Çağdaşları
yazmasa…
Ədəbiyyat
və incəsənət» qəzetinin redaktoru olmuş şair
Qasım Qasımzadənin yazışmaları
1958-ci ildən 1963-cü ilə qədər
«Ədəbiyyat və incəsənət» qəzetinin redaktoru
olmuş şair Qasım Qasımzadənin 33 saylı şəxsi
fondundakı yazışmaları diqqətimi cəlb etdi.
Redaktor və müəllif arasındakı
qarşılıqlı hörmət, səmimiyyət,
xüsusilə yaradıcı həmkarlarının dərin
inamını qazanan Qasım Qasımzadənin şəxsi
fondundakı bir yazı və bir neçə məktublarda
millilik, cəsarət, Əziz Şərif demişkən, onun
qara, qaynar gözlərindən, ümumiyyətlə,
bütün vucudundan» hiss olunurdu. Gələcək
yazılarda digər redaktorların da mənəvi xəzinəmizdə
olan şəxsi fondlarındakı maraqlı, tarixi sənədləri
oxuculara çatdıracağıq. Mənəvi xəzinəmizlə
ilk gündən əlaqə saxlayan Qasım müəllim
kitablarının titul vərəqələrində
yazmışdı: «Bizim milli ədəbiyyatımızın ən
etibarlı qoruyucusu olan Azərbaycan Ədəbiyyat və
İncəsənət muzeyinə (arxivinə-M.T.) müəllifdən
yadigar. 7 fevral 1967-ci il. İmza, «Ədəbiyyat xəzinəsinə-yeni
təşkil olunmuş arxivə, müəllifdən 29.06.66″.
Mədəniyyət və ədəbiyyat incilərini hifz edən
arxivə müəllifdən yadigar. İmza. 29 iyun 1966″.
Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və
İncəsənət arxivinə müəllifdən yadigar.
11 fevral 1969″.
Qasım müəllimə gələn
məktublardan bir neçəsini diqqətinizə
çatdırırıq.
Hörmətli Qasım! «Turaclıya gedən
yol» haqqında bəzi qeydlərimi Sizə göndərirəm.
Məncə, qəzetinizdə çap etmək pis olmaz, məsələni
müsbət həll etsəniz və bu nömrədə
buraxa bilsəniz. 12-də şəhərdə olacağam, mətbəədə
yığılmış halda materialı mənə
çatdırarsınız. Hörmətlə: Mirzə
İbrahimov. 10.IX.58
***
Hörmətli Qasım! Bu parçada mən
bəzi yerləri təzədən işləmişəm.
Sizinlə görüşüb mülahizələrimi
söyləmək üçün gəldim, lakin Sizi
tapmadım. Xahiş edirəm, bu parçanı oxuyun və mətbəəyə
bu nüsxəni göndərin. Hörmətlə: Mirvarid
Dilbazi. 18.IX.58
***
Hörmətli Qasım müəllim!
Mehdi Gülhərinin faciəli ölümü qəlbimi
ağrıtdı. Onun şəkli ilə bərabər bu
şeiri Sizə göndərirəm. Nəşr etsəniz,
çox şad olaram. Şörmətlə: M.Dilbazi. 11.VI.1952
***
Hörmətli Qasım müəllim, səmimi
salamlar. Sizə məlumdur, bir ilə yaxındır ki, mətbuatda
çıxış edə bilmirəm. Bunun səbəbini
sizə yazmaq yersizdir. Oktyabr bayramı münasibəti ilə
yazdığımız bu oçerki Sizə ümidlə
göndərirəm… Mənim vəziyyətim Sizin əməkdaşların
hamısına məlumdur. Buna görə də mən
redaksiyadan müvəqqəti güzəşt istəyirəm.
Göründüyü kimi oçerki maşınkada
yazdıra bilməmişəm. Hörmətlə: Əhməd
Mirzəcəfərli. 21.X.58
***
Asiya, Afrika yazıçılar
toplantısı bir nifrətlə bir sevgini dünya
hayqıracaq: əsirlikdən, gerilikdən, zülmdən,
sömürçülükdən, hərbdən nifrəti;
hürriyət, xalqçılıq, milli
bağımsızlıq, barış, ədalətli, bəxtiyar
bir yazana sevgini.
