Cizgi filmləri kimlər üçün çəkilirdi?

 

  Flora Kərimova: «Multiplikasiya filmlərinin əksəriyyətini mən səsləndirmişəm»

Arif Məhərrəmov: «Studiyaya gələn aktyorlar deyirdilər ki, mən it səsi ilə danışa bilmərəm»

Dünya kinematoqrafiyasında multiplikasiyanın doğulması 1906-cı ildə Stüart Blektonun «Məzəli simalar» lentinin ekranlara çıxması və geniş əks-səda doğurması ilə əlamətdar olub.

Maraqlıdır ki, yarandığı dövrdə animasiya eyni dərəcədə həm kiçikyaşlı tamaşaçılar, həm də böyüklər üçün nəzərdə tutulurdu. «Animasiya» sözünün etimologiyası çox şəffafdır. Hərfi mənada «dirilmə» deməkdi. Bu termin ekranda obyektlərin hərəkətini nəzərdə tutur. «Animasiya» və «multiplikasiya» təxminən eyni məna yükü daşıyan, yalnız bəzi texniki çalarlarına görə fərqlənən anlayışlardı.

«Multiplikasiya» çoxalma deməkdi. Bir multiplikasiya filminin ərsəyə gətirilməsindən ötrü texnikanın hələ tam inkişaf etmədiyi dövrlərdə çoxlu vaxtböyük miqdarda kağız tələb olunurdu. Axı 10 dəqiqəlik multfilm 14.400 rəsm demək idi! Beləliklə, XX yüzilliyin əvvəllərində Fransa, ABŞ, Rusiya sakinləri kinonun multiplikasiya janrı ilə tanış oldular. Azərbaycana gəldikdə isə multiplikasiyanın tarixi müxtəlif mənbələrdə fərqli göstərilsə də, multiplikatorlamız 1935-ci ildə Azərbaycan xalq nağılı əsasında çəkilmiş «Abbasın bədbəxtliyi» filmini ilk «qaranquş» sayırlar. 1969-cu ildə kinostudiyanın multiplikasiya sexi bərpa ediləndən sonra isə multiplikasiya sənəti Azərbaycanda da intensiv inkişaf mərhələsinə qədəm qoydu. Bəs multiplikasiya filmlərinin səsləndirilməsini necə şərh etmək olar? Sevdiyimiz cizgi filmlərinin qəhrəmanlarını səsləndirənlər kimlərdi?

Səhnəmizin görkəmli estrada ifaçısı Flora Kərimovanın 1974-cü ildə Ağanağı Axundovun çəkdiyi «Pıspısa xanım və Siçan bəy» (məşhur «Tıq-tıq xanım») multfilmində Pıspısa xanım obrazını səsləndirdiyini bilirdim. Amma sən demə, bu sənətkar böyüklərin zövqünü cilalamaqla kifayətlənməyib, uşaqların da dünyagörüşünün formalaşmağında böyük xidmətlər göstərib. Dörd oktavalı səs kimi nadir vokal imkana malik olması onu multiplikatorlar üçün əvəzsiz tapıntıya çevirib. Fikirləşə bilərsiniz ki, Flora xanım yalnız musiqili cizgi filmlərinin yaranmasında iştirak edib. Qətiyyən belə deyil. O, paralel olaraq cizgi filminin həm musiqili, həm də danışıq hissəsini səsləndirib.

Müğənninin yaradıcılıq arxivinin araşdırıcısı Əli Davud: «Özü də təkcə multiplikasiya filmlərini yox, «Şir evdən getdi» və «Məlikməmməd» bədii filmlərində də Flora xanımım səsini eşidirik. Onun səsləndirdiyi cizgi filmlərinin isə siyahısı çox uzundu: «Pıspısa xanım və Siçan bəy», «Humayın yuxusu», «Tülkü həccə gedir», «Şahzadə – Qara qızıl», «Sonrakı peşmançılıq», «Toplanonun kölgəsi», «Ana laylası» və sair. «Ana laylası»nın multfilm versiyası uğursuz alındığı üçün Flora xanım sözləri Teymur Elçinin, musiqisi Ramiz Mirişlinin olan mahnını radioda lentə aldırmışdı. Müxtəlif cizgi filmlərində Flora xanım Turacı, Maralı, Tülkünü, Ulağı, Qurbağanı və hətta Canavarı da səsləndirib».

