"Koroğlu"
dastanları arasındakı oxşarlıqlar
Sovetlər
dönəmində dastanın araşdırıcıları
türksoylu xalqları bir-birindən ayıra biləcək məsələlərə
daha çox önəm veriblər
«Koroğlu» eposunun toplanılması, nəşri
bu məşhur qəhrəmanlıq eposunun öyrənilməsi
və təbliğində xüsusi rol oynayıb.
Araşdırmaçı Əli Şamil bildirir ki, XIX
yüzillikdə Avropada «Koroğlu» dastanının nəşri
və öyrənilməsi ilə
koroğluşünaslığın bünövrəsi
qoyuldu. XX yüzilliyin ikinci onilliyində kommunistlərin
hakimiyyətə gəlişi bu qəhrəmanlıq abidəsinin
ardıcıl toplanıb nəşr edilməsinə və
öyrənilməsinə marağı artırdı:
«Bolşeviklər 1920-ci ildə Azərbaycanı da
işğal etməklə sözdə imtina etdikləri
çar Rusiyasının müstəmləkəçilik
siyasətinin sadiq varisləri olduqlarını isbatladılar.
Zor gücünə əsarət altına aldıqları
xalqları idarə etmək üçün sinfi mübarizəni
ön plana çəkdilər. Xalqların tarixində və
mədəniyyətində sinfi mübarizəyə uyğun gələn
nə vardısa, onu qabartmağa başladılar. Tarixi hadisələri
belə sinfilik prinsipindən dəyərləndirdilər. Ədəbiyyatda,
folklorda hakim təbəqəyə etirazı əks etdirən
nümunələrin nəşr, təbliğ və tədqiqi
yeni baxışla süzgəcdən keçirildikdən sonra
xalqa təqdim edildi. Bir sözlə, hər nə vardısa,
sinfi mübarizə yönündən qiymətləndirilməyə
çalışıldı. İllər böyu xalq arasında
sevilə-sevilə dinlənilən «Koroğlu» dastanı bu
baxımdan onların işinə yaradı. Hökumətin
yeritdiyi bu siyasətdən yararlanan alimlər isə həm Azərbaycanda
yaşayan aşıqlardan topladıqları «Koroğlu»
dastanını çap etdirir və araşdırır, həm
də dastanın istər türksoylu xalqlar, istərsə də
onlarla qonşu yaşayan gürcülər, kürdlər, ləzgilər,
avarlar, ermənilər və başqa xalqlar arasında
geniş yayılmış variantlarını toplayıb
çap etdirməyə, müqayisəli öyrənməyə
təşəbbüs göstərirdilər. Bu işdə Vəli
Xuluflu xüsisilə fəallıq göstərirdi. «Ədəbiyyat»
qəzetinin 1935-ci il 18 mart nömrəsində
yazılmışdı: «Az FAN-ın (SSRİ Elmlər
Akademiyası Azərbaycan Filialının
qısaldılmış adı) folklor seksiyası məşhur
xalq qəhrəmanı «Koroğlu»nun müxtəlif
variantlarını toplamaqdadır. Azərbaycandan başqa
Türkiyə, Gürcüstan, Özbəkistan, Tatarıstan və
Kırım variantları əldə edilib.
Kırımda 20 il Koroğlu üzərində
çalışan Çibanov yoldaş Bakıya dəvət
olunub və ondan Kırım variantı yazıya
alınıb.» («Ədəbiyyat» qəzeti, 1935: 18 mart)». 1937-ci
ilin tuthatutu, bu işə rəhbərlik edən Vəli
Xuluflunun «xalq düşməni» elan edilərək güllələnməsi
başlanmış işin yarımçıq qalması ilə
nəticələndi. Sonralar Azərbaycanda
Koroğluşünaslıq sahəsində bir sıra
uğurlar əldə edildi. Dastan dəfələrlə kitab
şəklində çap olundu və haqqında olduqca dəyərli
tədqiqatlar aparıldı».
Ə.Şamil 3 il qabaq AMEA Əlyazmalar
İnstitutunun arxivindəki «Koroğlu» dastanının
Kırımda çap olunmasından danışır.
