Muğam sənəti və Azərbaycan milli ruhu

 

Professor Rafiq İmrani: «Aşıq sənətilə muğam sənəti qədimdən ayrılmaz mənəvi varlıq, milli düşüncə forması və milli təfəkkür tərzidir»

 

Musiqinin qəribə, sirli-sehrli anlamı var və tərəddüdsüz olaraq muğamatı bu ilahiliyin zirvəsi saymaq olar. Şərqin ümumsərvəti olan muğamatın yaranmasında və inkişafında Azərbaycan türklərinin rolu danılmazdır. Muğamşünaslarımızın bu yöndə araşdırmaları maraqlı faktların varlığını ortaya qoyur. Muğam sənətinin, konkret Azərbaycan muğamlarının milli olduğu dərəcədə də bəşəri, insani mahiyyət daşıması soydaşlarımıza yaxşı məlumdur. Ancaq bu ölməz sənətin elmi baxımdan açımı çox zaman sirli qalır. Çünki neçə-neçə yüzilləri aşıb gələn muğamın sirli-sehrli, mürəkkəb quruluşu onun ruhunun dərinlikliklərindən, başa düşülən olduğu dərəcədə də qəlizliyindən soraq verir. Professor Rafiq İmraninin muğamın elmi mahiyyətilə bağlı araşdırmaları ciddi maraq kəsb edir. Muğam-Saz vəhdəti barədə danışan araşdırmaçı bildirir ki, qədim sazın qolunda bütün musiqi tonlarının olmaması və onların yerində «Şur» muğamının lad quruluşunun olması bizi aşağıdakı məntiqi nəticələrə gətirib çıxarmış oldu: aşıq sənətilə muğam sənəti qədimdən ayrılmaz mənəvi varlıq, milli düşüncə forması və milli təfəkkür tərzidir; aşıq musiqisinin bünövrəsi «Şur» muğamına söykənir və onun lad-intonasiya çeşidləri daha zəngin milli kökə əsaslanır: «»Şur» muğamının lad quruluşunun qədim sazın pərdə quruluşunun özəyini təşkil etməsi muğamların həqiqi mənada sadə səs sistemindən ibarət olmasını yox, onların milli musiqi təfəkkür tərzi olmasını bir daha elmi faktların dililə təsdiq etdi. Belə nəticə çıxara bilərik ki, qədim saz alətinin tarixi və Azərbaycan muğamlarının tarixi kökü daha qədim olan Qobustan dövründən qaynaqlanır. Qobustan qayaüstü rəsmlərində olan sazın şəkillərinin təhlili aşağıdakı qənaətə gəlməyə imkan verir. Saz ifaçıları gözəl bilir ki, hələ qədimdən sazın cürə saz, qoltuq saz və ana-tavar saz deyilən üç forması mövcud olub. Ana sazın forması ilə Qobustan dövründəki sazı müqayisə etsək, onların eyni formada və təqribən də eyni ölçülərdə olması ilə rastlaşacağıq. Sazın pərdə quruluşlarına gəldikdə isə deməliyik ki, əgər qədim ənənədə əcdadlarımız 3 pərdəli sazın quruluşunu vermək və ya qayaüstü rəsmdə göstərmək istəsəydilər, onu ud alətinin qolu kimi qısa şəkildə göstərə bilərdilər. Həm Qobustan, həm də qədim Şumer dövründə tarın, sazın, tənburun uzunqollu olması faktları sübut edir ki, hələ o dövrdə ən azı bir oktava hüdudunda çalıb-oxumaq ənənəsi mövcud olub. Bu isə folklorumuzda və peşəkar ənənəvi musiqimizdə tam kamil musiqi sənətinin mövcud olması deməkdir».

Araşdırmaçı Şumer dövrünə aid verilmiş qadın saz ifaçısının təsvirində cürə sazın şəklinə diqqət çəkir: «Bu, tam məntiqidir: qadının sinəsinə sıxıb çaldığı alətin kiçik həcmdə, ölçülərdə olması ifanı asanlaşdırır. Deməli, qədim istrumental musiqi ənənəmizdə ana sazla yanaşı cürə saz da olub. O dövrün rəsmlərində tarçalanlar təsvir edilib. Hər iki tarçalanın aləti sinədə çaldığı aydın şəkildə görünür. Rəsmlər özü sübut edir ki, bəzi musiqişünasların yazdığı kimi, məşhur tarzən Sadıqcan tarı dizdən sinəyə qaldırmayıb. Həm bu rəsmlər, həm də Sadıqcandan əvvəl yaşamış Əli Əkbər Fərəhaninin rəsmlərində tarın sinədə çalınması ənənəsi olması faktı təsdiqlənir. Dizdə çalmaq ənənəsinin də qədim dövrlərdən mövcud olmasını görürük. Tənburçalan kişinin rəsmindən aydın şəkildə görünür ki, qədim Şumer dövründə tənburu diz üstündə çalardılar. İnstrumental musiqi tariximizi vərəqləsək görərik ki, qədimdə olduğu kimi, orta yüzillərdə və müasir dövrümüzdə də tənbur diz üstündə çalınır. Türkmənlərdə, İran Azərbaycanında tənbur diz üstündə ifa olunur. Muğam havalarının inkişaf tarixini izlədikdə onun bizim eradan əvvəl bir neçə tarixi inkişaf mərhələsində ən yüksək səviyyədə inkişaf etdiyinin şahidi oluruq. Muğam havalarını yaradan şəxslər ənənəvi musiqinin yüksək peşəkar sənətkarları olublar. Yüksək peşəkar musiqiçi kamil sənət nümunəsi yaradır və onun bəstələdiyi musiqi havası öz kamilliyinə, yüksək sənət nümunəsinə görə seçilir. Muğam havaları inkişafını cəmiyyətin tərəqqisinə paralel şəkildə tapıb. Bu faktın özü təsdiq edir ki, Şərq aləmində klassik musiqi sənət nümunəsi sayılan muğamlar həmişə yeni cəmiyyətdə insanların kamilləşməsinə, bəşəri ideyalara, nəhayət, insanlığın inkişafına xidmət edib».

