Qeyri-adi tərs adam

  Adil İsgəndərov «Ən yaxşı kişi rolu»na görə mükafat alıb

 

 

1910-cu ilin güllü-çiçəkli bahar günlərinin birində – mayın 5-də Gəncədə Rza bəyin evi sevincə qərq olur, ilk övlad dünyaya göz açır. Ata-anasının gözü önündə böyüməyə başlayır. Lakin çox keçmir ki, ailə sevinci kədərlə əvəzlənir. Arada olan düşmənçilik nəticəsində Rza bəyi Şəkiyə aparıb öldürürlər. Cəmi 6 il ata nəvazişi görən Adil ataya ən çox ehtiyac duyduğu vaxt yetim qalır. Sonralar düşmənləri qaçırmasın deyə 4 oğul anası olan Ayna xanımı qohumlarından birinə ərə verirlər. O izdivacdan da daha üç övlad dünyaya gəlir.

 

Cəfər Cabbarlının təşəbbüsü

 

Onun sənətə böyük həvəsi uşaqlıqdan baş qaldırmışdı. Hələ 10-12 yaşı olanda Gəncədə Pionerlər evində məktəblilər üçün tamaşalar hazırlamağa başlamışdı. Tamaşalarda oynamaq üçün hətta qardaşlarını, dostlarını da cəlb edirdi. Axırıncı sinifdə oxuyanda isə «Qaçaq Nəbi»ni «səhnələşdirir». Tamaşa üçün lazım olan yapıncını, papağı və xəncəri evdəki sandıqdan gizlicə götürüb tamaşada istifadə edir (Anasına bunu çox sonralar etiraf etmişdi). Bu o zamanıydı ki, böyük dramaturqumuz Cəfər Cabbarlı bir neçə ziyalı ilə birlikdə Gəncəyə gəlmişdi. Onlar bu tamaşaya baxıb, çox bəyənirlər. Bu istedadlı oğlana Bakıda təhsil almağı təklif edirlər. Beləliklə, Adil İsgəndərov Cəfər Cabbarlının təşəbbüsü ilə Teatr Texnikumuna daxil olur. Buranı əla qiymətlərlə bitirdiyindən imtahansız Moskva Dövlət Teatr Sənəti İnstitutuna qəbul olunur. Moskvada oxuya-oxuya eyni zamanda orada teatrda da işləyir. Vətənə qayıdandan sonra Akademik Dram Teatrında rejissor kimi işə başlayır. Çox keçmir ki, baş rejissor, sonra isə direktor seçilir və 25 ilə yaxın bu teatrda öz məktəbini yaradır. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını «Adil İsgəndərov teatrı» adlandırırdılar.

 

Akademik Dram Teatrından ayrılır

 

O vaxtlar teatrda birinci katibin, baş rejissorun öz lojası vardı. Hər gün məşqdə baş rejissor öz lojasında otururdu. Oturan kimixoruldamağa başlayırdı. Xorultusunun səsi bütün teatrı bürüyürdü. Ancaq bircə səhv belə gözündən qaçmazdı. Danışırlar ki, bir dəfə iclasda Mircəfər Bağırov çıxış edən zaman Adil İsgəndərovun yatdığını görüronu oyadaraq nə barədə danışdığını soruşur. Adil İsgəndərov onun dediklərini nöqtəsinə kimi təkrar edir. Çox təəccüblənir, Mircəfər Bağırov.

Adil İsgəndərov 1962-ci ilə qədər «Azdrama»da çalışır. Lakin öz ərizəsi ilə teatrdan ayrılır. Sənətkarın qardaşı oğlu Elxan İsgəndərovun dediyinə görə, Xruşşovun fərmanı ilə bir şəxs iki vəzifəni icra edə bilməzdi. Ona da ya bədii rəhbər, ya da direktor olmaq təklif olunur. Lakin Adil İsgəndərov bununla razılaşmır.

 

«Ələsgər Ələkbərov ürəkdən yandı»

 

Maraqlısı odur ki, bunu Adil İsgəndərovun hazırda çox tanınan sənətkarlar olan tələbələrinə deyəndə hamısı eyni cavabı verdi: «Bunun kökündə başqa məsələlər vardı». Ancaq o qaranlıq məqamın nədən ibarət olduğunu, gizlində nələrin yaratdığını demək istəmədilər. Yalnız şofer Əhməd kimi tanınan xalq artisti Elxan Qasımov məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışdı. Aktyorun dediklərini olduğu kimi təqdim edirik: «İnciklik oldu. Bir dəstə adam vardı. İndi dünyalarını dəyişiblər. Şəxsi münasibətlər vardı. O, çox sərt adam idi. Sərtliyi barədə deyilən sözlərin hamısı həqiqətdi, hələ bəlkə də azaldırlar. Adil müəllimi uzun illər tanıyan yaxın tələbəsi, mənəvi oğlu kimi deyirəm ki, tənbəlliyi, yalanı, istedadsızları bağışlamırdı. Güzəştə getməyi bacarmırdı. O istedadsız, başqa vasitəylə, başqa yollarla sənətə gələn adamlara qarşı qəti sərt mövqedəydi. Onlar da düşdülər bunun üstünə. O vaxtlar Mərkəzi Komitədən gəlib yerlərdən iclas keçirirdilər. Nöqsan aşkarlanan kimi işdən qovurdular, ya da çıxardırdılar. Onu elə bir şəraitə saldılar ki, Mircəfər Bağırov gəldi. O düşmənlər – hazırda məşhur adamlardır – hamısı bayram edirdilər ki, «Adil İsgəndərovu yıxdıq, indi özümüz keçirik hakimiyyətə». İclas qurtarandan sonra nəticəsi belə oldu. O vaxtlar 4-5 nazirdə qara maşın olurdu. Söhbətdən, tamaşaya baxandan sonra Adil İsgəndərova həmin maşından bağışladılar.

