«Xalq artisti adından Sovet iyi gəlir»

 

Xalq artistləri 50 manat, əməkdar artistlər 30 manat əlavə pul alırlar

 

Hazırda Azərbaycanda 168 nəfər «xalq artisti», 1662 nəfər «əməkdar artist» fəxri adını daşıyır. Azərbaycanda son illər bəzən ləğvi ətrafında söhbət gəzən fəxri adlar çoxsaylı narazılıqların, bəzənsə intriqaların əsasını qoyur. Maraqlısı odur ki, «xalq artisti», «xalq yazıçısı», «xalq şairi» və ya «xalq rəssamı» dedikdə, gözümüz önündə çox yaxşı məvacib alan şəxs canlansa da, bu adlara görə verilən təqaüdün miqdarı çox azdır. APA-nın bu gün təqdim etdiyi mövzuda bu məsələ ilə bağlı çoxlarını düşündürən suallara cavab axtarılıb.

 

Xalqın artistləri

 

Hazırda respublikamızda fəxri ad sahiblərinin sayı, bu adlara görə aylıq müavinət məbləği nə qədərdir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, «Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 04 iyul 2005-ci il tarixli 878 nömrəli Sərəncamına əsasən «xalq yazıçısı», «xalq şairi», «xalq artisti» və «xalq rəssamı» üçün 50 manat, «əməkdar elm xadimi», «əməkdar incəsənət xadimi», «əməkdar artist», «əməkdar rəssam», «əməkdar mədəniyyət işçisi», «əməkdar müəllim» «əməkdar həkim», «əməkdar memar», «əməkdar bədən tərbiyəsi və idman xadimi», «əməkdar mühəndis», «əməkdar hüquqşünas», «əməkdar jurnalist» və s. adlar verilmiş şəxslər üçün 30 manat məbləğində təqaüd müəyyən edilib. Sərəncama əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hesabına ödənilir. Hazırda ölkədə 168 nəfər xalq artisti və 1662 nəfər əməkdar artist fəxri ada görə fərdi təqaüd alır. Bəs gələcəkdə bu adların ləğvi, yaxud verilən təqaüdlərin artırılması nəzərdə tutulurmu?

 

Bir çox ölkələrdə fəxri adlar ləğv olunub

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev hesab edir ki, fəxri adların verilməsi əsas stimullaşdırıcı vasitələrdən biridir. APA-nın məlum mövzusuna cavab olaraq nazir, hələlik fəxri adların ləğvini uyğun görmədiyini açıqlayıb. Bu fəxri adların qarşılığında verilən aylıq təqaüdə gəlincə, Əbülfəs Qarayev bu məbləği normal hesab edir: «Bizdə istər xalq artistləri, istərsə də əməkdar artistlər mədəniyyət ocaqlarında çalışdığı üçün bu məvaciblər onların əmək haqlarına əlavədir. Bu adlar bir stimul xarakteri daşıyır. Fəxri ad məsələsi çox az sayda ölkələrdə həyata keçirilir. Bir çox ölkələrdə ləğv olunub, amma bizdə bu, bir tendensiya halı alıb. Gələcəkdə fəxri adlar hər adama verilməyəcək, haqqı olan alacaq. Bu zamana kimi fəxri ad alanların hamısı buna layiq olduqları üçün o adı alıblar. Fəxri adların ləğvi barədə hələlik düşünülmür. Biz bu addımı atmaq istədik, amma sonradan gördük ki, bu, alınan bir şey deyil».

Əbülfəs Qarayev fəxri adlara görə verilən aylıq məvaciblərin artırılması yönündə hər hansı addımın nəzərdə tutulmadığını deyib. Nazir fəxri adlar ləğv olunduğu təqdirdə, bu adların gələcəkdə adların qarşılığında işlənməsini vacib hesab edir: «İstər SSRİ dövründə alınan, istərsə də Azərbaycan müstəqillik dövründə verilən fəxri adların hər biri tarixə düşür. Biz isə tariximizə hörmətlə yanaşmalıyıq».

 

Nizami Cəfərov: «Sənətkarı qiymətləndirmək lazımdır»

 

