Gülərüz sənətçi

 

Münəvvər Kələntərli həm dramatik, həm də komik aktrisa kimi sənətdə öz sözünü dedi

 

Onu tez-tez xatırlayırıq. Duzlu-məzəli zarafatları, şirin-şəkər söz-söhbətləriylə canlanır xəyalımızda. Yaddaşımızda həmişə filmlərdə gördüyümüz kimidir: gülüşündən, danışığından həyat eşqi yağan, hələ cavan, gümrah, gözəl qadın, şöhrətli xanəndə, aktrisa Münəvvər Kələntərli. Münəvvər Kələntərlinin çox gözəl səsi olduğunu bilən Yavər Kələntərli onu da oxumağa həvəsləndirir. On yeddi-on səkkiz yaşlı Münəvvər Kələntərli üçün yenicə gəldiyi şəhərdə ən doğma yer Opera Teatrı olur. Çünki qardaşı Haşım da, çox sevdiyi əslən şamaxılı Yavər Kələntərli də orada oxuyurdular. Yavər Kələntərlinin köməkliyi ilə Münəvvər Kələntərlinin səsini yoxlayan sənətkarlar onun sənət aləminə gəlişinə xeyir-dua verirlər. Doğrudur, o dövrdə səhnəyə çıxmaq gənc qızlar, gəlinlər üçün çox çətin idi. Amma Münəvvər Kələntərlinin bu barədə bəxti gətirir. Onun doğulub-böyüdüyü ailədə hamı musiqi, sənət vurğunuydu. Evdəkilərdən heç bir maneə görmədən səhnəyə çıxan Münəvvər Kələntərli oxumağa başlayır. Tezliklə radio dalğalarından diktorun səsi gəlir: «Konsertimizə başlayırıq. Oxuyurlar Haşım və Münəvvər Kələntərlilər». Bacı-qardaşın ifa etdiyi xalq mahnıları, muğamlar dinləyiciləri heyran qoyur. Çox keçmir, Münəvvər Kələntərlinin başqa xəyalı da gerçəkləşir. Onu Opera Teatrına işləməyə dəvət edirlər. Bakıda Münəvvər Kələntərliyə Üzeyir Hacıbəyov küçəsində ikiotaqlı mənzil verirlər. Münəvvər Kələntərli xasiyyətcə çox şən idi. Ortaboylu, dolubədənli, yarlı-yaraşıqlı, xanım-xatın ədalı, gözəlsəsli Münəvvər Kələntərlinin əsl yeri Musiqili Komediya Teatrıydı. Bu, sənətkarların da diqqətindən yayınmır. Münəvvər Kələntərlini həmin teatra çağırırlar. Ona müxtəlif xarakterli komik rollar həvalə edilir. Roldan-rola necə dəyişdiyi, başqalaşdığı hamını heyrətə gətirirdi. «Hacı Kərimin Aya səyahəti»ndə Kəblə Fatma, «O olmasın, bu olsun»da Sənəm, «Gözün aydın»da Gövhər, «Qızılaxtaranlar»da Xədicə, «Ulduz»da Tamam və daha neçə-neçə rolları ustalıqla yaradırdı. Səhnədəki hər görkəmiylə doğma, baxımlı, maraqlıydı. Sanki oynadığı bütün obrazlar, necə deyərlər, boyuna biçilmişdi. «Hacı Kərimin Aya səyahəti»ndə aktrisa Nəsibə Zeynalovayla dublyor idilər. Münəvvər Kələntərli Lütfəli Abdullayevin, Nəsibə xanım isə Bəşir Səfəroğlunun tərəfmüqabili kimi çıxardı səhnəyə.