Flora xanım özü isə bu barədə belə dedi: «Multiplikatorla çox işləmişəm. Bəstəkarlar məni güclə səsyazma studiyasına aparırdılar. Məsələn, əgər səsyazma saat 12-də idisə, Oqtay Rəcəbli saat 9-da gəlirdi ki, o vaxta qədər məni yola gətirsin. Həvəsim olmurdu oxumağa. Amma oxuyanda həvəslə oxuyurdum. Başqa cür ola da bilməzdi. Peşəkarlığım buna yol verməzdi». Görəsən multiplikasiya artistin yaradıcılığında hansı yeri tutur? Flora xanım bu suala belə cavab verdi: «İstedaddan asılıdır. Müğənnilər arasında deyəsən, mən yeganə adam idim ki, cizgi filmlərindəki obrazları səsləndirirdim. Bəstəkarın, ssenari müəllifinin, rejissorun nə istədiyini tez qavrayırdım. Yəqin ki, gənc müğənnilər arasında da bu işi bacaranlar olacaq».

Bir neçə bədii filminbir sıra cizgi filminin ssenari müəllifi, quruluşçu rəssamı və rejissoru, əməkdar rəssam Arif Məhərrəmov da müxtəlif maraqlı məqamlardan bəhs edib. Məlumat üçün bildirək ki, A.Məhərrəmovun filmoqrafiyasında «Mozalan nağılı», «Münəccimin şagirdi», «Yatmaq vaxtıdı», «Gəldi Kosa», «Molla Nəsrəddin lətifələri», «Basat və Təpəgöz», «Əkrək və Səkrək», «Xrizantema yarpağı» kimi cizgi filmləri var. Arif Məhərrəmov hesab edir ki, multiplikasiya filmlərini səsləndirmək hər kəsin işi deyil: «Burda canlandırılan obrazı düzgün, dəqiq dərk etmək tələb olunur. Cizgi filmlərindəki obrazları səsləndirmək üçün gərək ən yaxşı mənada artistlik keyfiyyətlərinə malik olasan. Mən çəkdiyim cizgi filmlərində Şahmar Ələkbərovla çox işləmişəm. Onunla işləmək çox rahat idiqeyri-adi məlahətə malik səsi var idi, həm də hər obrazın dilini tapıb uşaq dünyasını özünəxas şəkildə canlandırmağı bacarırdı. Məsələn, «Münəcimin şagirdi» filmində o, bir neçə müxtəlif obrazı səsləndirib. «Yatmaq vaxtıdı» cizgi filmində də müəllifin sözlərini o, oxuyub. Bu film «Qoskino»nun sifarişi ilə çəkilmişdi. Rus dilində olan nüsxəni Zinoviy Gerdt səsləndirmişdi. Hər iki variant çox mükəmməl alınmışdı. «Dədə Qorqud» dastanının boyları əsasında çəkdiyim «Əkrək və Səkrək» cizgi filmində Həsən Məmmədovla, «Basat və Təpəgöz»də Yaşar Nuri, Ramiz Əzizbəyli, Nuriyyə Əhmədova, Elxan Cəfərov kimi maraqlı aktyorlarla işləmişəm. Yaşar Nuri Təpəgözü, Ramiz Əzizbəyli Aruz xanı, Nuriyyə Əhmədova dayəni, Elxan Cəfərov Basatı səsləndirmişdi. «Qaravəlli-2″də isə Səyavuş Aslanın səsini eşidirsiniz. Riqada yaşadığım vaxt çəkdiyim «Molla Nəsrəddin lətifələri» filmində səsləndirməni latviyalı aktyorlara həvalə etmişdim. Bakıya qayıdandan sonra bu filmi AzTv-yə hədiyyə etdim. Hələlik ən son filmim olan ötən il çəkdiyim «İt sərgisi»ni səsləndirmək isə əsl müşkülə çevrildi. Studiyaya gələn aktyorlar deyirdilər ki, mən it səsi ilə danışa bilmərəm. Belə də aktyor olar?! Axırda Allahverdi Yolçuyev bütün filmi səsləndirdi».

