Üzü Novruza doğru

 

Artıq boz ayın ilk günlərini yaşayırıq. Dünən ilk çərşənbəni-su çərşənbəsini qeyd etdik. Dörd çərşənbədən sonra isə Hovruz bayramını-Bahar bayramını təmtəraqla keçirəcəyik. Çərşənbələrə keçməzdən öncə Hovruz haqqında bəzi bilgiləri qeyd edək.

Novruz bayramı, Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı – qədim xalq bayramıdır. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20, 21, 22 də) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər.

 

Novruzun mənşəyi və tarixi

 

Novruz bayramının mənşəyi, onunla bağlı əsatirlər, miflər qədimdir. Tədqiqatçılar Novruz bayramının məhz Yaxın Şərqin qədim əkinçiliklə məşğul olan xalqlar arasında meydana gəldiyini söyləyirlər. Novruz bayramını ayrı-ayrı tarixi və əfsanəvi şəxsiyyətlərin adı ilə bağlamağa çalışıblar. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrinin bayramlarını təqib etməyə başlayıb. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışıb, ona dini, mövhumi libas geyindirməyə cəhd göstəriblər. Hətta bəzi din xadimləri belə bir fərziyyə uydurublar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlib, Novruz isə yazda bayram edilir. Əslində, xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyil. Əksər xalqlar Bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlayıblar.

Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan əl-Biruni (XI əsr) Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs edib, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu bildirib. Nizamül Mülk (XI əsr) «Siyasətnamə» əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs edib. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış «Bahariyyə» adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

 

Novruz bayramında çərşənbələr

 

İnsan, kainat 4 ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur.

Birinci su çərşənbəsi adlandırılır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirirlər, evin ətrafına çiləyirlər, üzlərini yuyurlar.

İkincisi od çərşənbəsidir. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalanır. Hər ailə üzvünün adına bir dənə şam yandırılır. Xonçalar bəzənir.

Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.

Axırıncısı torpaq çərşənbəsidir. Torpağı ana təbiət – Allahımız su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Nənələrimiz «Səməni, saxla məni, ildə göyərdərəm səni»- deyib buğda isladardılar. İndiki kimi bazardan almazdılar, evdə göyərdərdilər!

 

Novruz dünya xalqlarının bayramı kimi

 

Hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsüm nəğmələri, mərasim nəğmələri yaradıb.

Novruz İranda, Qafqazda və Mərkəzi Asiyada, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.

Ümumiyyətlə, Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Ancels şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Hətta buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan Novruzu qeyd etmək istəyən azərbaycanlılar Kaliforniyanın çimərliklərinə gedir ocaq qalamağa icazə verilmiş yerlərdə ocaq qalayırlar.

Novruz bayramı İraqda, Türkiyə ərazisində, Hindistanda, Pakistanda, Özbəkistanda, Türkmənistanda s. ölkələrdə qeyd edilir.

 

Novruz Azərbaycanda

 

Azərbaycanda adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulayıb, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı bayram günü tonqal qalamaqla, mahnıgün çıx nəğməsi s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad inamını ifadə edib. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

Novruz bayramı öncəsi adətən evdə, həyətdə abadlıq, təmizlik işləri aparılır, ağac əkilir s. Novruz bayramında şiriniyyat növləri (qoğal, külçə, fəsəli, paxlava, şəkərbura, şəkərçörəyi s.) plov bişirilir. Rəngbərəng yumurta boyanır, məcməyi sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, ölənlərin xatirəsi yad edilir, küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedir, pay göndərirlər. Aşıqlar baharı mədh edir. Oğlan qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Cavanlar at çapıb, güləşir, küştü tuturlar. Novruz bayramında «haxışta», «bənövşə», «kos-kosa» oynayırlar.

Novruz bayramında süfrəyə yalnız acılıqdan, şorluqdan uzaq, şirniyə baxan xörəklər düzülür. Adətə görə süfrəyə «s» hərfi ilə başlayan 7 növ ərzaq qoyulur- su, süd, səməni, sünbül, sucuq, siyənək balığı, süzmə.