«Bir zamanlar fəxri adların ümumiyyətlə verilməməsi, yığışdırılması məsələsi gündəmdə idi. Dünyada bu tip adların verilməməsi ilə bağlı təcrübə var. Amma sonra məlum oldu ki, bu adların verilməsinin də bir əhəmiyyəti var. Yəni istər-istəməz ənənə yaranıb, bu həqiqətən də nə isə yaradıcılıq impulsu da verir. Sənətkarı qiymətləndirmək lazımdır. Gələcək yeni sənətkarlar nəsli üçün bu da bir stimullaşdırıcı amildir». Bu açıqlamanı APA-ya Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov verib. Komitə sədri fəxri adlara görə verilən aylıq təqaüdün həcminin çox olmasının əleyhinədir. O, bu halın yaradıcılığa çox pis təsir edəcəyini düşünür: «Fəxri adlara görə verilən aylıq təqaüdün həcminin çox olmasına tərəfdar deyiləm. Pulun həcmi çox olanda sənətdən, yaradıcılıqdan işləyib qazanmaq müəyyən qədər ölür. Bu məbləğ sadəcə bir şərəfdir, fərqləndirmədir. Çünki 30 və ya 50 manat elə çox pul deyil, bu sadəcə simvolik qiymətləndirmədir. Bu ad az və ya çox maddi təminatdır. İndi sənətkar əlbəttə işləyib, çalışıb bunun müqabilində dəyərini, qiymətini, pulunu almalıdır. Yəni burada məntiq yoxdur ki, məsələn, əməkdar artistə 30 yox, 300 manat ver, o da gedib yıxılıb yatsın». N. Cəfərov sözügedən məsələnin vaxtaşırı ziyalılar, sənətkarlar arasında Milli Məclisdə də müzakirə olduğunu xatırladıb. Fəxri adların verildiyi zaman seçimin necə aparıldığına gəldikdə, komitə sədri bu prosesin müxtəlif mərhələlərdən keçdiyini vurğulayıb: «Yaradıcılıq birliklərinin — Yazıçılar Birliyinin, Rəssamlar, Bəstəkarlar İttifaqlarının təqdimatı olur, Mədəniyyət və Turizm Nazirliyində də müəyyən seçim aparılır. Bu işlər dövlət başçısının səlahiyyətinə aiddir, çünki hər fəxri adı o verir. Hər halda bu adları dövlət verir, xalqın ixtiyarına isə öz sənətkarını sevmək qalır. Bu da ictimai bir göstəricidir. Ad almayanda ictimai bir təzyiq olur. Amma bununla yanaşı, adı dövlət verdiyinə görə, orada dövlətin maraqları, həmin sənətkarın peşəkarlığı, dövlətçilik düşüncəsi nəzərə alınmalıdır. Fikrimcə, fəxri adların cılızlaşması məsələsi yanlışdır. Hərdən təsadüflər də ola bilər, təsadüflər də çox az olur. Küçədən keçənə heç zaman fəxri ad verilmir, bu mümkün deyil».

Fəxri adların ümumiyyətlə verilməməsinin mümkünlüyünü qeyd edən Nizami Cəfərov, bu ideyanın ictimai reallıq olduğunu və öyrənildiyini vurğulayıb: «Hazırkı vəziyyətdə indiki hal məqbul hesab edilir. Bəzi ölkələrdə dövlət tərəfindən bizdəkindən heç müqayisəyə gəlməyəcək dərəcədə subyektiv hallar da olur. Bir ölkənin hökmdarı, prezidenti məhz onun haqqında şeir, musiqi yazanı dəyərləndirir. Başqa bir şey olmur, amma bunun əvəzində yaxşı mükafatlar verilir. İstər-istəməz bu sahədə obyektivlik və subyektivlik arasındakı fərqi müəyyənləşdirmək o qədər də asan deyil, amma nəticə etibarı ilə dünya yaranandan belədir ki, sənətə daha çox meyl yaranır, böyük sənətkar daha çox müdafiə olunur. Bütün dövrlərdə, zamanlarda dövlətin verdiyi qiymətdə obyektivlik var».

 

Fərhad Bədəlbəyli: «Getdiyim hec bir olkədə fəxri adımı demirəm»

 

Mövzu ilə bağlı APA-ya açıqlama verən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli fəxri adların Sovet dövrünə məxsus olduğunu xatırladıb. Musiqiçi fəxri adların sənətçilərə çətin durumlarda, xoşagəlməz hadisələrdə köməyə çatdığını vurğulayıb: «Bədbəxt hadisələr zamanı Mədəniyyət və Turizm Nazirliyi fəxri ad daşıyanlara yardım göstərir. Sözsüz, bu, yaxşı bir amildir. Amma mənəvi cəhətdən bu hal çox intriqalar yaradır. 90-cı illərdə Anar və mən bu adların ləğvi ilə bağlı təklif etdik. Bizim bu addımımıza belə dedilər ki, «siz fəxri ad almısınız, ona görə də belə deyirsiniz». Amma əslində xaricdə belə şeyləri heç cür anlamırlar. Professor, akademik elmi dərəcəsini başa düşürlər, amma xalq artisti və ya əməkdar artist adını başa düşmürlər. Onlara elə gəlir ki, bu adları olanlar folklorla məşğul olan biridir».

Fərhad Bədəlbəyli xarici ölkələrə səfir zamanı heç vaxt SSRİ xalq artisti olduğunu qeyd etmədiyini deyib: «Sadəcə özüm qazandığım — beynəlxalq müsabiqələr laureatı, professor titulumu deyirəm. Türkiyədə çox yaxşı dövlət sənətçisi adı var. Xalq artisti adından Sovet iyi gəlir».

Gələcəkdə fəxri adların ləğvi məsələsinə gəlincə F.Bədəlbəyli deyib ki, fəxri adların ləğvi lazım deyil: «Mənim bu gün təəssüfləndiyim məqam bu adların çox cılızlaşmasıdır. Bizim vaxtımızda xalq artistlərinin sayı çox az idi. Məsələn, Əfrasiyab Bədəlbəyliyə 57 yaşında xalq artisti verdilər. İndi isə xalq artistinin nüfuzu aşağıdır».

BMA rektoru bildirib ki, fəxri adlara görə müəyyənləşən aylıq təqaüdün miqdarının az olması, fəxri adların sahiblərinin çoxluğu ilə əlaqədardır: «Bu qədər insana böyük miqdarda məvacib vermək mümkün deyil».

                 

 

Xalq Cəbhəsi.-2012.- 12 iyul.- S. 15.