Arif Məhərrəmov cizgi filmlərinin acı aqibətindən də bəhs edib: «Mənim cizgi filmlərimin başına vaxtaşırı qəribə işlər gəlib. «Gəldi Kosa» filmi Novruz bayramı ilə bağlı olan ilk işlərdəndir. Gözəl meyxana ustamız var idiNizami Rəmzi. O, həmin film üçün gözəl meyxana qoşmuşdu, özüifa eləmişdi. Amma o vaxt meyxana hələ bəraət qazanmamışdı. Ona görə də rəhbərlik meyxananın səslənməsinə icazə vermədi. Onda bədii şuranın üzvü Ramiz Rövşən dedi ki, qoy, mənim şeirlərimi oxusunlar. Belə də oldu. Rasim Balayev Ramiz Rövşənin şeirlərini oxudu. Meyxananın yerinə onu yazdırdıq. Amma bu film bir müddətdən sonra yoxa çıxdı. «Qaravəlli-1″, «Qaravəlli-2″ filmləri də Novruz ənənələrinə həsr olunmuşdu. Personajları kuklalar şəklində işləmişdik. 90-cı illərdə bu filmi xaricə satdılar. «Xrizantema yarpağı» filmi yapon poeziyası əsasında çəkilmişdi. Şeirləri Nizami Musayev oxuyurdu. O filmdən də xəbər-ətər yoxdu».

1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, «Azanfilm» Yaradıcılıq-İstehsalat Birliyi oldu. «Azanfilm» – Azərbaycan animasiya filmləri deməkdir. Həmin ildən «Azanfilm» studiyasına rəhbərlik edən Elçin Hami Axundov isə bildirir ki, multiplikasiya filmlərini səsləndirməyə hər aktyor, ya da müğənni yaramır: «Çalışmaq lazımdır ki, bütün bacarıqlı aktyorların potensialından istifadə olunsun. Eləcə də müğənnilərin. Düzdü, mən Flora Kərimovadan başqa bu işlə məşğul olan müğənni haqqında eşitməmişəm. Birbu yaxınlarda dünyasını dəyişmiş Elxan Əhədzadə. Mənim «Qızıl» adlı animasiya filmim musiqi üzərində qurulub. Elxan Əhədzadə ordakı mahnıları məharətlə ifa etmişdi. Aktyorlardan isə «Cavanşir», «Ayna», «Tırtılın arzusu» filmlərində Almaz Mustafayeva, «Qarğa balası»nda Qorxmaz Əlili, «Cəsur təyyarə»də Pərviz Məmmədrzayev və Qurban Məsimovla işləmişəm. 1981-ci ildə «Cırtdan və div» və «Cırtdan-pəhləvan» filmlərini «Qosteleradio»nun sifarişi ilə rus dilində səsləndirəndə isə məşhur «Dayan, görərsən!» («Nu, poqodi») cizgi filmini səsləndirən Papanov və Rumyanovanın səslərini yazdırdıq. Amma kiminsə səhlənkarlığı üzündən aşkar oldu ki, Papanovun səsi lentə yazılmayıb».

Azərbaycan multiplikatorları müxtəlif dövrlərdə multiplikasiyanın qrafika, kukla, applikasiya, animasiya, ekler və digər üsullarından istifadə ediblər. Çoxlu sayda cizgi filmlərimiz var ki, istər geniş tamaşaçı kütləsinin, istərsə də mütəxəssislərin diqqətindən kənarda qalmayıb. Səsləndirmə işinə də, gördüyünüz kimi, ən sevilən, ən peşəkar aktyor və müğənnilər cəlb olunub. Təbii ki, Cırtdan, həccə gedən Tülkü, Pıspısa xanım, göycək Fatma, söhbətləşən meyvələr uğurlu multiplikasiya qəhrəmanlarıdır. Layiqli qiymətlərini də alıblar. Lakin onların əksəriyyətinə yaşamaq hüququnu verən ilk növbədə ədəbi materialdır. Buna görə də bu ədəbi qəhrəmanlar peşəkar multiplikatorların zəhmətini tam «qiymətləndirə» bilməzdilər. Başqa sözlə, heç nəyə baxmayaraq bizim dolğun mənada populyar multiplikasiya, cizgi, ya da animasiya qəhrəmanımız hələ ki, doğulmayıb. Çünki böyük kinoda olduğu kimi kiçik kinoda da inkişafı şərtləndirən birinci cəhət müvafiq ssenarilərin yazılmasıdır. Bax, bu yöndə görülməli işlər çoxdur.

 

Oktay

Xalq Cəbhəsi.- 2012.- 22 fevral.- S.13.