 

Novruz İranda

 

İran süfrəsində fərqli bir səməni olur. Onlar səmənini ən çox mərcidən göyərdirlər. Səməni buğdadan da olur. Amma mərci səmənisi cücərtmək daha rahat olduğu üçün səmənini mərcidən düzəldirlər. İran süfrəsində şəkil də olur – məsələn, İrandakı zərdüştilər öz Novruz süfrələrinə Zərdüşt peyğəmbərin müasir rəssamların təxəyyülünün məhsulu olan portretini qoyurlar. Amma İran əhalisinin çoxu müsəlmandır, onların süfrəsində Qurani-Kərim olur, bəziləri isə həm də İran şairi Hafizin divanını süfrəyə qoyurlar. İran süfrəsində də «s» hərfi ilə başlayan 7 nemət olur.

 

Novruz Əfqanıstanda

 

Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı «həft meyvə», yəni yeddi meyvədir. Bu isə quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin digər aylarında hazırlamırlar. «Həft meyvə» – ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşləri olur, amma orda yumurta boyamaq bir az uzun çəkir – yumurtaları qaynadandan sonra da fırçayla üstünə cürbəcür naxış vururlar. Əfqanıstanda Novruz şənliklərinin mərkəzi Məzari-şərif şəhəridir – əfqanların inancına görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında orda xüsusi sərgilər, mərasimlər, şoular təşkil olunur. Novruzda Məzari-şərifdə müxtəlif oyunlar, yarışmalar da olurxoruz döyüşdürürlər, it boğuşdururlar. Bu yarışmaların mövsümü Novruzda başlayır. Sonra 3-4 ay da davam edir. Çərpələng uçurtma kimi oyunlar da olur. Amma əfqanlar Novruzda Məzari-şərifə təkcə şənlənməyə getmirlər.

Əfqanlar Məzari-şərifə gedirlər, orda xüsusi bayraq qaldırırlar. Bayraq 10 gün orda qalır. Sonsuz qadınlar Əlinin ziyarətgahına gəlir, ora lentlər bağlayırlar, Allaha dua edirlər ki, Əlinin xətrinə bizim ailənin övlad arzusunu yerinə yetir.

 

Novruz Qırğızıstanda

 

Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq da olur. Buquzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Adına niyə beşbarmaq deyilirçünki əllə yeyilir – yəni beş barmaqla.

Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var – Azərbaycanda üzərlik yandırılan kimi. Qırğızlar deyir ki, bu, qədim türk şamanlarından qalma adətdir.

Onlar «Alas-alas, hər bəladan xilas» – deməklə öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər.

 

Novruz Tacikistanda

 

Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam ediruşaqlar qapı döyüb bayram payı istəyir, amma qapını döyüb gizlənmək yoxdur. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür -ev sahibinə çiçəklərdən verir, ev sahibionlara ya konfet, ya yumurta, ya da pul verir. Pul vermək təzə yaranma adətdir.

 

Novruz Özbəkistanda

 

Özbəklər isə Novruz süfrəsi üçün «nişala» hazırlayırlar. Nişala şəkərdən bişirilirşokolad kimi olur, amma bəyaz. Çox ləzzətli olur. Özbəkistanda dəyişik adətlər var. Məsələn, Surxəndəryada adamlar asimandan yağmur gözləyir. Üzlərini böyük bir qocaman qadının – Sus xatının şəklinə tutub yağış istəyirlər. «Sus xatın, susma xatın, yağmur yağdır» deyə, şərqi söyləyirlər. Yəni buİslama qədərki bir düşüncədən gəlir. Novruzda Özbəkistanda öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin yaşlı adamı əlini yağa batırır və öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun.

 

 Arzu Şirinova

Xalq Cəbhəsi.- 2012.- 22 fevral.- S.11.