XX yüzilin əvvəllərində
Azərbaycan milli mətbuatı
1918-ci il
sentyabrında Gəncədə «Azərbaycan» qəzetinin nəşri
haqqında qərar qəbul edilmişdi
XX yüzilin əvvəllərində təkcə
keçmiş Rusiya imperiyası ərazisində deyil,
ümumiyyətlə, dünyada dəyişikliklər
müşahidə olunmağa başladı. İctimai-siyasi həyatda
özünü göstərən dəyişikliklərin
ünvanı, soraqçısı isə mətbuat oldu.
Artıq yeni yüzilin əvvəllərindən başlayaraq
Azərbaycanda da milli mətbuat nümunələri
yaranmağa və az bir zamanda ictimai mühitdə özünə
yer tutmağa müvəffəq oldu.
Bu dövrdə Azərbaycanda millətin
dərdlərinə yanan, onun çoxəsrlik problemlərini
çözməyə çalışan cəsarətli
idrak adamları meydana çıxdı. Ötən əsrin əvvəllərində
də indiki kimi Türk Dünyasının problemləri
çox idi. Türklərin dünyada qəriblikdə
qalması, Avropanın Şərqi yenməsi, türk fikrindən,
təcrübəsindən, özünəməxsusluğundan
bəhrələnərək əslində ondan imtina etməsi
Əlibəy Hüseynzadələri, Əhməd
Ağaoğulları, Cəlil Məmmədquluzadələri dərindən
düşündürürdü. XIX əsrin 70-ci illərində
artıq yeni səviyyədə təşəkkül
tapmağa başlayan Azərbaycan ictimai fikrinin
inkişafında Həsən bəy Zərdabinin «Əkinçi»
qəzeti əhəmiyyətli rol oynamışdı. Rusiyada təhkimçiliyin
ləğvindən sonra çarizm əyalətlərdə
istibdadı başqa cür inkişaf etdirmək istəklərini
həyata keçirirdi. Bu dövrdən başlayaraq əyalətlərdə
rus məktəblərinin sayı artırdı. XX əsrin əvvəllərində
«Şərqi-Rus» qəzetinin nəşrə başlaması
Azərbaycanda düşünən kişilərin bir araya gəlməsinə
təkan vermiş oldu. Mirzə
Cəlilin, Sabirin ictimaiyyət arasında
imzalarının tanınması bu
dövrə təsadüf edir. Bu dövrdən sonra
artıq Azərbaycan ziyalıları millətin tərəqqisi
yönündə daha ciddi
düşünməyə başladılar. Rusiyada
inqilabın məğlubiyyətinə baxmayaraq
çarizm çoxlu güzəştlər
verməyə məcbur oldu. Mirzə Cəlilin
«Hovruz» adlı qəzet çıxarmaq
istəyi reallaşmadıqda o, ruhdan düşmədi, «Molla
Nəsrəddin»
jurnalının nəşr edilməsi üçün
çoxlu səylər göstərdi, sonda 1906-cı ilin aprelində
jurnalın nəşrinə nail oldu. «Molla Nəsrəddin» məcmuəsi
zamanında çıxan çoxlu nəşrlərdən
vahid ideya istiqamətinə
görə fərqlənirdi. Hər halda etiraf edilməlidir ki, çağdaş Azərbaycan mətbuatı
Mirzə Cəlilin milli mənəvi
dirçəlişimiz üçün
mücadiləsini bütün gücü ilə nəinki inkişaf
etdirə bilmir, hətta həmin xəttdə
ardıcıl deyil. «Molla Nəsrəddin» hər
şeydən əvvəl ana dilimizin təmizliyi uğrunda
mübarizə aparır, ardıcıl olaraq
cəhalətə, avamlığa qarşı döyüşürdü.
Ancaq o dövrün
maarifpərvər ziyalıları mətbuatın kütlə
arasında intişar tapması
imkanından istənilən səviyyədə istifadə
edə bilmədilər. Belə ki, millətin
türkçülük ruhunu,
oyanmasını qarşısına məqsəd qoyanlar həm də Avropaçılıq dəyərlərindən
beşəlli yapışırdılar. Bu
xətti Məhəmməd Hadinin
yaradıcılığında da görmək
olurdu. Sabir «Əcnəbi
seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz»-
deyirdi. İndi Şərqdə
də avtomobildə gəzirlər, ancaq ruhundan təəssüf ki,
uzaq düşüb.
O dövr mətbuatı da
ümumən Şərqin tükənməz
yaradıcılıq potensiyasını tam
şəkildə aşkara çıxara
bilmədi. Bu yöndə olan
cəhdlər və müəyyən reallıqlar isə bugünümüz üçün
çox ibrətamizdir.
