Musiqimizə möhrünüu vuran
mahnı
Arif Qazıyev: «Cücələrim»i ifa edəndə mənim 8 yaşım
vardı»
Mahnılar… Onların da taleyi insanlarınkı kimidir. Onların da öz qisməti, öz taleyi, öz bioqrafiyası var. Bəzən bir mahnını yada salanda dərhal sənə doğma olan insanların surəti ilə qarşılaşırsan. Bir mahnı ömrü ömürlərə qatılır. Bir mahnı ömrü neçə-neçə insanın, bəzən isə bir millətin mədəniyyətinin tarixinə çevrilir. Mahnını yaradan dünyadan köçür və onun yaratdığı mahnı həmin şairin, bəstəkarın ömrünə ömür qatır, onu yaşadır, unudulmağa qoymur. Belə unudulmaz mahnılardan biri də «Cücələrim» mahnısıdır. O «Cücələrim» ki, qanadında öz yaradıcıları olan əməkdar incəsənət xadimi, tanınmış şair Tofiq Mütəllibovla Qənbər Hüseynlini bütün dünyanı dolaşdırıb. O «Cücələrim» ki, Azərbaycanın vizit kartına çevrilib.
O «Cücələrim» ki, bir vaxtlar «cip, cip, cücələrim» yazan şair Tofiq Mütəllibovun qələmindən çıxaraq millətin varlığına hopub. Çox az adama tale yazdığı mahnısı ilə təkcə doğma vətənində deyil, vətən hüdudlarından kənarda da əbədiyaşarlıq qazanmaq nəsib olmuşdur. Məhz «Cücələrim»lə Tofiq Mütəllibov doğma xalqımızın mədəniyyət tarixində əvəzsiz xidməti ilə solmayan cığırlar açmışdır. Mahnıya dönərək dillər əzbəri olan «Cücələrim» sərhədləri aşdı. Sonra Gənc Tamaşaçılar Teatrında «Cücələrim» adlı tamaşa oynanıldı. Hər tamaşası anşlaqla keçən bu əsər əfsuslar olsun ki, müəllifi dünyadan köçəndən sonra bir daha balacaların ixtiyarına verilmədi.
«Cücələrim» Özbəkistana qanad açdı və orada Əməkdar İncəsənət Xadimi şair Tofiq Mütəllibovun «çuçaxo», yəni «Cücələrim» adlı kitabı 1967-ci ildə özbək dilində işıq üzü gördü.
Adətən musiqini təbiətin nitqi adlandırırlar. Bu, həqiqətən də belədir. Məgər «Cücələrim» uşaqların qəlbinin, ana-bala məhəbbətinin, təbiətdəki səs çalarlarının əks-sədası deyilmi? Günəşsiz, havasız həyat olmadığı kimi, mahnısız da həyat qeyri-mümkündür. Uşaq yaşlarımızdan bizlər «Cücələrim»i munis bir duyğularla uduruq, canımız şirələnir. Bizlər bu mahnını şəffaf bulaq suyutək içirik. İllər bir-birini əvəz edir. Sanki «Cücələrim» bizlərin əlimizdən tutaraq pillə-pillə həyatı adladır. Ata-ana oluruq, övladlarımız ana laylası ilə yanaşı bu mahnının sədaları altında böyüyür. Yaşımızdan asılı olmayaraq bu mahnını eşidəndə dodaqlarımız xəfifcə gülümsəyir, baxışlarımız ötən uşaqlıq illərinə boylanır. O uşaqlıq illərinə ki, bizlərə nağıl dünyanı xatırladır. O dünyanın Məlikməmmədi, göyçək Fatması, səxavətli Hatəmi çox, divi, təpəgözü yox idi. Əvəzində bizləri hər dərddən, bəladan hifz edən, istəklərimizi bir göz qırpımında yerinə yetirən Simurq quşu – valideynlərimiz var idi. Nağıllarda olduğu kimi, «qa» – deyəndə suyumuzu, «qu» deyəndə ətimizi hazır edirdilər. Cücələr analarına sığındığı kimi, bizlər də valideynlərimizə sığınırdıq. Dünyanın dörd bir tərəfini dolaşan «Mənim qəşəng cücələrim, tükü ipək cücələrim» sədaları altında hər gün bir buğda boyu artır, ayları, illəri yola salırdıq.
Muğam Teatrının direktoru, tanınmış rejissor Arif Qazıyev də «Cücələrim»in ilk ifaçılarından olub. Milli musiqimizin təəssübünü çəkən Arif Qazıyevdən bu mahnının tarixi ilə maraqlandıq. O, uşaqlıq illərinin ən unudulmaz anlarını belə çözələdi: «Cücələrim»i ifa edəndə mənim 8 yaşım var idi. Filormoniyada Yay Olimpiyadası keçirilirdi. «Cücələrim» adlı böyük bir kompozisiya hazırlanmışdı və mən «Cücələrim»i oxudum. Bu mənim incəsənət aləmində atdığım ilk uğurlu addımlarımdan biri idi. Həmin alqış səslərini bu gün də unuda bilmirəm.»
Beləcə «Cücələrim» dillərə düşdü… 1959-cu ildə hamımızın «Ulduz» filmindən Yetər obrazı kimi tanıyıb sevdiyimiz Suğra Bağırzadə Moskvada «Cücələrim»i oxudu. Beləcə, Arif Qazıyev ilə Suğra Bağırzadənin ifasında bu mahnı dillər əzbərinə çevrildi. Səslər sehrində «Cücələrim» boy atdı, anasına çatdı və bütün dünyanı gəzdi, dolaşdı, dildən-dilə düşdü.
Beşik nəğməmiz qədər əziz oldu hər kəsə «Cücələrim». 60 ildən artıqdır ki, azərbaycanlı körpələrin dilində «cip-cip cücələrim, tükü ipək cücələrim» millətindən, dilindən, dinindən, irqindən asılı olmayaraq dünyanın demək olar ki, bütün xalqlarının körpələri də səs verib, öz dillərində bu gözəl, sevimli uşaq mahnısını ifa edirlər. «Cücələrim» artıq bir xalqa aid uşaq mahnısı anlayışından çıxaraq beynəlmilləşib, bəşəriləşib.
Ecazkar ifa tərzi, aydınlığı ilə, şirin və qəlbəyatımlı sözləri, musiqisi ilə seçilən «Cücələrim» mahnısı dünyanın bütün uşaqlarının dilində sevə-sevə oxunaraq onları bir-birinə yaxınlaşdırır, sevdirir. Bu gözəl uşaq mahnısı uzun illərdir ki, dünyada xalqımızı təmsil edir. Tofiq Mütəllibov da yazdığı misralarıyla hər bir evin sevimli qonağı olur, hər bir körpənin qəlbində özünə yer tapıb.
Bildiyimiz kimi, Qəmbər Hüseynli «Cücələrim» mahnısını ilk dəfə olraq Abbas Səhhətin sözlərinə bəstələmişdi. Lakin həmin mahnı o qədər də uğur qazana bilməmiş, beynəlmiləl olmamışdı. Əməkdar incəsənət xadimi, şair Tofiq Mütəllibovun sözlərinə yazılmış «Cücələrim» isə bütün dünyanı gəzdi, gəzir və gəzəcəkdir. Elə bir mahnı yoxdur ki, bütün dünyanı dolaşsın və hətta uşaqların ən sevimli cizgi filmi olan «Nu poqadi»yə də öz möhrünü vura bilsin.
Oktay
Xalq Cəbhəsi.-
2012.- 7 fevral.- S.14.