Vasif Adıgözəlov yaradıcılığı

 

Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin yüksək nailiyyətlərindən danışarkən, biz ilk növbədə sevimli bəstəkarımız Vasif Adıgözəlovun yaradıcılığını da qeyd etməliyik. Bəli, onun zəngin yaradıcılığı və son zamanlar yaratdığı yeni əsərlər buna parlaq misaldır. Vasif Adıgözəlovun musiqisini nəinki Azərbaycanda, ondan kənarda da minlərlə musiqisevərlər tanıyır. Onun gözəl, ürəyəyatan əsərlərini peşəkar musiqiçilər də, geniş kütlələr də sevir. Bu musiqiyə səciyyəvi olan dərin mənəviyyat, xəlqilik, incə və zərif melodiya insanı nəcibləşdirir, onun estetik hisslərinin inkişafına səmərəli təsir edir. Dahi Qara Qarayev məktəbinin zəngin ənənələrini və novatorluq prinsiplərini ən yüksək səviyyədə inkişaf etdirərək, Vasif Adıgözəlov öz yolunu müəyyənləşdirmiş, musiqidə öz dəst-xəttini tapmışdır.

Maraqlıdır ki, Vasif Adıgözəlovun tələbəlik illərində yazdığı əsərlər bu günöz dəyərini itirməyib, ifaçılarımızın konsert repertuarında, televiziyaradioda səslənir. Bəstəkarın 3 saylı «Konsert»i olduqca səmimi, məlahətli, şairanədir. İnkişaf prossesində hər variasiya yeni bir emosional, ekspressiv obrazın yaranması ilə nəticələnir. Hər variasiya isə müxtəlif xarakterdə, yozumda təqdim olunur. Fakturanın orijinallığı və mürəkkəbliyi, harmonik dilin zənginliyi, ritmik fiqurların kəskinliyi üzə çıxır. Variasiyalar arasında qeyri-adi təzad yaranır. Əsas kulminasiya isə son altıncı və yeddinci variasiyalara düşür.

3 saylı «Konsert»in ikinci hissəsi əsərin ən gözəl, məftunedici lirik səhifələrdən biridir. Ekspressiv və şairanə səslənən polifunksional harmoniyalar, ifadəli, səsaltı polifoniya, təravətli səciyyəli orkestr dili xüsusilə diqqəti cəlb edir.

«Konsert»in finalı öz dinamik, şən ruhlu, virtuoz xarakterli musiqi mövzuları ilə maraq kəsb edir. Kəskinlik, təzadlıq finalın başlıca amilidir. Musiqinin inkişaf prossesi sanki bayram lövhələrini xatırladır. Final möhtəşəm, gümrah bayram şənliyi obrazları ilə tamamlanır. XX əsrin fortepiano musiqisində istifadə edilən bədii-texniki üsullar və tapıntılar Vasif Adıgözəlovun bu orijinal müasir əsərində öz əksini tapmışdır. Vasif Adıgözəlov yaradıcılığında Azərbaycan şairlərinin sözlərinə yazılmış mahnı və romansların xüsusi yeri var. Bəstəkarın «Sovet Azərbaycanı» filmindən sevimli şairlərimiz Fikrət Qocanın sözlərinə yazılmış «Qatarlar gedir», Rəsul Rzanın sözlərinə «Bakı», Aslan Aslanovun sözlərinə bəstələnmiş «Gülüm» kimi qəlbəyatan, lirik mahnıları dinləyicilərə yaxşı tanışdır. «Qatarlar gedir» mahnısında harmonik dilin zənginliyi, tonal-modulyasiya prosesinin inkişaf dinamikası xüsusi qeyd olunmalıdır. Harmoniyada ellipsis üsulunun istifadə edilməsi musiqiyə təravət və rəngarənglik gətirir. Kulminasiya «zonalarında» enharmonik modulyasiyanın istifadəsi inkişaf prosesinə yüksək ekspressivlikeyni zamanda qeyri-adilik gətirir.

V.Adıgözəlovun vokal yaradıcılığında «Qərənfil» romansı (sözləri Natəvanındır) öz səmimiliyi, incəliyi və gözəlliyi ilə fərqlənir. Bu klassik romansda musiqiyə xüsusi mülayimlik, peyzajlıq və poetiklik verən muğam «oxumaları» əsərin fakturasında ustalıqla ifadə olunmuşdur. Bəstəkarın «Yuxular» (Nəbi Xəzrinin sözlərinə) və «Yeddi çinar» (R.Rzanın sözlərinə) əsərlərinin melodik üslubuna yeni müasir intonasiyalar daxil olmuşdur: deklamasiya üslubunun istifadə edilməsi musiqiyə yüksək emosionallıq və ifadəlilik gətirir. Beləliklə, müxtəlif illərdə yazılmış vokal musiqisi Vasif Adıgözəlovun çoxşaxəli yaradıcılığının parlaq səhifəsidir.

