Monumental dekorativ təmayüllü rəssam

  

XX əsrin 60-cı illərində Azərbaycan təsviri sənətində bir sıra gənc rəssamlar yaratdıqları sənət nümunələrilə diqqəti cəlb etmişdilər. Belə sənətçilərdən biri dəzgah monumental rəngkarlıqda uğurlar qazanan rəssam Oqtay Şixəliyev idi. 60-cı illərdə respublikada mədəniyyət evlərinin, məktəblərin, metro stansiyalarının, restoranların, kafelərin, şəhər sirkinin digər inzibati binaların tərtibatında onun da böyük rolu var. Oqtay Şıxəliyev Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri olarkən Azərbaycan rəssamlığının bu sahəsində dəyərli işlər görmüşdü.

Rəssam öz əsərlərini freska rəngkarlığı ilə yanaşı mozaika kaşı sənətinin bütün imkanlarından, yeni plastik materiallarından istifadə etməklə yaradır. Oqtay Şıxəliyev sözsüz ki, məhz monumental dekorativ təmayüllü rəssamdır. Ancaq buna baxmayaraq sənətkar özünü təsviri sənətin bütün janrlarında sınayır: rəngkarlıq sahəsində çalışır, çoxlu portret mənzərə təsvirləri, plakatlar işləyir, dekorativ vazalara boşqablara tərtibat verir, xırda tematik lövhələr düzəldir, keramika metaltökməyə meyl göstərir. Lakin bütün bunlara baxmayaraq Oqtay Şıxəliyev yaradıcılığının böyük bir hissəsini rəngkarlığa yönəldir. Onun rəngkarlığı bütünlüklə dekorativ xarakter daşıyır.

O, lokal rənglərə daha çox üstünlük verir. Çox vaxt bu rənglərin ahəngini onların təzadı ilə yaradır. Rəssam üçün rəng obrazın əsas ifadə vasitəsidir. «Mənim qaracam», «Tarzən Bəhram Mansurov», «Nigar», «Qız», «Kimyaçı» kimi portretlərdə yaxud, «Qobustan», «Kürün ram edilməsi», «Müharibənin nəticələri» adlı mənzərələrində bu, açıq-aşkar görünür. Əlbəttə, rəssamın ayrı-ayrılıqda götürülmüş bütün bu rəngkarlıq dekorativ əsərləri onun böyük dekorativ-monumental nümunələri üçün zəmindir. Eyni zamanda işlənmə texnikası tematikasına görə orijinal olan bu əsərlər vaxtilə müxtəlif respublika, ümumittifaq xarici ölkə sərgilərində uğurla nümayiş etdirilib.

O.Şıxəliyev təhsilini Sankt-Peterburq (Leninqrad) şəhərində bitirdikdən sonra vətənə qayıdıb qısa müddətdə aparıcı rəssam-monumentalistlər qrupuna daxil olub. Rəssam Azərbaycan memarlığında təsviri sənətin sintezi ilə meydana gəlmiş bir çox yeniliklərin müəllifi sayılır. Dəzgah rəngkarlığında işlətdiyi çoxsaylı üsul yenilikləri Oqtay Şıxəliyev çox böyük ustalıq bacarıqla monumental sənətdə istifadə edir. Meksikada, Almaniyada, Kanadada, Rusiyada olarkən o, öz yaradıcı rəssam diapazonunu nəzərə çarpacaq qədər artırmışdır. Hər bir ölkənin gündəlik həyatı ilə tanışlıq, sözsüz ki, rəssamın müşahidə təcrübəsini artırır, onu yeni-yeni kompozisiyalar sənət əsərləri yaratmağa ruhlandırır. Onun hər bir kompozisiyası sanki dəzgah rəngkarlığında yenilik, uğurlu addımdır. Fiqurların hər biri digərindən seçilir obrazların ifadə olunmasında qətiyyən nəzərə çarpmır, əksinə onların hər biri mənalı konkret xarakterlə təsvir olunur.

1980-ci ildə Meksikada dünya şöhrətli monumental rəssamlar R.Tamayo D.O.Sikeyrosla görüş O.Şıxəliyevə Meksika monumental boyakarlığı ilə yaxından tanışlığa imkan verdi.

Rəssam onların xalqa, azadlığa və böyük Meksika inqilabına olan münasibətlərilə tanış oldu. Onlar öz əsərlərində fəhlə, kəndli, əsgər və fermerlərin fədakarlıqla inqilaba qoşulduqlarını və bu yolda etdikləri qəhrəmanlıqları əks etdirmişdilər. Rəssam Meksika təəssüratları əsasında çoxsaylı, kiçik həcmli, həm rəngkarlıq, həm də qrafik əsərlər işləmişdir. Məsələn: «Dağların ətəyində», «Gün batanda», «Piramida», «Köhnə qəsr», «Mexiko», «Tasko», «Kilsə», «Açal-pala abidələri», «Quadalxara», «Akapulko» və digər Meksika təsvirləri.