Hazim Hikmət, 1958.
***
Hörmətli
Qasım müəllim! Salamdan sonra bir şeyi xatırlamaq istəyirəm ki, əgər məsləhət bilsəniz, bu kitabım haqqında da
«Cavan yazıçıların
müşarivəsi qarşısında»
başlığı altında bir söz deyin. Əvvələn
bu kitabı bir
sıra yoldaşlar, o
cümlədən Arif müəllim
Sizin qəzetdə yaxşılar
sırasında çəkib. İkinci, uzaqda yaşayan yoldaşlardan birinin həmin
başlıq altında xatırlaması pis
olmaz… Dərin hörmətlə, H.Razi, mart, 1962.
***
Hörmətli yoldaş Qasım! Salam!
Sizə göndərdiyim
bu məqalədə mən vacib bir məsələ
qaldırıram. Bu yaxınlarda Yuxarı
Salahlıda idim, üç
gün orada qaldım.
«Çətin yol» sərlövhəli
romanım üçün əlavə material toplamağa getmişdim… Xahiş edirəm,
çap olunmazdan əvvəl
onu Mehdixan da oxusun. Bu,
ona görə yaxşı olar ki, o
məsələni və onun qoyuluşunu bilər. Yazıçı
salamı ilə Cahanbaxış. 19. 22.1959
***
Salam Qasım! Sabitə
yazdığım şeiri
saxlamısınız ki, başqa
şeirlər də versin. Buyurun,
Sizə beş şeir
daha verirəm. Xahişim
budur ki, bu nömrədə bir
yerdə çıxsın. Hörmətlə, imza, S.Rüstəm. 22 dekabr
1960.
***
Salam Qasım! Səmimi salamlarımı qəbul edin. Biz yenə
Söhrab Tahirlə gəlib Moskvaya çıxdıq. Çox
yaxşıdı ki, adam sevdiyi
yerlərdən uzaqlaşdıqca
onun haqqında ideal təsəvvürlər daha
da möhkəmlənir.
Ancaq bəzən darıxırıq
da. Nə isə. Biz gələndə Siz məzuniyyətdən qayıtmamışdınız.
Mən Ələkbər Ziyataya üç şeir (demək mümkünsə)
verdim. Onlardan ağlınıza batanı olsa, çap eləyin. Bəyənməsəniz də özümdən
inciməliyəm. Hər halda
yaxşı şey olsa, bəyənərsiz.
Ancaq bir şeyi yadınıza
salmaq istəyirəm.
Yadınızda varsa, Siz mənə öz otağınızda tapşırmışdınız
ki, S.Tahirin «Bulaq» kitabı haqqında məqalə yazım. Mən də yayın
istisində qəbir boyda evciyimdə oturub yazdım; siz getmişdiniz, məqaləni Ə.Ağayevə
verdim. Onlar da çap etməyə söz verdilər, ha gözlədim,
xəbər çıxmadı.
İndi Sizdən çox xahiş edirəm ki, öz sözünüzün
üstündə durub,
məqaləni çap
edin, yoxsa küsüb bir də elə məqalələr yazmaram,
ədəbi tənqid
bədbəxt olar.
Burda məqaləyə baxdım,
orda səhvən özbək yazıçısı
«Muxtar Askar» əvəzinə, «Muxtar Auezov» (Qazax) yazmışam. (qələm səhvi).
Bu yaxınlarda «Molodaya qvardiya»da oldum. 1961-ci ildə
Sizi kitabınızın
getməsi münasibəti
ilə təbrik etmək olar. Bu qədər. Hörmətlə: Məmməd
İbrahimov. 14.IX.60
***
Hörmətli Qasım! Danışdığımız kimi şeirləri
keçən nömrəyə
vermədim, bu nömrəyə verirəm.