Ömrünün son illərində Vasif Adıgözəlov oratoriya janrında bir-birindən maraqlı əsərlər yaradıb. Onun bəstələdiyi iki orjinal və gözəl oratoriyaları bu sahədə yeniintensiv axtarışların nəticəsidir. R.Zəka Xəndanın sözlərinə «Odlar yurdu» və T.Elçinin sözlərinə yazılmış «Qarabağ şikəstəsi» və digər oratoriyaları həyatımızın mürəkkəb mənəvi proseslərini əks edir, bu günümüzün həyat həqiqəti ilə səsləşir. «Odlar yurdu» Azərbaycan xalqının tarixinin ayrı-ayrı mərhələlərini sanki yaddaşlarda yenidən oyadır. Oratoriya ideyanın möhtəşəmliyi, geniş miqyası, milli musiqinin qədim qatlarına dərindən nüfuzu və təfəkkürün əsl müasirliyi ilə könülləri fəth edir. Ayrı-ayrı hissələrin ziddiyyəti daxili intonasiya yekdilliyi ilə bir-birinə bağlanır. Elə bütövlüyü və inandırıcılığı ilə fərqlənən dramaturgiyanın mühüm xüsusiyyəti də bundan ibarətdir.

«Odlar yurdu» və «Qarabağ şikəstəsi» oratoriyaları respublika dövlət mükafatına layiq görülüb. Heç şübhə yoxdur ki, bu əsər ölkəmizin ən yaxşı kollektivlərinin repertuarında layiqli yer tutacaq. Artıq indi oratoriyalar bir çox ifaçıların diqqətini cəlb edir, tez-tez radioteleviziya ilə ifa olunur.

V.Adıgözəlovun yaradıcılığının zirvəsi kimi – «Çanaqqala» oratoriyasını qeyd etmək lazımdır. Bildiyimiz kimi, «Çanaqqala» 1915-ci ildə Türkiyədəki tarixi hadisəyə həsr olunmuşdur: türk xalqının igid və cəsarətli oğlu Atatürk xarici ölkələrin istilaçılarına qarşı mübarizəyə rəhbərlik edir. «Çanaqqala» savaşında türklərin möhtəşəm qələbəsi nəticəsində Osmanlı imperiyası dağıdılır və Atatürkün rəhbərliyilə müstəqil Türkiyə yaradılır. Oratoriyanın ilk ifası 1998-ci ildə Türkiyə simfonik orkestrinin, Türkiyə Mədəniyyət NazirliyininAnkara radiosunun birləşmiş xoru (rəhbəri Elnara Kərimovadır), İzmirAnkara Dövlət Konservatoriyasının solistlərinin ifasında səsləndi. Bu oratoriyada istedadlı dirijorumuz Yalçın Adıgözəlov öz ifaçılıq qabiliyyətinin ən gözəl və səciyyəvi xüsusiyyətlərini nümayiş etdirdi: yüksək professionallıq, sənətkarlıq, mahirlik. O, hər dəfə bu mürəkkəb və möhtəşəm əsəri çox orijinal bir tərzdə, parlaq üslubda, özünəməxsus bir ustalıqla interpretasiya edir. Librettonun müəllifi Sabah xanım Duru, mətnin müəllifi isə Mehmet Akif Ersoydur. Premyeradan sonra oratoriya tez-tez ifa olunur, kompakt diskə yazılmışdır.

Son illər yaratdığı mühüm əsərlər sırasında «Təntənəli kantata»nı (sözləri F.Qocanındır) və «Qəm karvanı» oratoriyasını (sözləri R.Rzanındır) qeyd edək, axırıncı əsər şəhidlərin əziz xatirəsinə həsr olunmuşdur. Ümumavropa musiqi tarixindən hamımıza bəllidir ki, librettomusiqi özünün «sinxron» vəhdətini tapanda, bəstəkarların operaları klassik nümunələrə çevrilir. Librettonun müəllifi, istedadlı və tanınmış publisist, ictimai xadim Nazim İbrahimov dramaturji cəhətdən olduqca maraqlı, cəlbedici libretto yaratmışdır.

Qarabağın qeyri-adi gözəl təbiəti, büllur sulu bulaqları, ətirli çəmənlikləri, uca dağları və dünyaya bəxş etdiyi görkəmli sənətkarları xain qonşularımızın həmişə diqqət mərkəzində olub. Bu operada da həmin dramaturji xətt – yəni Qarabağ tarixinin bir dövrü xüsusi sənətkarlıqla canlandırılıb. Bütün əsərlərində və xüsusilə oratoriya və kantatalarında muğam sənətinə, aşıq ənənələrinə, xalq mahnılarına, təsniflərə, rəqslərə və ümumən qədim xalq incilərinə sadiq qalan Vasif Adıgözəlov, məhz yeni əsərində bu prinsipi, bu üslub xüsusiyyətlərini daha da möhkəmləndirib və yeni mərhələdə inkişaf etdirib.

Sevimli sənətkarımız Vasif Adıgözəlov əsərləri ilə xalqın rəğbətini qazanmış, parlaq fərdi üslubu ilə fərqlənən, yüksək professional bəstəkardır. Vasif Adıgözəlov Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi vəzifəsində çalışıb. Vasif Adıgözəlov hər hansı bir janrda işləsə də həmişə aktiv və gərgin axtarışda olmuşdur. Artıq bu gün biz inamla deyə bilərik ki, Vasif Adıgözəlovun əsərləri Azərbaycan musiqisinin klassik əsərləri sırasında layiqli yerini tutub.

 

 

Oktay

 

Xalq Cəbhəsi.- 2012.- 28 fevral.- S.13.