«Mir Hidayət Hesari zəngin bir irs qoyub
getdi…»
Güney Azərbaycanın tanınmış
alimi Mir Hidayət Hesari fevralın 10-da vəfat edib. Güney
Azərbaycanda Azərbaycan
türkcəsi, ədəbiyyatı
və folklorunun tanınmasında böyük
əməyi olan soydaşımız Azərbaycan
və fars dillərində çıxan
«Aşıqlar məclisi»,
«Mənzum türkcə
«Şahnamə», «Azərbaycan
folkloru» (3 cilddə),
«Günəşsiz günlər»
(şeir divanı), «Azərbaycan nağılları
və onların Avropa xalqlarının ədəbiyyatındakı oxşarları»,
«Türkcə qədim
tibb kitabları», «Füzulinin biblioqrafiyası»,
«İranda türkcə
əlyazma kitablar», «Türk qadınları tarixdə», «Azərbaycan dilində atalar sözləri», «Azərbaycan
dilində tapmacalar», «Azərbaycan dilində deyimlər», «»Dədə Qorqud kitabı»nı incələyək», «Fars dilində
türk sözləri»,
«Kiçik hekayələr
toplusu» və başqa kitabların müəllifidir. Mir Hidayət Hesari 1930-cu ildə Güney Azərbaycanın Culfa şəhərində doğulub,
uzun sürən xəstəlikdən sonra Tehranda vəfat edib.
Tanınmış araşdırmaçı Əkrəm Rəhimli Mir Hidayət Hesarinin ölümü ilə bağlı kədərini
belə ifadə edir: «Mir Hidayət Hesari aramızdan getdi. Bu, xalqımız
üçün böyük
itkidir. Xüsusən onun ölümü
Səməd Sərdariniyadan,
Həmid Mollazadədən
sonra böyük itki oldu. Hesar ensiklopedik biliyə malik alimlərimizdən idi. Bütün ömrünü xalqımızın azadlığı,
müstəqilliyi, ana
dili uğrunda mübarizəyə həsr
etmişdi.
O, Cavad Heyətin redaktorluğu ilə çıxan «Varlıq» dərgisinin aparıcı
yazarlarından idi».
Hesarinin «Mənzum türkcə «Şahnamə»" əsərinə
toxunan Əkrəm Rəhimli bildirir: «Aydındır ki, Firdovsi türk xalqına qarşı çıxmış, farsın
türk üzərində
qələbəsini tərənnüm
etmişdi. Bu mənada fars şovinistləri farsın «böyüklüyünü»,
«əzəmətini» əsaslandırmaq
üçün Firdovsinin
«Şahnaməsi»nə müraciət
ediblər. Hesari «Şahnamə»də Firdovsinin türkə qarşı çıxmasını,
onu alçaltmasını
bağışlanmaz günah
sayır. «Şahnamə» həcmcə
böyük əsərdir,
onu hər kəs sona kimi
oxuya bilmir. Hesari həmin hissələri ayırıb, onlara çox tutarlı cavablar verib».
Ə.Rəhimli Hesariyə müxtəlif
çağlarda müəyyən
təzyiqlərin də
olduğunu bildirir: «Hesari İranın fars-molla hakimiyyətinin hədəflərindən biri
idi. Onun ölümü yəqin ki, indi fars şovinizmi üçün sevindiricidir.
Hesarinin əsərlərini
təəssüf ki, Quzey Azərbaycanda az tanıyırlar.
Ona görə də biz şərqşünasların işi
odur ki, Hesarinin farsca əsərlərini yavaş-yavaş
dilimizə tərcümə
edək. Hesari əsasən fars
dilində yazmağa məcbur idi ki, fikirlərini çatdırsın. İranda ictimaiyyət
türkcəni yaxşı
anlamır. Habelə
Hesarinin ana dilimizdə əsərləri
var. Hesari zəngin bir irs qoyub gedib. Folklorşünaslarımız, tarixçilərimiz, ədəbiyyatçılarımız bu irsdən yararlanmaqla yanaşı, onu sabahkı nəslə təqdim etməlidirlər».
Hesarinin folklorşünaslığa aid 3 cildlik əsərləri bütövlükdə Güney Azərbaycan folklorunu əhatə edir: «O, həm də bu mənada Güney Azərbaycandakı araşdırmaçılarımız içərisində ilklərdəndir. Hesari araşdırmaları ilə millətimizin kimliyini – qədimliyini, yaşadığı yerlərin əzəli sahibləri olduğunu çatdırır. O, sübut edir ki, folklorda xalqımızın zəngin tarixi, ruhu, mədəniyyəti yaşayır. Onun ömrü və fəaliyyəti Güney Azərbaycanda milli kimliyimizi dananlara qarşı tutarlı cavabdır. Bu gün Güneydə siyasi, ədəbi, elmi proseslər güclənməkdədir. Son 20 ildə Güneydə milli oyanış çox güclənib. Hesari yazılarıyla Güney Azərbaycanda milli oyanışa təkan verən aydınlarımızdandır. İnanıram, bundan sonra da millətimiz bu cür aydınlar yetirəcək».
