Seyid Hüseyn
fenomeni
Ədəbiyyat
tarixində istedadlı bir ədəbiyyatşünas kimi onun
dil və mətbuatın inkişafında mühüm xidmətləri
olmuşdur
Seyid Hüseyn obyektiv olmayan şəxsi
düşmənçilik və kin-küdurətli tənqidin
əleyhinə olmuşdur. XX
əsrin əvvəllərində ədəbiyyatın
ayrılmaz bir sahəsi olan
ədəbi tənqid də Azərbaycanın ictimai-siyasi
və ədəbi həyatında baş
verən hadisələrdən, ixtilaf və
mübarizələrdən kənarda deyildi.
Demokratik və inqilabi-demokratik
tənqid yeni əsrin ən qüvvətli,
ən kütləvi tənqidi cərəyanı idi. Milli ədəbiyyatın qabaqcıl demokratik
ideya və ənənələrini
müdafiə edən ədəbi hadisələrin qiymətləndirilməsində
geniş xalq kütlələrinin
mənafeyini, ehtiyac və tələblərini
hər şeydən üstün tutan Firidun bəy
Köçərli, Seyid Hüseyn,
Kazımoğlu, Abdulla Sur,
Hacı İbrahim Qasımov kimi nümayəndələri var
idi.
Milli ədəbi tənqidin əsas
yaradıcılarından biri olan Seyid Hüseyn
(1887-1938) yarım əsrlik ömür yolunun çox hissəsini
Azərbaycan ədəbiyyatı və ədəbi tənqidinin
tərəqqisinə həsr etmişdir. Seyid Hüseyn müasir nəsrin
ilk nümunələrini yaradan,
kiçik hekayələr ustası,
görkəmli mətbuat və mədəniyyət xadimi kimi
tanınmışdır. İlk işinə
«Kaspi» qəzeti redaksiyasında
başlamış, burada dövrün
tanınmış yazıçısı, şair
və təsisçilərlə olan
tanışlıq onun gələcək fəaliyyətinin
istiqamətini müəyyənləşdirmişdir. XX əsrin
əvvəllərində mətbuat aləminə daxil olan tənqidçi qəzet
və jurnalların bir çoxu
ilə əməkdaşlıq etmiş, «İqbal», «Qurtuluş» və
s. mətbu orqanların baş
redaktoru vəzifəsində
çalışmışdır. XX əsrin
10-cu illərində müasir ədəbi
prosesi diqqətlə izləyən, çap olunan əsərlər
barədə vaxtında və müntəzəm surətdə
rəy söyləyən Seyid Hüseyn dövrün ən
fəal tənqidçisi kimi
tanınmışdır. Seyid Hüseynin bu sahədəki
bacarığına görə müasirlərindən olan şair Məhəmməd
Hadi onu «doğru söz deyən qələmisadiq»
tənqidçi adlandırmışdır.
Cəfər
Cabbarlı isə ondan «yalnız Azərbaycanda
deyil, bəlkə bütün
Zaqafqaziya türkləri arasında
müqtədir tənqidçi adı daşımağa ləyaqət
qazanmış münəqqib» kimi bəhs
etmişdir.
XX əsrin əvvəllərində
yaradıcılığa başlayan, az-çox tanınmış, elə bir yazıçı və şairin
adını çəkmək çətindir ki, tənqidçi Seyid Hüseynin qələmindən kənarda
qalmış olsun. C.Məmmədquluzadə,
N.Vəzirov, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov,
F.Köçərli, M.S.Ordubadi, S.M.Qənizadə,
Y.V.Çəmənzəminli, A.Divanbəyoğlu, M.Hadi, A.Səhhət, C.Cabbarlı, A.Şaiq və başqa ədiblərin
yaradıcılıqları, realist demokratik ədəbi tənqidin aparıcı
nümayəndələrindən biri kimi Seyid Hüseynin diqqətini daha
çox cəlb etmişdir.