Şövkət Ələkbərova, Gülxar Həsənova, Nəsibə Zeynalova, xanəndə Məmməd Salmanovun həyat yoldaşı Ədilə xanım, Sara Qədimova, Rübabə Muradova, Nəcibə Məlikova Münəvvər Kələntərli ilə yaxın rəfiqələr idilər. Tez-tez Münəvvər Kələntərligilə yığışar, deyib-gülər, müxtəlif oyunlar oynayardılar. Uduş pulluydu. Ən gülməlisi də o olardı ki, həmişə bir abasıdan, beş, yaxud on qəpikdən oynayardılar. Günlərini maraqlı keçirirdilər. Sevinməyə həmişə səbəb tapırdılar. Çox mehriban idilər. Birinin uğuru hamının bayramıydı. Onlar sənətdə yetişmək üçün can qoymuşdular. Artıq şöhrətləri, ad-sanları, fəxri adları var idi. Ancaq sənətə ilk başladıqları günlərin həyəcanı ilə çıxırdılar səhnəyə. Öz işlərinə çox məsuliyyətlə yanaşardılar. Birgörürdün, kişili-qadınlı böyük dəstə yığışıb harasa getdi. Qastrola, kino çəkilişlərinə yox, elə-belə, istirahət etməyə. Münəvvər Kələntərli hərdən iyirmi-iyirmi beş nəfəri özüylə Lənkərana – bacısı Xanımbacının evinə qonaq aparardı. Gəzib-dolanır, çalıb-oxuyur, deyib-gülürdülər. Axşam olanda böyük eyvanda yer açırdılar. Ancaq səhərədək yatan kimiydi? Arabir sükut çökərdi. Açıq pəncərədən sakit yay gecəsinin ulduzları sayrışardı. Birdən kiminsə səsi gəlirdi: «Ordan mənim eynəyimi verin, yata bilmirəm. Gözlərimə gün düşür». Hamı başlayırdı gülməyə.

1939-cu il idi. Filarmoniyada verilən konsert başa çatır. Münəvvər Kələntərli, Cahan Talışinskaya, Sürəyya Qacar, Yavər Kələntərli və Həqiqət Rzayeva şair Əlağa Vahidə yaxınlaşıb, onu əhatəyə alırlar. Aralarında ən dilli-dilavər sayılan Yavər yenə qabağa düşür:

- Ay Vahid, nə oldu, hər gördüyün qıza, gəlinə qəzəl qoşursan. Bəs bizi niyə yada salmırsan?

Vahid fikirləşir, bunlar beş nəfərdir, indi mən deyim? Ancaq vəziyyətdən tez çıxır. Bədahətən deyir: Həqiqətinlə cahan parlayır Sürəyyatək, Münəvvər ölkəmin hər bir zamanda Yavəriyəm. Münəvvər Kələntərli mehriban, şən, şux olduğu qədər ötkəm, zəhmliydi. 1953-cü ildə onu «Vətən» kinoteatrına direktor müavini təyin etdilər. O vaxtlar Bakıda hind filmləri dəbdəydi. Kinoteatrların qarşısında adam əlindən tərpənmək olmurdu. Ağız deyəni qulaq eşitmirdi. Növbədəkilər basabas salır, bir-birlərini itələyirdilər. Yazıq bilet satan qadın da qalırdı çıxılmaz vəziyyətdə, bilmirdi neyləsin. Birdən Münəvvər Kələntərli görünərdi. Növbə üstündə qalmaqal salanlara eynilə «Görüş» filmindəki Münəvvər kimi acıqlanardı:

-Orda səs-küydür? olub?

O dəqiqə səslər kəsilərdi. Hamı sakitcə sıraya düzülüb, növbəylə kassaya yaxınlaşardı. Satıcı qadın sevinərdi:

- Münəvvər xanım, olar, getməyin. Siz içəri keçən kimi yenə başlayacaqlar qırğın salmağa.

Münəvvər Kələntərli gülərdi:

- Bir balaca yer var, ordan sən biletləri verib pulları alırsan. Mən harada duracağam?

