Fikrət Əmirovun
simfonik muğamları
Görkəmli
bəstəkarımız Fikrət Əmirov Azərbaycan musiqi
tarixində silinməz izlər qoyub. Geniş
yaradıcılıq diapazonuna malik bir bəstəkar olan Fikrət
Əmirov müxtəlif janrlar sahəsində işləyib,
muğamlarınsa onun yaradıcılığında müstəsna
rol oynadığı danılmazdır. Onun, bu janrın (yəni,
simfonik muğam janrının) yaradıcısı olması təsadüfi
deyil. Bəstəkarın yaradıcılığında hakim
mövqeyi tutan janrlar – «Sevil» operası ilə yanaşı,
biz onun «Nizami» simfoniyasını, «Azərbaycan» süitasını,
«Azərbaycan» kapriççiosunu, «Min bir gecə» baletini,
«Nizami», «Nəsimi» və s. əsərlərini göstərə
bilərik. Bu əsərlər simfonik musiqimizin qızıl
fondunda layiqli yerini tutur. Muğamların simfonikləşdirilməsi
işi ilə hələ 20-ci illərdə M.Maqomayev və A.Zeynallı
məşğul olmuşlar. Onlar muğamlardan bir musiqi epizodu
kimi istifadə etmişlər.
Qeyd
olunmalıdır ki, muğamlardan simfonik əsərlərdə
sitat şəklində istifadəsini 40-cı illərdə
yaradıcılığa başlamış, yeni nəsil Azərbaycan
bəstəkarları gerçəkləşdirmişlər.
Simfonik muğam janrının yaradıcısı isə
görkəmli bəstəkarımız Fikrət Əmirov
olmuşdur. Yeri gəlmişkən bir məsələni də
qeyd edək ki, simfonik muğamların yazılması
ideyasını bəstəkara böyük müğənnimiz
Bülbül tövsiyə etmişdir. Fikrət Əmirov
simfonik musiqi sahəsində novatorluğu bununla
bağlıdır ki, o, dünyada analoqu olmayan muğamın
forma qanunauyğunluqları əsasında orijinal simfonik
muğam janrı yaradıb. Muğamın tematizmi burada simfonik
inkişafa qovuşur. Muğam modeli saxlanılır, musiqi
daxilən yeniləşir, sanki xalq xanəndələri tərəfindən
ifa olunan muğama yeni həyat verilir. Beləliklə, Fikrət
Əmirov «Simfonik muğamları» ilə dünya simfonizmində
yeni magistralı – «Şərq simfonizmi»ni açdı. Bu
termin M.Yarustovskiyə məxsusdur.
Fikrət
Əmirov muğam sənətinin vurğunudur, muğam onun
üçün sənət idealıdır. O, muğamın
simfonik muğamda dəyərli cəhətlərini müasir
orkestrin texniki və emosional vasitələri ilə zənginləşdirir
və yaradıcılıq süzgəcindən keçirərək
xalqa qaytarır. Xalq musiqi sənəti ənənələrinin
qoruyucusu kimi çıxış edən bəstəkarımız
muğam şöbələrinin növbələşməsi
prinsipinə riayət edir (bəzi ixtisarlarla). Muğamı bir
janr kimi əvvəlcədən «proqramlaşmış» bir
şəkildə işləmək çox orijinal və
çətin bir iş idi. Bu işin öhdəsindən Fikrət
Əmirov çox məharətlə gəlmişdir.
F.Əmirov
3 simfonik muğamın: «Şur», «Kürd-ovşarı» və
«Gülüstani Bayatı-Şiraz» simfonik
muğamlarının yaradıcısıdır. Bu
sadaladığımız muğamlardan ikisinin üzərində
dayanacağıq. «Şur» və «Kürd-ovşarı» simfonik
muğamları məzmunca bir-birilə bağlı olub (1948),
duologiya təşkil edir. Duologiyada «Şur» aparıcı,
müəyyənedici yer tutur, «Kürd- ovşarı» isə
ona tabe vəziyyətdədir, «Şur»un davamı kimi şərh
edilib. Görkəmli bəstəkarımız duologiyanın
hissələrində mümkün qədər ümumavropa
simfonik təfəkkür tərzi üçün xarakter olan
üsullardan istifadə edib.
«Şur» simfonik muğamı dəstgah quruluşlu muğamlar şəklində improvizasiyalı və dəqiq vəznli bölmələrdən təşkil olunub. Burada rəqsvari, lirik, dramatik, epik lövhələr bir-birilə növbələşir. Fikrət Əmirov «Şur» muğam dəstgahını demək olar ki, əsasən bütövlüklə simfonik muğamda saxlamışdır. Simfonik muğamda eyni adlı muğam dəstgahından hansı komponentlər götürülmüşdür? Birinci – burada sərbəst improvizə səciyyəli muğam şöbələri mahnı-rəqs quruluşlu şöbələrlə, yəni təsnif və rənglərlə ardıcıllaşır. Hətta Fikrət Əmirov – «Ay qadası» və «Evləri var xanə-xanə» lirik xalq mahnılarından simfonik muğamlarda təsnif kimi istifadə etmişdir. İkinci – «Şur»un ənənəvi dəstgah səpkili quruluşu simfonik muğamda eynilə saxlanılmışdır. Üçüncü – muğam şöbələri üçün xas olan variasiyalı inkişaf priyomu simfonik muğamda da öz dolğun təcəssümünü tapıb. Fikrət Əmirovun simfonik muğamları ayrı-ayrı təzadlı şöbələrdən ibarət olaraq, ciddi silsilə- dəstgah formasını yaradır.