Bu sənətkarlarının əsərlərinin hər
birinə Seyid Hüseyn
məqalələr yazıb çap etdirmiş, hər bir əsəri
layiqincə qiymətləndirməklə yanaşı, əsərlərdə
nəzərə çarpan ideya – sənətkarlıq
qüsurlarını da obyektiv
mövqedən prinsipal tənqid atəşinə
tutmuşdur.
Demək
olar ki, ədəbi fəaliyyətə
təzəcə başlayan Əli Səbri
Qasımovun «Solğun çiçəklər»,
«Şəbi-hicran»(1913), Rza Zakinin «Nakam qız»(1911), «Fadayieşq»(1912), Səkinə xanım
Axundovanın «Zülmün səmərəsi»(1917),
Ələkbər Naxçıvanlının «Qəlbimin
soltanı»(1912), Əhmədbəy
Qəmərlinskinin «Bəhlulidanəndə»(1913) və s. gənc qələm sahiblərinin ilk əsərləri də Seyid
Hüseynin tənqid qələmindən kənarda
qalmamışdır. XX əsrin 10-cu illərində Seyid Hüseynin
yaradıcılıq fəaliyyəti təkcə tənqidciliklə
tamamlanmır. O, bu dövrdə
bir sıra hekayələr, «Dərədən
təpədən» ümumi başlıqı
altında silsilə felyetonlar, elmə,
maarifə, gənclərin təlim-tərbiyə məsələlərinə
dair məqalələr də qələmə
almışdır. Ancaq bu dövrdə onu daha da məşhurlaşdıran
ədəbi tənqid sahəsindəki fəaliyyəti olmuşdur.
XX əsrin 20-ci
illərindən sonra da
S.Hüseyn tənqidçilik fəaliyyətini
davam etdirir. O, istər
klassik, istərsə də müasiri olduğu
yazıçıların yaradıcılığına həsr
olunmuş, ədəbi-tənqidi məqalələri
ilə, müasir tənqidlə ədəbiyyatşünaslığın
təməl daşını qoyanlardan biri olmuşdur.
Bu illərdə Seyid
Hüseyn hər bir şair və yazıçının
yaradıcılığına dair məqalələr
dərc etdirir, ədəbiyyatın
qarşısında duran yeni
vəzifələr üçün diqqətəlayiq
fikirlər söyləyirdi.
Ömrünün son illərində
bir-birinin ardınca nəşr etdirdiyi «Yeni həyat
yollarında» (1928), «İki həyat
arasında» (1930), «Şirinnaz» (1937)
kitablarında toplanmış əsərlərlə kiçik hekayələr ustası kimi tanınır. Seyid Hüseyn həm də müasir
Azərbaycan nəşrinin ilk nümunələrini
yaradan sənətkarlar sırasında
özünə layiqli mövqe
qazanır. Professor Kamal
Talıbzadə Seyid Hüseynin
ədəbi görüşlərinin əsas estetik
prinsiplərini müəyyənləşdirərkən,
haqlı olaraq onun sənətin
həyatla əlaqəsi və münasibəti məsələsini
ön plana çəkir.
Alimin fikrincə: «…bunsuz
tənqidçinin ayrı-ayrı ədəbi hadisələrə,
yazıçı və əsərlərə münasibətini
aydın təssəvvür etmək çətindir». Seyid Hüseyn realist sənətkarları daima
həyat həqiqətlərini əks etdirməyə,
canlı müşahidələrə əsaslanmağa,
gördüklərini yazmağa səsləyirdi.
Seyid Hüseynin fikrincə,
«sənət həyatı təsvir edə bilmək qabiliyyətidir».
Bu, tənqidçinini əsas prinsipi idi. Seyid
Hüseyn istənilən şair
və yazıçının əsərlərinin müzakirələrində,
bir tənqidçı kimi
qiymət və fikrini bildirəndə də
məhz sənətin həyat həqiqətinə münasibətində
də bu prinsipə əsaslanırdı.
