«Dədə Qorqud» eposunun xarakterinə
uyğun film
Bu dəyərli
ekran əsərinin ərsəyə çatmasında
güclü aktyor nəslinin xüsusi xidmətləri olub
«Azərbaycanfilm»
kinostudiyasında şifahi xalq ədəbiyyatına müraciət
edilməsi 60-70-ci illərdə bütün kino sənətinin
folklora qayıdış ənənələri sisteminin tərkibində
təhlil edilməlidir. Avropa və rus kinosunda da həmin illərdə
milli eposlara həsr edilmiş maraqlı kino nümunələri
yaranırdı. Bu mənada «Dədə Qorqud» filminin
xüsusi yeri vardır. Bu film şifahi xalq ədəbiyyatımızın
ən maraqlı nümunəsi olan «Kitabi-Dədə Qorqud»
dastanın mativləri əsasında yazılmış ssenari
əsasında çəkilmişdir. X-XI əsrlərdə
şifahi ədəbiyyat nümunəsi kimi yaranmış «Dədə
Qorqud» dastanı 12 boydan ibarətdir. Quruluşca çoxcəhətli
olub, müxtəlif epizodların, əhvalatların bir ideya
boyunda birləşdirilməsi, mərkəzləşdirilməsi,
nəsrlə nəzmin bir-biri ilə üzvü şəkildə
əlaqələndirilməsi bu dastanın maraqlı
quruluşunu təmin edir. «Dədə Qorqud» dastanı qəhrəmanlıq
dastanıdır. Bu boyda türk etnosunun qadına hörmət
və məhəbbəti müqəddəs bir dərəcədə
öz əksini tapır. Burada Qazan xanın xanımı
Burlaxatunun və Beyrəyin nişanlısı
Banuçiçəyin qadın ləyaqəti, sevgilərinə,
məhəbbətlərinə sədaqəti xüsusi bir
estetik qayə daşımaqla bərabər, bu millətin
mayasında dayanan ilahi eşqi, doğru düşüncə
təsirini təcəssüm etdirir. Bu təcəssümdə
diqqəti cəlb edən aktyor ifasını təhlil edərkən
Şəfiqə Məmmədovanın və Leyla
Şıxlinskinin yaratdıqları bədii obrazların
xarakteristikasını nəzərdən keçirsək daha
münasib olar. Gözəl plastikası ilə
tamaşaçılarını heyran edən Azərbayjan
Dövlət Dram Teatrının gənc və diqqət mərkəzində
olan aktrisası Şəfiqə Məmmədova teatr səhnəsindən
fərqli olaraq, bu filmin çəkilişində
yaratdığı və xüsusi estetik qayəsi ilə
seçilən Burla Xatun obrazını özünəməxsus
cazibədarlıqla və yüksək bədii təravətlə
ifa etmişdir. Görkəmli aktyor Həsən Məmmədovun
yaratdığı Dədə Qorqud obrazı öz fəlsəfi
qayəsi, təbiiliyi və səmimiliyi baxımından
çox maraqlıdır. Elin aqil ağsaqqalı Qorqud Dədənin
nəsihətlərini tapdıyıb keçən
çılğın ərənlərin başına gələn
fəlakətin sonunda yenə də tamaşaçı bu
müdrik qocanın sayəsində təsəlli tapır,
türkün yenidən törənəcəyinə ümid
edir. Bu dastanın maraqlı obrazlarından biri olan Qorqud Dədə
bir növ türk ulusunun qədim tarixində özünə
xüsusi yer alan Qam Şaman timsallı bir el
ağsaqqalıdır. O, gələcək hadisələri
öncədən duyduğu üçün narahatdır.
Qorqud Dədənin pirani görkəmi, nurlu çöhrəsi
Həsən Məmmədovun ifasında çox təsirlidir.
Filmin əvvəlində gor qazanla başladığı
söhbətin sonu finalda Beyrəyin oğluna və ona zəhmətə
alışmağı təlim edən Qaraca Çobana nəsihəti
və vəsiyyəti ilə bitir. O, öz vəsiyyətində
oğuz oğlunu torpağı sevməyə və onu yadellilərdən
qorumağa çağırır.