İkinci dəfə yenə düşdülər üstünə. Rejissorun əsas işi odur ki, tamaşası oynansın və tanınsın. «Vaqif», «Otello» və digər tamaşaları anşlaqla gedirdi. Belə bir rejissoru nəyinsə üstündə çıxarmaq istədilər. Ailəsinə, əxlaqına bir şey edə bilmədilər. Dedilər, guya nəsə danışıb. O da ərizəsini yazıb getdi və sevindilər. Sevinəndən sonra da başlarına döydülər. Deyirdilər ki, Adil İsgəndərovun ən böyük konflikti Ələsgər Ələkbərovladır. Amma Ələsgər Ələkbərov axıra kimi onun teatrdan getməsinə görə ürəkdən yandı.

Kinostudiyada da həmin şey oldu. Həmin adam kinoya rəhbərliyə gəldi. Atasının qisasını almaq üçün düşdülər üstünə. O cür filmlər çəkilən dövrdə Adil İsgəndərovu kinostudiyadan uzaqlaşdırdılar. Yenə həmin səpkidə. Dedilər, guya yeyinti olub. Adil müəllim adamın üzünə baxan kimi onun kim, olduğunu bilirdi. Onun o vaxtlar teatrdan qovduğu adamlar indi xalq artisti, rejissordurlar».

 

«Azdrama»dan sonra kinostudiyada rəhbərlik edir

 

Elxan İsgəndərov deyir ki, əmisi Nazirlər Soveti yanında Kino Komitəsinin sədri Romanovla dost olub, tez-tez məktublaşıblar. Adil İsgəndərovun teatrdan uzaqlaşmasından xəbər tutan Romanov Adil İsgəndərova ixtisasdəyişmə kurslarına gedərək teatrdan kino sahəsinə keçməyi təklif edir. Təklif qəbul olunur Adil İsgəndərov 1 il Moskvada kinorejissorluq kursuna gedir. Bakıya qayıdandan sonra «Azərbaycanfilm» kinostudiyasında baş rejissor ştatı yaradılır o, vəzifəni icra etməyə başlayır. 1964-cü ildə kinostudiyanın direktoru Məhərrəm Haşımov rəhmətə gedəndən sonra Adil İsgəndərov bədii rəhbər təyin olunur.

Həm çox tərs idi Adil İsgəndərov. Dünyanın ən tərs sənətkarlarından birincisiydi bəlkə . Əgər bir aktyor sənətinə səhlənkar yanaşsaydı, dırnaqarası baxsaydı, ona rol verməzdi. Mərkəzi Komitədən desəydilər beləHaqsızlığbı sevmirdi, yalan da danışmırdı. Elə bu tərsliyinə görə «Azdrama»dan ayrılmışdı. elə ikinci dəfə tərsliyinə görə kinostudiyadan uzaqlaşır.

Kinostudiyanın lentlər saxlanan laboratoriyasında erməni yəhudilər işləyirdi. Adil İsgəndərov da onların işini tez-tez yoxlatdırır, sıxışdırırdı. Məhz onların əlilə «İzvestiya» qəzetində Adil İsgəndərov haqqında yazı çıxır. Əslində məqalədə hansısa cinayət işindən söhbət açılmırdı. Hətta belə şayiələr yayırdılar ki, guya Adil İsgəndərov 4-cü mərtəbədəki evinin ortasında fəvvarə qurub. Yoxlayırlar, heç bir sübut tapa bilmirlər. Bütün şayiələrin əsassız olduğu ortaya çıxır. Ancaq Adil İsgəndərov haqsızlığa dözə bilmir 1974-cü ildə ərizə yazaraq kinostudiyadan çıxır: «Əgər heç bir əsas olmadan haqqımda belə yazılırsa, buna da göz yumulursa, daha işləyə bilmərəm

Kino komitəsinin sədri Məmməd Qurbanov, yaxın dostu qonşusu Mirzə İbrahimov onu fikrindən daşındırmağa çalışsalar da, heç bir xeyri olmur. «Əgər heç bir əsas olmadan haqqımda belə yazılırsa, buna da göz yumulursa, mən daha işləyə bilmərəm», – deyir. Adil İsgəndərov tərsliyindən dönmür. Yalnız İncəsənət İnstitutunun pedaqoqu kimi çalışır aktyor kimi filmlərə çəkilir.

