəst-xətti sənətdə atdığı ilk addımlardan müəyyənləşir. Xalq musiqisinə yaxınlıq, ifadəli melodik üslub, daxili hisslər aləmini səslər vasitəsilə dinləyicilərə çatdırmaq və şerlərin ruhuna həssaslıqla yanaşmaq istəyi, şübhəsiz, Ü.Hacıbəyov sənətinin müsbət təsirinin nəticəsi idi.

Mahnı və romans Ağabacı Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. İlk qadın bəstəkarımızın müraciət etdiyi klassikmüasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şeir ustalarının təkcə adlarını sadalasaq, onun vokal yaradıcılığının mövzujanr etibarı ilə nə qədər rəngarəng olduğunu görə bilərik. Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu və b.

Bəstəkarın mahnı və romanslarında müasir şeirimiz o qədər geniş təmsil olunmuşdur ki, həmin əsərlər vasitəsilə poeziyamızın müxtəlif simaları, əsas təmayülləri və ümumi inkişafı barədə müəyyən təsəvvür əldə etmək olar. N.Rəfibəyli, İ.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şeirləri onun bəstəkar qəlbini ilhamlandırmışdı. Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyl etmiş, bəzi mahnıları öz sözlərinə bəstələmişdir – «Durna qatarlı qızlar». Bəstəkarın vokal yaradıcılığında müxtəlif səpkili romanslar (o cümlədən, qəzəl-romans janrı), vətənpərvərlik və sülh, əmək və məhəbbət mövzuları, eləcə də uşaq həyatının müxtəlif səhnələrini canlandıran mahnılar çoxsaylı nümunələrlə təmsil olunmuşdur.

Əziz müəllimi, ölməz Ü.Hacıbəyov sənətinin güclü təsiri ilə Ağabacı Rzayeva Azərbaycan şairlərinin qəzəllərinə bir sıra musiqi yazmışdır – «Könlüm» (Nizami), «Afəti cansan» (Füzuli), «Zülfi pərişan olmasın» (Sabir), 70-ci illərdə isə Nəsiminin 600 illik yubileyi münasibətilə dahi şairin sözlərinə eyni qəbildən olan silsilə əsərlər yaranır («Gəl, nigarım», «Bahar oldu», «Gül açıldı»). Bu barədə müəllif deyirdi: «Məni Nəsimi şerinə musiqi bəstələməyə vadar edən şairin incə lirikası, misralarındakı ahəngdar bağlılıq, bir də sərpa soyularkən ağlamayan mərdanəliyidir».

A.Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə «Sənin xatirən» adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir. Ağabacı Rzayeva öz yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atmışdır. Bu mənada onun musiqili səhnə əsərlərini («Günəş eşqi», «Höcət eləmə»), variasiyalarını, iki sonatasını, qaboy, tarkamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün «Şənlik» süitasını da qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.

Bəstəkarın yaradıcılığından danışarkən onun dillər əzbəri olmuş bir çox uşaq mahnılarını da mütləq qeyd etmək lazımdır. Həssas qəlbli bir qadın kimi, A.Rzayeva müxtəlif yaşlı uşaqların psixologiyasını çox gözəl tuta bilmiş, mahnılarının böyük bir qismini (60-dan artıq) bizim gələcəyimiz olan yeni nəsil nümayəndələrinə – bağça və məktəb uşaqlarına, gənc və yeniyetmələrə həsr etmişdir. «Kukla», «Qaranquş», « göyərçinim», «Sabahın ustaları», «Balaca kapitan», «Qərənfiləm mən» və s. Uşaqlıq illərimizin sevimli nəğmələri olmuş bubaşqa nümunələr özünün böyük estetik-tərbiyəvi əhəmiyyətini indiqoruyub saxlamaqdadır. Çox təəssüf ki, bəzi mahnılar bu gün lazımi dərəcədə təbliğ olunmur.

Hər bir sahədə birinci olmaq nə qədər şərəfli olsa da, bir o qədər çətin və məsuliyyətli sayılır. Vaxtikən ilk qadın bəstəkarımızın göstərdiyi misli görünməmiş bu hünəri bütün Sovetlər Birliyində əks-səda doğurmuş, Moskva və Ukraynanın mətbuat orqanları, hətta ingilis dilində çıxan «Moskove news» qəzeti bu hadisəyə böyük maraq göstərmişdir. İndi xarici tədqiqatlar hətta bütün Şərq aləmində ilk qadın bəstəkar olmaq şərəfini Azərbaycan sənətkarı Ağabacı Rzayevaya şamil edir. İftixar hissi ilə qeyd etmək lazımdır ki, bu gün ən müasir üslublarda yazıb-yaradan, əsərlərinin sorağı uzaq ölkələrdən gələn gənc qadın bəstəkarlarımız üçün hələ ötən əsrin I yarısında gözəl örnəklər olmuşdur. Həmin tarixi inkişaf yolunun başında isə heç şübhəsiz xalqın sevimli sənətkarı Ağabacı Rzayeva gəlir.

 

 

Oktay Hacımusalı

 

Xalq cəbhəsi.- 2012.- 3 fevral.- S. 13.