«Dədə
Qorqud» filminin ssenari müəllifi Anarın dediyi kimi, filmdə
12 boydan ibarət olan eposun yalnız iki qolundan istifadə
edilmişdir. Ssenarist çalışmışdır ki, əsərdə
həmin dövrün ruhunu, oğuz qəbiləsinin məişət
və adət-ənənələrini, hətta dil
üslububnu belə qoruyub saxlasın. «Ancaq müasir
tamaşaçıları, oğuzlarla müasirlərimizi bir-birindən
ayıran zamanı qiymətləndirərək bəzi arxaik
ifadə və sözləri dəyişməli olmuşam. Məsələn,
dastanda «qadın ana» ifadəsi tez-tez təkrar olunur. Müasir
tamaşaçıya ananın qadın olması
özü-özlüyündə aydındır, buna görə
də həmin ifadəni «xatun ana» ifadəsi ilə əvəz
etməyi münasib bilmişəm» -deyən Anarın fikrində
maraqlı bir məqam diqqəti cəlb edir. Qədim
oğuzların «qadın ana» ifadəsinin ikinci variantı təbii
ki, «torpaq ana» ifadəsi mənasını verirdi. Filmin
sonluğu da elə bu «torpaq ana»nın hikməti, qüdrəti
və etibarı notları üzərində köklənmişdir.
Şifahi xalq yaradıcılığında «Yer ana», «göy
ata» kimi ifadələrin olması bir daha o fikri tədiq edir ki,
«Dədə Qorqudun» yaşadığı qədim dövrlərdə
torpaq kultu daha güclü olmuşdur. «Torpaq ana» kultunun,
«qadın ana» kultundan daha güclü olması ideyası həm
rejissor, həm də operator işində öz dəqiq həllini
tapmışdır ki, bu da filmin ideya-estetik qayəsinin daha təsirli
olmasını təmin etmişdir. Filmin rejissorunun fikrincə,
«filmdə şərtlik və əfsanəvilik»də diqqəti
cəlb edir ki, o da bu tarixi əsərin qədimliyinin bu
günlə səsləşməsini şərtləndirməyə
xidmət etmişdir. Görkəmli rejissor Tofiq Tağızadə
bu çətin vəzifənin öhdəsindən layiqincə
gələrək, nağılçılıqdan və
pedantik məişət təsvirçiliyindən
qaçmış, lirik-romantik bir film çəkməyə
müvəffəq olmuşdur. Tofiq Tağızadənin «Dədə
Qorqud» filminin ideya-estetik qayəsini araşdırarkən onun
belə bir fikrilə qarşılaşdıq: «Dədə
Qorqud»un mövzusu məni həm tarixi cəhətdən, həm
də müasir cəmiyyətin əhval-ruhiyyəsini
özündə əks etdirməsi ilə
maraqlandırmışdır. Bu əsərdə əsas məqsəd
qardaşlıq, dostluq, vətənpərvərlik, insanpərvərlik
duyğusunu qabartmaqdır. Qüvvətli olan xalq daim
yaşayar, insanlar bir birinə mehriban olarsa onların
arasındakı ziddiyyətlər, düşmənçilik
və paxıllıq hissləri bir o qədər tez aradan
qalxar. Burada belə bir fikir də anlaşılır: insan
heç zaman ölümündən qaça bilmir, onun sonu
ölümdür. Ancaq o, yaşadığı müddətdə
yaratmalı, faydalı iş görməli, ziddiyyətlərin
qarşısını vaxtında almaq üçün
mübarizə aparmalıdır».
Ekranda
görünməsələr də filmin tam müvəffəqiyyətini
təmin edən qüvvələr arasında
quruluşçu rəssamın əməyi danılmazdır.