Dastanı yazıya alan Yaqub Zəki, söyləyici isə
Çobanov İvan Çobanoğludur. Kırım tatar ədəbiyyatının
biliciləri Riza Fazıl və Safter Naqayevin 2001-ci ildə
Akmescitdə (Simferapolda) çap etdirdikləri «Qrım tatar ədəbiyyatının
tarixi» kitabında Yaqub Zəkinin 1917-ci ildə
Bağçasarayın Yancı kəndində anadan
olduğunu, 1935-ci ildə Bağçasaray Pedaqoji Texnikumunu
bitirdiyini, 1935-39-cu illərdə Kuybışev rayonunda nəşr
olunan «Udarnik» qəzetində işlədiyini və ilk hekayəsi
olan «Qara çəkmə»ni də 1937-ci ildə bu qəzetdə
çap etdirdiyini yazırlar. 1939-47-ci illərdə Sovet dəniz
donanmasında xidmət edən və İkinci Dünya
savaşının iştirakçısı Yaqub Zəki
ömrünün sonunadak bədii yaradıcılıqla məşğul
olub, Kırım tatar ədəbiyyatına bir çox dəyərli
hekayələr qazandırmış naşir kimi
tanınıb, SSRİ Yazıçılar
İttifaqının üzvü olub. 1977-ci ildə Mariupulda vəfat
edib.
Yaqub Zəki yazıya aldığı
dastanın sonunda İ.Çobanov haqqında geniş bilgi
vermişdi. O, yazır ki, İ.Çobanov 1873-cü ilin
oktyabrın 18-də Mariupulun Eski Qarani kəndində kasıb
bir ailədə dünyaya gəlib. Atası vəfat etdiyindən
4-cü sinifdə oxuyarkən təhsilini yarımçıq
qoyub işləməyə başlayıb. Kırım-tatar
folklorunu dərindən bilən və bu sahədə
uğurlar qazanan İ.Çobanov bir sıra Kırım-tatar
dastanlarını gözəl bilir. O, «Koroğlu»
dastanını D.Papudan öyrənib. D.Papu isə 30 ilə
yaxın Terek çayı boyunda çobanlıq edib və
sonra vətənə qayıdıb. N.S.Seymyaqyayev kitaba
yazdığı ön sözdə «Koroğlu»
dastanının Kırımda iki yolla
yayıldığını göstərir. Dastan
Kırımdakı Osmanlı qarnizonlarındakı əsgər
və zabitlərin vasitəsilə ötürülə, yaxud
da Azərbaycandan Quzey Qafqazda yaşayan xalqlara, oradan da
Kırım tatarlarına keçə bilərdi. O, fikrini əsaslandırmaq
üçün D.Papunun Terek çayı boyunda
çobanlıq etdiyi dövrdə dağıstanlılarla,
urumlularla, tatarlarla sıx ünsiyyətdə olduğunu
yazır. N.S.Seymyaqyayevin fikirlərini hökm kimi qəbul etmək
olmaz. Bu, sadəcə, folklorun yayılmasının bir
neçə yolundan biridir. N.S.Seymyaqyayevə görə, Yaqub
Zəkinin yazıya aldığı «Koroğlu» dastanı
«Qrım tatar tilinin yalı boyu şivəsinın ləhcələrindən
birində olduğu» üçün «Azərbaycan
variantına daha yaxındır»: «Bugünkü Azərbaycan
oxucusunda maraq doğura bilər ki, Kırım
xanlığı 500 ilə yaxın Osmanlı dövlətinin
müttəfiqi və ya vassalı olduğu halda, nədən
onların dili, xüsusən yalı boyu şivəsi
Türkiyə türkcəsinə deyil, Azərbaycan türkcəsinə
yaxındır? Səbəbini belə izah edə bilərik ki,
Osmanı dövləti heç zaman nəinki onunla eyni soydan
olan xalqları, hətta ölkə ərazisində yaşayan
fərqli dillərdə danışan başqa xalqları da
dövlət dilində danışmağa və yazmağa məcbur
etmirdi. Yaxud da məktəblər açmaq, həvəsləndirmək
və başqa vasitələrlə assimilyasiya siyasəti
yeritmir və bu haqda da düşünmürdü. Necə deyərlər,
nəinki xalqlar, hətta tayfalar və kiçik etnik qruplar belə
ana dilində danışmaqda və ya başqa bir dili
seçməkdə tam azad idilər. Yalı şivəsi isə
oğuz-qıpçaq qrupunun qarışığından
formalaşdığından Azərbaycan türkcəsinin ədəbi
dil normalarına yaxın idi. XIX-XX yüzillərdə
«Koroğlu» dastanının Kırımda yaşayan
türksoylu xalqlardan bir neçə variantı toplanıb
yazıya alınmadığından, hətta əldə olan
mövcud variantlar müqayisəli şəkildə dərindən
öyrənilmədiyindən dastanlarımızın
süjetinin necə yayıldığı haqqında hökm
vermək doğru olmaz. Buna misal olaraq SSRİ
dağıldıqdan sonra Özbəkistanda nəşr
olunmuş «Göröğlı» dastanlarını göstərmək
olar. Sovetlər dönəmində dastanın
araşdırıcıları türksoylu xalqlardan toplanıb
nəşr edilmiş mətnlərdə daha çox fərqliliklərə
diqqət yetirirdilər. Bizi bir-birimizə
yaxınlaşdıran, eyni kökdən olduğumuzu isbatlayan
faktlara, eyni mədəniyyətin daşıyıcısı
olduğumuza deyil, əksinə, bizi bir-birimizdən ayıra
biləcək məsələlərə daha çox önəm
verirdilər.