Bu dövrdə ictimai
və ədəbi fikirdə digər bir fərqli
istiqamət yaratmış mətbuat orqanı Əli bəy
Hüseynzadənin araya-ərsəyə gətirdiyi «Füyuzat» jurnalı idi. «Füyuzat» o dövrdə bir çox cəhətləri,
xüsusən milli problemlərimizi
özünəməxsus şəkildə gündəmə gətirə
bildi. Ümumiyyətlə, Ə.Hüseynzadənin
ideoloji türkçülüyün
«fikir babalarından», banilərindən biri ola bildi.
XX əsrin əvvəllərində Əlibəy
Hüseynzadə ilə yanaşı Ziya
Göyalpın, sonradan isə Məhəmməd
Əmin Rəsulzadənin bu yöndə köklü cəhdləri ilə ideoloji türkçülüyün
əsası qoyuldu. Əli bəy
Hüseynzadə türkçülüyü
bir düşüncə xəttinə
çevirməyə müvəffəq oldu.
Onun dili qəliz olsa da, hər halda ideyaları milli ruhdan xəbər verdiyi üçün anlaşılandır. Ə.Hüseynzadə
türk dilinin
özünəməxsusluğunu daim
qabardır, onun dövrünün
tərəqqi və mədəniyyət dili
rolunu məsuliyyətlə və hünərlə
ifadə edəcəyindən əminliyini gizlətmirdi.
Yazırdı ki, bizi
tərəqqiyə, mədəniyyətə çıxaracaq
dil nə ərəb, nə fars, nə rus, nə də
fransız dilidir. Bu, ancaq və ancaq türk dilidir. Bizə avropalıların
beynəlxalq dil adı ilə təqdim etdiyi «esperanto» lazım deyil. Biz müxtəlif
şivə və ləhcələrimizi islah
yolu ilə özümüzəməxsus
mədəni və ədəbi bir ümumtürk dili vücuda gətirə bilərik: «Mədəniyyətə
xidmət üçün türk
qövmünün fitrətində
fövqəladə bir istedad
və zəka var». O, həmişə türkün özünə öz
gözü ilə baxmasını istəyirdi.
Ə.Hüseynzadə
1864-cü ildə Salyanda doğulub.
Dünyagörüşünün formalaşmasında ana
babası Şeyx Əhməd Səlyaninin
mühüm rolu olub. 1905-ci ildə nəşrə başlayan «Həyat» qəzetinin redaktorlarından
biri olub. 1 noyabr 1906-cı ildən başlayaraq
həftəlik «Füyuzat» jurnalını
nəşr edib. Jurnal
H.Z.Tağıyevin maliyyə yardımı ilə nəşr olunurdu. Bu məcmuə bir il fəaliyyət
göstərib, cəmi 32 sayı işıq üzü
görüb. Ə.Hüseynzadə Sultan Əbdülhəmidin taxtdan
salınmasından sonra 1910-cu ildə yenidən
Türkiyəyə qayıdıb, müxtəlif yönlərdə
fəaliyyət göstərib. O, 1940-cı il
martın 17-də İstanbulda vəfat edib, Qaraca Əhməd qəbristanlığında
torpağa tapşırılıb. Qeyd edək ki, Ə.Hüseynzadə
həm də şair və rəssam kimi də imzasını
tanıtmışdı.
Azərbaycan milli mətbuatının yaranmasının
137-ci ildönümü ərəfəsində
haqqında ayrıca danışılmasına gərək olan mövzulardan biri də 1918-20-ci illərdə rəsmi «Azərbaycan»
qəzetinin işıq üzü görməsidir.
Tanınmış araşdırmaçı Ataxan Paşayev bildirir ki, Azərbaycan Demokratik Respublikası hökumətinin rəsmi
dövlət mətbuat orqanının yaranması müstəqil
dövlətin əsas atributlarından biri
idi. 1918-ci il iyulun 3-də hökumət «Azərbaycan
Cümhuriyyəti hökuməti xəbərləri»nin nəşrinə
başlamaq haqqında qərar qəbul etdi. Həftədə iki
dəfə buraxılması nəzərdə tutulan
«Hökumət xəbərləri»ndə əsasən milli hökumətin, ayrı-ayrı nazirliklərin
qəbul etdiyi qərarlar, təlimatlar,
hökumət xəbərləri, elanlar və
s. dərc edilirdi: «Ancaq hökumətin siyasi kursunun xalqa izah edilməsinə imkan
verən mətbuat orqanının yaradılması zəruri idi. Bütün çətinliklərə baxmayaraq
belə bir mətbu orqanının
yaradılması üçün
hökumət ciddi səylər edirdi. 1918-ci il
sentyabrın əvvəllərində Gəncədə «Azərbaycan»
adlı hökumət qəzetinin nəşri haqqında qərar
qəbul edildi. Başlıca məqsəd
yeni yaranmış cümhuriyyətin
adının Azərbaycan və rus dillərində
çıxan «Azərbaycan» qəzetinin adı ilə dünyaya yaymaq idi».