Lentə hopmuş həyatı canlı vermək
üçün rəssam təxəyyülü əsas
amildir. Sənətdə həyatdan uzaqlaşmaq olmaz, belə
halda inandırıcılığın ölçü
vahidi itir. Sənət əsəri əvvəl
özünü, sonra isə başqalarını
inandırmalıdır. Kino rəssamının iş
xüsusiyyətləri başqa fırça
ustalarının işindən köklü şəkildə
fərqlidir. Kino rəssamı ilk olaraq tək deyil,
yaradıcı kollektivin tərkibində öz
funksiyasını yerinə yetirir. Bu funksiya təkcə onun
şəxsi təxəyyülünə deyil, ssenaristin,
rejissorun və operatorun fikirləri ilə uyğun gəlməlidir.
Əsas etibarı ilə də kino rəssamı kinooperatorla
müştərək çalışaraq, hər bir bədii
tapıntını rejissorun fikrinə tabe etməyi bacarmalıdır.
Ona görə də ssenari bilavasitə operator və rəssamın
iştirakı ilə yazılır. Çünki hər
üç tərəfin fikri bir-birini tamamlamalıdır.
Bununla belə, hər üç sənətkarın istehsal
prosesində hərəsinin özünə məxsus fərdi
funksiyaları və səlahiyyətləri də vardır. Elə
bu baxımdan hər bir sənət əsərinin ideya-estetik
qayəsinin bitkin olması üçün iş prosesinin
ilkin addımı yaradıcı qurupun uğurlu seçimi ilə
bağlıdır. İkinci tərəfi isə filmdə
çəkiləcək aktyorların seçimidir. Teatrda
olduğu kimi, kino da rol bölgüsü işin ən ciddi tərəfidir.
Rejissor fikri pyesdəki hadisələrin xarakterlərin
düzgün anlayışı əsasında yaranır. Gələcək
tamaşada obrazların traktovkası və ifası da öz
sırasında rejissor fikrinə əsaslanır. Rolları
düzgün və əlverişli tərzdə bölə
bilmək üçün rejissor bir tərəfdən öz
fikrinə tamaşanın planına, ümumi üslubuna,
obrazları konflikt ətrafında necə qruplaşdırmaq
niyyətinə, digər tərəfdən aktyor heyətinə,
onun imkanlarına, tək-tək aktyorların istedadına və
onların hər birinin fərdi xüsusiyyətlərinə istinad
edir. Bu münasibət təkcə teatr sənətində
deyil, həm də kino sənətində də ən vacib
faktordur. Kino ssenarini diqqətlə oxuyub hadisələri
öz görmə lentinin ekranında canlandıran rejissor əgər
öz peşəsinin kamil ustadıdırsa aktyor seçimində
yanılmır. Çünkü o, artıq rejissor fikrinə əsaslanaraq
fikrində hadisələri düzür və hadisələrdə
iştirak edəcək personajların xarakterinə uyğun gələn
aktyorları bir-bir nəzərində canlandırıb,
onların fərdi imkanlarını götür-qoy edir.
Artıq rejissor «Dədə Qorqud» filmi üçün aktyor
heyətini seçmişdir. Həsən Məmmədov – Dədə
Qorqud, Həşim Qadoyev – Qazan Xan (Tacikistan), Rasim Balayev – Beyrək,
Çivi Toxatze – Alp Arus (Gürjüstan), Hamlet Qurbanov –
Qıpçaq Məlik, Şəfiqə Məmmədova –
Burla Xatun, Leyla Şıxlinskaya – Banuçiçək,
İnarə Quliyeva – Selcan, Dilarə Yusifova – Günel, Fərhad
Yusifov – Tural, Əli Haqverdiyev – Yalancıq, Gündüz Abbasov
– Bəybura, Əfrasiyab Məmmədov – Bayandur rollarında
çıxış edirdilər. Göründüyü kimi
aktyor ansabılının tərkibində iki nəfəri dəvətlə
gəlmiş aktyordur. Digərləri isə Azərbaycan
Dövlət İncəsənət İnsitutunun məzunlarıdır.
Hansı ki, dram və kino sənətinin sirlərinə Tofiq
Kazımov, Mehdi Məmmədov, Rza Təhmasib və digər
korifey sənətçilərin mühazirələrində
və quruluş verdikləri tamaşalarda vaqif olmuşdular.