Kinoteatra direktor müavini göndəriləndən sonra teatrdan getdi. Amma filmlərə çəkilirdi.

Münəvvər Kələntərli sağlam qadınıydı. Düzdür, gənc yaşlarında cərrahiyyə əməliyyatından keçmişdi. Həkimlər böyrəyinin birini götürməli olmuşdular. Sonralar heç xəstələnib eləməzdi. Ancaq başıbəlalı oldu. Moskvaya kino çəkilişinə gedəndə orada sancısı tutur. Xəstəxanaya gedir. Müayinə edən həkimlər: «Korbağırsağınızda cərrahiyyə əməliyyatı lazım olacaq», – deyirlər. Çəkilişlər başa çatandan sonra gəlirlər Bakıya. Yayda Daşkəsənə film çəkilişlərinə getməliydi. Elə gözləyirdi kiMoskvadan gələndən sonra bir dəfə ağrısı tutmadı. Özünü gümrah hiss edirdi. Amma çox narahatıydı. Qorxurdu ki, Daşkəsəndə sancıları başlayar, həm film çəkilişləri qalar yarımçıq, həm ucqar yerdə, xəstəxanadan uzaqda çətin vəziyyətə düşər. Düşünüb-daşındı. Qərara gəldi ki, yayadək cərrahiyyə əməliyyatından keçsin. 1963-cü ilin fevralında öz ayağıyla, qohum-əqrəbanın əhatəsində deyə-gülə xəstəxanaya yollandı. Yoxlamalardan keçdi. Münəvvər Kələntərli kimi sevilən aktyorun cərrahiyyə əməliyyatını xəstəxananın həkimi olan bir professor öz boynuna götürdü. O, Münəvvər Kələntərlini yaxından tanıyırdı. Onu arxayın salmışdı: «Sən heç narahat olma, cərrahiyyə əməliyyatını özüm aparacağam». Qohum-əqrəbanın çoxu xəstəxanadaydı. Münəvvər Kələntərli heç elə bil cərrahiyyə otağına getmirdi. Danışır, hamıyla zarafatlaşırdı. Gülə-gülə əməliyyata yollandı. Qohumlar dayanıb professorun çıxmasını gözləyirdilər. Nəhayət, o, qapıda göründü: «Korbağırsaq boş şeydir. Mən böyrəyini yoxlamışam. Hər şey qaydasındadır».

Cərrahiyyə əməliyyatından sonra Münəvvər Kələntərli ikicə gün yaşadı. Huşsuz vəziyyətdəydi. Bir dəfə özünə gəlmədi. Professor böyük səhvə yol vermişdi. Əməliyyat düzgün aparılmamışdı. Həm korbağırsağı kəsəndən sonra düzgün tikməmişdi, həm qalan böyrəyi zədələmişdi. Azərbaycan SSR Ali Sovetinin deputatı seçilməsini gözləyirdi. Qəzetdə məlumat çıxmalıydı. Elə hey sayıqlayır, rabitəsiz sözlər danışır, heç eşitmirdi. Buna baxmayaraq, qəzetdə çap olunmuş məlumatı ona oxudularBilinmir başa düşdü, ya yox. Hamı gözləyirdi ki, bəlkə özünə gəldi, heç olmasa, nəsə dedi.