Mahnı yaradıcılığına diqqəti çəkən araşdırmaçı deyir: «Musiqi yaradıcılığında elə mahnılar var ki, onlar daha qədim dövrlərdə aşıq havaları olub. Sonrakı inkişaf prosesində həmin havalar formasını dəyişərək xalq mahnılarına çevrilib. Bir çox xalq mahnısı adı ilə tanınan mahnıları vaxtilə Cabbar Qaryağdıoğlu və başqa məşhur xanəndələrimiz yaradıb, onların təsnif kimi oxuduqları havalar sonradan muğam havalarına çevrilib. Məsələn, «Bayatı-Şiraz» dəstgahında oxunan «Dilrüba» muğamı vaxtilə M.Füzulinin məşhur «Məni candan usandırdı, cəfadan yar usanmazmı» qəzəli əsasında yaradılmış təsnif olub. Sonrakı dövrlərdə həmin təsnifin məşhur tarzən Qurban Pirimovun tarda muğam kimi ifasından sonra muğam ifaçıları onu muğam havası kimi ifa etməyə başlayıblar. Muğam ifaçılıq ənənəsində Güney Azərbaycanda ifa edilən «Dilrüba» muğamının Q.Pirimovun ifasından əxz olunmuş və milli muğam ifaçılığımıza daxil olmuş «Dilruba» arasında mövcud fərqlər də bunu sübut edir. Muğam ifaçılığında «zərbi-muğamlar» adı altında ifa edilən musiqi havaları daha qədim aşıq havalarından əxz olunması artıq elmə məlumdur. Bu kimi misalların sayını artırmaq olar. Sadəcə, onu demək olar ki, vaxtilə bir adda və ya bir janrda ifa edilən musiqi havalarının həmin janrda əhəmiyyətini itirərək məhvə doğru getməsi sonrakı inkişaf prosesində başqa bir janrda öz yeni başlanğıcının, formasının əsasını qoydu».

Mənəviyyatın muğam və xalq mahnılarının timsalında da xəlqi ruhumuzu ifadə etməsi danılmazdır: «Mənəviyyatı yaradan və onun inkişaf prosesini təmin edən yaradıcı insanlar maddiyyatdan çox mənəvi aləmlə bağlı olurlar. Xüsusən də yaşlı nəslin nümayəndələri və ahıllıq dövrünü yaşayan insanlar arasında mənəviyyata üstünlük verilməsi geniş xalq kütləsi arasında aparılan sosioloji sorğu nəticəsində də təsdiqlənir. Maddiyyata bağlılıq insanların materiyaya mənsubluğunu xarakterizə edirsə, mənəviyyat isə onları Varlığın dərk olunmasına yüksəldir. Mənəviyyatı yüksək olan insanın əxlaqı, dünyaya baxışı və bir çox dəyərləri mənəviyyatsızdan çox-çox fərqlidir. Dünyanın vəhdəti konsepsiyası muğamlarda və aşıq musiqi havalarının quruluşlarında da özünü göstərir. Muğamlar ifa tərzinə görə ayrı-ayrı muğam janrına məxsus formalarda, yəni bir hissəli formaya uyğun şöbə və guşə şəklində, mürəkkəb formada olan zərbi-muğam və dəstgah formasında ifa olunur. Dəstgah şəklində ifa olunan muğamları dünyanın vəhdəti strukturu ilə müqayisə etsək, fikrimcə, onların arasında maraqlı oxşar cəhətlərlə qarşılaşmış olarıq. Muğam dəstgahlarında struktur baxımından bir forma daxilində ifa olunan dəraməd, təsnif, rəng, diringə, ayrı-ayrı muğam şöbə və guşələri vahid ideya-məzmuna tabe olan dəstgah formasını yaradır. Dəstgah öz quruluşuna və həcminə görə müxtəlif ola bilər. Yəni ifaçıdan asılı olaraq bu struktur quruluşa istənilən sayda muğam şöbə və guşələri, təsnif, rəng, diringə və dəraməd salına bilər. Bunlar məkan və zamana bağlıdır».

Sonda araşdırmaçı bu qənaətə gəlir: «Dünyanın vəhdəti böyük bir məkanda cəmləşmiş bütün varıqların dünyanın idarə olunması qanununa tabe olmasındadır. Dünya vahid olsa da onun ikili xüsusiyyəti, yəni maddi və mənəvi aləmi reallıqdır. Mənəviyyat yaddaşlara həkk olub nəsillər tərəfindən yaşadıldığı üçün ölmür. O, yalnız formasını dəyişir və daha yeni, dövrün qanunlarına, tələblərinə uyğun şəkildə formalaşıb ortaya çıxır. Muğamlar, aşıq sənət nümunələri və s. mənəviyyat göstəriciləri olduqları üçün heç vaxt ölmür. Onlar sadəcə, tarixi inkişaf prosesində formasını dəyişir və yeni şəkildə, formada meydana çıxır».

                    

Uğur

 

Xalq cəbhəsi.-2012.-5 iyul.-S.14.