Onların hamısı «Dədə Qorqud» eposunun xarakterinə
uyğun olaraq «rolu nə üçün oynayacaqlar?»-
sualına rejissor izahı əsasında
hazırlaşmışdılar. Aktyorların hər birinin
yaradacağı obrazın ali məqsədində bir obraz
olaraq rejissor fikiri dayanırdı. Hər bir aktyor ifa edəcəyi
obrazın xarakterini, ali məqsədini, inkişaf xətinin
düzgün istiqamətdə aparılmasında səlahiyyət
və məsuliyyətini hiss etməliydi.
Bunun
üçün onların hər birindən fərdi istedaddan
əlavə, fantaziya da lazım idi. Aktyor fantazyasının işi
üçün personajın həyatının
bugünkü şəraitinin yaradılması az əhəmiyyətli
məsələ deyildir. «Həyatı öyrənmək və
obrazla əlaqədar xəyala qapılmaq nəticəsində
əldə edilən yaradıcılıq materialı ilə
aktyorun düşüncəsi kifayət qədər zənginləşdirdikdən
sonra o, rol dəftərini açıb mətn üzərində
işə başlaya bilər». «Dədə Qorqud» dastanı əsasında
çəkilən bədii filmin mətnini hazırlayan
aktyorlar rejissor Tofiq Tağızadənin və yaradıcı
qrupunun digər üzüvlərinin yaratdığı
yaradıcılıq atmosferində artıq bu gündən
çox-çox qədimlərdə yaşanan həyat tərzini,
o dövrün spesifik xarakterini, adət və ənənəsini
yaşamaq təşəbbüsündə bulunurlar. Onlar hərəsi
öz obrazlarının üzərində işləyərkən
o dövrün ruhunu bu günün bədii-estetik qayəsinə
uyğunlaşdırmağa çalışır. Tarixiliyi
müasirliyin sintezindən keçirərək ifa etdikləri
obrazların ovqatına təbiilik qatan aktyorların
hamısı ümumilikdə filmin poetik səciyyə
daşımasına xidmət göstərirlər. Umumiyyətlə,
60-80-ci illərdə çəkilən bədii filmlərin
içərisində «Nəsimi», «Dədə Qorqud» və «Babək»
filmlərinin xüsusi yeri vardır. Bu ekran əsərlərinin
fəlsəfi qayəsi, ideya-estetik səciyyəsi milli mənlik
şüurunun inkişafında, tarixi həqiqətlərin
izahı və bu günün tələbləri kontekstindən
əyaniləşdirilməsi baxımından çox dəyərli
ekran əsərləridir.
Bu dəyərli
ekran əsərlərinin ərsəyə çatmasında
60-70-ci illərdə yetişən güclü aktyor nəslinin
də xüsusi xidmətləri olmuşdur. Teatr və kino sahəsində
öz maraqlı obrazları ilə yadda qalan,
tamaşaçıların böyük hörmətini qazanan
Ələsgər Ələkbərovun, Yusif Vəliyevin, Nəcibə
Məlikovanın, Safura İbrahimovanın, Həsən
Turabovun, Şahmar Ələkbərovun, Həsən Məmmədovun,
Rasim Balayevin və digər adlı-sanlı aktyorların
ümumi zəhməti sayəsində 60-70-ci illərdə
milli teatr və kino sənətimiz özünün ən
parlaq dövrünü yaşayırdı. Bu dövr onun
üçün ən maraqlı yeniləşmə, təzələnmə,
çiçəklənmə dövrü kimi yadda
qalmışdır.
Aktyor
öz sənətinin eyni zamanda həm yaradıcısı, həm
də alətidir. Onun icra etdiyi hərəkətlər isə
obraz yaratmaq üçün bir materialdır. Səhnədə
və yaxud da kino lentində görülən işin canlı
insan nitqi və hərəkətlərinin fasiləsiz
axınında ifadə olunduğunu görəndə bilavasitə
aktyorun bu sənətdə əsas faktor olduğunu dərk
edirsən. Aktyorun ifasının emosianal təsiri sayəsində
tamaşaçı sanki həyatın özünü
görür və baxdığı hadisəyə inanaraq
tamaşa edir.
Oktay
Xalq Cəbhəsi.- 2012.- 28 fevral.-
S.14.