Bütün bu əsərlərində O.Şıxəliyev Meksika təbiətinin gözəlliyini, qədim memarlıq abidələrini, şəhər və kəndlərin müasir görüntülərini əks etdirməyə çalışmışdır. Rəssam bu ölkənin insanlarını da öz təsvirlərində böyük məharətlə əks etdirmişdir. «Toreador», «Balıqçı» və s. əsərləri ölkə vətəndaşlarının xarici görünüşləri və geyimləri haqqında təsəvvür yaradır. O.Şixəliyev rəssam-monumentalçı olmasına baxmayaraq, daim dəzgah kompozisiyaları axtarışındadır. Ümumiyyətlə, rəssam həm rəngkarlıqda, həm də qrafikada özünəməxsusluğu ilə yadda qalan təsvirlər və kompozisiyalar yaradır.

O.Şıxəliyevin monumental-dekorativ nümunələri çox böyük bədii ifadə gücünə malik olduğuna görə diqqəti cəlb edir. Monumental əsərlər başlamazdan əvvəl müəllif hərtərəfli – həm mövzu, həm də material baxımından hazırlığını aparır.

Gəncə şəhər internat məktəbində «Sülh, Əmək, Azadlıq, Bərabərlik, Qardaşlıq və Səadət» mövzulu monumental əsər çox böyük uğur qazanmışdır. Bu monumental əsər üzərində O.Şıxəliyevlə birlikdə digər rəssam-monumentalist A.Ağamalov da çalışmışdır. O, 1963-cü ildə Bakıda Hüseyn Rəcəbovla birlikdə «Uşaq aləmi» universal mağazasının bədii tərtibatını vermişdir. Bu mağazanın üç böyük daxili divarı uşaqların həyatından götürülmüş müxtəlif süjetli rəsmlərlə bəzədilmişdir. Burada işləmiş rəsmlər «Qoy həmişə günəş olsun» sülh ideyasına həsr olunmuşdur. Müəlliflər ayrı-ayrı kompozisiyaların məzmununu sanki «uşaq dili» ilə açır.

O.Şıxəliyev H.Rəcəbovla birlikdə ictimai binaların müxtəlif interyer və eksteryerində mürəkkəb, orijinal kompozisiyalar yaradır. 1964-cü ildə Bakıdakı «Novbahar» restoranının divarlarındakı lirik rəsmlər, 1965-ci ildə «Anauşaq» kafesindəki mozaik kompozisiya, 1968-ci ildə Bakı sirkində foyenin divarlarındakı monumental kompozisiya, süjetli-tematik səhnələr belə əsərlərdəndir. Rəssamların bu nümunələri onların monumental-dekorativ sənətin incəliklərinə dərindən bələd olduğunu, kompozisiyanın qanunlarını yaxşı bildiklərini, rəng və formanı həssaslıqla duyduqlarını göstərir.

60-cı illərdə Oqtay Şıxəliyevin yaradıcılığı daha intensiv olmuşdur. Onun 1968-ci ildə Bakıdakı 18 saylı məktəbin yeni binasının fasadında kosmik fəzanı əks etdirən «Ulduzlara doğru» mozaik pannosu göz oxşayır. İrəli uzanmış əllərində kosmik aparat tutmuş gənc oğlan və qız sanki günəşə doğru uçmaq, sonsuz fəzada yeni səma cisimləri kəşf etmək istəyirlər. 70-ci illərdə Bakının simasının dəyişilməsində dekorativ-monumental sənətin müəyyən rolu olmuşdur. Bu dövrdə Azərbaycanın monumentalçı rəssamları, sənətin inkişafına zəmin yaradan onlarla maraqlı monumental əsər yaratmışlar. Əgər 60-cı illərdə Şıxəliyev yaratdığı monumental əsərlərində Deyneka, Sikeyros kimi rəssamların təsirinə düşürdüsə, artıq 70-ci illərdə o, yaratdıqlarına əsl milli elementlər – Azərbaycan motivləri gətirdi. Rəssamın yaradıcılıq üslubunun dəyişməsi, onu ənənəvi ifadə vasitələrinə yeni gözlə baxmağa, qədim monumental sənətimizin zəngin olduğu mütərəqqi bədii formaları öz yaradıcılıq prizmasından keçirməyə məcbur etdi. O.Şıxəliyev 70-ci illərdə yaratdığı əsərlərində şəbəkə, divar rəsmləri, mis üzərində döymə, orta əsr miniatürləri, xalça sənəti və ornamentləri, memarlıq detalları kimi milli ənənələrdən, bir çox orta əsr bədii sənət nümunələrindən, o sıradan, Azərbaycan xalq yaradıcılığının zəngin rəng çalarlarından faydalanırdı.

Oqtay Şıxəliyev hər bir yeni əsərində qədim Azərbaycanın milli incəsənətinin mütərəqqi cəhətlərini daha qabarıq və geniş şəkildə göstərir. «Respublika Ovçular Evi»nin 1971-ci ildə tikilmiş binasının tərtibatı bu cəhətdən daha səciyyəvidir. O.Şıxəliyev H.Rəcəbovla birlikdə hazırladığı binanın iclas zalının tərtibatını Azərbaycanın canlı təbiətinə həsr etmişdir. Eni bir metr, uzunluğu yüz metr olan döymə friz zalın divarlarını iki tərəfdən dövrələyir.

Ənənəvi milli döymələrdə qədim dövrlərdən tutmuş bu günlərə qədərki ov səhnələri kompozisiya planında təsvir edilmişdir.

 

Oktay Hacımusalı

Xalq Cəbhəsi.- 2012.- 14 fevral.- S.13.