İstedadlı
bəstəkar
Azərbaycan xalqı bir çox dövlətlərin
musiqi mədəniyyətinin inkişafında xidmətləri
olmuş istedadlı sənətkarlar yetişdirmişdir. Bu,
sözsüz, milli mədəniyyətimizin və incəsənətimizin
böyük nailiyyətlərindəndir. Azərbaycan bəstəkarlıq
məktəbinin istedadlı nümayəndələrindən
biri, əməkdar artist, adı İngiltərənin «Qrova»,
Hollandiyanın «Avropa musiqisinin 400 illiyi» ensiklopediyalarına
daxil olmuş bəstəkar, skripkaçı, pedaqoq Fərhəng
Hüseynov məhz belə sənətkarlardandır. Onun
musiqisi çoxdan bəri Azərbaycanın
hüdudlarını aşmış və müxtəlif
ölkələrin dinləyiciləri həmyerlimizin sənətinə
yüksək qiymət vermişlər. Onun əsərləri
Rusiya, Yaponiya, İsveçrə, Türkiyə, Almaniya,
Latın Amerikası, İsrail və başqa ölkələrdə
müvəffəqiyyətlə ifa olunur.
Qeyd etmək lazımdır ki, Fərhəng
Hüseynovun geniş janr diapazonuna malik əsərlərinin
böyük bir qismi Azərbaycandan kənarda
yaranmışdır. On ildən artıq Türkiyədə
yazıb-yaradan, ifaçılıq, dirijorluq və pedaqoji fəaliyyətlə
məşğul olan bəstəkar eyni zamanda klassik ənənələrə
bağlıdır. Onun musiqisi melodizmi, intonasiya məzmunu,
harmoniya zənginliyi, forma bitkinliyi, mövzunun relyefliyi ilə
seçilir. F.Hüseynovun yaradıcılığının
nəzərə çarpan xüsusiyyətlərindən
biri, impressionizm üslubunun təzahürü və orkestr rəngarəngliyidir.
Ayrı-ayrı ölkələrin mədəniyyətləri
ilə yaxınlıq, bu ölkələrin milli musiqi
mövzuları əsasında yazılmış əsərləri,
təbii ki, bəstəkarın üslubuna öz təsirini
göstərmiş, bununla da onun musiqisinin özünəməxsusluğunu
və tembr rəngarəngliyini müəyyənləşdirmişdir.
Fərhəng Hüseynov 16 iyul 1949-cu ildə
Bakıda, ziyalı ailəsində dünyaya gəlmişdir.
İbtidai təhsilini Konservatoriyanın nəzdindəki orta
ixtisas musiqi məktəbində alan Fərhəng skripka alətini
seçir və E.S.Barştakın sinfində oxuyur. Məktəbdə
oxuyarkən musiqi bəstələmək qabiliyyətinə
görə o, həm də O.Nikolskayanın sinfində
kompozisiya üzrə fakultativ dərsləri alır. 1968-ci ildə
Azərbaycan Dövlət Konservatoriyasına skripka
ifaçısı kimi daxil olan Fərhəng Hüseynov musiqi
məktəbinin son sinfində bəstələdiyi fortepiano
üçün sonatasını qəbul komissiyasına təqdim
edir və bəstəkarlıq dərslərini dahi sənətkar
Q.Qarayevdən alır.
Az sonra F.Hüseynov Qara Qarayevin məsləhəti
ilə təhsilini Moskvada, məşhur skripkaçı Leonid
Koqanın sinfində davam etdirir. Moskvadakı təhsil illərində
o, müxtəlif ansamblların, eləcə də Moskva
Konservatoriyasının orkestrinin tərkibində
çıxış edir və 1972-ci ildə Qərbi Berlində
keçirilən Herbert fon Karayan adına müsabiqədə
bu orkestrin heytəində qızıl medala layiq
görülür.
Müəllim, ifaçı, bəstəkar
F.Hüseynov özünü skripkasız təsəvvür
etmir və təsadüfi deyil ki, onun ilk əsərlərindən
çoxu bu ecazkar alət üçün
yazılmışdır: skripka ilə orkestr üçün
konsert, simli alətlər üçün serenada, skripka ilə
fortepiano üçün 5 hissəli əsər və s.
1975-ci ildə artıq yetkin bir musiqiçi kimi püxtələşən
F.Hüseynov Bakı Konservatoriyasında skripka fənnindən
dərs deməklə yanaşı, bəstəkarlıq
sinfində də təhsilini davam etdirir.
Bakıda F.Hüseynov aktiv
ifaçılıq fəaliyyəti ilə məşğul
olur. O, tez-tez solo və ansambllarda, duet, kvartetlərin tərkibində
konsert proqramları ilə çıxış edir. 70-80-ci
illərdə Fərhəng Hüseynov çox sayda instrumental
əsərlər bəstələyir. Fortepiano
üçün sonata, prelüd və tokkata, skripka
üçün sonata (1980-ci ildə Moskvada nəşr
olunmuşdur), uşaqlar üçün fortepiano silsiləsi
(Praqada «Suprafon» nəşriyyatı), violonçel
üçün sonata (Moskvada «Melodiya» firması) fortepiano
üçün fuqa, qoboy və simli alətlər
üçün «Aşığın xatirəsinə», 10 alət
və kamera orkestri üçün Konsert və
başqaları həmin illərin bəhrəsidir.