Seyid Hüseyn C.Məmmədquluzadənin
«Ölülər» komediyasının ilk
tamaşası ətrafında gedən mübahisə və
müzakirələrdə iştirak etmiş, əsər üçün
öz layiqli qiymətini
verərək əvvəlcə «Ölülər haqqında təəssürat»,
sonra isə «Ölülər» və onun tənqidlər haqqında bir mütaliə»
adlı məqalələrini dərc etdirərək «Ölülər»
ədəbiyyatımızda «inqilab törədə
biləcək məziyyətdə» olan bir əsər kimi dəyərləndirmişdir.
Seyid Hüseyn bu əsərin ideya məzmununa
və sənətkarlığına yüksək qiymət verir və fransız yazıçısı V.Hüqonun «Səfillər»i və rus dramaturqu N.Y.Qoqolun «Müfəttiş»i ilə
müqayisə edərək yazırdı: «Bilirəm, bir çoxları Mirzə Cəlilin
«Ölülər»ini Qoqolun «Revizor»u ilə müqayisə
edəcəklər. Mən isə bundan irəli
getmək istəyirəm. Zira «Revizor»da kefli İskəndər kimi
bir qüvvə yoxdur ki, «elm oxuyun,
alim olun deyib», «adam olun»
deməyənlərə, doqquz
yaşında ərə gedən qızlara,
qardaşının, ata və
anasının dirilməsindən ötrü
fikirləşməyə gedənlərə, dirildikdən sonra evlərinə, yurdlarına qayıtmaq istərkən
qapısı üzünə açılmayan ölülərə
gülsün, doqquz
yaşında nazlılarını şeyx
nəsrullahlara məcburən arvad etmək
istəyən atalarının üzünə tüpürməklə
ağlasın və ağlatsın. Mən deyirəm ki, bir əsr bundan əvvəl Fransa əhvali
– ictimaiyyəsində «Səfillər»nə isə V.Hüqonun ac və səfil
arvad uşaqları və küçələrdə
yaşayan sahibsiz «gülxan bəyləri» bəşər cəmiyyətinə
və fransız əfkarına necə təsir
bağışlamışsa, bizdə də «Ölülər»
odur və həmin təsiri
bağışlayacaq, səhnəmizdə rusların «Revizor»u qədər
ölməz mövqe tutacaqdır.»
Seyid Hüseyn əsərin qiymətini düzgün anlayıb verə bilməyənlərə
cavab olaraq yazırdı:
«Ölülər» faciəsinin ruhu Şeyx Nəsrullahın hiylələrində
deyil, onun hiyləsi
qurbanı olan doqquz
yaşlı nazlılarının ailədəki və həyati
– ictimaiyyətimizdəki mövqelərindəndir». Seyid Hüseynin tənqidçi qələminin
yüksək qiymətini Sabir, Çəmənzəminli,
Haqverdiyev, Nərimanov, Qənizadə, Səbri,
Ordubadi yaradıcılığına
münasibətdə də aydın görmək olar. Seyid Hüseynin
Abdullahbəy Divanbəyoğlunun «Can
yanğısı» əsərinə verdiyi
düzgün qiymət belədir: «Bu gün bizim
arvadlarımızın halı həman zəncilərin əsarət
halları kimidir. Bu məsələyə
münasibət birinci olaraq
möhtərəm A.Divanbəyi tərəfindən qələmə
alınıb, İsabəy Aşurbəy tərəfindən
nəşr edilən «Can
yanğısı» arvadlarımızın hallarında bir nümunə göstərmişdir. «Can yanğısı» Qafqaz
köçəri məişətini təsvir edən hekayədir.
Bu hekayə Ruqiyyə adlı bir qafqazlı arvad qədər
çəkdiyi zəhmət və müsibəti göstərir».