Qəzetin ilk sayı 1918-ci il
sentyabrın 15-də Gəncədə Yelizavetpol
qubernatorunun mətbəəsində çap edilib. 4 səhifəlik
ilk sayın iki səhifəsi
Azərbaycan, iki sayı isə rusca buraxılmışdı: «Qəzetin
Gəncədə cəmi dörd sayı
işıq üzü görmüşdü.
Görünür, ya
mətbəə işçiləri, ya da şrift
çatışmazlığı səbəbindən, yaxud da redaksiya
işçilərinin olmamasına görə Gəncədə
nəşr edilən «Azərbaycan» qəzeti əsasən rusca buraxılmışdı». Qəzetin
ilk sayı Bakının azad
olunduğu möhtəşəm günə
təsadüf edirdi: «Bu
sayda verilən xəbərdə deyilirdi ki, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad
edilərkən 30 minə yaxın silahlı düşmən əsir
alınıb, çoxlu qənimət ələ
keçirilib. Hazırda şəhərdə
sakitlik hökm sürür. Qəzetin bu
sayında Məhəmməd Hadinin türk əsgərinin qəhrəmanlığını
vəsf edən «Türk nəğməsi»
şeiri də dərc olunmuşdu».
Artıq 4-cü sayda qəzetdə elan verilir ki,
qəzet Bakıya köçür.
Bakıda «Azərbaycan» qəzetinin ana
dilimizdə ilk 5-ci sayı 1918-ci il oktyabrın 3-də, rusca
isə 7-də çap edilir.
Bu saydan başlayaraq qəzetin adının altında
«Gündəlik siyasi-ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir»
sözləri yazılır: «Noyabrın 28-dən Azərbaycan
dilində olan qəzet Ceyhun
Hacıbəylinin, rusca olan
qəzet isə Şəfi bəy Rüstəmbəylinin redaktoruluğu ilə nəşr edilir. Bu qəzetlər tərcümə,
bir-birinin təkrarı olmayan
tam müxtəlif mövzularda
məqalə və materiallar verirdilər».
1918-ci
il dekabrın 31-ə qədər «Azərbaycan»
qəzetinin ana dilimizdə 75, rusca
isə 70-ci sayı işıq üzü
görür: «1919-cu il
dekabrın 28-də Azərbaycan hökuməti parlamentin
ağsaqqallar şurası üzvlərinin iştirakı ilə Paris sülh Konfransında
iştirak etmək üçün
Ə.Topçubaşovun sədrliyiylə
gedəcək
hökumətin nümayəndə heyətinin tərkibini
müəyyən edir. Nümayəndə heyətinə müşavir sifətilə «Azərbaycan» qəzetinin
redaktoru Ceyhun Hacıbəyli
də daxil edilir. 89-cu
saydan başlayaraq qəzeti
Üzeyir Hacıbəyli imzalayır. Bu, 1919-cu il 30 iyun tarixli 215-ci saya qədər davam edir. 216-cı sayda qəzet
Xəlil İbrahimin redaktorluğu
ilə nəşr olunmağa
başlayır. Səbəb Üzeyir bəyin
istirahətə getməsi idi. 1919-cu il sentyabrın 3-də Üzeyir
bəy istirahətdən qayıdır və 1920-ci il aprelin 28-nə —
Cümhuriyyətin süqutuna qədər
qəzetə redaktorluq edir».
A.Paşayev daha sonra bildirir ki, 1918-ci il sentyabrın
15-dən 1919-cu il dekabrın 31-ə kimi qəzetin 358 sayı, 1920-ci il yanvarın 1-dən aprelin
28-ə qədər isə 85 sayı çap
olunub. Ümumilikdə isə 2 il ərzində qəzetin 443 sayı
işıq üzü görüb. «Azərbaycan» qəzetinin səhifələrində
fəaliyyətini 1918-ci il noyabrın 16-da
yenidən bərpa edən Azərbaycan Milli
Şurasının, onun Azərbaycan Parlamentinin çağırılması sahəsindəki
fəaliyyəti geniş
işıqlandırılıb. Qəzetin səhifələrində
Milli Şuranın sədri M.Ə.Rəsulzadənin
parlamentin çağırılması ilə
əlaqədar noyabrın 19-da «Bütün
Azərbaycan əhalisinə müraciət»i, parlamentin
təsisi haqqında şurada gedən
müzakirələrin materialları, şuranın bu haqda qəbul etdiyi qanun da
dərc olunub.
Uğur
Xalq Cəbhəsi.-2012.-
19 iyul.- S. 14.