Xanəndələr tərəfindən ifa olunan şifahi ənənəli «Şur» muğamında bu şöbələr var: Bərdaşt, Mayə, Zəmin-xarə, Şur-Şahnaz, Bayatı-Qacar, Şikəsteyi-Fars, Simayi-Şəms, Hicaz, Sarənc, Nişibi-Fəraz. Fikrət Əmirov isə simfonik muğamda əsas şöbələrdən istifadə edir: Şur, Şur-Şahnaz, Bayatı, Əraq, Simayi-Şəms. Bunların arasında təsnif və rənglərin melodiyaları da verilir. «Şur» simfonik muğamının musiqili – obrazlı məzmununu əsasən lirika təşkil edir. «Şur» simfonik muğamı əzəmətli xarakterli müqəddimə ilə başlayır. Xanəndələrimiz ona Bərdaşt deyirlər. «Şur»da müqəddimənin intonasiyalarında başlanğıc və kadensiyalı ifadələrin rolu olduqca əhəmiyyətlidir. Müqəddimədən sonra gələn əsas bölmə (muğam ifacılığında ona Mayeyi-Şur deyilir) müqəddimənin kulminasiya nöqtəsindən başlanır. Beləliklə, müəyyən məsafədə, zəncirvari intonasiya əlaqəsi yaradılır.
Ən əvvəl litavrların zərbləri və kontrabasların (pitsikato- yəni barmaqla) üsulu fonunda bas klarnet bu mövzunu davam etdirir. Mövzu «Şur» təsnifindən götürülmüşdür. Xanəndələrin ifasında bu təsnif çox səsləndirilmiş və radionun fonduna salınmışdır. Sonra isə mövzu simli alətlərin, qoboyun və nəhayət, bütün orkestrin ifasında səslənir. Müqəddimənin orta hissəsi isə sərt koloritilə seçilir. Bundan sonra yenidən birinci mövzu keçir. Bu mövzu təkcə bir dəfə ifa olunur. Bəzi musiqişünaslar həmin mövzunun bəstəkarın özünəməxsus əlavəsi olduğunu iddia edirlər.
Yuxarıda dediyimiz kimi, «Şur» simfonik muğamında bəstəkar 2 xalq mahnısının melodiyasından istifadə edib. Simfonik muğamın zil şöbəsi olan Simayi-Şəms ciddi vəznə əsaslanmışdır. Bu zərbi-muğam «Şur»da kulminasiyanı əvəz edir, melodiyanı isə ksilofon aparır. Beləliklə, «Şur» simfonik muğamı iri bölmələrdən ibarət süitaya bənzəyir.
F.Əmirovun duologiyanın ikinci əsəri kimi təqdim etdiyi «Kürd-Ovşarı» simfonik muğamı zərbi-muğam üslubundadır. Bir növ şifahi ənənəli professional musiqidə «Ovşarı»nı xatırladır. «Kürd-Ovşarı» simfonik muğamı dörd bölmədən ibarətdir: Ovşarı, Şahnaz, Kürdi, Maani.
«Kürd-Ovşarı» simfonik muğamında yalnız bir təsnif melodiyası var. «Ovşarı»nın epizodları «Şur»dan götürülmüşdür. «Şahnaz» bölməsi Şur muğamı üstündədir. Bütün «Şahnaz» bölməsinin ən yüksək nöqtəsi Şur muğamından alınmış «Şur-Şahnaz»ın materialı əsasında qurulmuşdur. Lakin bu material bir qədər yeniləşdirilib, daha da ifadəli şəklə salınıb. Bu zaman qoboyun improvizasiyası «Şahnaz» bölməsini tamamlayaraq növbəti olan «Kürdi» bölməsinə gətirir.
Fikrət Əmirov bu melodiyanı son dərəcə koloritli şəkildə orkestrləşdirərək onu da zənginləşdirmişdir. Qeyd etmək lazımdır ki, «Kürdi» toy melodiyasına əsaslanan kiçik bir bölmədir. «Maani» isə zərbi-muğamdır. Bu da simfonik muğamda son bölmədir. «Maani» bayramsayağı marşdır.
Görkəmli sənətkarımız Qara Qarayev Fikrət Əmirovun simfonik muğamları haqqında çox gözəl demişdir: «Fikrət Əmirovun yaradıcılıq işinin məziyyəti ondadır ki, o, xalq dühasının əsrlərlə yaratdığı bütün xüsusiyyətləri saxlamaqla yanaşı, muğamlara yeni məzmun verə bilmişdir. Ölməz musiqi poemaları onun təfsirində yeni şəkildə səslənir. Fikrət Əmirov öz vəzifəsini dərindən dərk edərək zəngin məzmunlu, xalq dilli, orijinal formalı simfonik əsərlər yaratmışdır». Beləliklə, Fikrət Əmirov simfonik muğamları ilə Azərbaycanın musiqi sənətində yeni janr yaratmış, bu janrı ondan sonra Niyazi («Rast»), Süleyman Ələsgərov («Bayatı- Şiraz»), Tofiq Bakıxanov («Humayun», «Rahab», «Şahnaz» və s.) davam etdirmişlər.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 23 fevral.-
S.13.