Xahiş
edirəm, baxıb mətbəəyə göndərəsən.
Sən ayın 14-15-də yəqin
ki, gedəcəksən
Riqaya, odur ki, özün bax, özün göndər, əldən-ələ
düşməsin. Bəlkə görüşmədik,
yaxşı yol.
R.Rza. imza.10.VII.1961
***
Hörmətli dostum Qasım müəllim! İşimin kəsrətindən mən doğma qəzetimizdə iştirak
etmək səadətindən
mərhumam. İnşallah, bir aydan sonra
Bakıya gələndə
şəxsən görüşüb
öz işlərimdən
Sizə məlumat verərəm. İndi isə
rusca «Lit.qazeta» üçün yazdığım
məqaləmi və nəşriyyat üçün
yazdığım ressenziyanı
göndərirəm. Bəlkə
maraqlandınız, çünki
məqaləni ancaq sabah redaksiyaya
verəcəyəm və
onun nə vaxt çıxacağını
demək çətindir.
Çox ola
bilər ki, əgər siz operativ hərəkət edib məqalənin tərcüməsini tez çap etsəniz, yaxşı olar. Resenziya isə hər bir yerdə çap edilmir, çıxmağı məncə,
yersiz olmaz. Xüsusilə, mən biləsi,
İlyasın bu romanı haqqında mənim dediyim sözləri heç kəs deməyib.
Əgər məqalənin və
resenziyanın «Ədəbiyyat
və İncəsənət»
qəzetində çap
edilməsinə müsbət
baxsanız, rica edirəm, hər ikisinin tərcüməsini
dostum Əkbər Ağayevə etibar edəsiniz və mənim salamımı ona yetirəsiniz. Mənim vaxtım o qədər çatışmır ki,
öz məqalələrimi
də tərcümə
edib Sizə göndərə bilmirəm.
Bu barədə gərək məni bağışlayasınız. Dostlara salam
göndərməklə Sizin
əlinizi sıxıram.
4.X.60. Hörmətlə, imza. Əziz Şərif.
***
Hörmətli Qasım müəllim! Məqaləni qəzetdə oxudum.
Çox sağ
ol. Ancaq yaşımı artırdığın
üçün səndən
narazıyam! Onsuz da çox olan
yaşımı bir il də
artıranda, mən bir dəfəlik hənalanmış qocaya dönmərəmmi? Bəs bizim
dostluğumuz harada qalsın? Canın sağ olsun! Heç fikir eləmə. Bir il o
yana, ya bu yana, nə
fərqi var?
Əzizim Qasım!
Bizim aspiranturanı qurtarmış
tatar qızı Rezeda Qəniyevanın bu məqaləsini sənə göndərirəm.
Məncə, məqalə maraqdan
xali deyil, məlum olmayan tarixi rabitələr haqqında yeni materiallar verir. Özün də oxu. Bəlkə qəzet üçün istifadə etmək mümkün oldu. Çap eləsən, şad olaram.
Hələlik bu qədər.
Mənim başım qarışıb
diplom işlərinə. Azərbaycan ədəbiyyatından 2 diplom
müdafiə olundu.
(«S.Vurğun poeziyasında
Lenin surəti» və
«S.Rüstəmin siyasi
lirikası») «Əla» və «yaxşı» qiymət verildi. Qalanları da hazırlanır.
(«Sabir satirasının
xüsusiyyətləri», «Əhməd
Cəmilin lirikası»,
«Mir Cəlalın yaradıcılığında
vətəndaş müharibəsi»,
«»Ölülər» dinə
qarşı» və
s.). İnşallah, müdafiə qurtaranda
oxuculara müfəssəl
məlumat verərik.
Salamımı dostlarım Əkbər
Ağayevə, Məmməd
Əkbərə və
o birilərinə yetirməni
rica edirəm. Əlini sıxıram, gənc dostum!
Hörmət və
məhəbbətlə: Əziz
Şərif. 16.IV.1962.
Maarif Teymur
Xalq Cəbhəsi.-
2012.- 23 fevral.- S.13.