Amma həkimlər bilirdilər ki, o, öləcək. Cərrahiyyə əməliyyatından iki gün sonra, Münəvvər Kələntərli gözlərini həmişəlik yumdu. 50 yaşı yenicə tamam olmuşdu Münəvvər Kələntərlinin. Üç-dörd ay qabaq yubileyi Musiqili Komediya Teatrında təntənəylə qeyd edilmişdi. Teatrın o zamankı direktoru, bəstəkar Süleyman Ələsgərovdan tutmuş, ən adi işçiyədək hamı xətrini istəyirdi. Çünki özü yaxşı insanıydı, durduğu yerdə kiminsə qəlbinə toxunmazdı. Elə yəqin, buna görəydi ki, sağlığında hamı onun ətrafına yığışardı. O gün isə Münəvvər Kələntərlinin başına toplaşanların sayı-hesabı yox idi. Dəfn mərasimi əsl nümayişə dönmüşdü. O gün Musiqili Komediya Teatrının səhnəsi bütünlüklə Münəvvər Kələntərlininiydi. Adı çəkiləndə gözlərə şəfqət, dodaqlara gülüş qonan aktrisa həyatı boyu heç zaman etmək istəmədiyi bir işi görürdü. Adamları gülmək yerinə, ağladırdı. Bütün sənətkarlar vida mərasimindəydilər. Sənətin Münəvvəriylə vidalaşırdılar. Lütfəli Abdullayev uşaq kimi ağlayırdı. Aktyor Mobil Əhmədovla zarafatları vardı. Münəvvər Kələntərli ətli-canlı olduğundan, hərdən ona sataşardı: «Ay Münəvvər, bu nədir, ayaqüstə üzülürsən ki, yeməyinə fikir ver ». İndi Mobil Əhmədov acı-acı göz yaşları tökürdü. Gülxar Həsənova qalxdı səhnəyə. Bacı qədər sevdiyi Münəvvər Kələntərliyə vida sözünü «Segah»la dedi. Səsindəki nalə, fəqan ürəkləri parçalayırdı. Salondakılar hamısı bir-birinə qoşulub hönkür-hönkür ağlayırdı. 24 yaşlı Validəyə anasının vəfatı ağır təsir etmişdi. Atası sağ olsa da, həmişə yanına gəlib-getsə , onun qayğısını çəkən Münəvvər Kələntərli olmuşdu. O, Validəni təkbaşına böyütdü. Ancaq qızının toyunu görmədi. Validə olduqca gözəgəlimli qız idi. Ağıllı, savadlıydı. Ali təhsilli hüquqşünasıydı. Münəvvər Kələntərlidən fərqli olaraq səsi yoxuydu. Heç görkəmcə anasına bir o qədər oxşamırdı. O da ayrı cür gözəliydi. Münəvvər Kələntərli kimi ağbəniz olsa da, daha çox atası tərəfə çəkmişdi. Amma taleyi anasına bənzədi. Onun kimi 50 illik ömür payı düşdü qismətinə. Heç övladı da qalmadı. yaxşı, Münəvvər Kələntərli xəbərsiz qaldı qızının başına gələnlərdən. Validə anasının yanındaköhnə qəbiristanlıqda dəfn olunub.

Münəvvər Kələntərli sənətə gəldiyi gündən, ta sonadək bəxti üzünə güldü. Çox xoşbəxt sənətkar oldu. İstedadını bütün çalarlarıyla göstərməyə fürsət tapdı. Həm dramatik, həm komik aktrisa kimi sözünü dedi. İlahi səsi xalq mahnılarına, muğamlara yeni rəng qatdı. Ancaq həyat ona səadət payını ancaq sənətində verdi. Qadın xoşbəxtliyi olmadı. Gənc yaşında sevdi, sevildi. Ürəyincə olan evlilik qurdu. Həyat yoldaşıyla bir-birlərini başa düşürdülər. Tək bir məsələdə anlaşa bilmədilər. Ənvər Bakıya gəlmədi, Münəvvər Kələntərli Qusara getmədi. İstəməyə-istəməyə sevdiyi insandan, yeganə qızının atasından ayrıldı. Sonunda bircə balası da onun yoluyla getdi. O da xoşbəxt olmadı. Amma sevgisini bol-bol verən teatr, kino sənəti Münəvvər Kələntərliyə həmişə vəfalıdır. Onu həyatda görməyənlər lentlərin yaddaşından tanıyır, tanıdıqca da xanım-xatınlığına, səmimiyyətinə heyran qalırlar.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 9 fevral.- S.11