Musiqi bəstələməklə
yanaşı, F.Hüseynov ifaçılıq fəaliyyətini
də davam etdirir. Avropada tanınmış pianoçu Lesko
Toradze ilə P.Hindemitin sonatasının ifası
skripkaçı F.Hüseynovun uğurlarındandır.
90-cı illərin əvvəllərində F.Hüseynovun
Bakı Filarmoniyasında Azərbaycan Bəstəkarlar
İttifaqının qurultayında səslənən 3 hissəli
simfoniyası maraqla qarşılanır. Melodik və harmonik
dilin təravəti, intonasiya bitkinliyi, orkestr rəngarəngliyi,
impressionizm səslənməsinin yeniliyi ilə seçilən
bu əsər dinləyicilərin diqqətini cəlb edir. Həmin
ildə bəstəkar Ekzüperinin əsəri əsasında
«Kiçik şahzadə» operasını yazır.
1991-ci ildə Yaponiyada YUNESKO-nun təşəbbüsü
ilə «İpək yolu» beynəlxalq simfonik musiqi müsabiqəsi
keçirilir. Tədbir bir çox ölkələrin
musiqiçiləri tərəfindən maraqla
qarşılanır və müsabiqəyə 278 əsər
göndərilir. Fərhəng Hüseynovun bu müsabiqəyə
təqdim etdiyi 5 hissədən — «Böyük düzənlik»,
«Hərb və sülh», «Böyük elçilik», «Oyunlar», «Kəhkəşan»
— ibarət olan «Zaman üzrə səyahət» əsəri II
mükafata layiq görülür. Bütün dünya
xalqlarını sülhə, əminamanlığa səsləyən
bu orkestr kompozisiyasında bəstəkar əsərin əsas
qayəsini ustalıqla təcəssüm etdirmişdir.
«Yaponiya ilk dəfə Azərbaycanı sizin simanızda
tanıdı!» — bu sözləri müsabiqə təşkilatçıları
F.Hüseynova diplomu təqdim elərkən söyləmişlər.
1992-ci ildən F.Hüseynov Türkiyənin
Adana şəhərinin Çukurova Universitetində simli alətlər
kafedrasının müdiridir. Tələbələrinə
skripka alətinin sirlərini öyrədən, dəfələrlə
Ankara, İzmir, Mersin, Bursa və başqa şəhərlərdə
müvəffəqiyyətlə çıxış edən
F.Hüseynov təkcə Universitetin deyil, həm də türk
ictimaiyyətinin dərin məhəbbətini
qazanmışdır. Onu da qeyd etmək lazımdır ki, uzun
illər F.Hüseynovun və onun tələbələrinin
konsert çıxışlarını bəstəkarın həyat
yoldaşı, istedadlı pianoçu Leyla Hüseynova
müşayiət edir.
F.Hüseynovun İsrail dövlətinin
dəvəti ilə Hayfa şəhərində
dünyanın bir çox ölkələrindən bura
toplaşan tələbələrlə birlikdə konsertdə
çıxışları musiqisevərlər tərəfindən
rəğbətlə qarşılanmışdır. Professor
Roberto Kanettinin həmyerlimiz haqqında dediklərini misal gətirmək
yerinə düşərdi: «Mən skripkaçı, bəstəkar,
pedaqoq, professor F.Hüseynovu çoxdan tanıyıram. O, bizim
musiqi festivalımıza dəvət almış və bu
böyük sənətçinin tələbələri həmin
tədbirdə uğurlu çıxışları ilə
müəllimlərinin yüksək
professionallığını nümayiş etdirdilər».
F.Hüseynov mütəmadi olaraq
ayrı-ayrı ölkələrin tanınmış
musiqiçilərindən müxtəlif tədbirlərdə
iştirak etmək üçün dəvətlər
alır. Belə ki, o, 2003-cü ildə Lissabonda (İspaniya),
2004-cü ildə Kremonada (İtaliya) keçirilən skripka
müsabiqələrində münsiflər heyətinin
üzvü olmaqla yanaşı, gənc musiqiçilərlə
master klass nümayiş etdirmişdir. 2005-ci ildə isə
Macarıstanda dünyanın bir çox ölkələrindən
toplanmış professional musiqiçilər heyətində
skripka üzrə kurslar keçirmişdir.
F.Hüseynovun irihəcmli əsərlərindən
biri Mersin Opera və Balet Teatrının sifarişi ilə
yazdığı «Kraliça Aba» baletidir. Baletin musiqi dili Azərbaycan
və türk folklorunun ritm-intonasiyalarının üzvi vəhdəti
ilə diqqəti cəlb edir. Klassik balet janrının,
xüsusilə də rus baletinin təsiri burada
özünü büruzə verir. «Kraliça Aba» baleti
Türkiyədə böyük uğur qazanaraq, antik
mövzuda ilk balet kimi qəbul olundu. «Mərmərə Balet
Yarışması» müsabiqəsində həmyerlimiz Fərhəng
Hüseynovun baleti birinci mükafata layiq görülüb.
Ömrünün 63-cü baharını yaşayan Fərhəng
Hüseynov bu gün də ifaçılıq, müəllimlik
fəaliyyəti ilə yorulmadan çalışır,
yazıb-yaratmaq işini davam etdirir.
Oktay
Xalq cəbhəsi.-2012.-
12 iyul.- S.13.