Gənc
müğənninin uğuru
İslam
Qasımov «Paris səması»nı fəth edib
Fransanın
paytaxtındakı «Gimnaziya» teatrında «Paris səması» adlı beynəlxalq
mahnı festivalı keçirilib. Rusiya, Belarus, Ukrayna,
Qazaxıstan, Özbəkistan, Moldova, Fransa, İsveçrə və digər
ölkələrdən müxtəlif yaş
qrupunda 300-dən artıq
ifaçının iştirak etdiyi mötəbər musiqi
yarışmasında ölkəmizi Azərbaycan Dövlət
Uşaq Filarmoniyasının solisti İslam Qasımov təmsil
edib. Festivalda rəqs,
teatr, estrada və akademik vokal, musiqi alətlərində ifa
nominasiyaları üzrə qaliblər müəyyənləşib.
Akademik vokal
nominasiyasında gənc azərbaycanlı vokalçı İslam Qasımov görkəmli bəstəkar
Tofiq Quliyevin «Bakı
haqqında mahnı» və italyan bəstəkarı
E.Kurtisin «Sorenteya
qayıt» əsərlərini ifa edib. Gənc azərbaycanlı vokalçının
ifası münsiflər heyəti tərəfindən birinci yerə layiq görülüb, onun
müəllimi Məryəm Babayevanın əməyi yüksək
qiymətləndirilib.
Azərbaycan
Milli Konservatoriyasının dosenti Məryəm Babayeva
İslam Qasımovun eyni
zamanda Milli Təhlükəsizlik
Nazirliyinin nəzdindəki musiqi
məktəbinin dördüncü sinfinin vokal şöbəsində
təhsil aldığını bildirərək qeyd edib ki,
beynəlxalq festivalda ilk
dəfə gücünü sınayan gənc
vokalçı Azərbaycanda
dəfələrlə uğurlu
çıxışları ilə seçilib:
«Onun filarmoniyada
dövlət kamera orkestrinin
müşayiəti ilə çıxışı yaddaqalan olub. Gənc vokalçının 2010-cu ildə Heydər
Əliyev Fondunun təşəbbüsü
ilə keçirilən «Qala»
festivalında və 2011-ci ildə Bakıda ölkəmizin
qonağı olan məşhur italyan müğənnisi Roberino
Loretti ilə birlikdə ifa
etdiyi mahnılar musiqisevərlər tərəfindən
rəğbətlə qarşılanıb. İnanıram ki, istedadlı şagirdim
gələcəkdə yeni-yeni uğurlar qazanacaq və təmsil
etdiyi ölkənin mədəniyyətinə
şanlı səhifələr yazacaqdır».
Xatırladaq
ki, 2011-ci ilin fevral ayında dünya
şöhrətli italyan müğənnisi,
əfsanəvi Robertino Loretti
Azərbaycan tamaşaçıları ilə ilk
dəfə Bakı səhnəsində solo
konsertə gələndə əfsanəvi tenorun
konsertini Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solistləri Emin Eminzadə «Jamayka» və
İslam Qasımov «O Sole mio» mahnısı ilə açdılar. Həmin
gənc vokalistlər ifalarından sonra
tamaşaçıların marağına səbəb olublar. Həmin çıxışdan sonra italiyalı müğənni Emini və İslamı «Azərbaycanın Robertinosu» adlandırıb və onların
istedadına heyran olduğunu
bildirib.
Təcrübəli
sənətkarın fikrincə, ümumiyyətlə, hər bir insanda istedad
tapmaq olar. İslam və Emini isə
başqa bir sahəni
öyrənsə də, bacarığına görə irəliləyəcək.
Sadəcə olaraq, gərək onların
olduğu mühit,
çevrə peşəkar olsun. «Onlar bacarıqlı və
istedadlıdırlar. Müəllimələrinin üzərinə
düşən isə həmin bacarığı, istedadı
üzə çıxarmaq və düzgün
yönləndirməkdir. Bu mənada,
uşağın istedadının üzə
çıxarılmasında əsas səbəbkar
başının üstündə dayanan
müəllimi olmalıdır.
Artıq
dörd ildən artıq bir
müddətdə İslam Qasımova
vokalın sirrlərini öyrədən Məryəm xanım
qəzetlərdən birinə verdiyi
müsahibədə qeyd edib
ki, məşhur sənətkarın
sözlərindən sonra İslama
ümidi artıb: «İslam
hazırda Arif Hüseynzadə adına 20
saylı məktəbdə təhsil almaqla
yanaşı eyni zamanda
Azərbaycan Dövlət Uşaq
Filarmoniyasının solistidir. 2009-cu ildə
Azərbaycan Dövlət Uşaq və Gənclər
Xalq Çalğı Alətləri Orkestrinin solisti kimi musiqi fəaliyyətinə
başlayıb. İslam indi
Milli Təhlükəsizlik Nazirliyinin nəzdindəki musiqi məktəbində vokal
şöbəsində təhsil alır».
Gənc
musiqiçi İslam
Qasımovun müəllimi Məryəm Babayeva
uşaqlıqdan musiqi duyumu
ilə həmyaşıdlarından fərqlənib. İncəsənət
sahəsinə olan meyli
onu o vaxtkı
Ü.Hacıbəyov adına Dövlət Konservatoriyasına
gətirib çıxarıb. 1988-ci ildə bu
təhsil ocağını bitirən müsahibimiz təhsil
arxasınca Moskvaya gedib.
Hazırda Bülbül adına orta ixtisas musiqi
məktəbində, Bakı Musiqi
Akademiyasında, Mədəniyyət və İncəsənət
Universitetində dərs deyir. Bakı Musiqi Akademiyasının dissertantıdır. Professor Ramiz Zöhrabovun rəhbərliyi altında «Rəşid
Behbudovun ifaçılıq üslubu» adlı elmi işini başa
çatdırıb. Azərbaycan Milli Konservatoriyası, İncəsənət Universiteti və Bülbül
adına orta ixtisas musiqi məktəbinin müəllimi, dosent Məryəm Babayeva
həmin görüşdən dərhal sonra
şəhərimizin qonağı olan
SSRİ Xalq artisti Elena Obraztsovadan
yaradıcılıq təklifi alıb. Xatırladaq ki, müğənni filarmoniyada
verəcəyi konsertdən öncə ustad
dərslərində iştirak edib. Burada o, Bakı Musiqi
akademiyasının tələbələri, Bülbül
adına orta ixtisas musiqi məktəbinin şagirdləri, Opera və Balet, eyni zamanda Xor
kapellasının solistlərinin ifasını dinləmişdi.
İki günlük
dinləmələdən sonra növbəti
gün filarmoniyada onun konsert proqramı
təqdim olunub. Səhnə arxasında Məryəm
Babayeva ilə görüşən E.Obraztsova ona qızıl
güllər təqdim edib və təklifini
diqqətinə çatdırıb.
Oktay
Xalq cəbhəsi.-2012.-
12 iyul.- S.11.