Hazırda Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızın doğma ana dilində bir məktəbi belə yoxdur. Bu gün Güneydə müəyyən çərçivə daxilində ana dilində çıxan çıxan qəzet və dərgilər soydaşlarımızın bu sarıdan da istədiklərini tam əldə etmədiyini göstərir. Əslində güneyli soydaşlarımız ana dilində çıxan nəşrlərlə bağlı nə əldə ediblərsə, yalnız fədakarlıqları bahasına buna nail olublar. Bu baxımdan İranda soydaşlarımızın milli kimlik, mənəvi varlıq yönündə tanınan nəşrlərindən biri «Varlıq» dərgisidir. «Varlıq» dərgisi bu gün təkcə Güney Azərbaycanda deyil, müxtəlif ölkələrdə, eləcə də Quzey Azərbaycanda sorağı eşidilən dərgilərdəndir. Dərginin ilk sayı 1979-cu ildə Tehranda işıq üzü görüb. «Varlıq» dərgisinin qurucusu və baş yazarı həm də cərrah kimi dünyada məşhur olan ədəbiyyatşünas, tədqiqatçı-alim doktor Cavad Heyətdir. Bu müddət ərzində dərgidə Hamit Hitqi, Məhəmmədəli Fərzanə, Q.Beydili, M.H.Hesari, H.Məmmədzadə, A.Hamneyi, Savalan, Məşrutəçi Sönməz, A.Kamali, Məhəmmədtağı Zöhtabi, H.Güneyli və başqalarının zəhməti xüsusi olub. Dərginin yazı işləri müdirliyini Rza Heyət, ondan sonra isə İ.Refref görüb. İlk illərdə ayda bir dəfə çıxan dərgi sonralar 2 aydan bir, 3 aydan bir çıxmağa başlayıb. İlk sayında dərgi öz məramını belə ifadə edirdi: «Azərbaycan xalqının milli və mədəni varlığına, dil və ədəbiyyatına, folklor və xalq ədəbiyyatına, iftixar ediləcək keçmişinə, tükənməz bədii və hünərli qüdrətinə yol açmaq və onu yeni tarixi-sosial zamanda daha demokratik və inkişaflı istəklər ətrafında birləşdirmək arzusu ilə bu dərgi meydana çıxıb».
Tədqiqatçı, doktor Bilgehan Gökdağ «Varlıq» dərgisi ilə bağlı araşdırmalarında yazır ki, bu dərgi nəşr olunduğu illərdə İranda yaşayan türklərin ədəbi dil üslubu tam şəkildə inkişaf etməmişdi: «İmla və üslubi işarətlərlə bağlı vahid bir qayda yox idi. Bu səbəbdən də mətbuatda Azərbaycan türklərinin dili ilə bağlı problemlər meydana çıxmışdı. Məhz bu dövrdən başlayaraq Güney Azərbaycanın ədəbi dilinə dayanan yazı dilində bir yeniləşmə mərhələsi başlandı. Dərgi ilk dövrlərdən başlayaraq Azərbaycan Türkcəsinin dil-üslub problemini ortadan qaldırdı, ərəb əlifbası ilə sözlərin asan oxunmasına nail oldu».
Tədqiqatçının fikrincə, «Varlıq» dərgisi 1979-82-ci illər arasında milli məsələlərlə bağlı daha atəşin və yönəldici yazılara yer verdiyi halda, 1983-1990-cı illərdə daha çox İran-İraq savaşının təsiri altında bir durğunluq mərhələsini yaşadı. Ancaq 1991-ci ildən sonra «Varlıq» dərgisi yenə də İranda yaşayan türklərin milli-mənəvi və sosial durumlarının yaxşılaşdırılması yönündə əvvəlki dövrlərdə olduğu kimi fəaliyyətinə davam etməkdədir: «Sevindirici cəhətdir ki, əvvəllər dərgiyə farsca məktub göndərən oxucular sonralar bu məktubları türkcə yazmağa başladılar. Bu mənada illər uzunu Cavad Heyət Azərbaycan türkcəsinin imkanlarının genişlənməsi məqsədilə «Varlıq»dərgisində çox işlər görə bilib». Tədqiqatçı Kökdağ yazır ki, doktor Cavad Heyət ana dilini «yabanı dil», «məhəlli dili» şəklində təqdim edənlərə cavab olaraq yazdığı yazısında göstərdi ki, Azərbaycan türklərinin bugünkü dili türk dilidir. Ona görə də «Azərbaycan dili» ifadəsi dar anlamdadır. Azərbaycanda danışılan türk dili sadəcə, burada deyil, İranın fars bölgələrində də yüz minlərlə insanın əsrlər boyunca danışdığı bir dildir. Bu dil 1930-cu illərə qədər Quzey Azərbaycanda «türk dili» adlandırılıb. Doktor Heyət farsca ilə yanaşı türkcənin də işlədilməsini təkid edərək 1990-cı ildə yazırdı: «Biz… ana dilimizdə də oxuyub, yazmaq istəyirik. İrqçilər bizə: «Siz bunu etdiyinizdə pantürkist olursunuz, Azərbaycanı İrandan ayırırsınız» – deyirlər. Əslində onlar… «siz ana dilinizi unudun, farsca yazın və varlığını inkar edin» – deyirlər».
Uğur
Xalq Cəbhəsi.-
2012.- 14 fevral.- S.14.