Əl Xarəzmi adına Ürgənc
Dövlət Universitetinin Filoloji Tədqiqlər Mərkəzi
«Xorezm dostanları. Oşiknoma» seriyasından 4 kitab nəşr
etdirib. 2005-2008-ci illərdə həyata keçirilən bu
layihənin məsul redaktoru tanınmış özbək
folklorşünası, professor S.P.Rüzumbayovdur. Bu seriyadan
çap olunan ilk kitab «Koroğlu» dastanıdır. Xarəzm
variantı da son 150 ildə Azərbaycandan toplanaraq çap
edilən «Koroğlu» dastanları ilə mövzuca çox
yaxındır. Bunları sadalamaqda məqsədimiz odur ki, orta
yüzilliklərdə türksoylu xalqlar arasındakı fərqliliklərin
günümüzdəki qədər olmadığını
oxucularımıza bir daha xatırladaq. Baxmayaraq ki, o dövrlərdə
nə internet, nə televizya, nə radio, nə də yüz
min tirajlarla kitab nəşr edə biləcək nəşriyyatlar
vardı. Necə deyərlər, əlaqələr zəmanəmizdəki
ilə müqayisəydə çox-çox aşağı
səviyyədə idi.
Müqayisəli araşdırmalardan
aydın olur ki, dastanlarımızın yalnız filoloji mətnlərində
deyil, musiqisində də bir yaxınlıq var.
Musiqişünas Kamilə Dadaşzadə yazır ki, dərin
qatlarında mifoloji qaynaqların, qədim tarixi kəsimlərin
izlərini qoruyub saxlayan «Koroğlu» dastanının
araşdırılması maraqlı elmi nəticələr əldə
etməyə imkan verir. «Koroğlu» havalarının Azərbaycan,
türk, türkmən variantlarının musiqi dilinin müəyyən
səviyyələrində aparılmış müqayisəli
təhlili onların tarixi-genetik qohumluğunu
aşkarlamışdır. Ümumiyyətlə, qeyd
olunmalıdır ki, türksoylu xalqların musiqili-epik
yaradıcılığının ən dərin semantik
qatlarının öyrənilməsində, onun kodunun
açılmasında məhz tarixi-müqayisəli təhlil
aparıcı rol oynaya bilər».
Yaqub Zəkinin 78 il öncə
İ.Çobanovdan topladığı «Koroğlu»
dastanındakı şeirlərin hamısı heca vəzninin
qoşma, gəraylı, divani və başqa janrların vəzn
və qafiyəsində deyil. Azərbaycan xalq mahnılarında
olduğu kimi misralar arasında qafiyə fərqləri var. Bəzi
misralarda hecaların sayı çox, bəzisində isə
azdır.
Ə.Şamil bildirir ki, Əli Kamalinin
1980-ci illərdə Mərkəzi İranda yaşayan türklərdən
topladığı dastanla Yaqub Zəkinin 1935-ci ildə
Kırım tatarlarından topladığı dastan
arasında oxşar cəhətlər çoxdur: «Dilçilərin
Kırım tatar dilinin yalı boyu şivəsi və ya ləhcəsi
adlandırdıqları ləhcə Azərbaycan ədəbi
dilinə yaxındır. Son onilliklərdə ədəbi dillərimiz
arasında fərq süni surətdə artırılıb.
Buna görə də Yaqub Zəkinin topladığı mətndəki
bəzi sözləri bugünkü Kırım tatar oxucusu
aydın başa düşmür. Kitabı çapa
hazırlayan İlqar Qasımov oxucunu çətin vəziyyətdə
qoymamaq üçün sol səhifədə mətni Yaqub Zəkinin
yazıya aldığı kimi latın əlifbası ilə,
sağ səhifədə isə kiril əlifbası ilə
verib».
Uğur
Xalq cəbhəsi.-2012.-
12 iyul.- S.14.