 

«Ən yaxşı kişi rolu»

 

Aktyor kimi ilk işi hələ 1956-cı ildə olur. Hüseyn Seyidzadənin «O olmasın, bu olsun» filmində Qoçu rolunu ifa edir. Əslində bu çox kiçik, epizodik bir roldur filmdə biz onu bircə dəfə görürük. Ancaq bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir ovqat gəlir. Elə həmin ili «Qara daşlar»da Xəlilov, 1958-ci ildə «Uzaq sahillər»də Rosselini, 1963-cü ildə «Romeo mənim qonşumdur»da Quliyev, 1968-ci ildə «Qanun naminə»də Kamilov obrazlarını yaradır. Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi 1971-ci ildə çəkilən «Axırıncı aşırım» filmində yaratdığı Kərbəlayı İsmayıl sayılır. Bu obraz mürəkkəb tarixi dövrün qəhrəmanı idi. Torpaqları, var-dövləti ilə yanaşı, ləyaqətinə, şəxsiyyətinə təcavüz edilən Kərbəlayı yeni cəmiyyətə müharibə elan edir. Abbasqulu bəyin «elçi» kimi barışığa çağırması belə, onu bu yoldan döndərə bilmir. Adil İsgəndərov bu obrazı daxilən yaşayır. Bu rolda da, o, bütövdür, obrazın bütün çalarlarını tamaşaçıya ustalıqla çatdırır əsil Azərbaycan kişisi obrazı yaradır. Bu rola görə Adil İsgəndərov 1972-ci ildə Tbilisidə keçirilən 5 Ümumittifaq Kinofestivalında «ən yaxşı kişi rolu» mükafatını qazanır. O zaman festivalın münsiflər heyəti bu mükafatın iki aktyora verilməsini təklif edir. Abbasqulu ağaHəsən Məmmədova KərbəlayıAdil İsgəndərova. Onda Adil İsgəndərov mükafatdan imtina edir: «Qəmlo obrazı gözəl yaradılıb. Mükafat Məlik Dadaşova verilsin». Amma münsiflər heyəti fikrindən dönmür.

 

«Əhməd haradadır filmini bəyənmirdi

 

Adil İsgəndərov kinostudiyadan ayrılandan sonra 1976-cı ildə «Dərviş Parisi partladır» filmində Hətəmxan ağa, 1977-ci ildə «Arxadan vurulan zərbə»də Dadaşlı obrazlarını yaradır. İfa etdiyi rolların əksəriyyətini Yusif Vəliyev səsləndirirdi. Yalnız «O olmasın, bu olsun» filmində öz səsidir. «Dərviş Parisi partladır» filmində isə Əliağa Ağayev səsləndirmişdi. Çoxlarının fikrincə, bu, uğursuz alınmışdı. Çünki Qarabağ xanı Qarabağ ləhcəsi ilə danışmalıydı, Bakı ləhcəsi ilə yox. Adil İsgəndərovun rejissor kimi quruluş verdiyi ilk son işi isə «Əhməd haradadır filmi olur. Amma bu filmdən razı qalmır.

Amma nədənsə həyatda həmişə tərslik edən Adil İsgəndərov Əzrailə sərt üz göstərmədi. Səssizcə yerində uzanıb mələfəni üstünə çəkdi və əbədi yuxuya getdi. Dilarə xanım deyir ki, əslində atasının səhhətində o qədər də ciddi problemlər olmayıb. Amma görünür, daxilən keçirdiyi sarsıntılar ürəyinə təsir etməmiş deyildi: «Atam vəfat edən gün mən anamla bağda idim. Evə gələndən sonra özünü pis hiss etdiyini görür. Təcili yardım çağırır. Qəribədir ki, təcili yardımın gec gəldiyini bilə-bilə «Leçkomissiya»ya yox, ora zəng vurur. Qapının da cəftəsini açır. Görünür, ürəyinə nəsə dammışdı. Gəlib yerində uzanır, mələfəni də üstünə çəkib elə oradaca həyatla vidalaşır. Tromb onun ürəyini tutmuşdu».

Beləcə, 1978-ci il sentyabrın 19-da Azərbaycan mədəniyyəti, incəsənəti böyük bir sənətkarını itirdi. İkinci Fəxri Xiyabanda dəfn olundu. Deyilənlərə görə, Brejnevin Bakıya səfərlərinin biri Adil İsgəndərovun vəfatı ilə eyni vaxta düşüb. Brejnevin bütün respublikada təmtəraqla qarşılanması üzündən Adil İsgəndərovun dəfni çox təmtəraqsız, xəlvəti olub.

 

Oktay

Xalq Cəbhəsi.- 2012.- 17 fevral.- S.13.