Bu o dövr üçün adi hal idi. Hər bir qadın bu zülmləri görərək yaşayır,
səslərini belə
çıxara bilmədilər,
çünki buna haqları yox idi. Lakin belə əsərlərin
meydana gəlməsi ilə qadınlarımız,
Cəfər Cabbarlının
«Sevil»i kimi bu əsarətə qarşı haqq səslərini qaldırmağa
gücləri yetərdi.
Seyid Hüseyn «Can yanğısı» əsərinin
«bir taqım səhvlərə təsadüf
edildiyini» yazır. Tənqidçi əsərin dili,
yazılış qaydasını
səhv olduğunu, bunun da Qafqaz
şivəsindən irəli
gəldiyini açıqlayır.
Yaradıcılığa verilən düzgün
qiymət, hər bir şair və
yazıçının xalq
arasındıkı mövqeyini
təyin edir. Seyid Hüseyn də bir tənqidçi kimi çalışmışdır.
Seyid Hüseyn
hər zaman tənqidə və tənqidçiyə ehtiyac
olduğunu deyir: «Tənqidə bu qədər əşədd
ehtiyacımız olduğu
halda təəssüflər
olsun ki, bu vaxtadək bu xüsusda bizdə əhəmiyyət
verilməmişdir. Budur ki,
nə müəlliflərimiz
hansı yol ilə yazacaqlarını bilirlər, nə də şairlərimiz nə kimi əsərlərin
camaata mənfəət
verəcəyəni tanıyırlar.
Bizdə
tənqidçi yoxluğundandır
ki, təb və nəşr edilən kitablarımızın
içində, bir çox əxlaqpozan və heç bir məziyyəti olmayan kitabçalara təsadüf edilir».
Ədəbiyyat tarixində istedadlı
bir ədəbiyyatşünas,
tənqidçi və
publisist kimi tanınan Seyid Hüseyn Azərbaycanın
ədəbiyyatı, teatrı,
dili və mətbuatının inkişafında
mühüm xidmətləri
olmuşdur.
Mətbuat səhifələrində
dərc olunan «Ədəbiyyata bir nəzər», «Sabir və N.Vəzirov haqqında», «Mətbuatımıza
bir nəzər», «Molla Nəsrəddin» haqqında xatirələrim»,
A.Divanbəyoğlunun «Can yanğısı»,
M.S.Ordubadinin «Bədbəxt
milyonçu yaxud Rzaqulu xan Firəngiməab»,
Ə.Haqverdiyevin «Şeyx
Şaban», F.Köçərlinin
«Balalara hədiyyə»,
C.Cabbarlının «Ədirnə
fəthi» əsərləri
haqqında yazdığı
tənqidi məqalələr
ədəbiyyatşünaslığın
inkişafında mühüm
yer tutmuşdur.
Seyid Hüseyn Azərbaycan
ədəbiyyatında roman janrının olmamasından,
həyat hadisələrinin
geniş planda əks etdirən epik əsərlərin azlığından şikayətlənirdi. Tənqidçinin fikrinə görə,
romanın «Təhribiəxlaqda»
rolu böyükdür.
Hər bir insanın öz nöqsanlarını
görməsi üçün
roman əlverişli vasitədir.
Romanda həyat hadisələri geniş şəkildə,
canlı və bədii lövhələrlə
təsvir olunur.
Azərbaycan ədəbiyyatının keşiyində sərvaxt dayanan, öz xalqının ədəbi-bədii
fikrinin hər cəhətdən inkişafına
çalışan Seyid
Hüseynin tənqidçilik
fəaliyyəti geniş
və əhatəlidir. Onun ədəbiyyatımızın inkişafı üçün
söylədiyi qiymətli
fikirlər bu gün də qiymətlini itirməmiş
və öz qüvvəsini, aktuallığını
saxlamaqdadır.
Oktay
Xalq cəbhəsi.-2012.-
7 iyul.-S.13.